Bəli, həyatda hər şey insanın özünü sevməsi ilə başlayır. İnsan öz dəyərini başqalarının gözündə deyil, ilk əvvəl öz qəlbində tapmalıdır və o zaman insan həqiqətən azad olduğunu hiss edir. Çünki özünü sevən insan güzgüdə qüsurlarını görən deyil, dəyərini görməyi bacaran insandır; başqalarından sevgi gözləməzdən əvvəl öz qəlbində özünə yer verməyi öyrənən insandır.

 

Cəmiyyətimizdə çox vaxt özünü sevən, özünü ön planda tutan insanlara yanlış yanaşılır. Bəzən insan öz ehtiyaclarını düşündükdə, öz hüquqlarını qoruduqda və ya özünə vaxt ayırdıqda ona “eqoist”, “narsist” kimi damğalar vurulur. Bu səbəbdən bir çox insan başqalarını razı salmağa çalışır, öz hisslərini və istəklərini ikinci plana keçirir. Halbuki insanın özünü sevməsi hər zaman eqoizm, ya da narsizm deyil. Əksinə, bir çox hallarda sağlam və xoşbəxt həyatın əsas şərtlərindən biridir.

 

Özünü sevmək insanın özünü olduğu kimi qəbul etməsi, dəyərli olduğunu bilməsi və özünə hörmətlə yanaşması deməkdir. Bu, insanın qüsursuz olduğunu düşünməsi deyil. Hər bir insanın qüsurları, səhvləri, çatışmazlıqları və yanlış tərəfləri var. Özünü sevən insan bunları inkar etmir, əksinə, qəbul edir və səhvlərini düzəltməyə, sevilməyən xasiyyətini dəyişməyə, özünü inkişaf etdirməyə çalışır. Özünə hörmət etməyən insan başqalarından hörmət gözlədikcə yorular, öz dəyərini bilən insan isə heç vaxt özünü itirməz.

 

Təəssüf ki, bir çox insan özünü yalnız başqalarının fikirləri üzərindən qiymətləndirir. Əgər tərif eşidirsə özünü dəyərli hiss edir, tənqid eşitdikdə isə özünə olan inamını itirir. Halbuki insanın dəyəri başqalarının ona necə baxması ilə ölçülməməlidir. İnsan ilk növbədə öz gözündə dəyərli olmağı bacarmalıdır. Necə deyərlər başqaları sən onlara qulaq asdıqca varlar. Əslində, insan özünü qəbul etməyi bacardığı gün başqalarının fikirlərinin əsarətindən də azad olur.

 

Özünü sevməyən insan çox vaxt başqalarının sevgisindən asılı vəziyyətə düşür. Gördüyü hər işdə daim başqaları tərəfindən təsdiq axtarır, hər kəsi razı salmağa çalışır və qarşısındakına “yox” deməkdə çətinlik çəkir. Nəticədə isə həm emosional yorğunluq yaşayır, həm də öz şəxsiyyətini itirməyə başlayır. Çünki insan başqalarını xoşbəxt etməyə çalışdıqca öz xoşbəxtliyini unutmağa başlayır.

 

Özünü sevmək həm də öz sərhədlərini qorumaqdır. İnsan bilməlidir ki, hər kəsə kömək etmək, hər istəyə “hə” demək və hər problemin yükünü daşımaq onun vəzifəsi deyil. Bəzən öz rahatlığını və psixoloji sağlamlığını qorumaq üçün “yox” da demək lazımdır. Bu, eqoizm deyil, özünə hörmətdir.

 

Eqoist insan, eləcə də narsist insan yalnız öz maraqlarını düşünür və başqalarının hisslərinə, düşündüklərinə əhəmiyyət vermir. Özünü sevən insan isə həm özünə, həm də ətrafındakılara dəyər verir. Aradakı əsas fərq də məhz budur. Özünü sevən insan başqasını əzmədən öz hüquqlarını qoruyur, eqoist, ya da narsist insan isə öz maraqları üçün başqalarını görməzdən gəlir.

 

Psixoloqlar da qeyd edirlər ki, insanın başqalarına sağlam sevgi verməsi üçün əvvəlcə özünü sevməyi öyrənməlidir. Çünki daxilən boş olan insan başqasını da tam şəkildə sevə bilməz. Özünü qəbul edən və öz dəyərini bilən insan münasibətlərdə daha güclü, daha anlayışlı və daha xoşbəxt olur.

 

Müasir dövrdə insanlar sosial şəbəkələrdə gördükləri həyatlarla öz həyatlarını müqayisə etməyə başlayırlar. Bu isə özünəinamın azalmasına səbəb olur. İnsan başqasının uğuruna baxıb özünü dəyərsiz, heç nəyi bacarmayan biri kimi hiss etdikcə özünə olan sevgisini itirir. Halbuki hər insanın yolu, həyatı və hekayəsi fərqlidir. İnsan özünü başqaları ilə deyil, dünənki özü ilə müqayisə etməlidir və hər kəs bilməlidir ki, özünü sevmək başqalarından üstün olmaq deyil, özünü heç kimdən aşağı görməməkdir.

 

Nəticə olaraq, özünü sevmək eqoizm, ya da narsizm deyil, insanın özünə verdiyi dəyərin göstəricisidir. Özünü sevən insan həm özünü, həm də ətrafındakı insanları daha sağlam şəkildə sevməyi bacarır. İnsan özünü qəbul etdikcə, özünə hörmət etdikcə və öz dəyərini bildikcə daha xoşbəxt və daha güclü olur. Unutmamalıyıq ki, başqalarına sevgi verməyin ən sağlam yolu əvvəlcə özümüzə sevgi və mərhəmət göstərməkdən keçir.

 

Afaq Azər