Keçənlərdə ağsaqqalın birini tənqid etdim, biri mənə yazıb ki, tərbiyəsizlik etmə. Deyirəm, sənin “ağsaqqalın” ağ saqqalının ağırlığını göstərmir axı. Gələnin qarşısında ikiqat əyilir, yola salanda  səkkiz yerindən qırılır. Üzr istəyirəm, amma mən belə “ağsaqqallara”, “müəllimlərə” hörmət edə bilmərəm. Çünki hörmət saqqalın ağlığı ilə yox, insanın duruşu, sözü və davranışı ilə qazanılır. Belələrinin yetişdirdikləri də çox vaxt öz fikri olan insan yox, qarşısındakının qabağında əyilməyi öyrənən yaltaq olurlar. Yəni dediyim o ki, mənim kitabımda girəyənlik, yaltaqlıq, özünü gözə soxmaq, nəyinsə xatirinə susmaq, şəxsi marağa görə kiməsə güvənmək yoxdur. Heç vaxt kiminsə xoşuna gəlmək üçün sözümü dəyişməmişəm, kiminsə qarşısında özümü kiçiltməmişəm. Çünki mənim üçün yaşdan, vəzifədən, mövqedən və şəxsi münasibətdən üstün olan bir şey var – haqq bildiyim sözü demək. Mən qarşımdakı insanın təkcə yaşına yox, səviyyəsinə və davranışına baxıram. Ağsaqqal olması, vəzifə sahibi olması və ya məndən yaşca böyük olması mənim üçün susmaq səbəbi deyil. Kimsə inciməsin deyə həqiqəti içimdə saxlayanlardan deyiləm. Bəziləri buna tərbiyəsizlik deyə bilər. Əgər haqsızlıq qarşısında susmamaq, yaltaqlanmamaq, kiminsə yaşına və vəzifəsinə görə sözünü udmamaq tərbiyəsizlikdirsə, bəli, mən tərbiyəsizəm.

 

Amma heç olmasa mənim tərbiyəsizliyim yaltaqlıqdan, ikiüzlülükdən və şəxsi mənafedən doğmur. Nə demişəmsə, haqqı demişəm, əlimin içindən gəlib. Nəyi doğru bilmişəmsə, onu demişəm, kiminsə xoşuna gəlsin deyə yox, özümə hörmətimi itirməmək üçün. Və ən əsası, mən heç vaxt kiminsə gözünə girmək üçün sizin kimi, vəzifəli adamları görəndə özümü itirməmişəm.

 

Bu nə dəlixanadır axı? Hansısa müəllimə söz deyirəm – demə!

 

Sədəqə yeyən mollaya söz deyirəm – demə!

 

Vəzifəsini düzgün icra edə bilməyən məmuru tənqid edirəm – demə!

 

Axı niyə, nəyə görə? Sonda nə olur – sənə müxalifət damğası vururlar.

 

Müxalifət demişkən, ümumiyyətlə, fikir vermişəm, bələdiyyənin təşkil etdiyi bayramlarda və müxtəlif tədbirlərdə müxalifətdən kimisə görmək, demək olar ki, mümkün deyil. Niyə? Axı bu rayon hər birimizin rayonudur. Bayram da, tədbir də hamımız üçündür. Fikir ayrılıqlarınız, siyasi mövqeləriniz ola bilər, amma bunlar yaşadığımız rayonun ümumi işlərində iştirak etməyimizə mane olmamalıdır. Nə isə... Bu artıq başqa mövzudur. Bu haqda sonra daha ətraflı yazaram.

 

Qayıdaq əmimin uşaqlarına. Ay əmimin uşaqları, tənqid etmək müxalifət olmaq deyil. Düzə düz, əyriyə əyri demək üçün heç bir partiyanın üzvü olmaq lazım deyil. Mən nə müxalifətəm, nə də hansısa partiyanın və ya “nömrələrin” üzvüyəm. Mənim üçün hər şeydən öndə dövlətimin maraqları dayanır. Bunun üçün kiminsə yaşına, vəzifəsinə və ya saqqalının ağlığına baxmıram.

 

Mənim üçün ağsaqqallıq yaşla yox, davranışla, müəllimlik isə diplomla yox, yetişdirdiyi insanlarla ölçülür. Dövlətə hörmət etmək başqa şeydir, şəxslərə fanatlıq etmək tamam başqa.

 

Mənim tərəfim bəllidir, haqqın, ədalətin və dövlətimin tərəfindəyəm. Kim bundan narahat olursa, bu mənim problemim deyil. Mən bu ölkədə doğuldum, burada yaşayacam, burada öləcəm, burada torpağa basdırılacam. Bura mənim vətənimdir.

 

Binəli İslamoğlu