Uşaqlıqda, gənclikdə bunu hiss etmirdik, elə ki ömür yarını keçir üstümüzə bir ağırlıq gəlir. Yoruluruq, əsəbi oluruq, müxtəlif xəstəlik əlamətləri üzə çıxır. Adını da qocalırıq qoyuruq. Əsla! İndi mən onun psixologiyasını açım, bəlkə də mənimlə razılaşacaqsınız.

 

Uşaqlıqda bizim bütün qayğılarımızı çəkirdilər. Kindən, nifrətdən xəbərsiz yaşayırdıq. Ona görə də uşaqlığımızı müqəddəsləşdiririk. Hamımız elə hesab edirik ki, çox xoşbəxt idik. Gənclikdə də hər kəsin başı özünü tapdığı mühitə qarışır. Kimi təhsilində, kimi elmində, bəziləri biznes qurur. Hələ zamanını sevgiyə xərcləyənlər də var. Beləcə otuz yaşa qədər ömür su kimi gedir. Hiss etmirsən.

 

Elə ki qayğı çəkəcək zaman çatır, burada baxış bucağı dəyişir. Artıq ailə, onun qayğıları, ətrafın ögey münasibəti, müxtəlif nəzərlər, fərqli rəylər əsəbini qıcıqlandırır. Halbuki belə adamlar da, belə münasibət də əvvəllər vardı, uşaqlığında da, gəncliyində də. Sadəcə sən onlara fikir vermirdin deyə elə beşiyində məhv olurdu. Bax, bizim ətrafımız dolu viruslar, bakteriyalardır. İmmunitetimiz – müqavimətimiz güclü olduğu üçün onlar bizə yaxın gələ bilmirlər. Məğlub olurlar. Elə ki müqavimət zəiflədi onlar fəaliyyətə başlayırlar. Biz elə adamlara fikir verməklə onları fəallaşdırırıq.

 

Nənəmin anası loğman olmuşdu. Yaxşı türkəçarələr bilərdi. Nənəm hara gedib-gəlsə mütləq başına duz hərləyib suya atardı. Biz ona həmişə gülərdik, nənəyə yenə kimin gözü dəydi deyə... Sonralar bu duz məsələsini araşdırarkən maraqlı məlumatlara rast gəldim. Sən demə ətrafımızda sanki atmosferimiz olan təbəqələr varmış, buna aura deyirlərmiş. O aura bizi qoruyarmış. Ətrafda olan sənə qarşı pis fikirli adamların yolladığı mənfi enerji o auranı sanki gülləbarana tuturlar. Sənin gücün onu qaytara bilir, əgər fikir verməsən, necə ki, gənclikdə, uşaqlıqda etinasız idin. Yox, əgər reaksiya verirsənsə, el diliylə desək, onlara qoşulsan bu, sənin psixiloji müqavimətini zəiflədir, nəticədə aura o mənfi enerjini qaytara bilmir, üstünə bir ağırlıq çökür, baş ağrıları, əzginlik və s. əmələ gəlir. Duzun tərkibindəki natrium ionu auranı bərkidirmiş. Saat əqrəbi istiqamətində fırladarkən ion mübadilə edirmiş. Sonra mənfi enerji ocaqla və axar su ilə təmizlənərmiş. Bilmirəm bu araşdırma nə qədər realdır, amma bir bioloq kimi dərk edərək qəbul edəcəyim nəzəriyyədir.

 

Qeybət, söz-söhbət yəqin ki, həyat yaranandan olub. Elə yəqin Tanrı da şeytan tipli insanları aramıza yerləşdirib ki, seçimi özümüz edək. Demək istəyib ki, ey insan övladı, mən sənə şüur vermişəmsə, nə verməmişəm. Yox, şüur verməmişəmsə, nə vermişəm?!

 

İndi gəlin şüurlu bəndə kimi uşaqlığımızdakı kimi məsum, gəncliyimizdəki kimi qayğısız baxaq həyata. Gördünüzmü həyat necə gözəl görünür.

 

Hamımıza tanış bir nümünə deyim. Telefonumuza lazımsız oyunlar, proqramlar yükləyək. Arxa planı da silməyək. Nə baş verəcək? Əlbəttə, telefon datası dolacaq, açıq qalan proqramlar telefonun enerjisini qurtaracaq. Bir də görəcəksən elə yerdə enerji bitdi ki... Bax, beləcə ətrafımızdakı lazımsız adamlar, qeybət həyatımızın yaşam enerjisini tükədir.

 

İnanın mənə, həyatda yalnız doğma adamlardan keçmək olmur. Qalan hər kəs əgər sənə həyatda xeyirli yolunda mane olan insanlar cərgəsindədirsə o adamları “udalit” edin getsin. O haqda düşünmək belə qəbahətdir.

 

Ömür yaşayanda çox qısadır. Arzulara sığmayacaq qədər qısadır. Onu mənasız müzakirələrə sərf etməyə dəyməz. Bu əsəb, stress birbaşa sağlığa zərbədir, 100 yox, 1000 faizlə mütləq şəkildə zərbə sonu xəstəlikdir. Orqanizmin yaranması başlanğıc və son nöqtədən ibarətdir. O son qurtuluş hər kəsdə bir orqanda bitir. Bu son nöqtə bizim zəif nöqtəmizdir. Kələfi pozmaq üçün ip ucudur. Soyuq da dəysə, qorxsaq da, stress də keçirsək məhz xəstəlik həmin nöqtədən başlayacaq.

 

İndi biz özümüzü qorumaq üçün, həyata açıq gözlə baxmaq üçün, mübarizlik naminə, doğmalarımızın əlindən daha bərk tutmaq üçün neyləməliyik? Əlbəttə, necə ki telefondan artıq proqramları silirik, qruplardan söhbətləri silirik, sonda da telefona yenidən başla əmri veririk. Bax, beləcə həyatımızı yenidən başlayaq. Uşaqlıqdakı kimi məsum olmayaq, bir xeyli gözüaçıq, bir xeyli fərasətli, bir xeyli də ağıllı olaq.

 

Bircə düymə lazımdır. Ürəyinizdə təpər tapın. Həyatınızda yalnız sizə xoş olan adamları yaddaşınızda saxlayın. Sizi qıran, əsəbiləşdirən, mənəvi rahatlığınıza mane olan insanları “udalit” edin. Sonra zibil qutusunu da silin ki, sizə naxoş xatırlanası heç nə qalmasın.

 

Vurdunuzmu düyməni? Afərin! Nə gözəl! Daha heç zaman onları düşünməyəcəksiniz. Aha, təzə səhifə açıldı: XOŞ GƏLDİNİZ! Özünüzü dünyaya yeni gəlmiş kimi görün və bundan sonrakı həyatınızı gülümsəmək üçün, sevinmək üçün yaşayın.

 

Esmira ƏLƏKBƏRLİ