Qeybətə universitetdə müəlimimiz belə bir tərif vermişdi: Heç bir fakta əsaslanmayan söhbət qeybət adlanır. Bir az düşündüm və araşdırdım, qeybətin əcnəbi dildə qarşılığını tapmadım, əvəzedici qarşılığı vardı, amma məncə, bizdəki kimi bütün lazımsız çalarları özündə birləşdirən əhatəli termin şəklində yox idi. Bizim qeybətimiz paxıllıqdan tutmuş böhtana qədər genişdir. Öz gözümüzdə tiri görmədən başqalarında tük axtararaq mövzu genişləndiririk.

 

Dahilərdən biri yazmışdır ki, başqalarının bağçasında kəpənəkləri sayınca, o bağdan özün yarat, qoy kəpənəklər sənin bağına gəlsin. Aha, deyəsən kəpənəksayan millətlər də varmış. Yox əşşi, inanmıram bizim qədər əhatəli ola. Bax, məsələn, özümüz bir işi bacarmırıqsa bəyənmirik, yaratmırıqsa yaradana lağ edirik, irəli gedənə badalaq axtarırıq və sair.

 

Mən öz adıma öyrənməyi də, öyrətməyi də sevirən. Bilmədiyimdən qəti utanmıram, hətta şagirddən belə öyrənirəm, soruşana isə yorulmadan izah edirəm, lovğalanmadan, sadəcə olacaq kimi, olmalı kimi...

 

Qeybətin anası, bəlkə də başlanğıcı paxıllıqdır. Kiminsə gözəl geyimi, sosial şəraiti, mühit mərtəbəsi kimlərisə narahat edəndə başlayırlar milçəkdən fil inşa etməyə, hansı ki, özü heç qarışqa yox e, qurd qədər həmin şəxs ola bilməz, özü düşüncədə adamlarla mövzusu alınsa da, ağıllı adam onu dinlədikcə düşünər ki, qeybət etdiyin adamdan gərək özün bir pillə yüksəkdə olasan ki, yerinə düşə. Sadəsi bu yəni.

 

O yazıq paxıl anlamır ki, zamanını daha yaxşı məqsədlərə sərf edərək yüksəlişə bir addım gedə bilərdi. Paxıllıqdansa rəqabət, bəhs daha səmərəlidir. Qonşu ev tikirsə, bağ salırsa, təhsil alırsa mən də ona oxşamağa, hətta onu keçməyə cəhd etməklə özümü təkminləşdirə bilərəm axı. Bu, daha yaxşı variant deyilmi?

 

Paxıllıq insanı mənən çökdürən müalicəsiz xəstəlikdir. Üzdə nəhəng bir ağac daxili çürüməklə gözlənilmədən çökə bilər. Vallah, əhatəmdə var elə insanlar, hətta kiminsə dövlətdən aldığı sosial yardıma belə söz tapır. Düşünmür ki, mənim ən azından evim var, əgər bunun evi də yoxsa, mən niyə kiminsə bədbəxtliyinə verilən “mükafatı” danışmalıyam.

 

Anam deyərdi ki, xoşbəxt olmaq üçün daim özündən aşağı bax, yoxsa heç vaxt həyatından razı qalmazsan, amma insanlar baxmır axı, baxsaydılar naşükür olmazdılar. Olanlarına şükr edərək razılaşan çox az adam tanıyıram.

 

Dinimizdə bəzi adamlara nurlu adamlar deyirlər (hətta qarşına çıxsa işin də düz gedər). Onun açması budur. İstəyirəm biologiya müəllimi kimi izahatını verim. Yəqin hamınız quş, heyvan kəsəndə görübsünüz: qaraciyər hər iki payıyla ödü əhatə edir. Orqanizmdə orqanlar elə yerləşib ki, heç biri bir-birinə mane olmur, hərəsinin öz yeri var, əgər santimetr fərq eləsə narahatlıq verər, hamısı pozular. Qaraciyər həzm orqanı olaraq qanla gələn bütün zərərli maddələri (həzmin gətirdiyi) zərərsizləşdirir və öd kisəsinə toplayır, o da tədricən orqanizmdən kənarlaşır. Biz hiss etmirik, keçirdiyimiz hər həyəcan, narahatlıq – hamısı sinir sistemiylə əks-səda verir. Həyəcandan, əsəbdən, gərginlikdən və s. qaraciyər az ölçüdə şişir. Bu isə orqanizmin düzənini qarışdırır, o da ödü sıxır, öd kisəsinin növbəsiz onikibarmaq bağırsağa normadan çox öd yollamasıyla nəticələnir (inandırıcı olmaq üçün deyim ki, qorxudan əmələ gələn sarılıq-Heptit A belə yaranır). Sorulmada qana ifraz olunan öd qan dövranı ilə bütün orqanizmə yayılır. El dilində “qanım qaraldı” deyiminin əsası da budur. Yenidən toksinlə zənginləşmiş qan həm orqanizmə fəsad verir, həm də əhatəsindəki adamalara mənfi enerji verir. Nənələr elə adamlara qaramat adamlar deyərdilər. Nurlu adamlar isə heç vaxt kimsəylə qaralanmadığı üçün nə qanı qaralır, nə də qan qaraldır.

 

Əsl dindar adamlar ruzinin də, bərəkətin də, qismətin də Allahdan olduğunu əsas tutaraq qəti paxıllanmırlar, yalnız mədəni şəkildə Allaha dua edərək istəyini ondan istəyər, məni də sevdiklərin, gözəl tale yazdıqlarının sırasına sal deyərlər, xeyirxah əməllərini davam etdirərlər. Elə ona görə də qanları öd zəhəriylə qarışmaz, bu insanların üzündən nur yağar. Yenə nənələrimiz belə adamlara nur üzlü adamlar deyərdilər.

 

Üzümüzün nurlu, canımızın sağlam olması üçün qəlbimiz təmiz olmalıdır ki, qanımız da qaralmasın. Gəlin kimsənin toyuğunu, yumurtasını saymayaq. Qonşunu iki inəkli istəməsək də bir inəyi ilə işimiz olmasın. Vallah, kimsəyə Allahdan ruzi peşkəş gəlmir, vallah, əziyyətsiz heç nə olmur (Təsadüfi lotereyalar da hansısa nəyinsə nəticəsi olur). Əsas odur ki, biz cəhd edək, edək ki, nail olaq.

 

Dünyadakı bütün insanlar irqindən asılı olmayaraq eynidir, heç kim xoşbəxt deyil, heç kim bədbəxt olmadığı kimi. İnsanoğlu hər şeyə qadirdir. Biz öz insanlığımızla nurlu dünyamızı, mühitimizi qura da bilərik, yıxa da. Gəlin insanlara olan saf münasibətimizlə ətrafımıza nur saçaq – müsbət enerji verək. Ömür o qədər qısadır ki, heyif deyilmi o ömrü lazımsız məqsədlərə xərcləyək?!.

 

Esmira ƏLƏKBƏRLİ