İnsan bu dünyada yaşadığı müddətdə üç mərhələdən keçir. Təbii ki, söhbət yaşlanaraq ömür sürən insanlardan gedir. Bu üç mərhələ uşaqlıq, gənclik və yaşlılıq dövrləridir. Uşaqlıq dövrü insanın hələ həyatı qavramadığı, olub bitənləri anlamadığı, yemək-içməklə, oyuncaqlarıyla, ata-ana nəvazişiylə ömrünün xoşbəxt anlarını yaşadığı dövrdür. Gənclik dövrü isə, bəlkə də mən yanılıram, artıq sərbəst həyata addımladığı, üzərinə bir sıra məsuliyyətləri aldığı, qanın coşduğu, arzuların yüksəklərə qalxdığı və buna bənzər bir çox hadisələrin cərəyan etdiyi dövrdür. Yaşlılıq isə artıq gənclikdə etdikləri yaxşı işlərlə qürurlanmaq, səhvlərinə və edə bilmədiklərinə peşmanlıq duymaq dövrüdür; hətta bəzi insanların geri –uşaqlıq çağlarına döndükləri günlərdir. Təbii ki, bu dövrlər haqqında dediklərimdə mənimlə həmfikir olmaya bilərsiniz, çünki hər kəsin sərbəst düşüncəsi var və mən də hər bir fikrə və düşüncəyə sayqı duyuram. Nə isə, söhbəti çox uzatmaq istəmirəm. Mən bu yazımda son zamanlarda gördüyüm, şahidi olduğum bəzi hadisələrdən söhbət açmaq istəyirəm.
Bu gün elə bir zamanda yaşayırıq ki, gənclər də çaş-baş qalıblar, nə edəcəklərini onlar da bilmirlər. Onlara düzgün istiqamət vermələri üçün bu gün valideynlərə də böyük məsuliyyət düşür. Bəli, valideyn məsləhətinə qulaq asaraq yön alan gənclərimiz az deyil. Şərt o deyil ki, bütün gənclər mütləq universitet oxumalıdırlar. Allah hər kəsi bir qabiliyyətdə yaradıb, kimisi zehinlidir, qavrama qabiliyyəti güclüdür, kimisi də başqa sahələrdə qabiliyyət sahibidir. Ancaq bu gənclərimiz istər təhsil sahəsində olsun, istərsə də peşə sahəsində olsun, çalışaraq, əzm göstərərək özlərini yetişdirməli, daha da yüksək nailiyyətlər və ya peşəkarlıq əldə etməlidirlər. Gənclərimizin bu istedadlarını, qabiliyyətlərini görən, hiss edən valideynlər onları öz bacarıqları yönündə yönləndirirlər və o gənclər də bu sahələrdə müvəffəq olurlar. Di gəl ki, övladının gələcəyi ilə zərrə qədər də olsun maraqlanmayan, onların hara getdiklərindən, nə iş gördüklərindən bixəbər olan valideynlər də var. Belə valideynlər yuxarıda da vurğuladığımız kimi yaşlılıq dövründə peşmanlıq duyanlar cərgəsində olanlardır. Bu valideynlərin məsuliyyətsizliyi üzündən gənclər küçədə ya siqaret dilənir, ya künclərə girib nəşə, narkotik maddə qəbul edir, ya da özünü kriminal aləmin bacarıqlı bir mənsubu sayaraq başqalarının həyatını heç edirlər. Bu söhbət sadəcə oğlan uşaqlarına və ya oğlan atalarına deyil, həmçinin qız atalarına da şamil edilməlidir. Çünki bu gün bəzi valideynlər qızlarına da çox sərbəstlik verirlər. Bu da qız övladının sabah quracağı ailədə böyük problemlərə yol açacaq. Bu problemləri yaşayan ailələr də az deyil. Bu gün şahidi olduğumuz bir çox hadisələr var bu yöndə. Ər sözü götürməyən, qayınana-qayınata danlağı qəbul etməyən və buna bənzər bir çox cüzi səbəblərə görə yeni evlənmiş qızlar ata evinin yolunu tutublar. Bunun da qaynağı valideynlərin övladlarını ailə dəyərləri və evlilik haqqında məlumatsız buraxmalarıdır.
Odur ki, əziz valideynlər, övladlarınızla daha yaxından maraqlanın, çörəkpulu dalınca qaçmaqla valideynlik bitmir, məsuliyyətiniz son tapmır. Düzdür, halal qazanc əldə etmək, ailənin ehtiyaclarını təmin etmək lazımdır. Ancaq ailəni bir yerdə tutmaq üçün, ailədə xoşbəxtliyi təmin etmək üçün və övladlarınızın sağlam gələcəyi üçün təlim və tərbiyə ilk sırada yer almaqdadır.
Yaşlandığınızda peşman olmamaq üçün indidən övladlarınızın qayğısına qalın. Onların qayğısına qalın ki, yaşlandığınızda onlar da sizə qayğı göstərsinlər.
Bu yazdıqlarım mənim düşüncələrimdir. Əlbəttə, məni qınayan valideynlərlə birlikdə haqq verən valideynlər də olacaqdır. Bu yazını yazarkən özümü valideynlərlə söhbət halında hiss etdim və səmimiyyətdən doğan sözlərimi yazıya həkk etdim. Çünki bizim ən böyük arzumuz gələcəyimizi parlaq, istedadlı, bacarıqlı və əxlaqlı gənclərə buraxa bilməkdir.
Hacı BƏKİROĞLU