Sükutda daha çox öskürək səsi eşidilər. Öskürək həm də sözü yarımçıq kəsər. Burada həkimi-nəbatatlıq edib sizlərə nəfəs yolları xəstəliklərinin müalicəsindən-zaddan danışan deyiləm, haqqında danışmaq istədiyim cümlənin başındakı SÜKUT sözüdür ki, öskürəyin eşidilməsinə də məhz o səbəb olur. Əslində sükutun da öz səsi var. Və bu səsi müdriklikdən acizliyə qədər yozublar.

 

Mən alimə yaraşan sükutu (Həzrət Məhəmməd), ariflər işi olan sükutu (Nizami Gəncəvi), başıboş adamı müdrik göstərən sükutu (Həzrət Əli), qəzəbin yeganə dərmanı olan sükutu (Sokrat), qızıl olan sükutu (atalar sözü), güclü haraydan daha təsirli (Siseron) və irfani sükutu nəzərdə tutmuram.

 

Sükutu pozaraq danışmaq istədiyim haqsızlığa, ədalətsizliyə, problemlərə “üç meymun”luq edərək gözlərini, qulaqlarını, ağızlarını qapayaraq susanlar, sükut edənlər haqqındadır. Axı, yersiz söz demək kimi, yersiz susmaq da ağıla nöqsan sayılır (Sədi Şirazi).

 

Bu gün ağlına güvənilən ziyalılar isə görünür dərin sükuta dalıblar. Və onların bu sükutu fonunda kim nə istəyir, necə istəyir, harada və nə zaman istəyir ağzına gələni danışır.

 

Ziyalı susarsa, ziyasız danışar. Ziyasızın danışması isə öskürəkdən başqa bir zad deyil.

 

İndi beş-altı kitab oxuyanlar meydanı böş görüb özlərini ortalığa ataraq millətə “ağıl” öyrədirlər. Öyrətsinlər, amma gərək bu ağıldakı “ağ”ı qaralamayasan.

 

Özlərini həqiqətpərəst, humanist, beynəlmiləlçi kimi sırıyan, liberal kosmetika ilə bəzənən bu şüvənçilər azərbaycanca yaşasalar da, fransızca fikirləşib, ingiliscə danışmaq istəyirlər (gürcücə fikirləşib azərbaycanca danışanları da var).

 

Məsələn:

Bir dəfə də olsa üzünü görmədiyi, şəkillərdən tanıdığı kilsənin çürük taxtası qısaqapanmadan alışıb yanır, bizim bu “qardaş” bir ay yas saxlayır, ağlayıb-sızlayır, qırx gün saqqalını qırxmır, toylara çıxmır ki, bəs o boyda abidə yanıb, sizin bu geridəqalmış adətlərinizə əl-qol açıb necə oynayım. Amma bombalanan, partladılar, içərisinə donuz, mal-qara doldurulmuş məscidlərə gələndə gözləri kor olur.

 

Öz hüququ hər addımda tapdalanan bu “dostumuz” Qurban bayramında başlayır qoyunların hüququndan-zaddan barbar bağırmağa. Müsəlmanları “qoyun soyqırımında” qınayan, amma kafelərdə, restoranlarda qoyun, quzu, dana ətinin ən gözəl tikələrini mədəsinə bəhbəhlə ötürən (qarşısına eşşək əti də qoysan yeyər) bu “heyvansevər” xristianların hinduşka qırğınına, kərgədan, fil qətlyamına lal olur.

 

Gecə-gündüz internetdə adını ilk dəfə eşitdiyi ölkələrdə müsəlman “terrorçu” axtarır ki, paylaşsın, “ifşa” eləsin, terrora qarşı olduğunu gözə soxsun, amma adını “qonşu ölkə” qoyduğu qulağının dibində günahsız insanları, qadınları, uşaqları qətlə yetirən əsl terrorçuların atdıqları topun səsini eşitmir, kar olur.

 

Bu, hörmətli “abrazavonskilər”, humanistlik, tolerantlıq, müasirlik, liberallıq, ədalətlilik deyil, bu, yad propaqandalardan mayalanaraq düşmənçilikdir, qınından çıxıb, qınını bəyənməməkdir, qərəzlilikdir, vicdansızlıqdır və s.

 

Və bunların ayaqları altına dəyərləri qoyaraq tribunalarda boy vermələrinin səbəbkarı, günahkarı sükuta qərq olmuş ziyalılardır. Bunlar ziyalıların sükutunun səsidir. Axı, susmaq razılıq əlamətidir, hörmətli ziyalılar.