(əvvəli burada)


Tiflis Narınqalası əlçatmaz yer idi. Bunu bir çox amillər sübut edir. Dağlıq, təpəlik relyefdə yerləşmiş qala tikililəri mürəkkəb sistem yaradırdı. Narınqalanın bürcləri arasında “Təbriz” və “İstanbul” bürcləri daha çox fərqlənirdi. Bu hər iki ad qədim dövrün adlarıdır. Bu adlar da, göründüyü kimi, türklər və iranlılar ilə əlaqədardır. Vaxuşti Baqrationi Tiflisin qala-istehkam kompleksinin əsas tikililəri arasında “İstanbul bürcü”nü xatırlayır. 1673-cü ildə Tiflisə gələn fransız səyyahı Jan Şarden məlumat verir ki, bu bürcü 1576-cı ildə osmanlılar ucaltmışlar. İstər elə olsun, istər belə, göründüyü kimi, doğrudan da osmanlılar onun yenidən qurulmasında, ucaldılmasında müəyyən əmək sərf etmişlər. Elə onun da belə adlandırılmasını bununla izah etmək olar.
Narınqalaya giriş onun şimal-şərq tərəfində ucaldılmış bürcün tağından idi. Buradan da silindr şəklində dolama yol ilə qaladan çıxış var idi.


Nisbətən asanlıqla giriş yolu qərb tərəfdən idi ki, buna görə də bu tərəfdən qala daha çox möhkəmləndirilmişdi. Narınqalanın Kür və Savkis çayına doğru iki yeraltı çıxış yolu var idi. Bu yeraltı çıxış yolları Tiflisin 1800-ci il planına daxil edilmişdi. Narınqalanın su ilə təchiz olunması fövqəladə sistemlə: arxla, suvarma kanalı ilə həyata keçirilirdi. Bu sonuncu Cozef Piton Turneforun Tiflis mənzərəsi qravürasında əks olunmuşdur.


Narınqalada kilsə də olub. Bu kilsə Vaxuşti Batonişvili tərəfindən tərtib edilmiş 1735-ci il planında və daha sonralar poruçik V.Çuyko tərəfindən tərtib edilmiş 1800-cü il planında da göstərilmişdi. O, 19-cu əsrin əvvəllərində silah ləvazimatı anbarına çevrilmiş, 1827-ci ildə isə dağıdılmışdı. Bu kilsə 1966-cı ildə arxeoloji qazıntılar zamanı aşkar edilmişdi.
O vaxtlar Tiflis məhəllələrə bölündüyündən onlardan biri də Qala məhəlləsi olub. İndiki Yeniyetmələr sarayı, Tarix muzeyinin həndəvərlərindəki ərazi belə adlanıb. D.Qvritişvili və Ş.Mesxia “Tiflisin tarixi” kitabında Qalauban, Qala məhəlləsi sözünün məhz elə Qala sözündən düzəldildiyini qeyd edir. Əziz Şərifin, Abdulla Şaiqin xatirələrində bu yer Qala məhəlləsi kimi göstərilir. Narınqala – Üst qala, Şurissixe, Tiflis qalası (Qala), Əsas qala, Ana qala, Yüksək qala, Tiflisin müsəlman əhalisi onu İsgəndər qalası da adlandırırdı. “Narın” sözü monqol mənşəli sözdür. Elə bizim dildə də işlədilir: kiçik, xırda mənasını verir.


Narınqala müdafiə divarları ilə möhkəmləndirilmiş qala tipli orta əsr istehkam kompleksidir. Hökmdar və ya feodal hakiminin əsas iqamətgahı olan Narınqalada saray, xəzinə, cəbbəxana, müxtəlif inzibati və təsərrüfat binaları və s. yerləşirdi. Narınqalalar adətən şəhərin qala divarları yaxınlığında (Mərvdə Ərk qalası və s.), şəhər daxilində (Dərbənddə Narınqala, Bakıda Xan sarayı və s.) və ya şəhərdən nisbətən aralı, strateji baxımdan əhəmiyyətli sahədə (Şamaxıda Gülüstan qalası, Suriyada Hələb qalası və s.) salınırdı. Narınqalanın şərq tərəfindəki bürcü Şahtaxtı adlanıb. İndiki Sololak xiyabanı zolağında, bugünkü Dadiani küçəsi istiqamətində yerləşirdi. Bu küncdə cənub və qərb hasarlarının birləşdiyi yerdə böyük bürc ucalırdı. Şurissixenin ön bürcü Narınqalanın mühafizə sistemində ən yüksək bürcüdür. Vaxuşti Baqrationi onu qeyd edir və “Şahtaxtı” adlandırır. 30 metrlik uzunluqda düzbucaqlı qala bürcləri ilə möhkəmləndirilmişdi. Tiflisin 1800-cü il planında Şahtaxtı eksplikasiyada şəhərin 12 əsas hissəsi arasında qeyd edilmişdi. Platon İoselianinin verdiyi məlumata görə, XIX əsrdə 1837-ci ilədək Şahtaxtı rəsədxana təyinatını yerinə yetirirdi. Deyilənə görə, burada guya ərəblərin rəsədxanası var imiş. Bir vaxtlar onun içində çar sarayı da olub. 1838-ci ildə burada Tbilisi meteoroloji və maqnit rəsədxanası inşa olunub. 1927-ci ildə baş verən böyük zəlzələ nəticəsində dağılmışdı. Bu gün onun yalnız kiçik bir hissəsi qorunub saxlanılıb. Qorça-qala, Qorçi-qala Tabor qalasının türkcə adıdır ki, bu da qoruyucu qala deməkdir. Doğrudan da Tabor qalası – Qorucu qala Tiflisi cənub-şərq tərəfindən qoruyurdu və Gəncə qapısına nəzarət edirdi.


Nəhayət, Tabor qalasını Ağa Məhəmməd şah Qacar dağıtmış və ondan sonra bir daha bərpa olunmamışdı. Tiflisin 1800-cü il planında V.Çuyko onu belə qeyd edir: “Razorennoe ukreplenie Korça-Kala”.


Qalanın ətəyində Tatar meydanı olub. Tatar döngəsi indiki M.Ş.Vazeh küçəsinin əvvəlki adı –Tatar bazarı. O vaxtlar gündəlik bazarlar içində ən böyük və qalabalıq olan bazar Tatar bazarı idi. O, şəhərin ticarət mərkəzi idi. Bunun digər adı da Rastabazar və yaxud da Uzun bazar idi. II İraklinin meydanı yaxınlığında yerləşirdi. Dar ticarət məhəllələri ilə xarakterizə olunurdu. Rastabazar farsca “bir xətt boyu yerləşdirilmiş ticarət cərgəsi” deməkdir. Nalbəndlərin cərgəsi – Tatar (indiki Qorqasal) meydanında nal satan peşəkarların cərgəsi. Postallar cərgəsi – ayaqqabı tikən ustaların cərgəsi. Qab-qacaq satanlar cərgəsi (Kasaxana)... Liləxana – Qədim Tiflisdə iki boyaqçılar cərgəsi var idi. Onlardan biri Tatar meydanından başlayan və Qalanın böyük kilsəsinin (Surp Georg) qabağından keçən küçədə Berzenxananın arxasında, hamamın önünə keçən küçədə, indiki Samğebro (Boyaqçılar) küçəsində yerləşirdi. O biri Liləxana II İrakli meydanının cənub-qərb güşəsindən başlayıb Orta bazara indiki Kote Abxazi (Bir az əvvəllər  Leselidze olub) küçəsinə qədər uzanırdı. A.Pişşeviç tərəfindən tərtib olunmuş 1785-ci il Tiflis planında 17 nömrə ilə işarə olunmuşdu və onu Boyaqçılar küçəsi adlandırır.


Ərazi baxımından Siracxana da elə ona məxsus idi. 1679-cu ilin “Nasğidoba” kitabında adı çəkilir. 1800-cü ildə o, Böyük bazar adlanmışdı. Tatrisxev – Tatar dərəsi – Orxev yaxınlığında quru dərədir.

 

Hamamlar məhəlləsi və onun həndəvərindəki ərazi 17-ci əsrdə Seyidabad adlanırdı. Seyid sözü fars mənşəli sözdür. Bizim dildə də işlədilir. Vaxuşti Baqrationinin verdiyi məlumata görə, bu ad ona görə əmələ gəlmişdir ki, İran şahı buraya seyidlər icmasını köçürmüşdü.


Vaxuşti Baqrationi Tiflis planında bu məhəlləyə ikiqat ad verir: “Seyidabad və yaxud Tiflis”. Öncə bu yer Tiflis adlanmışdı. XII əsrdə Tiflis hasarla əhatə olunmuşdu. Hasarın şərq hissəsinin fraqmenti bu günə qədər 300 araqviyalı abidəsi yaxınlığında qorunub saxlanılmışdı. Monqolların hücumundan sonra bu yerdə (Hamamlar məhəlləsindən başqa) XIX əsrə qədər heç nə inşa edilməmiş, bağlarla əhatə olunmuşdu. Seyidabad bağları, Seyidabad hamamları, Seyidabad qapısı toponimlərində də bu ad hallanmışdı.

 

Qədim Tiflisin meydanlarından biri də Tatar meydanıdır. Onun başqa adları da vardır: Qala meydanı, Şeytanbazar, Aşağı bazar, Aşağı meydan, Yuxarı bazar, Yuxarı meydan, Meydan, Təbriz meydanı, Bebel, Eqzarxos, Qubernator meydanı, – II İrakli meydanının qədim adlarından biridir.


İndi Qorqasal meydanı adlanır. Vaxuşti Baqrationi onu “Qala meydanı”, Jan Şarden isə “Hərbi meydan” adlandırırdı. Bu iki ad meydanın yerləşdiyi yeri özündə əks etdirirdi. Eyni zamanda son feodal dövrlərində bu adlar paralel olaraq işlədilirdi. Qalada əsrlər boyu əsasən azərbaycanlılar, iranlılar, osmanlılar qərar tuturdular. Müsəlman əhalinin gürcülər arasında “tatar” adlandırıldığına görə, bu meydanın da adı Tatar meydanı olmuşdu. 1800-cü il planına görə, bu meydana bir neçə küçə daxil olurdu. Meydan bu küçələr vasitəsi ilə Orta bazar, Zərrafxana məhəlləsi, Kldisuban (Qaya məhəlləsi), Rastabazar, Hamamlar məhəlləsi ilə birləşirdi. Meydanda əsasən ərzaq dükanları yerləşmişdi. Burada sərrac, baqqal, bəzzaz, çəkməçi, boyaqçı, kababçı, cızbızçı, pitiçi, çayçı, çörəkçi, lavaşçı, kəlləbaz dükanları və başqa dükanlar yan-yana idi. Meydanın şimal-qərbində Alafxana idi. Onunla üzbəüz tərəfdə xaşxanalar cərgəsi və çar dükanları (Belə ki, bu dükanlar çara məxsus idi və icarə ilə başqa şəxslərə verilirdi) var idi. Bu cər­gələrin arxasında “Berzenxana” deyilən yer, daha doğrusu, yunanların məhəlləsi idi.

 

(davamı var)

Mirzə Məmmədoğlu