Əski insanların inanc sistemini az da olsa bərpa etmək, həmin sistem barədə müəyyən təsəvvür yaratmaq üçün xalq dilində az-çox işləkliyini qoruyan söz və ifadələrdən yararlanaraq bu yazını ortaya çıxarmaq cəhdimiz yenilik və ya bir ilk deyil. Bu barədə elmi ədəbiyyatda kifayət qədər fikir səsləndirildiyini qeyd etməyi özümüzə borc bilirik.
Xalq inanclarına görə, yatmış və ya uzanmış adamın üstündən keçmək, adlamaq olmaz. Bu tabu-qadağa özündə əcdadlarımızın qədim təsəvvürlərinin izlərini daşımaqdadır. Əslində bu, universal bir ayinin müəyyən bir detalı, parçasıdır, qurban vermə/qurban kəsmə mərasiminin bir hissəsidir. Bu, qəbilə üzvlərinin müəyyən səbəblərdən insan qurbanı verməli olarkən elliklə icra etdikləri ayin-ritualın yaddaşlarda qalmış xatirəsidir.
İlkin dönəmlərdə qəbilə öz üzvləri arasından qurban üçün ən gözəl, ən gözəgəlimli, ən sağlam olanları seçərək qurban kəsirdi. Sonralar qurbanlıq tayfalararası döyüşlərdə ələ keçirilən əsirlər arasından seçilirdi. Qəbilə və ya tayfa qurbangahında qurbanlıq insanın kəsilməsindən sonra icra olunan mərasimdə bütün qəbilə üzvləri hamılıqla kəsilmiş qurbanın üzərindən atılaraq bədənlərində toplanmış, gizlənmiş şər qüvvələrdən elliklə təmizlənmə, arınma ayini icra edirdilər. Qədim insanların düşüncələrinə görə, bədənlərindəki şər qüvvələr kəsilmiş qurbana keçərək onları növbəti qurban kəsilənədək bəlalardan qorumalı idi.
Biz xalq yaddaşında yaşayan bu qadağada uzanmış adamın və onun üzərindən keçən adamın qədim insanların düşüncəsində yaratdığı informativ əks-sədaya diqqət yetirməliyik. Görünür xalq düşüncəsi uzanmış şəxsin qurbanlığa çevriləcəyindən və ya onun üzərindən adlayan adamın ağrı-acısının, onda olan şər qüvvələrin qurbanlıq kimi təsəvvür etdiyi şəxsə keçəcəyindən əndişələnərək belə bir tabu-qadağa yaratmışdır.
Dilimizdə tez-tez işlənən “başına dolanım/fırlanım/dönüm/hərlənim” deyimi hansı mənanı daşıyır? Yaxın keçmişə qədər böyüklərimiz ətraflarında dolaşan uşaqlara “başıma/başımıza dolanmayın” deyərək onlara təpinir, ətraflarına fırlanmağı qadağan edirdilər. Bəzən onları dolandıqlarının əksinə, geriyə dolanmağa məcbur edərək sanki bununla onları fırlanarkən cızdıqları qadağan olunmuş şər dairəsindən çıxarıb, bəladan qorumaq istəyirdilər. Burada qədim təsəvvürlərin izlərini müəyyən etmək o qədər də çətin deyil. Görünür bu, əski dönəmlərdə icra olunmuş kompleks bir ayinin qalıqlarıdır.
Bu gün kimdən soruşsaq “başa dolanma”nın nə məna daşıdığını bilməyəcək. Bəs nəyə görə kiminsə başına dolanmanı qadağan edirsiniz sualının cavabı da qeyri-müəyyən olacaq. Çünki bu adət unudulmuş, sadəcə onun müəyyən elementləri yaşamaqdadır. Uzaqbaşı ata-babalarımız belə edirdilər, biz də onu təkrarlayırıq cavabını ala bilərik.
Əslində başa dolanma/hərlənmə/fırlanma qədim dövrlərdən yaxın keçmişimizədək mövcud olmuş bir adətin danışıq dilində yaşayan işartılarıdır. İbtidai cəmiyyətdə xəstənin ətrafında yaxınlarından birinin – ata-ananın, nənə-babanın dövrə vurmasıyla xəstəliyin ondan uzaqlaşdırılacağı, sağalmasına səbəb olacağı düşünülür, xəstəliyin və ya xəstəliyin mənbəyi hesab etdikləri şər qüvvələrin xəstənin ətrafına dolanan şəxsə keçəcəyi güman edilirdi.
