Əgər doğru xatırlayıramsa adı Allahverdi idi. Alçaq boy, tösvər bir kişi olduğu yaxşı yadımdadır. Bir qədər böyük, girdə başının keçəlləşməyə, dazlaşmağa meyilli olması da ağlımdadır. Gözlərinin qırmızılığı adamın, əslində məni kimi kiçikyaşlı uşaqların canına qorxu da sala bilirdi. Qan çanağına dönmüş gözləriylə qarşısındakına nəzər yetirməsi Allahverdi kişinin qələbəsi üçün yetərli idi.

 

O, böyük qarğı səbətini vaqonun boş oturacaqlarından birinin üstünə qoyub, bu hərəkət edən, relslərin üstündə tak-tuk salaraq şütüyən məkanda kiçik bazar açırdı. Sərnişinlərin çoxu ağzı yaşmaqlı, başı şallı-çalmalı qadınlar olurdu. Səhərin alaqaranlığından şərin qulağı yaxana qədər “Dizertir”, “Malakan”, “Soldat”, “Naftulluq” kimi bazarlarda bağ-bağçalarının məhsulunu dəyər-dəyməzinə satıb, oğul-uşaq üçün gözlərinə dəyəndən alıb çantalarına, kisələrinə dolduran qatarın qadın sərnişinləri uzun corablarının içində gizlətdikləri və ya şallarının, yaylıqlarının ucuna düyünlədikləri saxlanclarını Allahverdi kişinin gəlişi ilə yoxlayırdılar. Yazıqlar nə etməli idilər? Şəhərin-bazarın, dəmir yolu vağzalının, mindikləri qatarın cibgirləri gördükləri kimi də, götürürdülər. Dəli sözü, göz deşirdilər. Əksəriyyəti bazardan qayıdan sərnişinlər Allahverdi kişinin gəlişini gözləyirmişlər kimi, onu görüncə oturduqları yerdən şeşəlməyə başlayırdılar. Vaqondakı sakitlik bir anda ağız deyəni qulaq eşitməyəcək səs-küylə əvəzlənir, vaqonda qəribə bir canlanma yaranırdı.

 

Hər dəfə onu axşam qatarında görürdüm. Hər dəfə deyəndə də, birtəhər çıxır. Mənim qatara minməyim də çox olmurdu. Bu, nənəmlə şəhərə gedəndən gedənə olan bir iş idi. Səhər üzü Tiflisə getmək alaqaranlığa, seçər-seçməzə, mənim də alayuxulu olmama tən gəldiyindən o qədər də maraqlı olmurdu. Ancaq geri dönüşdə ətrafa doyunca baxa bilirdim. Uzaqdan görünən Yağlıcanın yəhərbel təpələrini, bir az bəridə uzanıb gedən Kürü, Tiflisin, Rustavinin göy üzünə tuşlanmış çoxmərtəbəli binalarını, Qaracaların, Təhlənin bir-birinə söykək evlərini, Çatmanın qaşında, yolun o üz, bu üzündə sıra ilə düzülmüş qəbir daşlarını görmək mənim uşaq dünyama sevinc qarışıq bir kədər yükləyirdi. Mindiyim elektrik qatarının yanından güllə kimi keçən yük qatarlarının, sərnişin qatarlarının şütüməsinə dördgözlə baxırdım. Bağımızdakı ağacların yerlərinə mıxlanıb qalmalarını təəssüflə yadıma salır, qatarın yanınca qaçdıqlarını düşündüyüm ağaclara heyranlıqla tamaşa edirdim. Bilmədiyim yerlərə üz tutan qatarların vaqonlarını saymaq istəyimsə hər dəfə suya düşürdü. Sürətlə şütüyən qatarların vaqonlarını saymaq mənə müyəssər olmurdu. Qatarların sürəti bu istəyimi gerçəkləşdirməmə heç cür imkan vermirdi. Qarşılaşan qatarların lokomotivlərinin tükürpədici siqnal səsləri məni bir qədər qorxutsa da, bu səslərin yaratdığı həyəcanın ləzzətini əlli ildən çox vaxt keçməsinə baxmayaraq, indi də bütün varlığımla hiss edirəm. Bir kənd uşağının yaşaya biləcəyi qorxu qarışıq o həyəcanı unutması adamın keçmişinə, yaşantılarına xəyanəti kimi başa düşülməlidir.

