KİNTO VƏ QARAÇOXELİ
Kinto!
Qaraçoxeli!
Tez-tez kinto və qaraçoxelini bir-birilə qarışdırırlar. Biz qədim Tiflisin ləyaqətinin qorunması üçün bu iki tipi bir-birindən ayıracağıq.
Kinto və qaraçoxeli müxtəlif məshəbin adamlarıdır.
Kinto son zamanın adamıdır, əhli-kef, maymaq, əclaf, bir sözlə, kinto qaraçoxelinin simasının itirilmiş nəslidir.
Qaraçoxeli vüqarlı, fərasətli, qəlbi təmiz, halal, cəngavərdir.
Kinto gözüəyri və gözü kölgəlidir: qeyrətlilik əlamətlərinin çox az olduğu alçaqboy insan təəssüratını yaradır.
Qaraçoxeli zahirən boy-buxunlu olan şəxsdir, enli kürəkli, iri gövdəli, dolu sifətli.
Qaraçoxeli və kinto elə geyimlərində də fərqlənirlər.
Qaraçoxeli qara çuxalı deməkdir. Beləliklə, qaraçoxeli nə geyinib, – icazə verin, onların qarderobu ilə sizi tanış edim, – qara şaldan çuxa, uzun ətəkli, qısa büzməli və iki vəznəli. Çuxanın qıraqlarına bəzməndin enli haşiyəsi çəkilib, içəridən qırmızı ipək döşlüklü xırda büzməli arxalıq, üstündən qara atlas və ya kətandan xırda qırışlı arxalıq. Onların enlibalaq şalvarı, xüsusən köbəqara şaldan tikilirdi. Uclarına ipək saçaqlı iplər taxılırdı. Bu şalvarın geniş balaqları içəridən dizbağına salınırdı. Evdə dabansız ayaqqabı geyinərdilər, bayırda “qapaqlı” (dilli, qaytanlı - M.M.) çəkmələr. Onların bəzək şeyi – gümüş toqqalı kəmər, kəmərdə Bağdadın yaşıl “güləbənd” papağı, belində gümüş qəlyan və qəlyan üçün tütün kisəsi.
Kinto başı ilə, çiyni ilə taxtadan tabaq daşıyan deməkdir (Kvinto köhnə qayda ilə quyruqlular da demək idi). (Quyruqlular - gürcülərin mifoloji təsəvvürlərinə və folkloruna görə, sehirkar qadınlar demək idi - M.M.). Kinto çitdən, sol tərəf böyründən bağlanan qızılgül rəngli xırda güllü hündür yaxalıqlı köynək geyinib. Yaxalığında dörd düymə tikilib, lakin yaxası həmişə açıqdır. Qara adi arxalıq, (bundan da ki, nadir hallarda istifadə edirlər) balaqları par-par parıldayan lastik parçadan enli şalvar geyinmişdir. Başında keçə papaq və ya “kiziroklu şlyapa” (günlük - M.M.), ayağında dabansız çustlar (xarici görünüşünə görə qarmon kimi “üst-üstə qatlanmış xrom çəkmələr”), sinəsində boyunbağı ilə saat, belində ipək sartğeli (Sartğeli - kəmərə bənzər
lentsayağı materiyaldır, hər iki ucuna qayış bərkidilibdir ki, bununla da belə bağlanır - M.M.) və ya dar gümüş kəmər, kəmərdə adi yaylıq, çuxadan heç istifadə etmirlər.
Qaraçoxelinin səsi şirin və təəssüratoyadıcıdır;
Kintonun səsi – boğuq və cılızdır.
Qaraçoxelinin ədası, hərəkət tərzi qətidir;
Kintonun – çəpəki, əndək-döndəkdir.
Qaraçoxeli özü sözün incilərini yaradır;
Kinto bu sözləri də eybəcərləşdirir.
Qaraçoxeli oxuyurdu:
“Uçdu məndən məhəbbətin quşu,
Başqalarının-başqalarının üzündən!”
Kinto oxuyur:
“Ey arğançı, çalginən,
Faytonşik, sürməyində ol!”
Qaraçoxeli öz sevgilisinə heyranlıqla fəryad edir:
“Sən Ərzurumun dan ulduzusan, Gülnara,
Məni işıqlandırmaq üçün çıx üzərə, Gülnara”.
Kinto öz ailəsinə də inanmır:
“Mənim arvadım Anana
Gah bağışlayır, gah da yox!”
Qaraçoxelinin musiqisi düdükdür.
Kintonun – arğan.
Qaraçoxelinin repertuarı:
- “Göy üzündən parça-parça bulud gəlir,
Sevgilidən yazılmış məktubu gətirir”.
- “Ah, ay, ay, mənim yanmış ümidim!” və sair.
