“Pəncərə”dəyəm. Müəllimlər iki dərs arasındakı boşluğu belə adlandırırlar. Dərslər arasındakı bir saatlıq fasiləni müəllimlər otağında başımı nəyləsə qatmaqla keçirmək istəyirəm.

 

Pəncərənin önünə gəlişim əlhavasına olur. Otağın günbatan tərəfindəki pəncərədən qarşımda açılan mənzərə necə olursa məni özünə kilidləyir. Kənd evlərinin bozluğu boğucu olsa da, arada gözümə sataşan sarının qırmızı ilə birləşərək yaratdığı qarışıq rəng mənzərənin birovuzluğuna, boğucu bozluğuna meydan oxuyur. Kiminsə bağında yarpaqlarını tökmüş xurma ağaclarına əl vurulmamış, sarıdan ötüb qırmızıya çalan meyvələri uzaqdan göz oxşayır.

 

Niyə yığıb satmırlar? Bir məndən soruşan gərək nəyinə lazımdır, yığmırlar, satmırlar sənə nə? Bəlkə yığanı yoxdur, bəlkə heç ehtiyacı yoxdur adamın, bəlkə quşlara qışlıq saxlayıb? Hər nədirsə, əritməyib kərə yeyir, sən niyə narahat olursan ki, bax, bunu anlamıram? Özümü danlayıb, itdən alıb, itə verirəm. Yaxşı da, dedim, deməmiş olum, dilimin altından qanmı alacaqsan? Danlayan tərəfimi bir yolla sakitləşdirməyə çalışıram.

 

Ceviz, gilas, gilənar ağaclarının yarpaq tökümü hələ başlamayıb. Hələ bu heyva ağacına baxsan, elə bil üstündən nə yay keçib, nə də payızın yarıdan çoxu. Bir yarpağına da xal düşməyib. Belə də payızmı olar? Noyabrın bitməsinə nə qalıb? Hələ nə şaxta var, nə qar. Göydən bir damcı düşmür. Deyərsən ki, yazdır. Bir də gördün ağaclar çiçəkləyəcək. Olmayan işdimi? O illər alma ağacları payız öynü çiçəkləməmişdimi? Yəqin qlobal istiləşmənin zibilidir. Belə getsə, axırımız necə olacaq? Yaxşı, sən canın, qonşuya qarın ağrısı gələndə sənin tumanbağın niyə əlində qalır ki?

 

Bir ara yükləmək üçün şəbəkəyə qoşduğum telefonumun boğuq səsi məni payız mənzərəsindən, özümü danlamaqdan ayırsa da, səsi tez kəsilir. İşıq sönməyib. Görünür ya enerji yığmır, ya da başqa dərdi var. Orasını da deyim ki, telefonum son vaxtlar özünü bədəninə damcı dərmanı yeridilməsə o dünyalıq olacaq xəstə kimi aparır və mən hara getsəm onu şəbəkəyə qoşmalı oluram. Şəbəkədən ayırdınmı canı çıxacaq. Deyərsən ki, dializə bağlı böyrək xəstəsidir, nə bilim süni nəfəs aparatına qoşulan insult keçirmiş, son günlərini yaşayan qocadır.

 

Kəndin başındakı anbar və ya su anbarı adlandırdığımız hündür qüllə özünü gözə soxur. Onun elmi necəsə adlandırılması mütləq var, amma mən bilmirəm. Qüllə qarşımda açılmış mənzərənin ən hündür nöqtəsi kimidir. Əslində elektrik stansiyasının tüstü boruları bizim qüllədən bir neçə dəfə hündür olmalıdır. Onlar uzaqda olduqlarından bizim qüllə daha hündür görünür. Gözbağlaycıların yaratdıqları illüziya kimi bir şeydir. Bunu fizikadanmı öyrənirdik? Eh, nə mənası var, guya fizikadan öyrənməsəydik, mənzərə başqa cürmü görünəcəkdi? Qüllənin üzərinə bərkidilmiş ötürücülər uzaqdan ağ göyərçinləri xatırladır. Kəndi bir zamanlar su ilə təmin edən bu nəhəng qurğu artıq müxtəlif operatorların ötürücüsü kimi bizi dünyaya bağlayır. Bu qüllə bir növ kəndin beyin mərkəzidir.

 

Uzaqdan elektrik stansiyasının başından duman kimi buxar yüksələn, nəhəng vulkan kraterinə bənzəyən qazanlarını seçmək o qədər də çətin deyil. Deyərsən kimsə o nəhəng qazanların altında ocaq çatıb, dovğa bişirir və ya minlərlə qonağı eyni vaxtda yola salmaq üçün asılmış toy qazanlarıdır. O qazanlardan yüksələn dumanabənzər buxar topaları bir ara fikrimi məşğul edir. Buxarın üzü göyə yüksəlişini seyr edərək, istixana effekti barədə düşünürəm. İnsanın öz əməlinin öz ayağına dolaşdığını, öz əməlinin qurbanına çevrildiyini qafamdan keçirirəm. Sonra da deyirik, dünya yaşanmaz yerə çevrilir. Bir vaxtlar Nəsimi də: “Dünya duracaq yer deyil, durma, ey can, səfər eylə”, – demirdimi? Günah özümüzdə olsa da, biz suçlunu kənarda axtarırıq.

 

Yağlıcanın təpəlikləri bu mənzərənın arxa fonu kimi görünsə də, başı buludlardan nəm çəkən uca zirvələri xatırladır. Yağlıcanın boz təpələrinin üstünə döşənmiş al-əlvan topa buludları qoyun-quzu sürüsünə bənzətməyim az da olsa kefimi ala buludda oynadır. Yaxşı ki, otaqda təkəm. Yoxsa mənim öz-özümə gülümsəməm, üzümün-gözümün haldan-hala düşməsi kənardan baxana ağlımın “o söz” olmasının mesajını verərdi.

 

Kiminsə zəngi vurmasıyla mənim düşüncələrimin qırıq-qırıq olması üst-üstə düşür. Bir saatlıq “pəncərə”mi pəncərədən baxmaqla keçirməyim beləcə tamamlanır.

 

Müəllif: Afiq Muxtaroğlu

19 noyabr 2023-cü il