Təəssüf ki, insanların çoxu hər şeydən tez imtina edirlər, üstündə durmurlar. Bir dəfə alınmayanda, yaxud həyatlarında nəsə tərs bir şey baş verəndə bir də o şey üçün çabalamırlar.

 

Dövrümüzdə hansısa səbəblərə görə ali təhsil almayan çox insan var və buna görə peşman olanlar da çoxdur. Bu insanlar oxumağın, təhsil almağın onlar üçün gec olduqlarını deyərək yenidən başlamağa cəhd etmirlər, yoxlamırlar.

 

Elə adamlar var ki, sürücülük vəsiqəsi almaq istəyirlər, amma cəhd etmirlər, oxumurlar, öyrənmirlər. Çünki ya qorxurlar, ya da bunun üçün yaşlarının keçdiyini düşünürlər. Elə qadınlar da var sürücülük vəsiqəsi almaq istəyirlər, amma həyat yoldaşları oxumağa, maşın sürməyə icazə vermirlər. Ən çox da qadınlara qadağa qoyurlar və bu, çox qürur qırıcıdır. Bir qadının nəyi əskikdi kişidən? Və ya niyə oğlanlar təhsil ala bilər, sürücülük vəsiqəsi ala bilər, istədiyi ölkəyə tək gedə bilər, amma sıra qadınlara gəldikdə “sən qadınsan, bunu edə bilməzsən” deyərək qadağalar qoyulur...

 

Və mən buradan bütün qızlarımıza səslənirəm. Əziz xanımlar, siz qadın olduğunuzu nə vaxtsa layiqincə yaşamaq istəyirsizsə heç vaxt evlənməyə tələsməyin. Hər şeydən öncə oxuyacaqsınız, təhsilinizi artıracaqsınız. Sevdiyiniz sənətə yiyələnəcəksiniz. İstədiyiniz işlə özünüzü təmin etməyə çalışacaqsınız və əmin olun ki, siz bunu bacaracaqsınız. Heç vaxt heç nə üçün gec deyil. Siz qadınsınız, bu həyatda hər şeyin öhdəsindən ustalıqla gələ biləcək bir varlıqsınız. Siz özünüz olaraq dünyanızı var etməlisiniz. Nəyəsə başlamaq üçün heç vaxt gec deyil. Bu, təkcə qadınlara aid deyil. Başlayın, ən azından cəhd edin, yoxlayın.

 

Fikrimcə, fərqi yoxdur qız, ya oğlan – hər kəs həyatda lazım gələcək hər şeyi bilməlidir. Məsələn, maşının nəyi xarab olduğunu qız da başa düşməlidir, oğlan da. Mən demirəm ki, kiməsə və ya nəyəsə görə mütləq bilməlisiniz, xeyr, biz bu dünyada hər şeyi birinci növbədə özümüz üçün bilməliyik. Məsələn, yemək bişirməyi qız da bacarmalıdır, oğlan da; evi yığıb-yığışdırmağı qız da, etməlidir, oğlan da. “Ay bu qız işidir, mən bunu etmərəm” deyib kənara çəkilmək düzgün deyil.

 

Demək istədiyim odur ki, qız işi və ya oğlan işi olmur. Və nəyisə etmək və ya öyrənmək heç vaxt gec deyil. Əgər nəyəsə həvəsiniz varsa onu öyrənmək nə yaşa baxmalıdır, nə də cinsə. Axı bilməmək ayıb deyil, öyrənməmək ayıbdır...

 

“Oxumaq, oxumaq, yenə də oxumaq!” boşuna deyilməyib. Bir insan öz savadını inkişaf etdirməyə çalışsa hər yerdə digər insanlardan fərqlənər. O qədər ali təhsil almayan insan var, amma yenə də əlindən gəldiyi qədər biliyini inkişaf etdirməyə çalışırlar, kitablar oxuyaraq yenilikləri öyrənməyə, dünyagörüşlərini artırmağa çalışırlar. Çünki heç vaxt gec deyil.

 

Elvina HACIYEVA