Son zamanlarda bəzi şəxslərin məscidlərə qarşı olan münasibətlərinə, bir də, iş adamı olaraq adlandırılan və özünün heç bir savadı olmayan şəxsin “İmkanım olsaydı, məscidləri sökdürüb yerində məktəb tikdirərdim” sözləri ilə gündəmə gələn və başqa bir müsahibəsində də özünü çoban kimi təsvir edib, əlinin altında bir çox alimi çalışdırdığını deyən bu şəxsin görüntülərini izlədikdən sonra bu yazı ilə öz fikirlərimi ifadə etmək istədim. Düzdür, məscidlərin sökülməsi və onların yerinə məktəb tikilməsi ilə bağlı fikirləri cəmiyyətdə geniş müzakirələrə səbəb oldu. Bu fikirlərə əhəmiyyət verməyənlərin sayı az olsa da, bu ipin ucunu tutub ağzına gücü yetməyərək artıq-əskik danışanlar da oldu.
Mənə görə, belə bir yanaşmanın tam əksinə olaraq, məscidlərin cəmiyyətimizdəki əhəmiyyətini və onların təhsil və mədəniyyət mərkəzi kimi rolunu vurğulamaq vacibdir.
Məscidlər islam mədəniyyətinin ayrılmaz bir hissəsidir. Onlar yalnız ibadət yeri olmaqla qalmır, eyni zamanda təhsil və mədəniyyətin inkişafında da mühüm rol oynayır. Məscidlərdə dini biliklərlə yanaşı, elmi və mədəni biliklər də öyrədilir. Bu, insanların həm dini, həm də elmi sahədə inkişafına şərait yaradır.
Din və təhsil bir-birinə zidd deyil, əksinə, islam dini elmə və biliyə böyük önəm verir. Quranın ilk ayəsi “oxu” olaraq nazil olmuşdur, bu da islamın təhsilə verdiyi əhəmiyyəti göstərir. Tarix boyu müsəlman alimləri elm sahəsində çox önəmli töhfələr vermişlər. Məsələn, Xarəzmi və digər müsəlman alimlər müxtəlif sahələrdə, o cümlədən riyaziyyat, astronomiya və tibb sahəsində əhəmiyyətli irəliləyişlərə imza atmışlar.
Məscidlərin təhsil funksiyası cəmiyyətimizin daha da müasir və maarifləndirilmiş olmasına xidmət edir. Məscidlər müxtəlif yaş qruplarından olan insanlara açıqdır və onların elmə marağını artırmaq üçün bir platforma təmin edir. Məscidlərdə keçirilən dərslər və təlimlər, insanların zəkasını inkişaf etdirmək və onlara həyatın müxtəlif sahələrində yön vermək baxımından əhəmiyyətlidir.
Məscidlərin təhsil və mədəniyyət mərkəzi kimi rolu onların cəmiyyətimizin inkişafında və insanların daha yaxşı bir gələcək qurmasında necə vacib olduğunu göstərir. Məscidlər həm dini, həm də elmi biliklərin öyrənilməsi üçün bir vəsilədir və bu, cəmiyyətimizin daha da inkişafına töhfə verir. Beləliklə, məscidlərimizin əhəmiyyətini anlamaq və onların cəmiyyətimizdəki rolunu dərk etmək həm dini, həm də elmi sahədə inkişafımız üçün əvəzsizdir.
Demək ki, məktəb inşa etdirmək üçün məscidlərin mövcudluğu bəhanə deyil. Məktəb inşa etdirmək istəyənlər məscidləri sökmədən də öz istəklərini reallaşdıra bilərlər.
Digər prizmadan mövzuya baxsaq, belə deyə bilərik ki, məscidlər insanın mənəvi yönünü inkişaf etdirir. Çünki mənəvi duyğusu olmayan bir həkim cəllad, bir polis rüşvətxor, bir məmur isə qaniçən olar ki, bu da cəmiyyətimizdə az görülmür.
Bir də, yuxarıda ifadə olunan fikri dəstəkləyənləri anlaya bilmirəm. Niyə xristianlar kilsə tikəndə, yəhudilər sinaqoq tikəndə və sair onlar çox xeyirxah insanlar olurlar, amma iş məscidə gələndə bu, lazımsız kimi düşünülür?
Hacı BƏKİROĞLU