Tarixi şəxsiyyətlərə qibtə edərək böyümüşdüm, onlar tarix yazır deyə, amma heç ağlıma gəlməzdi bir gün mən də yazılan bir tarixi anın nəinki şahidi, iştirakçısı olacam. Arzulanan, yaşanan, tarixə dönüşən bir gün: 25 iyun 2023-cü il.

 

Qurultay qədim türk xalqlarında sayılıb-seçilən insanların yığılıb lazımlı mövzuların müzakirəsini keçirdiyi geniş məclislər idi. Etiraf edim ki, qurultay deyəndə ağlıma, uşaqlıqdan yadımda qalan, qəzetlərin ilk səhifəsini böyük hərflərlə bəzəyən partiya qurultayı, onların iştirakçıları haqqında geniş yazılar gəlir. Fərqində olmadan ötüb keçsəm də yaddaşımda iz buraxıb. Amma heç ağlıma da gəlməzdi ki, bir gün özüm o tarixi anı yaşayacam və yazılan tarixin iştirakçısı olacam. Bəli, o tarix yazıldı, özü də qızıl hərflərlə.

 

Qədim Tiflisin Azadlıq meydanı, o meydanda sıralanan binalardan birində təsdiqlənən Gürcüstan, Azərbaycan demokratik respublikalarının Azadlıq Bəyannaməsi... Elə o meydandan, tarixi binadan, elə yığıldığımız konfrans zalından Topçubaşov çıxış edərək Amerikaya Vilsonla görüşə getmişdi. Tarix yazdıran konfrans zalı bizim üçün də yazdı. Yazmaq istədiyimizi bu gün tariximizdə ilk dəfə olaraq Gürcüstanda azərbaycanlı müəllimləri bir araya yığdı – müəllimlər qurultayına.

 

300-dən çox müəllimi bir araya yığan Aygül İsayevanın böyük zəhməti, görüşləri, təbii ki, icazəli yığıncağı baş tutdu. “Salam” platforması, Qafqaz İnteqrasiya Mərkəzi və “Maarif” təşkilatının dəstəyi ilə problemlərimizi və birliyimizi özündə əks etdirən qurultayımız möhtəşəmə doğru addımlayırdı. Demək olar ki, zala ilk daxil olan mən oldum. Tarixi məkan, divardakı panel, hər oturacağa qoyulmuş iri kitabça (Azərbaycan, gürcü, ingilis dillərində) səliqəli və diqqətli hazırlığın bəhrəsi idi.

 

Artıq müəllimlər toplaşırdılar. Hələ başlamağa bir saat qalmasına rəğmən müxtəlif rayonlardan – dağdan, arandan, kənddən, şəhərdən “gecikməyim” deyə hamı tez gəlmişdi. Sanki, el dilimizlə desək, “söyüncək” olmuşduq. Necə də olmayaq...

 

Qeydiyyat başladı. Mən içəridən həyəcanla özümüzü seyr edirdim. Elə kövrəlmişdim ki, ifadə edə bilməyəcəyim tərzdə... Aygül də həyəcanlı idi. Siyahıda olanlardan əlavə adamlar gəlmişdi. Zal dolmağa başladı, foye də dolu idi, demək olar ki, əsl ziyalı yığıncağı idi, yalnız müəllimlər...

 

Məlumdur ki, dünyanın maariflənməyə başladığı feodalizm girdabından kapitalizm ağuşunda özünü inkişaf etdirən bir zamanda çar Rusiyası da ədalət bayrağını qaldırmağa başladı, Tiflis Zaqafqaziya canişinliyinin mərkəzi olması səbəbindən, yəqin, ilk rus-tatar məktəbi də burada açıldı (Yeri gəlmişkən, yerli türklərə ona görə tatar deyirdilər ki, Rusiya tatar ərazilərini daha əvvəl işğal etmişdi – XVIII əsrin əvvəllərində Gürcüstan Rusiya ilə birləşdiriləndə, sonralar (1813-1828-ci illər) Azərbaycan işğal olunanda Tiflis, Borçalı qəzası, İrəvan, Azərbaycan əhalisinin tatarlarla eyni dil kimi danışdığına görə elə türkləri də tatar adlandırdılar. Yəni gürcülərin də bizə tatarlar deməsinin səbəbi budur. Məncə, digər fikir elə bizi qarşı-qarşıya gətirmək istəyənlərin təxribatıdır).

