Söz dilin vahididir, o səs və hərflərdən əmələ gələn, müəyyən məna kəsb edən, hiss-həyəcan bildirən səs birləşməsidir. Qurduğumuz cümlələr söz və söz birləşmələrindən əmələ gəlmişdir. Söz insanın tutan əli, görən gözüdür. İnsan gün içərisində danışarkən, cümlə qurarkən çoxlu sayda sözdən istifadə edir. Natiq və xətiblərin, şair və söz sənətkarlarının çəliyi, əsası həmişə söz olmuşdur, onlar həmişə nitqlərini mənalı və kəsərli sözlərlə bəzəmişlər. Sözün qüdrəti və təsiri çox böyükdür. Düşünürəm ki, söz yerində deyiləndə gözəldir, yerində deyilən sözün təsiri çağlayıb məcrasını dağıdan sellərdən daha güclüdür.

 

Ana dilimizin ən böyük söz sərraflarından və ədəbi dil normalarının formalaşmasında müstəsna xidmətləri olan Şah İsmayıl Xətai söz haqqında belə deyir:

Söz vardır kəsdirər başı,

Söz vardır kəsər savaşı.

Söz vardır ağulu aşı,

Bal ilən edər yağ bir söz.

 

Şairin “Söz “ gəraylısında böyük məna vardır, yəni söz hər şeyə qadirdir, elə söz deyərsən dava düşər, elə söz deyərsən sülh yaranar, insanın kinini sevgiyə çevirər, düşmənçiliyi yox edib dostluq yaradar, qəlbləri isindirər. Şair insanların “ağulu aşını, yağla bala çevirəcək” şirin sözlərə ehtiyacı olduğunu bildirmişdir.

 

Sözü söylərkən insan xeyli fikirləşməlidir, süzgəcdən bir neçə dəfə keçirməlidir, yüz ölçüb, bir biçməlidir, əks təqdirdə istədiyimiz nəticəni ala bilmərik. Unutmamalıyıq ki, bir söz hər şeyi dəyişə bilər. Həmçinin sözü deyərkən səsin tonu və üzdəki mimika da qarşımızdakı insana təsir göstərir. Sözü deyərsən könül alar, sözü deyərsən qəlb qırar. Ona görə də, danışarkən diqqətli olmalıyıq, hansı sözü necə, nə şəkildə ifadə etməyimizə fikir verməliyik. Acı və ironiya ilə deyilən sözlər qarşımızdakı insanla münasibətin korlanmasına səbəb ola bilər.

 

İnsanların daima şirin, xoş sözlər eşitməyə ehtiyacı var, heç vaxt bir-birimizdən xoş sözləri əsirgəməməliyik. Xoş sözlər demək üçün ad günlərini, toy mərasimləri və yaxud hər hansı bayramı gözləmək vacib deyil. Elə səhər tezdən duran kimi ailə üzvlərimizə deyəcəyimiz xoş bir sözlə günə başlamaq necə də gözəl olar. Elə deyilmi? Danışarkən istifadə etdiyimiz sözün dəyəri elə öz dəyərimiz  ilə əlaqədardır.

 

Söz sənətimizin zirvəsi, böyük dahimiz Məhəmməd Füzuli “Söz” qəzəlində deyir:

“Artıran söz qədrini sidq ilə qədrin artırar,

Kim nə miqdar olsa eylər əhlin ol miqdar söz.”

 

Şair bu məqamda hər kəsin dəyərini elə sözünün dəyəri qədər sayır. Bizim sözümüz elə dəyərimiz qədər olacaq. Sözün qədrini bilək, sözü uca tutaq, çünki sözün dəyərsiz olduğu cəmiyyətdə insan da dəyərsiz olur. Sözün qədri uca tutulanda sözdən üz qızarır, əyrilər düzəlir, lakin söz qədirsiz olanda, Füzuli demişkən, rüşvət deyil deyə salamı da almırlar. Odur ki, sözün qüdrətini dərk edək, sözü uca tutaq və dəyər verək.

 

Dilarə Təhməzova   

 İlia Dövlət Universitetinin tələbəsi