Kinto bu mahnıları belə ifa edir:
- “Кусок-кусок облак идет свисок небеса,
Запечатан письмо несет от любовница.
- Ах луна, луна, жаренныx надежда... və sair.
(Niko Nikoladze kintolar tərəfindən bu mahnıların ruslaşdırılmasını “tərcümənin cazibədarlığı” olaraq adlandırır. (Bax. “Toplu”, 1873-cü il, X, XI, XII kitab, səh.126).
Qaraçoxelinin içdiyi qab Çin cəmi, gil piyalə, azarpeş (qulplu geniş ağızlı böyük qaşıq sayağı şərab içilən qab-M.M.) və gümüşlə bəzədilmiş taxtadan hazırlanmış sürahi.
Kinto heç də bu qabların adlarını bilmir. O, qurşaqlı stəkanları da rədd edir və əcnəbi bohemistlərin təhriki ilə şərabı qadın tuflusundan da içir:
“Di, şərabı, Kaxetinin,
O ağ tuflu ilə içilməli, boşaldılmalı.
Anuşkacan, sənə soyuq dəyməsin!”
Kinto namərddir.
Qaraçoxeli comərd.
Onların alış-veriş dialoqu da başqa cürdür.
Kinto öz müştərisinə min cür sırtıq, ədəbsiz, qeyri-orijinal sözlər işlədir (nümunələri istəməyək)...
Qaraçoxelinin sual-cavabı isə bu halda da ağıl işlətməkdir. Məs.: qaraçoxelinin yanına bir ana yanında gözəl qızı ilə gəlir, nəsə almaq istəyir.
- Neçəyədir, bala, bu mal?
- Səkkiz abbası.
- Altı abbasıya verə bilməzsən?
- Bu qız sizin nəyinizdir, anam?
- Qızımdır, mənim balam!
- Olar!
Bax, bu gerçəklikdən götürülmüş kiçik faktdan da qədim Tiflisin qədim qaraçoxelisinin necə bir eşqə və mərifətə malik olduğu aydınca görünür.
Kintonun çatdırıb dediyi söz qırıq kəlmələrdir, min dəfə deyilən, şablon, həmişə səbatsız, qorxaq və lüt-üryandır.
Qaraçoxelinin sözü isə qətidir və sadəqəlblilikdir, qaraçoxeliləri kintolardan ayıran yeganə şey mimik istehzadır.
Qədimdə qaraçoxelilərin adəti vardı, kirpiklərini qopardıb daimi qardaşlıq əlaməti olaraq daşda döyüb toz halına salırdılar.
Kinto isə belə sərsəmləyir: Dost yaxşı olsaydı, Tanrının da olardı!
Qaraçoxeli qəhvəxanalardan, “traktirlərdən” bezara gəlib. Ona da daha “yuxarılara” qalxması lazımdır:
“Allah saxlamış, necə yəni məni nə acıqladırır,
Ürəyim ağrıyır, istəyirəm sizinlə bölüşəm.
Nədən, qardaş, bir de görüm, niyə-
Mən traktirə, sən teatra getməlisən!”
Kinto isə öz partnyoruna belə deyir:
“Xocavankda heykəllər ki, var,
Ora gəl, orda oynayaq qumar”.
Qaraçoxeli çox hallarda min cür əyləncə uydurur ki, bu da sonralar adət halına keçir.
Kinto isə bu adətləri məhv edir. Onun əyləncələri: qumar, iyrənc nitqi, Sodomqomor günahıdır (İncilə görə, Tanrının əhalisinə görə cəzalandırdığı iki şəhər. Sodom və Qomor.- M.M.) və əliəyrilikdir.
Bu zümrələrin əmələ gəlməsinə hansı şəraitlər imkan yaradırdı?
Qaraçoxeli qədim Tiflisin qədim nəslidir. Qaraçoxeli “Gürcüstan həyatı”nda deyildiyi kimi “Tiflis şəhəri hələ tamamilə itaətin boyunduruğu altına keçmədiyi zamanlar”ın vətəndaşıdır. Qaraçoxeli gürcü-fars əlaqələrinin və ümumiyyətlə, Şərq xalqlarının bizim həyatımıza təşrif buyurmasının sintezidir.
Kinto isə qarışıq bazarın qoynunda ticarət sənəti üstələyəndə yaranıb. O, qaraçoxelilər ailəsinin çöküntüsüdür, küçələrdə və kazinolarda böyüyəndir. Kinto bir yalançı olaraq az qabiliyyət və az tələbat sahibidir. İki quruşluq gəlirlə kifayətlənir ki, bunu da uzun müddət cibində heç də saxlamır: Ya mikitanın daxılı önündə xərcləyir, ya da qumarbazlıqda uduzur.