 

Çatmanın qaşındakı qəbiristanlıqda əbədi yuxuya getmişlərin kimliklərini – həyatda hansı dinə, hansı məzhəbə qulluq etdiklərini dərk etməyəcək yaşda olduğumu demişəm. Düzünə qalsa, mən dinin nə olduğunu bilmirdim. O da ola, xristianlıq, islam. Mən burada xristianlara, sünni-şiə məzhəb müsəlmanlara aid bir neçə qəbiristanlığın yanaşı mövcud olmasını çox sonralar biləcəkdim.

 

Daşlardan baxışlarını uzaq bir nöqtəyəmi, yoxsa hardasa üfüqdəki bir boşluğamı dikdiklərini kəsdirə bilmədiyim qəbiristanlıq əhlinin şəkillərindəki soyuq təbəssüm baxanları eyməndirirdi. Qatarın hərdən sürətini azaltmasından istifadə edərək, daşlardakı yazıları oxumağa çalışırdım. Tanış olmadığım yazıları oxuya bilməsəm də, o qəbirlərdə yatanların neçə il ömür sürdüklərini əlüstü hesablaya bilirdim. Gürcü əlifbasını bir neçə il sonra öyrəncəkdim. Hesablama bacarığımsa, deyəsən, yaxşı idi. Həyatdan vaxtsız köçənlərə ürəkdən heyifsilənməyim, hətta kədərlənməyim də olurdu. Qatarın pəncərəsindən görünən yeni mənzərələr məni bürüyən kədəri yoxa çıxarır, həmin mənzərələr kədəri heyrətlə, təəccüblə əvəzləyirdi.

 

Allahverdi kişinin səbətindəki qatlamalar, kömbələr, bubliklər, saçaqlı uzun konfetlər, taxta qaletlər, manpasılar, adını bilmədiyim digər şirni-şəkərlər görənlərin ağızlarını sulandırır, həmin təamları xırtaxırt dişləmələrini, ağızlarının ləzzəti uzun müddət unudulmayacaq xoş bir dadla dolmasını təsəvvür etmələrinə səbəb olurdu. Analarının, nənələrinin yanınca şəhərə gedib-gələn uşaqlar səyyar satıcını görüncə üzlərində açılan sevinc çiçəklərini gizlətmək də istəmirdilər. Bilirdilər ki, nənələri, anaları almaq istəməsələr belə, bir-biriylə bəhsə girərək, onların ağızlarını şirinləməyə mütləq nəsə alacaqlar. Bazarı yaxşı olanların aldıqlarının çeşidi çox olurdu, satdığı məhsulu dəyər-dəyməzinə verənlər də vara-yoxa baxmayıb nəsə alırdılar. Təkcə vaqondakılara deyil, evdəki hürkütmədən saya bilmədikləri uşaqlarına da nəsə almalı olurdular. Allah baxırdı Allahverdi kişinin üzünə, bazarı od eləyirdi. Bəzən alveri elə yeyin olurdu ki, başqa vaqonlara keçməsinə ehtiyac da qalmırdı. Başına cormalaşan müştərilər onun səbətini bir göz qırpımında boşaldıb, səyyar satıcını ağır səbəti vaqon-vaqon gəzdirmək zəhmətindən xilas edirdilər. Bu da yəqin ki, hər deyən olmazdı. Olsa da ayda-ildə bir dəfə olardı.

 

Mənim şəhərə, yəni Tiflisə növbəti səfərlərimdən, daha doğrusu Tiflisdən geri dönüşlərimdən biri daha yaddaqalan oldu. O yadda qalmaq, bu yadda qalmaq, azından əlli ildir hərdən-hərdən oyanıb, mənə xoş duyğular yaşadan Tiflisdən həmin dönüşümdə baş verən hadisə yaddaşıma elə həkk olunub ki, onu oradan kiminsə çıxarması, silməsi də indən belə mümkün deyil.

 

Axşama doğru yorğun yolçularını Tiflisin səsli-küylü bazarlarından, iş yerlərindən rahatlanmaq, dincəlmək üçün evlərinə daşıyan elektrik qatarının sərnişinləri arasında nurani bir kişi ilə iki gəncin olmasına Allahverdi kişinin gəlişindən sonra vaqondakıların hamısı diqqət yetirməli oldu. Vaqonun narahat taxta oturacaqlarında yan-yana əyləşmiş bu üç nəfərin digər sərnişinlərdən fərqli olmalarını da Allahverdinin nurani kişini qucaqlayıb bağrına basmasından, duz kimi yalayıb öpməsindən sonra anladıq. Yoxsa kim idi onlara xüsusi diqqət yetirən. Yorğunluqdan, yuxusuzluqdan bədənlərinin hər əzası sızıldayan bu adamların kiməsə diqqət yetirməyə halları da qalmamışdı. Hətta çoxu mənzil başına çatana qədər mürgüləməyə fürsət də tapırdı.

 

Allahverdinin nurani kişiyə bu münasibəti vaqonda qəribə bir canlanma yaratmışdı. Hamının bundan sonra nə baş verəcəyini səbirsizliklə gözlədiyi hər halından bəlli idi. Allahverdinin onlara nə deyib, nə deməsini xatırlamıram, amma bir anın içində onların sehrbaz kimi haradansa çıxardıqları nurani kişinin əlindəki metal halqalarla bəzədilmiş qavalın, yanında oturan gənclərdən birinin sinəsindəki tarın, digərinin dizinin üstündəki kamançanın görünməsi vaqonda səssizliyin yaranmasına, başqa-başqa dillərdə danışan sərnişinlərin səslərini qısıb, gözlərini hər tərəfdən onlara dikməsinə səbəb oldu.

 

Mizrabın simlərə dəyməsiylə tarın haray qoparması, kəmanənin toxunuşuyla kamançanın yanıqlı bir səslə inildəməsi, qavaldan qopan ritmik səs hamının diqqətini özünə kilidləmişdi. Hansı muğam parçasının ifa olunduğunu bilməsəm də, bu heyrətamiz mənzərə məni sehrləmişdi. Bu, mənim gördüyüm ilk canlı ifa idi. Nə qədər vaxt keçdiyindən xəbərim belə olmamışdı, sehrli bir aləmə düşdüyümü düşünürdüm. Vaqonda yaranmış bu abu-havaya nurani kişinin şirin zəngulələri başqa bir gözəllik qatır, onun pəsdən səsinin arada zilə qalxması hamını qanadlarında harasa aparırdı. Düşdüyüm bu sehrli aləmin qəfildən başa çatacağını, yenidən neft qoxusu verən vaqonda yol gedəcəyimi belə unutmuşdum. Məni düşdüyüm o sehirli aləmdən sərnişinlərin alqış sədalarının ayırdığını, özümü işıqlı bir məkandan qaranlıq quyuya düşmüş kimi hiss etdiyimi indi də xatırlayıram.

 

Musiqi üçlüyünün ifası bitər-bitməz Allahverdi kişinin səbətindəki al-əlvan şokoladları xışmalayaraq qoca xanəndənin başından aşağı yağdırması, həm də bunu göz yaşları içində etməsi mənim uşaq qəlbimdə dərin izlər buraxmışdı. Hələ bu harasıdır?! Etdikləri ilə ürəyi soyumayan səyyar satıcı, o zamanlar nadir hallarda görülən qırmızı bir onluğu xanəndənin döş cibinə basmaqla günə növbəti damğasını vurmuşdu.

 

Afiq MUXTAROĞLU