“İnsanlar artıq özlərini danışaraq deyil, geyindikləri, aldıqları və yedikləri şeylərlə ifadə edirlər”. Harada qarşılaşdığımı xatırlamadığım bu cümlə haqqında fikir bildirmək istəyirəm.
Bu cümlə acı reallığı ifadə edir. Reallıq acı olur, bu fikirlə tam razıyam. Razı olmasam da halımızın acı olduğu gerçəyinin dəyişməyəcəyinin fərqindəyəm. Ona görə də razılaşmaqdan başqa nə çarə?
Amma xatırlatmaq istədiyim bir şey var. Bir çox yerdə eyni mənada istifadə olunsa belə, razılaşmaq və qəbullanmaq arasında çox böyük fərq var. Mən də bu reallıqla razılaşıram, amma əsla qəbullanmıram. Ona görə də dövrə uyğun şəkildə susub, oturmaq istəmirəm. Dahi şair M.Ə.Sabir demişkən:
Derlər utan, heç kəsə bir söz demə, –
Həq sözü derkən utana bilmirəm!..
***
Derlər usan, hərvəzü hədyan demə, –
Güc gətirir dərd, usana bilmirəm!..
Əgər susub otursam ilk cümlənin illər boyu dəyişməz olaraq qalacağının, doğruluğunu qoruyacağının açıq bir şəkildə fərqindəyəm. Zaman hər şeyin dərmanıdır deyirlər. Amma müdaxilə olunmayan xəstəyə zamanın ölüm gətirəcəyinin hər birimiz fərqindəyik. Biz də cəmiyyət olaraq həmin o yaralı xəstəyik və müdaxiləyə çox ehtiyacımız var. Həkimə getməmək səbəbimiz isə sağalmaq istəməmək deyil, sağalmaq prosesinin uzun, diqqət tələb edən, ağır bir iş olduğunu bilməkdir. Hə, bir də, biz adət-ənənəyə sadiq bir cəmiyyətik, ölüm döşəyinə düşməmiş həkim yolu tanımarıq.
Hə, qıraq heç kim yoxdur, gəlin ümumi dərdimizi açıb sizə də deyim. Bəlkə aranızda həkimlər var, nə bilmək olar.
Özümüzdən çox uzaqlaşmışıq. O qədər uzaqlaşmışıq ki, biri bizi sahib olduğumuz bahalı markalı avtomobilə görə tanıdıqda, trenddə olan geyimlə xatırladıqda qürurlanırıq. Halbuki əslində oturub saatlarla nə hallara düşmüşük deyə, bu xəstəliyi harada tapmışıq deyə düşünməliyik. Necə ola bilər ki, canlı-qanlı, düşünmə qabiliyyəti olan bir varlıq özü ilə yox, sahib olduğu əşyalarla xatırlana?..
Artıq iki qrupa bölünmüş haldayıq. Birinci qrupa hansısa platformada tanınmış insanlar, ikinci qrupa isə bu insanların etdiklərini sorğulamadan təkrarlayan insanlar (robotlar) aiddir. İkinci qrupa görə, birincilərin hərəkəti ən doğru, yediyi ən dadlı, geyindiyi ən dəbli, yaşadığı həyat ən ideal sayılır. Başlayırıq o “ideal” həyat üçün mübarizə aparmağa. Günlərlə, aylarla, hətta illərlə çalışırıq birinci qrupun sahib olduğu avtomobildən almağa və sonunda alırıq. Almaq yetərli olarmı bizə? – Xeyr, gərək aldığımızı da göstərək, bilsinlər ki, bizim də var. Göstəririk, çoxlu təbriklər alırıq, hətta qrup yoldaşlarımızın (ikinci qrupun) diqqətini çəkməyi də bacarırıq, diqqət mərkəzində olmağın verdiyi xoşbəxtlik bizi ağuşuna alır. Xoşbəxtliyimiz birinci qrupun bundan bezib başqa avtomobilə keçdiyi günə qədər davam edir...
Son dönəmdə həyatımız yuxarıda danışdığım hadisənin növlərinin dövri şəkildə təkrarlanmasından ibarətdir. Bax, bizi məhv edən də budur. Özümüzü tanıtmaq üçün bizimlə əlaqəsi olmayan şeylərdən istifadə edirik, sonra da bu dövrdə insanları yaxşı tanımaq olmur deyə ah-vay edirik. Yaxşı tanıyıram dediyimiz bəzi insanlar haqqındakı məlumatımız o adamın adı və sosial şəbəkədə yediyi yeməklərdən, içdiyi içkilərdən, sürdüyü avtomobildən, istifadə etdiyi hansısa bahalı bir əşyadan ibarətdir.
İndi sizə sualım: bundan öncəki cümlədə bir insanı həqiqətən ifadə edəcək nə var? – Təəssüf ki, heç nə. Amma yenə də insanlar bir-birini bu sayılanların vasitəsilə tanıdığını düşünür. Yolda qarşılaşsalar oturub on dəqiqə söhbət edə bilməyən insanlar sosial şəbəkədə saatlarla danışırlar. Bu gün hər hansı bir insana özün haqqında danış, özünü tanıt desək, çox azı bunu bacara bilər. Qalanları isə yenə özünü tanıtmaq üçün əşyalara, vəzifələrə baş vurar.
Hürnisə ƏHMƏDOVA