Hər məqalənin, yazının yazılmasında müəyyən səbəblər var – cəmiyyətdə olan problemlər, gələcək nəslin inkişafı, insanın var oluşunu dərk etməsi və s. Qələmə aldığım bu mövzunu da bu gün cəmiyyətimizdə yeri gəldiyində yazılı, yeri gəldiyində şifahi olaraq dilə gətirməyi bacarmalıyıq.
Cəmiyyətimizin hər bir fərdi cəmiyyətdə olan problemlərlə qarşılaşdığında laqeyd yanaşmamalıdır. Bu gün bir çoxumuz cəmiyyətimizdə baş verən eyni problemdən narazıyıq və şikayətlənirik. Ancaq heç düşünmürük ki, bugünkü narahatçılığımızın olmaması üçün dünən nə etmişik?
Yəni problemlər addım-addım gələrkən, bizlər onu yalın gözlə görərkən niyə arxaya yaslanıb film seyr edər kimi izlədik axı? İndi bu gün də dünən izlədiyimiz filmin canlı səhnələrini görürük. Dünən səhnədə oynanan filmi izlərkən bu səhnə gerçək həyata yansıyarsa necə olacağını heç düşündükmü? Düşünsəydik bu gün cəmiyyətimizi narahat edən problemlərin bir çoxu ilə qarşılaşmazdıq.
Düzdür, insanoğlu yaşadıqca hər cür çətinliklə qarşılaşır, ancaq bəzən çətinliklər anidən deyil, illər öncəsindən gələcəyini xəbər verir. Bu xəbəri eşidən zaman hərəkətə keçib onu durdurmağa çalışmalıyıq ki, onunla qarşılaşmayaq. Bizə gəlməz dediyimiz problemlərlə hazırda qarşı-qarşıya çarpışmaqdayıq. Əgər hər kəs özünü məsuliyyətli hiss edirsə, özünü cəmiyyətin bir parçası olaraq görürsə və bu şüurla yaşayırsa, bu məsələlərin həlli üçün çalışsa, inanın ki, bu sıxıntıların bir çoxu aradan qalxar.
Uca Allah doğruyu yanlışdan seçə bilməyimiz üçün biz insanlara duyğular verib. Bu duyğuları lazım gəldiyində istifadə etməyi bacarmalıyıq.
İnsanoğlu yeri gəldiyində sorğulamağı bacarmalıdır. Sorğulamaq da iradə duyğusunun bir nəticəsidir. Əgər insan sorğulamadan itaət edirsə, o zaman iradə duyğusu aradan çəkilmiş, insan itaət etdiyinin vassalı olmuşdur deməkdir. Başqaları tərəfindən idarə olunan insanın nə ailəsinə, nə də cəmiyyətə faydası olar. Çünki idarə edən nə istəyərsə itaət edən də onu sorğulamadan həyata keçirər, özünün sərbəst düşüncəsi olmaz. Bir sözlə, tabe olan insanın iradəsi aradan qalxar və tabe olunan insanın maraqlarını güdər. Tabe olduğu insanın itaətində olarkən ondan gələn əmrlərin faydalı olub-olmadığını, doğru olub-olmadığını araşdırmaz və bir növ də robotlaşmış, at gözlüyü taxmış olar ki, onda da sadəcə baxdığı yeri görər.
Bir tərəfdə müstəqil düşüncə və davranışları ilə anlayaraq və dərk edərək, doğrunu-yanlışı ayırd edərək iradəli şəkildə yaşamaq varkən, digər tərəfdə də tabe olaraq tamamən iradəni itirərək yaşamaq var. Kamil insan heç düşünmədən, təbii ki, ən doğru olanı seçər və birinci yol ilə gedər. Ancaq həyata dair baxışları formalaşmamış və iradəsi zəif insanlar ikinci yolu seçər və başqalarının itaəti altında yaşayar. Zaman keçdikcə ikinci yolu seçənlər ayıldıqlarında artıq iş işdən keçmiş olar və geri dönülməsi mümkün olmayan yol qət etmiş olarlar və beləcə də ömür yolçuluqları sonu xüsran dolu bir məqamda bitər.
Ömür sərmayəsi hər kəsə verilmişdir və bizlər də bizə verilən ömrü özümüz kimi yaşamalı, başqalarına itaətdə sərf etməməliyik. Ömür əldən gedəndən sonra arxası ilə ah-vay etmək gedən ömrü geri gətirməyəcəkdir. Bu səbəblə də hər deyilənə inanmamalı, doğrudurmu, yalandırmı deyə araşdırmalıyıq və deyilənlərin nə səbəbdən deyildiyinə baxmağı bacarmalıyıq.
Lamiyə Hacıyeva
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Qadınlar Şurasının sədri