Əziz oxucum! Budəfəki mövzu seçimimi müəllimlikdən yana etmək istəyirəm. Yarım saatdan artıq olar ki, qələm əlimdə mövzuya necə giriş edəcəyimi düşünürəm. Ağlıma bir fikir gəlmədiyindən deyil, bu müqəddəs peşəyə, bu ali dərəcəyə layiq cümlələr qurmağın acizliyidir mənimki. Elə bu səbəbdən də, bəşəriyyətin inkişafının, insanlığın varlığının kəskin asılı olduğu müəllimlik haqqında minlərlə söylənmiş dəyərli kəlamlardan yalnız bir neçəsini, icazənizlə, nəzərinizə çatdırardım: “Mənə bir hərf öyrədənin köləsi olaram” (Hz. Əli), “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər” (M.K.Atatürk), “Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz” (Sokrat), “Müəllimlərdən işgəncə görməyən, həyatda zülm çəkər” (Adolf Disterverq).
Həə, biri işgəncəmi dedi?! Əstəğfürullah, elmi-gumanım çatmır, qətiyyən mənə aid deyil, rəhmətlik Adolf deyib. Bilməyib ki, zəmanə elə dəyişəcək ki, nəinki işgəncə, müəllim sinifdə səsini belə yüksəldə bilməyəcək. Çox da uzaq keçmiş olmasa da, o vaxtlar müəllim dərsdə üzümüzə səmitsiz baxsa, 2-3 gün evdəkilərin üzünə çıxa bilməzdik. Dərdi-sərdə qalardıq ki, görəsən valideynimizlə danışıbmı. İndi, vallah, valideyni görəndə “bismillah” deyib keçirik ki, olmaya dərsdə gözümüz yol çəkmiş olar, uşaq elə bilər ona baxırıq. Nəsə demək istəyirik. Təbiidir ki, bunlar yarızarafat, yarıgerçək fikirlərdir (hansı ki, düz sözü də zarafatda deyərlər, deyib atalarımız...) Nə isə, mətləbdən çox kənara qacmayaq.
Yeni təhsil sistemimiz, qaydalar, əlbəttə ki, heç bir təhsil ocağında nə yüzdəyüz mənfi təsir edə bilməz, nə də ki, yüzdəyüz müsbət nəticə verə bilməz. Ancaq yeniliklərlə, fərqliliklərlə dolu bu sistem, təbiidir ki, şagirdlər, eləcə də müəllimlər tərəfindən maraqla qarşılanır. Şagirdə yönəlmiş təhsil, oyunlarla öyrənmə, şagirdin maraqlarını maksimum nəzərə alma, əməkdaşlıq, dostluq, sosiallaşma və s. Nisbətən yaşlı nəslin xətrinə dəyməsin, amma, zənnimcə, yeni sistemi gənc və ortayaşlı kadrlar daha yaxşı mənimsəyir və uğurla istifadə edir. Yaşlı nəsil üçün isə nisbətən fərqli proqramların təşkili, məncə, daha səmərəli olardı, hansı ki, tədris etdiyi fənn üzrə yetərincə savadı var, amma yaşından irəli gələrək gürcü dilini öyrənmək onlar üçün başlıca problem sayılır. Elə hər il müəllimlərin sertifikat imtahanında on minlərlə müəllimin iştirakı buna əyani sübutdur.
Nə olacaq, insanıq, bir yandan təkmilləşmək arzusu, bir yandan da maaş artımı eşqi ilə bu il də imtahanlara qoşulduq. Bir ay, 10 gün, bir həftə deyərkən böyük gün gəlib çatdı. Doğrudan da çox mükəmməl, bütün təhlükəsizlik qaydalarına riayət olunmuş bir şəraitdə yerimizi aldıq. Ömrümüz imtahanlarda keçməsinə baxmayaraq, həmişəki kimi həyəcanla bir təhər adımı, soyadımı yazıb keçdim yerimə. O dəqiqə nəzarətçi müəllimlər bütün qaydalarla tanış etdilər, hər şeylə maraqlandılar, həyəcanım bir az yatışdı. Özümü toplayıb bir təhər başa saldım ki, bəs mən bu açıq suallara cavabı öz ana dilimdə yaza bilərəmmi, sağ olsunlar, onda da izin verdilər (axı iki ay idi, bu, beynimdə dolaşan başlıca problem idi, hələ səhər-səhər xeyir-şər eyləməmiş qarasınca atıb tutmuşdum ki, belə də işmi olar, axı bizə Gürcüstan qanunvericiliyi ilə filan maddənin filan bəndinə görə, öz ana dilimizdə imkan verilməlidir, bu, diskriminasiyadır). İndi qalmışdı bircə yazmaq. Nə isə, 4 saatdan sonra, necə deyərlər, “işıqlı dünya”ya çıxdıq. Məktəbin həyətində hamımız “professor” kəsildik. Hər başdan bir ağıl, hər ağızdan bir səs çıxdı. Diqqətimi çəkən isə 75 yaşı olduğunu deyən qocaman bir ağsaqqal baba oldu. Əsasına söykənib sakitcə dedi: “Bala, mənə hazırlıq kursunda dedilər ki, enercayzer üsullarından istifadə edin, məsələn, dərsə girdin, əvvəlcə sinfə bir top tulla, uşaqlar iki dəqiqə açılışsın, sonra başla dərsə. Ay sizə qurban, mən o topu uşaqdan alamı bilərəm ki, dərsə də başlayam?!”
Sualı sanki ayrılıqda hamımıza yönləndirdi, biz gənc “professorlardan” fikir uman kimi. O an hamımız susmuş, sanki neçə alimlər, həkimlər, müəllimlər yetişdirmiş bu qoca çinarın sualı qarşısında aciz qalmışdıq.
Yol boyu həmin səhnəni unuda bilmədim, bir müəllimin çarəsizliyimi, üsyanımı idi bu, yoxsa işgəncəsimi idi ki, yaşının bu yerində hansı səbəbdən bu zülmü çəkirdi?!
Lətafət KƏRİMOVA