İnsanlar dağlardan, ağaclardan, çaylardan, torpaqdan, səmadan dolayı, arada-sırada nitq hissələrinə də bənzəyirlər. Bəziləri əsas nitq hissələri misilli, həm leksik, həm də qrammatik mənaya sahib olurlar. Bəziləri isə köməkçi nitq hissələri kimi, sadəcə olaraq qrammatik məna daşıya bilirlər.

 

Bunu elə-belə, söz gəldi-gəlmədi deyirəm. Yəni saxta profillər eşitməyə də bilərlər.

 

...Profil – üzün və ya əşyanın yandan görünüşünə deyilsə də, saxta profilləri nə yandan görmək olur, nə də anfas-profil şəklində: yəni üzü obyektivə, tamaşaçıya tərəf.

 

Bəs saxta profil sosial şəbəkədə üzünü niyə gizlədir, adını niyə gizli saxlayır?

 

Onlar niyə bu qədər söyüş kampaniyası, vurhəşir, qovğa, qalmaqal, cəncəl, dava tərəfdarıdırlar?

 

Və saxta feysbuk hesablarındakı təhqirlər, təhdidlər, böhtanlar niyə şəxslərin-şəxsiyyətlərin şərəf və ləyaqətlərini qəsdən alçaltmağı nəzərdə tutur? Əgər bu sosial media deyilən doğrudan da mediadırsa, niyə burada bir bu qədər boşboğaz, bu qədər trol “fabriklər”i  var?

 

İndi bu qədər sualın tək birinə cavab verməyə, özü də Süsən-Sünbül səviyyəsində cavab verməyə çalışacağam. Cəhd – cəncəllik, cəngəllik deyil ki?

 

Süsən-Sünbül tərəflərdən görünən budur ki, saxta profillər, hər şeydən öncə, özlərinin palatasını yaratmaq istəyirlər. Amma bu palata nə Hesablama Palatası, nə Lordlar Palatası, nə Kitab, nə də Ticarət Palatasıdır! Həmçinin də qanunvericilik orqanı-instansiyası olaraq nə Aşağı, nə də Yuxarı Palatadır!

 

Bu, bəlkə daha çox xəstəxanalarda və digər müalicə müəssisələrində xəstələr üçün nəzərdə tutulan otaqlara, yəni palatalara oxşaya bilər. Amma nəzərə alsaq ki, bu latın əsilli “palata” (“palatium”) sözü vaxtında həm də saray, imarət, qəsr anlamlarını da verib, onda bəzi iddialar ortaya çıxa bilər ki, bəs deməzsənmi, saxta profillər – bizi palatadan keçirmək şərti ilə – Saray həsrəti ilə də yaşaya bilərlər! Baxmayaraq ki, onlar “Saraylar”ı guya topa-tüfəngə tuturlar, amma söhbət onların “ədalətli” Sarayından, Qəsrindən, mütləq palatadan keçən Sarayından, Qəsrindən gedəndə onların məxsusi fərqli modallığı-münasibəti ortaya çıxır.

 

...Heç yadımdan çıxmır. Məni xəstəxananın 21-ci palatasına yerləşdirmişdilər. Düz dəhlizin bəri başında idi. Yenicə dincəlməyə hazırlaşırdım ki, dəhlizin o biri başında düşən vurhəşirə görə çıxmalı oldum. Yeni gələn xəstəyə 6-cı palata düşmüşdü. Adam heç cür içəri girib yerləşmək istəmirdi. Belə məlum oldu ki, bura göz xəstəxanası olsa da, adam hələ də A.P.Çexovun “6 nömrəli palata” povestinin cazibəsindən çıxa bilmir. Oxuyanlar bilir ki, “6 nömrəli palata”da ruhi xəstələr üçün nəzərdə tutulmuş palatadan söhbət açılır. İnsan şəxsiyyəti üzərində zorakılıq, haqsızlıqlar, fərdlərin ədalət uğrunda mübarizəsi, dərin fəlsəfi düşüncəli bir ziyalının ruhi xəstələr xəstəxanasına düşməsi, bəzi personajlarda daxili mənəvi aləm yoxluğu, bəzilərinin isə öz mənəvi dünyalarını zənginləşdirmək istəkləri – bütün bunlar hamısı “6 nömrəli palata”nın məzmunundan doğanlardır.

 

“6 nömrəli palata”nı ilk dəfə mərhum İsgəndər Nəfisinin tərcüməsində oxumuşdum. Sonra orijinalda, bu yaxınlarda isə qələm qardaşım Zahid Sarıtorpağın tərcüməsində oxudum. İlahi, “6 nömrəli palata”nın bəzi personajları ilə bugünkü saxta profillər bir-birlərinə necə bənzəyirmiş! Onda əslində ruhi xəstə olmayanları xəstə eləyənlərlə indiki özləri profilaktoriyə göndəriləsi simasız saxta profillər “qan” qohumu imiş! Təkcə başımızı deyil, ruhumuzu da cəllad kötüyündə görmək istəyən sallaqlar!

 

Bu yaxınlarda məşhurlarımızın adından saxta profil yaradan birinə, konkret olaraq, unudulmaz şairimiz Sərdar Əsədin adından saxta profil yaradan əcinnəyə yazdım ki, bəlkə sənin də öz sözlüyün, öz kitabın var. Öz kitabını, öz sözlüyünü yaşasana! Niyə kiminsə fikrinə, düşüncəsinə təsir eləməklə onu dəyişdirməyə çalışırsan? Allahdan, vicdanın ölməz səsindən, ölkənin Cinayət Məcəlləsindən qorxun yoxdurmu heç!? Əsl Sərdar Əsədi sənin ovaxtkı qohumların intihara sürükləmədimi? Sərdar Əsəd demiş:

 

Qərib durnalar uçur

Gündoğandan – günbatana.

Çağır, anam, hey çağır;

Gündoğandan – günbatana...

 

Ay zalım, heç durna qatarında uçmadınmı, heç ötən günlərin durna qatarı olub qayıtmadımı!.. Heç ananın “can!” deməyinə kövrəlmədinmi?

 

P.S.

 

Buralardan saxta profilləri həvəslə paylaşanlara səslənirəm:

 

İçinizdəki ən böyük hakimin adı Vicdan idi. Siz onu niyə belə öldürdünüz?..

 

İBRAHİMXƏLİL