Fani həyatda insanların yaxşı və ya pis olmasında digər insanların da təsiri vardır. Mütləqdir ki, birinin həyat yolunda digərinin ayaq izi olmasın.
Nə xoşbəxtdir o kəslər ki, buraxdığı izlər xoş təəssüratlar yaradır və faydalıdır. Vay o kəsin halına ki, buraxdığı izlər yara izləridir və arada sızıltı ilə sancmaqdadır. Fani həyat bəşəri varlıqların toplaşaraq bərabər rəqs etdikləri bir səhnədir. Lakin həyatın sonunda bəşəri olanlar əməllərindən, buraxdıqları izlərdən dolayı bəşər olmayan qarşısında hesaba çəkilərlər. Bu hesabın var olduğuna inananlar necə də hüzurludurlar, buna inanmayanlar hüzurdan məhrum edilmişdirlər.
Qanayan izlər buraxanlar əksəriyyətlə hesabın var olduğuna inanmayanlardır. Aciz insan imandakı huzurun ləzzətini, gözəlliyini nə bilsin.
Yaşadığımız həyatda, qeyd etdiyimiz kimi, insanlar bir-biri üzərində izlər buraxır, lakin gəl gör ki, hər kəs buraxdığı izi seyr edəcək qədər cəsarətlidirmi?
Güllük-gülüstanlıq izləri buraxan kəslər seyrə durarkən buraxdıqları gözəllikərə tamaşa edərlər, lakin yara izləri buraxanlar isə bunun əksini görərlər. Buraxdıqları izləri seyr etməyə cəsarət edə bilməzlər.
Yara izləri buraxan birilərinə gül bağçaları seyr etdirmək bir ərdəmdir, lakin axır zaman insanında bu ərdəm çox nadir tapılar. Bunun üçündür ki, başqaları üzərində cəsarətimiz qədər iz buraxaq. Yəni sözümün canı budur ki, yaxşılıq edənlər yaxşılıq görərlər və hüzurlu olarlar, pisliyə yaxşlıq etmək də nadir tapılan bir ərdəmdir.
Yara izi sahibləri də eyni izlərlə qarşılaşanda o zaman şikayətlər meydana gəlir və başlayırlar ki, insanlar niyə belə dəyişirlər, zəmanədən şikayət edirlər. Bir dönüb öz etdiklərinə baxmırlar ki, biz başqası üzərində nə iz buraxdıq ki, o kəs də mənə necə davransın.
Və beləliklə ardı-arası kəsilməyən şikayətlər zənciri meydana gəlir. Əminəm ki, kamil bir insan sorğuladığı davranışın öz-özlüyündə hesabatını etsə o zaman anlayacaq nəyin nəyə görə olduğunu və beləliklə şikayət zənciri qırılacaq.
Hər rəssam çəkdiyi əsərinə tamaşa edəcək qədər cəsarətli və zövqlü olar. Hər bir insan da həyat rəssamıdır. Ancaq həyat rəssamı olmaq adi rəssam olmaqdan çox fərqlidir. Həyat rəssamı əsərini seyr edə biləcək qədər cəsarətli deyil. Həyat rəssamının əsəri fırça və boya ilə meydana gəlməz, əməl və davranışla meydana gələr. Əməl və davranışları fırça və boyanı seçimindəki həssaslıqla seçərsək və əsər üzərində işləyərkən diqqətli olarsaq, o zaman seyri keyifli bir mənzərə meydana çıxar və beləliklə həyat dediyimiz bu səhnənin tamaşasına doyum olmaz. Və beləliklə həm fani dünyada, həm də hesab günündə hüzur yoldaşımız olar.
Hüzursuzluğun baş alıb getdiyi bu fani həyatda hərəkət və davranışlarımıza diqqət yetirsək bunun qarşısını ala bilərik. Mən etsəm də başqaları etmir deyərək həyatı birgə zay etməyin mənası yoxdur. Bu gün sən, sabah mən mənfi hərəkətlərdən uzaqlaşaraq başqalarına nümunə ola biləcəyiksə narahatlıq verən mövzularda yarışmağa nə gərək var.
Xeyirdə yarışaq, şərdə deyil. Şər onsuz elə bataqlıqdır ki, ora düşən asanlıqla xilas ola bilmir, bizlər də özümüzü o bataqlıqdan qorumalı və batanlara da yardım etməliyik hər mənada.
Həyat fərd olaraq oynanılacaq bir səhnə deyil, həyatda hüzurun olması üçün cəmiyyətin hüzurunun olması lazımdır ki, bu hüzur birimizdən digərinə sirayət etsin. Bunun əksi düşünülə bilməz. Fərd özü üçün dilədiyi hər nə varsa onun yansımasını cəmiyyətdə görmək üçün də səy gösdərməlidir.
Lamiyə HACIYEVA
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şərqi Gürcüstan Müftiliyinin Qadınlar Şöbəsinin sədri