 

İlk olaraq Tiflisdə 1847-ci ildə ibtidai rus-tatar məktəbi yaradıldı. Tiflisdə ikinci məktəb 1849-cu ildə açıldı. Axı bu, molla məktəblərindən sonra bir ilk idi. Çar ədalət bayrağını qaldırmışkən 22 noyabr 1873-cü ildə nizamnamə qəbul olundu ki, qəzalarda da dünyəvi məktəblər açılsın və 1875-ci ildə Borçalı qəzasında Qızılhacılı kənd dünyəvi məktəbi açıldı. N.Nərimanov sonralar o məktəbdə müəllim işləyəcəkdi. Ancaq hələ Bakı quberniyasında 1887-ci ildə, İrəvan quberniyasında 1896-cı ildə, hətta, Dərbənddə 1902-ci ildə rus-tatar məktəbləri açılacaqkən Tiflisdə və Borçalıda artıq məktəblər var idi. Bu, bir maarif tariximizdən qürur yerimizdir (1886-cı ildə Qaracala, 1900-cü ildə Sarvan kənd məktəbi (Marneuli), 1901-ci ildə Arxlı, 1903-cü ildə Sadaxlı və s. məktəblər açılırdı). Gürcüstan Demokratik Respublikası dönəmində də, sovetlər yarananda da Gürcüstanda Azərbaycandilli (1935-ci ilə qədər türk məktəbləri) məktəblərin sayı artmağa başladı.

 

İlk Ümum Gürcüstan Müəllimlər Qurultayı 1925-ci ildə keçirildi. O dövrün çətinliklərinə rəğmən artıq dünyəvi məktəblərin sayı ümum dövlət səviyyəsində artırdı. Gürcüstan müəllimlərinin ikinci qurultayı zamanı – 1959-cu ildə Azərbaycan məktəblərinin sayı artıq 164 idi, üçüncü qurultayda (1977) isə 174 məktəbimiz var idi. Sovetlər dağılanda isə 206 məktəb, 47000 şagird və 12000 müəllim var idi. Ötən əsrin sonuna qədər 186 məktəbimiz var idi, hazırda 116 məktəb fəaliyyət göstərir.

 

Gürcüstanda Azərbaycandilli Məktəblərin Müəllimlərinin I Qurultayı isə Gürcüstan tarixində ilk idi. Qonaq qismində Gürcüstanın Təhsil və Elm Nazirliyindən məsul işçilər, Təhsil komitəsinin sədr müavini Xatuna Kartozia, nazirliyin məsul işçisi Despine Koyava, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin nümayəndəsi Eter Abxazava, Azərbaycanın Gürcüstandakı səfirliyindən Anar Rəsulov dəvət olunmuşdular.

 

Onlar qurultayın açılışı üçün ön söz dedilər və təbrik etdilər. Sonra üç paneldən, iki fasilə və üç müzakirədən ibarət olan qurultay başladı.

