– Oxucularımız üçün özünüzü necə təqdim edərdiniz?

 

– Mən – Müdvər Nemətova Dildar qızı 26 fevral 1987-ci ildə Gürcüstan Respublikasının Qardabani şəhərində müəllim ailəsində dünyaya göz açmışam. M.Nemətov adına 3 saylı Qardabani orta məktəbi (Hazırki Qardabani 3 saylı orta məktəbi) bitirmişəm. 2005-ci ildə ADMİU-nun Teatr və Kino aktyoru fakültəsinə qəbul olmuşam. Böyük sənətkarımız rəhmətlik Kamal Xudaverdiyevin kursunda təhsil almışam. Kurs rəhbərimiz rəhmətə getdikdən sonra dəyərli sənətkarlarımız Fərhad İsrafilov və Sonaxanım Mikayılovadan ustad dərsləri almışam. 2009-cu ildə Fərqlənmə ilə universiteti bitirmişəm. Tələbə ikən  görkəmli rejissorumuz rəhmətlik Rəhman Əlizadənin “Satira Teatr” studiyasında aktrisa kimi fəaliyyət göstərmişəm. Satira Teatr studiyası ilk iş yerim olub. Daha sonra rəfiqəmə iş üçün müraciət etməyə İrəvan Teatrına getmişəm və həmin gün hər birinizin tanıdığı həmyerlimiz İrəvan Teatrının keçmiş rəhbəri şair-dramaturq İftixar Piriyevin dəvəti ilə İrəvan Teatrına işə qəbul olmuşam. 2010-2011-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyət göstərmişəm. 2012-2014-cü illərdə Mədəniyyət Tv-də istedadlı rejissorumuz Elşad Rəhimzadənin Bəbək Tv Teatrında aktrisa kimi fəaliyyətimi davam etdirmişəm.

 

2014-2015-ci illərdə dəyərli aktyorumuz İntiqam Soltanın rəhbərlik etdiyi Bakı Uşaq Teatrında (Hazırki Bakı Uşaq və Gənclər Teatrı) fəaliyyət göstərmişəm. 2016-cı ilin yanvar ayında təzədən doğma teatrım İrəvan Teatrına qayıdıb aktrisa kimi fəaliyyətimi davam etdirmişəm.

 

Uşaqlıq illərimdən səhnəyə, sözə və ədəbiyyata böyük marağım olub. Bu maraq zamanla peşəkar fəaliyyətimə çevrildi və həyat yolumu müəyyən etdi.

 

Teatr mənim üçün yalnız iş yeri deyil – ruhumun evidir. Səhnədə canlandırdığım hər obraz mənim üçün yeni bir həyat, yeni bir taledir.

 

Hazırda C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında Artist heyətinin idarəedilməsi bölməsinin müdiri və eyni zamanda aktrisa kimi fəaliyyət göstərirəm.

 

Ailəliyəm. İki qız övladım var.

 

– Səhnə sizin üçün nə ifadə edir?

 

– Səhnə mənim üçün danışa bilmədiklərimizin dilidir. Tamaşaçı ilə qurulan o görünməz bağ mənim üçün çox dəyərlidir.

 

– Həyat və sənət arasında balansı necə qoruyursunuz?

 

– Bu, asan deyil. Amma qadın həm güclü, həm də zərif ola bilir. Ailə mənim dayağımdır, övladlarım isə ən böyük motivasiyamdır. Onların sevgisi mənə səhnədə daha da möhkəm dayanmaq gücü verir.

 

– Çəkildiyiniz filmlər?

 

– “Bir ovuc torpaq” (nağıl – Gülyaz obrazı) (2009); “Həyat varsa” – “Axsayan ayaq” bölümü (Gülxar obrazı) (2012); “Qaynana” serialı (2012); “Son hədd” – “Ağarmayan saçlar” bölümü (Aynurə obrazı) (2013); “Çaqqal nəfəsi” (Dustaq qadın obrazı) (2013); “Qisas” (2015); “Uçurum” serialı (Pərvanə obrazı) (2018); “Bir qadın” serialı (Durna obrazı) (2019-2023); “Əlvida xoşbəxtlik” serialı (Gülnaz obrazı) (2024-2025); “Yad qohumlar” serialı (Elmira obrazı) (2025-2026).

 

– Özünüzü üç sözlə necə ifadə edərdiniz?

 

– Səmimi. Güclü. Sədaqətli.

 

– Gələcək planlarınız?

 

– Sənətdə daha dərin, daha yaddaqalan obrazlar yaratmaq və qadın obrazlarının gücünü tamaşaçıya daha dolğun şəkildə çatdırmaq.

 

– Özünüzü bir cümlə ilə necə təsvir edərdiniz?

 

– Hissləri ilə yaşayan, səhnədə güclənən və susaraq da danışa bilən bir qadın.

 

– Sizi ən çox nə yorur?

 

– Səmimiyyətsizlik. Çünki rol oynamaq səhnədə gözəldir, həyatda yox.

 

– Güclü olmağı nə vaxt öyrəndiniz?

 

– Seçim qarşısında qalanda və geri çəkilməməyi seçəndə.

 

– Sizi tanımayanlara özünüz haqqında nə deyərdiniz?

 

– Məni tələsik oxumasınlar. Mən ilk baxışdan başa düşülən deyiləm.

 

– Bu gün özünüzə nə demək istərdiniz?

 

– Dayanma. Sən düz yoldasan.

 

– Sabah üçün bir arzu?

 

– Sağlamlıq, səhnə və qəlb rahatlığı. Qalanı yoluna düşür.

 

Bu gün özümə baxanda görürəm ki, yolum asan olmayıb, amma hər addım məni daha möhkəm edib. Mən hissləri ilə yaşayan, sənətinə sadiq və hər zaman inkişaf etməyə çalışan bir qadınam. Və inanıram ki, insan öz yoluna sevgi ilə davam edirsə, gec-tez işıq mütləq görünür.

 

– Sonda nə demək istərdiniz?

 

– Mənə belə bir fürsət verdikləri üçün “Yeni yol” qəzetinə və dəyərli sinif yoldaşım Azər Musaoğluna təşəkkür edirəm. Mənim üçün çox xoş oldu. İşlərinizdə uğurlar!

 

Qeyd edək ki, “Özümlə müsahibə” rubrikasında sual verən də, cavab verən də eyni adam olur. Sualları müsahib özü seçir. Müsahibədə heç bir senzuraya yol verilmir və olduğu kimi dərc edilir.