Ötən günlərdə avtobusla işdən evə qayıdırdım. Əsl librokubikularistlərin havası idi. Belə havalarda ağılsız adam evdən bayıra çıxar, – deyirlər biz tərəflərdə...

 

“Təkərlər altında döşənib yağış.

Yağış döngəsindən keçir maşınlar,

yağış küçəsindən qaçır adamlar.

Belə havalarda neyləmək olar?” (İsa İsmayılzadə).

 

Belə havalarda kitabı da götürüb özünü yorğan-döşəyə verirsən, düzdür, şərait, iş-güc, qayğılar imkan verməsə də, sən də “belə havalarda ağılsız adam evdən bayıra çıxar” bəhanəsi ilə bir-iki saatlıq isti yatağında kitab oxuyaraq librokubikularist olmağa cəhd edirsən, əlbəttə, yuxu basıb, mürgü döyməsən...

 

Təəssüf ki, biz tərəflərdə pluviofil olmağın müşkül məsələ olduğu kimi, librokubikularist olmağın da çətin məsələ olmasını uzun-uzadı izah etməyə gərək yoxdur. Belə ki, qayıdaq yağışın pəncərələrinə çırpdığı soyuq avtobusa...

 

Adətən həmişə ağzına kimi dolu olan avtobusda bu dəfə sürücü ilə birlikdə yeddi nəfər var idi. Dedik axı: belə havalarda ağlı başında olan evində oturar. Feministlərin gözündən iraq, yeddi nəfərdən biri qadın idi. Məndən başqa hamı yaşlı nəslin nümayəndələri idilər. Sağ olsunlar, sərnişinlərdən ikisi digərlərini bir saatlıq yolu yağışın suyundan pəncərələrdən heç nə görünməyən mənzərəyə baxaraq “darıxmağa” qoymadılar.

 

Elə bil hansısa tok-şouda idilər. Elə bil ölkənin Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunu bu iki nəfərdən icazə almadan vermişdilər. Elə bil Avropanı, Amerikanı “neprav” çıxarmağı qarşılarına məqsəd qoymuşdular. Elə bil kimsə bunlara qrant və ya qonorar vermişdi ki, yol boyu bir saat sürücü də daxil olmaqla bu beş nəfərdə Avropaya, Amerikaya nifrət, sovet hökumətinə, Rusiyaya sevgi yaratsınlar, aşılasınlar, təbliğ etsinlər və sair, və ilaxır.

 

Rusiya telekanallarının, propaqandasının yetirmələri olan bu iki yaşlı dayı Ukraynadan girib Suriyadan çıxdılar, Putinin əli ilə Qarabağı aldılar, Ukraynada faşizmin kökünü kəsdilər, Gürcüstanın xilasının “rıçaqını” Putinin qanlı əllərində tapdılar, Amrikanı və Avropanı Qafqazdan qovdular, Rusiyanı dünyanın ən güclü ölkəsi, Putini bəşəriyyətin müqəddəs xilaskarı etdilər, sovet vaxtı yedikləri yağı təriflədilər, “qızıl onluğun” üstündəki Leninin keçəl başına and içdilər, Stalini amerikalılara zəhərlətdilər, 25 rubla Moskvaya uçub restoranda nahar edib geri qayıtdılar, qazın ucuzluğunu yadlarına salıb qazlandılar, başladılar Avropanı söyməyə, bütün müharibələri, xəstəlikləri, virusları, bahalaşmanı, pozğunluğu konspiroloji cümlələrlə Avropanın üstünə yıxdılar və Avropa Birliyindənsə Rusiyaya birləşməyi səmimi-qəlbdən arzu edərək məsləhət gördülər...

 

Digər sərnişinlər də arada başlarını silkələməklə, ya “hə, hı” deməklə bu iki yaşlı dayı ilə həmrəy olduqlarını bildirirdilər.

 

Feministlərin qulağından iraq, avtobusda olan yeganə qadın sərnişinin telefonuna gələn zəng qızğın söhbəti dayandırdı, qurbağa gölünə daş atdı. Qadın vatsapla Rusiyadakı qohumları ilə danışmağa başladı. İndi hamı ona qulaq asırdı...

 

Mənsə öz-özümə fikirləşirdim: görəsən bu qadın Rusiyanın aplikasiyalarını qoyub niyə amerikalıların vatsapından istifadə edir, özü də amerikalıların ayfonu ilə. Sonra bayaqdan Rusiyanı tərifləyənlərə və onlarla həmrəy olanların əyin-başlarına baxdım: bir dənə də olsa Rusiyaya aid məhsul, marka, əşya tapa bilmədim – hamısı Avropaya, Amerikaya, Türkiyəyə, Çinə aid idi, hətta bizi evə aparan avtobus da Amerika istehsalı idi. Və əminəm ki, evlərindəki məişət əşyalarından tutmuş paltar-palaza – Rusiya istehsalı heç nə yoxdur, “qırağa tulladıqları” pullar belə Amerika dollarıdır, Rusiya rublu yox.

 

İstədim deyəm: Rusiya cəhənnəm, siz özünüz bir milçək ixtira edib düzəltmisinizmi ki, Avropa mallarından istifadə edə-edə, Avropa qanunlarına sığına-sığına Avropa İttifaqına üzvlüklə bağlı namizəd statusunun verilməsinə qarşı çıxırsınız, bəyənmirsiniz, nankorluq edirsiniz; yaxşı ki, ölkənin taleyi elə sizin kimilərin əlində deyil...

 

Demədim. Bu bolşevik başlara onsuz da xeyiri olmayacaqdı. Belə havalarda mübahisə edənin də ağlı yoxdur. Sonra? Sonra heç nə:

 

“Bağlandı düymələr, gizləndi əllər,

bu yağış altında qoyub axşamı

yenə öz evinə çəkildi hamı” (İsa İsmayılzadə).

Müəllif: Azər Musaoğlu