Növbəti bir ili də yola saldıq – yaxşısı ilə, pisi ilə. Neçə-neçə sevdiklərimizi də bu ildə əbədi yolçuluğa uğurlayıb yeni ilə onlarsız giririk. Bilmək olmaz, bəlkə bu ili də bizsiz növbəti ilə girənlər olacaq.

 

Nə isə, keçək sözümüzün canına. Görəsən bu ili uğurlayarkən hansı təəssüratları yaşadıq? Hesabatımızın nəticəsi nə oldu? Bir öncəki ilin sonunda gələn il üçün planladığımız işləri nə dərəcədə həyata keçirdik? Əsasən də cəmiyyət üçün, insanlıq üçün nələri miras buraxdıq? Bu mirasımız insanların faydalanacağı dərəcədə yaxşılıqlar, gözəl əməllərmi oldu, yoxsa dünyalıq həvəsinə qapılaraq mal-mülkmü yağmağa çalışdıq? Unutmamalıyıq ki, bu hesabat bizim öz vicdanımıza verdiyimiz bir hesabatdır, əsl hesabat isə məhşər günü Yaradana verəcəyimiz hesabat olacaq. Bunun üçün də elə etməliyik ki, vicdanımızın rahat olacağı, cəmiyyətin və insanlığın hər zaman bizi xoş xatirələrlə, razılıqla anacağı işlər görərək sədəqeyi-cariyə olan gözəl miraslar buraxaq.

 

Yeni ili qarşılayırıq, çox gözəl (Allah hər birimizə dəyərini biləcəyimiz, gözəl işlər və əməllər görəcəyimiz bir il etsin gələn bu ilimizi)! Düşünmürük ki, ömrümüzdən bir il də keçdi, ömrümüz bir il daha azaldı. Yox, niyə pis fikirlərə düşməliyik axı? Niyə ölümü düşünməliyik? Yaşamaq gözəldir, gözəl düşünməliyik. Düşün anam, düşün bacım, düşün qardaşım. Ancaq ölüm həqiqətini də unutma lütfən. Unutma ki, bu düşüncə səni dünya düşkünü olmaqdan, mal hərisliyindən, zülm etməkdən, onun-bunun namusuna göz dikməkdən uzaqlaşdırıb insanlara faydalı bir insan olmağına köməkçi olsun. Kimə deyirsən axı, kimdir səni dinləyən. Yenə hərə öz işindədir.

 

Girirsən mağazaya kassa sırası sənə gələnə kimi saatlar keçir. Hər kəs bayram sevdası ilə düşür küçələrə – imkanı olan da, olmayan da. Hə, imkanı olmayan necə gedir mağazaya deyəcəksiniz, onlar da asan yolunu tapıblar, kimsənin minnətini götürməmək üçün ən asan yol olan bankın qapısını döyürlər. Orasını düşünmürlər ki, atalarımız deyib “nisyə yeyən iki dəfə keflənir”. Bu həyəcanla, bu təlaşla bankdan birbaşa keçirlər alış-veriş mərkəzinə, məhsulun harada bahalısı varsa onu alırlar. Bayram deyərək ömürdən verdikləri illərin keyfini çıxardıqdan sonra bankın mesajını alıb ikinci dəfə keflənirlər, bax bu olur əsl bayram təntənəsi. Bir düşünən yoxdur ki, bayramı reklam edənlər oturub evində sənin hesabına pul qazanır, sən də başlayırsan sonra kredit ödəməyə. Deyirsən ki, ay eloğlu, qurban bayramıdır, qurban kəsmək lazımdır, o dəqiqə dəsmalını çıxarıb elə vay-şüvən qoparır ki, mənim pulummu var qurban kəsəm deyə. Ay gözəl insan, bunu yeni ili qarşılayarkən də düşünsən gözəl olmazmı? Heç bir məna ifadə etməyən şam ağacına, onun bər-bəzəyinə, süfrəsinə, fişənginə, nə bilim nəyinə bir ətək pul xərcləyəndə bunu fikirləşsən gözəl olmazmı?

 

Bir kimsəyə kömək lazım olanda, yardım yığılanda kimsənin əli cibinə çatmır, ancaq içki süfrəsinə, boş yerlərə son qəpiyi belə olsa verir, düşünmür ki, Allah bizdən ehtiyac sahiblərinin qarnını doydurduğumuz təqdirdə razı qalır.

 

Bəli, əzizlərim, gəlin hər zaman xeyir işlər görmək üçün çalışaq və vaxtımızın dəyərini bilərək ömrümüzdən gedən günlərin hesabını görək, vaxtımızı boşa xərclədiyimiz üçün sevinmək yerinə özümüzü hesaba çəkək.

 

Hacı BƏKİROĞLU