Bu gün xalq dilində yaşayan “sənə gələn mənə gəlsin”, “ağrın alım”, “dərdin alım” kimi deyimlər bu adətin dildə daşlaşmış qalıqları olmalıdır. Digər tərəfdən də, xəstənin ətrafına dolanan adam özünü ona qurban verdiyini bəyan etmiş kimi çıxış edir. “Qurbanın olum və ya qurban olum” kimi dildə yaşayan faktların varlığı tarixin ilkin dönəmlərində insan qurbanının mövcudluğunu təsdiqləyən tutarlı dəlillərdən sayılmalıdır.
Ola bilsin ki, sonralar xəstənin ətrafına əsir alınmış, qula çevrilmiş adamları dolandıraraq qurban kəsirmişlər.
Xəstələnmiş ailə üzvlərinin ətrafına ev heyvanlarının dolandırılması halları da olmuşdur ki, sonralar bu heyvanların xəstənin dörd tərəfinə dolandırılmadan kəsilməsi, uman-küsənə, fəqir-füqəraya qurbanın ətindən pay verilməsi adəti yaranaraq, ənənəyə çevrilmişdir. Xalq arasında “deyin qurbanı” kimi tanınan qurbankəsmə ayininin bu adətlə bağlı olduğunu, bu adətdən qaynaqlandığını güclü bir ehtimal kimi səsləndirmək olar.
Xəstələnmiş ailə üzvlərinin başına dolandırılan, nəzir çıxılan pul və ya qiymətli əşyalar barədə də bir neçə cümlə ilə fikrimizi bildirək ki, bərpa etmək istədiyimiz mərasimin dolğunluğu göz önündə canlansın. Ehtimal etmək olar ki, əski insanlar xəstənin başına pul və ya qiymətli bir əşya dolandırmaqla xəstəliyin, xəstəliyin mənbəyi hesab etdikləri şər qüvvələrin həmin pula və ya əşyaya keçəcəyini, bununla xəstənin həmin bəlalardan arınacağını düşünürmüşlər.
Nəzir çıxılmış pul və ya digər maddi nəsnə mütləq evdən uzaqlaşdırılmalı, verilənə qədər evdən kənarda saxlanmalı idi. Dilənçi və ya yerli təbirlə desək, gəziçi gələnədək orada qalmalı idi. Nəzirin verilməsi uzadılmamalı, vaxtında sahibinə – yazıq birinə, fəqir-füqəraya çatdırılmalı idi. Qədim təsəvvürlərə görə, bununla xəstəyə və ya ailəyə gələcək bəla, şər qüvvə neytrallaşdırılırdı.
Görünür dilənçilərin, gəziçilərin evə buraxılmaması, onların həyət darvazasından yola salınması da bununla bağlı olmuşdur. Bu cür nəzirləri toplayan dilənçilərin həm də potensial şər daşıyıcıları olmaları düşünüldüyü, onların nəfslərinin ağır olduğu güman edildiyi üçün onları əliboş qaytarmağın ailəyə bədbəxtlik gətirəcəyindən ehtiyatlanırmışlar. Üstəlik onların qarğış edəcəkləri də unudulmamış, onların qarğışlarından sığortalanmaq üçün nəyəsə qonaq edilmələri, onlara azdan-çoxdan nəsə verilməsi adətə çevrilmiş və bu günədək də davam etməkdədir.
Başa dolandırılmış pulun və ya digər əşyaların insanların tez-tez keçdikləri cığıra, yola atılması adəti də şər qüvvələrdən qorunmaq istəyi ilə bağlı düşüncənin məhsuludur. Ona görə də yoldan tapılmış pulun sahibi çıxmasa evə gətirilməsi, ailə büdcəsinə daxil edilməsi yasaqlanırdı. Tapılmış belə pul və ya əşya adətən dilənçiyə verilirdi ki, ailəyə şər qüvvələr sədəmə toxundura bilməsinlər. Çünki kiminsə başına dolandırılmış pula və ya əşyaya xəstəlik hopduğuna, şər qüvvələrin məskən saldığına, onların artıq şərin daşıyıcısı olduğuna inanılmışdır. Kiminsə itirdiyi pula və ya əşyaya da eyni cür münasibət bəslənilmiş, itik sahibinin nəfsinin həmin əşyaya-pula keçdiyi, həmin əşyanın-pulun lənətləndiyi, qarğışla yükləndiyi və artıq şər qaynağı olması düşünülmüş, belə tapıntıdan uzaq durmaq və ya ondan tez can qurtarmaq ən doğru yol sayılmışdır.
Xalq danışıq dilində yaşayan bir neçə ifadəni əlimizdə tutalğac edib, əski əcdadlarımızın dünyagörüşünün bəzi məqamları barədə ehtimallarımızı, onların inanc sisteminin müəyyən məqamlarına aid qənaətlərimizi sizinlə bölüşərək, bir yazını da nöqtələyirik.
Afiq MUXTAROĞLU