 

İlk olaraq dövlət dili ilə bağlı problemlər və həlli yolları müzakirə olundu. Müzakirədə Aygül İsayevanın yönəldiciliyi ilə “Salam” platformasının təsiscisi Kamran Məmmədli və Yeni Düşüncə İnstitutunun yaradıcısı, Marneulinin Tsopi kənd məktəbinin gürcü dili müəllimi Ariz Daşdəmirli çıxış etdilər. Kamran Məmmədli bütün problemləri, necə deyərlər, yerli-yataqlı, mədəni, ziyalı qaydada nazirlik nümayəndələrinin nəzərinə çatdırdı. O, olduqca dolğun, savadlı, səviyyəli çıxışı ilə yadımda qaldı. Ariz Daşdəmirli isə öz təcrübəsindən irəli gələn və müsbət nəticəyə aparan yollarını izah etdi, yeni yollardan danışdı. Birinci panel sonu müzakirə olundu, problemlər dinlənildi, Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin, Təhsil və Elm Nazirliyinin nümayəndələri dinlədilər və fikirlərini bildirdilər. İkinci paneldə isə Marneulinin Yuxarı Saral kənd məktəbindən Tərgül müəllim və Bolnisinin Faxralı kənd məktəbinin müəllimi Fatma müəllim ana dilimizin problemlərini açıqladılar. Fatma müəllim yenə də möhtəşəm çıxışıyla zalı lərzəyə gətirdi, Tərgül müəllim isə kövrələrək “məndən sonra məktəbimizdə Azərbaycan dili müəllimi olmayacaq, uşaqlarımız kor böyüməsin” təbilini çaldı. Panel sonu dərs saatlarının azaldılması və həlli yolları müzakirə olundu.

 

Nəhayət üçüncü paneldə “Maarif” təşkilatının sədri Ələddin Qarabağlı danışdı. Etiraf edim ki, çox səviyyəli, səmimi, mədəni ardıcıllığı öz aqressiv gedişiylə Ələddin müəllim pozdu. Bu, mənim fikrimdir. Mən belə istəməzdim. Problemin yolunu səbirlə, sivil həll etmək daha təqdirəlayiqdir. Məktəblərin bağlanma səbəbi tək dövlət deyil, həm də özümüzük. Mən uşağımı qeyri-milli məktəbə aparıramsa, sinif bağlanırsa, deməli, bir az da günahı özümüzdə axtarmaq lazımdır. Öz milli təfəkkürümüzü təkmilləşdirmək də lazımdır, bütün günahı dövlət qurumuna yönəltmək ədalətsizlikdir, düşünürəm... Ancaq nazirlik nümayəndələri təmkinlə suallara cavab verdilər.

 

Onu da yazım ki, bütün çıxışlar sinxron tərcümə olunurdu. Oqtay Kazımov və Aytac Xəlilova bu işi öhdəsinə götürmüşdü.

 

Qurultay sonunda təkliflər nəzərə alınmaqla qərarlar qəbul olundu. Məktəblərdə ana dili saatı 5 saata çatdırılsın, kadr çatışmazlığıyla əlaqədar pedaqoji fakültə açılsın, yaşlı müəllimlər üçün gürcü dili A1 səviyyədə götürülsün və uzunmüddətli treninqlər Azərbaycan dilində təşkil olunsun, xüsusi müəllimlər üçün (inklüziv) imtahan ana dilinə tərcümə olunsun, ibtidai siniflər üçün imtahan testləri tərcümə olunsun, bütü fənlər olsun, orta məktəblərdə gürcü ədəbiyyatı da keçirilsin, attestat imtahanları bərpa olunsun və o imtahanlar sırasına ana dili də əlavə olunsun, imtahanlar ildə 2 dəfə keçirilsin. İmtahanların nəticələri təcrübəsiz tələbələr tərəfindən yoxlanılır və böyük səhvlərə yol verilir. Dərsliklərin və imtahan testlərinin tərcümlərində çox kobud səhvlər var – qurultayın sonunda bütün bu təkliflər səsləndirildi. Sonda qurultayın hər iki ildən bir keçrilməsi qərara alındı.

 

Son olaraq bu gün üçün bütün əziyyətlərə qatlanaraq həmin 300 müəllimə bir-bir zəng edən, bizi bir yerə yığan Aygül İsayevaya və komandasına böyük təşəkkür edirəm! Yorulmayasınız!.

 

Müəllif: Esmira Ələkbərli