Teatra ilk dəfə daxil olduğumuz vaxtlar yadımdadır. İlk diqqətimi çəkən direktorun kabineti oldu, qabaqda balaca məktəb stolu və stul. Yan otaqda isə rejissorun kabineti vardı. O da eyni sadəlikdə idi. Divarlarda isə o günə qədər qoyulan tamaşaların afişaları asılmışdı. Bir sözlə, biz o vaxt teatrı kreslolarla yox, səhnə ilə tanıyırdıq. Heç kim bizə demirdi ki, “baxın, bu kreslodur, bunun uğrunda yaşamaq lazımdır”.

 

Gələk günümüzə. Bu gün altmış səkkiz yaşında kreslo gözləyən adam tanıyıram. Axı niyə? Niyə mənim altmış səkkiz yaşlı ağsaqqalım hansısa vəzifəli şəxsin qarşısında əzilib-bükülməlidir? Axı sən ağsaqqalsan, niyə özünü bu vəziyyətə salırsan? Mən səndən nə öyüd-nəsihət götürməliyəm? Bir kreslo üçün dəyərmi özünü bu vəziyyətə salamğa? Mənim ağsaqqalım dik duruşlu olmalıdır, çünki elə daha gözəl görünür. Eh, dərd bir deyil ki, yazasan... Belə ağsaqqalları görəndə söz də dəyərini itirir, nəsihət də, özlərini də gözdən salırlar.

 

Bax, indi birini qoyub digərinə keçirəm. Köhnə sistem işçisi necə gəlib hansısa mədəniyyət ocağımızın, yaxud bir yazarımızın adını daşıyan binaya direktor olmaq istəyər? Bu, doğrudan da gülməlidir. Sən hələ rəhbərlik etmək istədiyin məkanın adını daşıyan şəxsin kim olduğunu, hansı yollardan keçdiyini, hansı əsərləri yazdığını belə bilmirsən, bu halda ora necə direktor ola bilərsən?

 

Və hələ də ümid edirsən? Dağılsın dünya ki, səni ora o yaşda direktor təyin edəcəklər. Bu cür yanaşma ilə nə mədəniyyət qorunar, nə də o adın dəyəri yaşayar.

 

Nə deyim, vallah, mən, ümumiyyətlə, kreslo sevdalısı olmamışam. Bu günə qədər də müxtəlif yerlərdə müxtəlif kreslolar təklif olunub, gəlib keçib. Qəbul etdiyim də olub, etmədiyim də. Baxır işə... Bunu uzatmağımın səbəbi nə özümü tərifləməkdir, nə də “kreslo sevmirəm, mən başqayam” demək.  Deməli məsələ nədir? Mus-mus deyə-deyə yenə gəlib çıxırıq “Mustafaya”.

 

Yaş olub altmış, amma kreslo davası hələ də bitmir. Kreslo gözləyən də var, kreslodan yapışan da, kresloya özünü zəncirləyən də. İndi adama deyərlər, bəs deyilmi bu qədər illər, bir az da kənara çəkilin cavanlar gəlsin. Qoy onlar da “zad” eləsinlər. Öz enerjisini, öz baxışını ortaya qoysunlar. Çünki bu gün elə savadlı, işi bilən gənclər var ki, onların əlində məktəb də, sistem də daha fərqli nəfəs ala bilər.

 

Açıq yazacam, kimdənsə də çəkinmirəm. Söhbət bəzi bölgələrimizdəki məktəb direktorlarından gedir. Adamlar məktəbi buraxmaq istəmirlər. Yapışıblar kreslolarından, buraxmırlar. Desəm ki, iş görürlər, gürcü demiş, “candaba”, qoy işləsinlər, amma işləmirlər axı. Məktəbi talan ediblər. Hətta cavan kadrlara belə imkan vermirlər ki, nələrsə etsinlər. Bir çox cavan kadr tanıyıram ki, məktəbdən çıxdı. Hətta bir çoxu status almış müəllimlər idilər.

 

Azər Musaoğlunun “Etiraz” yazısını oxudum. Yaxşı deyir, müəllimlər niyə etiraz etmirlər? Etiraz edirlər evə gedəndə öz-özlərinə, qohuma, tanışa, vəssəlam. Amma nə direktora bir söz deyilir, nə də təhsil nazirliyinə şikayət edirlər. Axı niyə təhsil nazirliyinə direktorun boşboğazlığını, bir baltaya sap olmadığını, qış aylarında uşaqları soyuqdan qırdığını, ağzı xarab, bir direktora yaraşmayan ədəb-ərkansız sözlərini, kiminsə uşağını alçaltdığını demirsiniz? Nə isə... İstəyirsən iyirmi beş yaşında ol, istəyirsən səksən, əgər kreslonun haqqını vermirsənsə, orada oturmamalısan. Qalx və burax, işi əhlinə ver. O kreslo oturmaq üçün yox, iş görmək, məsuliyyət daşımaq, nəticə yaratmaq üçündür. Əgər o kreslo sənə yox, sən kresloya xidmət edirsənsə, artıq yerini səhv salmısan.

 

Binəli İslamoğlu