Rusiyada “Босяк” olduğu kimi, bu əyyaş kitab hərisi, Parisdə “Apache” özünəməxsus tip, onu kimi də bizim Tiflis, yalnız Tiflis bu bədəsili, əhli-kefı, “pajarni”ni yaratmışdır. Onlarla müqayisədə hər halda böyük yaramazlıqları törədə bilməzlər.
***
Tolstoy Tiflisdə olarkən öz dostuna yazırdı: “Tiflisin sivilizasiyası nəzərə çarpır, Tiflis Peterburqu təqlid edir...” (“Писма Л.Н.Толстого”, 1910-cu il, səh.13).
Doğrudan da Tiflisə sivilizasiya daxil olurdu, Tiflis Avropalaşırdı. Tiflis dəyişirdi və eyni zamanda, əlbəttə qaraçoxelilərin zümrəsi də məhv olurdu və arada itib-batırdı.
Budur, İlya nə yazırdı o dövrkü “cırlaşmış Tiflis barəsində”: “Bizim ki, şəhərimizdir, amma ora ürəyimə yatmır, sanki bizimkilər bar-barxanasını yığıblar, başqa yerdə sığınıblar və ora başqaları məskunlaşıblar. Ürək ürəyə daha yaxın durmur və istək istəyə. Ləçək də (Qədim Tiflisdə qadın baş örtüyü-M.M.) nədir ki, heç yerdə daha görə bilməzsən. Sanki namusla birlikdə açıb elə tullayıblar” (Bax. İlya Cavcavadzenin yazıları, “Gürcü kitabı”nın nəşri, III cild, səh. 309).
Bunu əcnəbi səyyahlar da qeyd edirlər.
Teofil Deirol nəql edir: Şərqdə adətlə birlikdə geyim də dəyişikliyə məruz qalır (Теофиль Деироль: “Всемирный путешественник”, 1878-ci il, №XI).
Və ya yenə:
“Özünün daha çox ballarda geyindikləri gürcü geyiminə baxmayaraq gürcü xalqı tədricən Avropa ictimaiyyətinə qarışırdı” (Русская старина, 1917-ci il, fevral, səh.189).
Lakin bunu görmək, qeyd etmək gürcü şairi üçün daha çox hissedici idi. Bax, ikinci gürcü şair Qriqol Orbeliani gürcü geyiminin məhv olmasından necə şikayətlənir: “Avropada görkəmli rəssam Ziç gəldi ki, “Demon” “kartina”sı üçün, onu gürcü kişi və qadının köhnəsayağı geyimi ilə çəkə və heç kimi tapa bilmədik! Taso Oqlobjioya Allah kömək olsun. O, öz toy paltarını verdi, qamçısı ilə, cığası ilə, dingəsi ilə, köhnəsayağı əşyaları ilə və bununla Ziçi çox sevindirdi. Belə maarifləndi, belə korlandı Gürcüstan ki, özününkünü daha istəmir və gürcüsayağı geyinməyə çox utanırlar! Oh, Oh, knyaz Niko, çox-çox təəssüflər olsun!” (Qriqol Orbelianinin Niko Cavcavadzeyə 1881-ci ildə yazdığı məktub. Bax. Sameqrelo muzeyi, Zuqdididə: “İona Meunargiyanın arxivi”).
Bu iki gürcü şair əgər Tiflisin çalarlarının dəyişməsini belə ah-vayla qeyd edir və gürcü qarderobunun Avropalaşdırılmasından narahat olurdusa, üçüncü şair Rafael Eristavi kintolara – bu yeni vətəndaşlara qarşı birbaşa hücuma keçir:
“Bir bax, bizim şəhər necə də dəyişib,
Heç kimi tanımıram, nə də məni tanıyırlar, kintolarla doludur.
Bunu ki, mən gördüm, di, nə deyiləsidir.
Köhnə şəhərdə palçıq, yenə köhnənin köhnəsidir...
Bizim paytaxt necə də dəyişib,
Və dəllək Qrikula da parikçi olub.
Tağliantların Geuyası, bürünc və mis qabları ki, qalaylayırdı,
Bu gün “kalyaskada” oturub, başını daha gizlətmirdi...
Camaat vurnuxur, hey milçək kimi bir-birinə qarışır.
Onlara baxan insan ağlını başından itirir.
Qadınların arxasınca sürünür quyruqlar, hər boyunduruq açılanda...
Öndə cib, dalda cib, yenə papaq üzərində cib...
Küçələrdə köhnəsayağı mahnı daha eşidilmir,
Görəsən, bunu nə yox etdi? Nə günahın yiyəsi olduq?
Bir bax, mənim şəhərim necə də dəyişib,
Heç kimi tanımıram, nə də məni tanıyırlar, kintolarla doludur.
(sətri tərcümə)
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU