Leonti Mroveli “Gürcüstan tarixi” əsərinin əvvəlində gürcülərin və digər Qafqaz xalqlarının ilkin mənşəyi barəsində söz açır. Onun fikrincə, Qafqazın bütün xalqlarının Tarqamos adlı bir əcdadı olub. Və ardından da Tarqamosun ulu babasının Nuh peyğəmbər olduğunu qeyd edir. O, Nuh peyğəmbərin üçüncü oğlu Yapetin nəvəsinin oğlu olub. Belə ki, bu tarixçinin sözlərinə görə, “Tarqamos qəhrəman bir kişi idi”. O, Tarqamosun Qafqaza gəlişini, Ağrı və Masis dağları arasında məskunlaşmasını nəql edir.
Tarqamosun səkkiz övladı olub. Onlar da ataları kimi qəhrəman olublar. Hər birinin çoxlu övladı və törəməsi olub. Tarqamos 600 il yaşayıb və bu müddət ərzində onun nəsli o qədər artıb ki, onların ölkəsinin Ağrı və Masis arasında yerləşməsi çətinləşib. Bu zaman Tarqamos öz ölkəsini onlar arasında bölüşdürərək hər birinə ayrıca yurd bağışlayıb. Tarqamos öz övladlarından birinə özünün yaşadığı Ağrı və Masis dağları arasındakı ərazini, o birinə şərqdən Hereti, Berduğ çayları ilə sərhədlənən, qərbdən Ponto dənizi sahillərinədək uzanan, cənubdan isə dağlıq olan geniş bir ölkəni, digərinə isə Kürün cənub hissəsi ilə birgə Berduğ çayından tutmuş Kürün Araz çayına qovuşduğu yerədək olan ölkəni vermişdir.
Bu minvalla Tarqamos öz övladlarının hamısına müəyyən ərazi bağışlamış və Qafqaz xalqlarının hazırkı ərazilərdə məskunlaşmaları, adı çəkilən tarixçiyə görə, belə baş vermişdir.
Unutmaq lazım deyil ki, L.Mrovelinin Qafqaz xalqlarının mənşəyi barəsindəki bu nəzəriyyəsi İncil rəvayətlərinə istinad edildiyindən həqiqət kimi qavranıla bilməz. Lakin bu nəzəriyyənin də özündə elm üçün nəzərə alınaraq bir çox ciddi məlumatlar, konkret olaraq, Azərbaycan və gürcü xalqlarının, digər yerli Qafqaz xalqlarının qan qohumluğu, qardaşlığı haqqında məlumatlar mövcuddur.
Məlumat üçün təqdim etdiyim bu nəzəriyyəni xülasələyərək Azərbaycan və gürcü xalqlarının dostluq salnaməsinin bir çox tarixi məqamları haqqında söz açmaq istəyirəm.
Mrovelinin yazdığına görə, Qafqaz xalqları düşmənə qarşı mübarizədə həmişə bir olmuşlar. Bəşəriyyətin ilk əfsanəvi hökmdarı Nəmruda qarşı Tarqamosun övladları birgə mübarizə aparmışlar. Bir dəfə Nəmrud özünün altmış nəfərlik seçmə igidi və saysız-hesabsız qoşunu ilə Adərbakana, yəni Azərbaycana hücum etmişdir. Tarqamosun övladları bu xəbəri eşidən kimi öz qoşunları ilə bir yerə cəm olaraq Ağrı dağı yaxınlığında Nəmruda qarşı ciddi savaşa başlamışlar. Dəhşətli döyüşlərdən sonra Tarqamosun övladlarının birləşmiş gücü ilə düşmən üzərində inamlı qələbə qazanılmışdır. Mrovelinin təbirincə desək, “onda Tarqamosun övladları onlara zor gəldi, Nəmrudun altmış nəfər igidini və saysız qoşununu məhv etdi, məğlub olan Nəmrud qaçdı”.
Yəni L.Mrovelinin yazdığına görə, bir dəfə İran şahı Keyxosrov (Kir) tərəfindən məğlubiyyətə uğrayan iyirmi səkkiz ailədən ibarət türklər Qurqan (Xəzər) dənizini keçərək, Kür çayı boyunca gəlib Msxetaya çatmışlar. Burada Msxetanın mamasaxlisinin (kəndxudasının) yanına gəlib, ondan sığınacaq istəmişlər və sığınacaq verildiyi halda iranlılara qarşı mübarizədə gürcülərə yardım edəcəklərinə söz vermişlər. Qarşılıqlı anlaşmadan sonra türklərin əksəriyyəti Msxeta yaxınlığında məskunlaşaraq, mamasaxlisinin icazəsi ilə inşa işlərinə başlamışlar. Hündür hasar (qala barısı) çəkmiş, onu möhkəmləndirmişlər. Elə o vaxtdan da həmin yer Sarkine adlanır.
Son redaksiyası 9-cu əsrə aid olan və çarların həyatından soraqlar verən “Moksevay Kartlisay” (“Kartlinin dinə gəlməsi”) salnaməsində göstərilir ki, Kartlinin ən ilkin əhalisi bun-türklərdir. “Çarların həyatı” da Kartlidə məskunlaşmış türkləri bun-türklər və qıpçaqlar kimi təqdim edir.
“Azərbaycan tarixi” kitabının 1-ci cildində oxuyuruq: “Yeremeyev yazırdı ki, III-V əsrlərdə türk tayfalarının Kiçik Asiyaya, Qafqaza və Balkan yarımadasına axını fəallaşmışdı. O, Hun türklərinin yerdəyişməsini nəzərdə tuturdu”. Q.A.Melikişvili isə, mənbələrin məlumatına əsasən, qeyd etmişdi ki, qədim gürcü tarixi ənənəsi Kartlinin (Gürcüstanın) aran bölgələrində türk əhalisinin olmasını saxlamışdı.
Leonti Mrovelinin başqa bir yerdə yazdığına görə, Makedoniyalı İsgəndər saysız-hesabsız qoşunla Kartliyə hücum edir. O, Kartlinin qala-qəsrlərini altı ayda alır. Sarkinedə bun-türklər yaşadıqlarından oranı ələ keçirmək üçün on bir ay mübarizə aparmalı olur. Bun-türklər qətiyyətlə zor göstərirlər. İsgəndər hirslənərək Sarkineni mühasirəyə alır və onun sakinlərini məhv etmək qərarına gəlir. Çıxılmaz vəziyyətə düşən sarkinelilər gizlicə qalanın söykəndiyi qayanı oymağa başlayırlar. Qaya yumşaq olduğundan onu asanca deşərək aradan çıxır və boş şəhəri İsgəndərin öhdəsinə buraxırlar.
VII əsrin 40-cı illərində ərəblər tarixin arenasına çıxaraq yeni din bayrağı altında nəhəng dövlət yaratdıqdan sonra bir sıra ölkələri, o cümlədən Kartlini, yəni İberiyanı (Şərqi Gürcüstanı) da öz tabeliyinə keçirdilər. Gürcülərlə birgə albanlar da işğalçılara qarşı ciddi mübarizə aparırdılar. Onlar sözü bir yerə qoyaraq ərəblərə itaət etməkdən imtina etmiş və özlərinə kəsilmiş vergini ödəməkdən boyun qaçırmışdılar. Elə buna görə də xəlifə Qafqaz xalqlarının üsyanını yatırmaq və təqsirkarları cəzalandırmaq üçün böyük bir qoşunla öz sərkərdəsi Mərvan ibn Məhəmmədi buraya göndərmişdi.
Tiflis hakimi olan əmir xəlifə tərəfindən təyin olunurdu. Zaman keçdikcə o da adi feodala çevrilərək böyük feodallar üçün xarakterik olan bütün xüsusiyyətləri özündə əks etdirir, öz hökmdarına qarşı itaətdə olmamaq yolunu seçir. Beləliklə, o, xəlifənin sərəncamını yerinə yetirmir, Kartlidə toplanmış vergiləri ona göndərmirdi. Bu baxımdan, Tiflis əmirlərindən İshaq ibn İsmayıl xüsusilə fərqlənirdi. O, yerli gürcü çar-hökmdarları arasından sədaqətli müttəfiqlər tapmış, onların köməyilə xəlifənin bir neçə cəzaverici ekspedisiyasını məğlubiyyətə uğratmış və qovmuşdu.
Nəhayət, xəlifə o vaxtlar xilafətin paytaxtı olan Bağdaddan öz sərkərdəsi Buğa Türkü böyük qoşunla göndərərək, itaət etməyən İshaqa cəza verməyi tapşırdı. Buğa Türk öncə Ermənistana hücum edərək bütün sərkərdələri əsir götürdü. Görünür, ovaxtkı erməni hökmdarları əmir İshaqı dəstəkləyirdilər və bu səbəbdən də Buğa Türkün qəzəbini qazanmışdılar. Bundan sonra Buğa Türk Tiflisin başının üstünü aldırdı. Qala-qəsr bir müddət İshaqın başçılığı ilə fədakarcasına mübarizə aparsa da, nəhayət, məğlub oldu. Tiflisi ələ keçirən Buğa Türk itaətsizlik göstərənlərə divan tutdu. “Kartlis tsxovreba”nın (“Gürcüstan həyatı”nın) verdiyi bilgilərə görə, zəfər çalan Buğa Türk İshaqı qətlə yetirərək Tiflisi darmadağın etdi. Bundan sonra İshaqın keçmiş müttəfiqləri – abxaz çarı Teodos və Qardabanın xorepiskoposu (başçısı) mübarizə aparsalar da, onlar da məğlub oldular və Buğa Türk öz qoşunu ilə Qafqaz dağlarına doğru yürüş etdi. Dağlılar ona qarşı çox ciddi müqavimət göstərdilər. Böyük itkilərə məruz qalan Buğa Türk Azərbaycanın qədim şəhəri olan Bərdədə qışladı və buradan bir neçə uğurlu əməliyyat həyata keçirdi. O, təkrar Qardabana hücum edərək onu zəbt etdi, sonra Dərbəndin dəmir qapılarını açdı. Oradan üç yüz ailəlik xəzərləri Şəmkirə yerləşdirdi. Daryal qapısı ilə də yüz ailədən ibarət osetinləri Dmanisdə məskunlaşdırdı.
Afina sionunun yazılarına görə, Buğa Türk tərəfindən Tiflisin alınması 853-cü il avqustun 5-də, bazar günü baş vermişdi.
Ərəb xilafətinə qarşı yeddi il mübarizə aparan və dəfələrlə qələbə qazanan alban hakimi Cavanşirin gürcülərlə dostluğunu qeyd edən alban tarixçisi Moisey Kalankətli yazır: “Cavanşir İberiya qoşunlarını özü ilə götürüb dayanmadan Uti vilayətinə (Uti vilayəti o vaxtlar Qafqaz Albaniyasının Ermənistanla sərhəd olan əyalətlərindən biri olub) gəldi və qarşısına çıxan İran döyüşçülərinin hamısını qılıncdan keçirdi... Alban hökmdarı anası və qardaşları ilə öz ölkəsinə qayıtdı”.
Mirzə MƏMMƏDOĞLU