NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Təhlil olunan eposun, demək olar ki, bütün boylarında igid süvarinin həyatı Qazılıq dağı ilə, ümumiyyətlə, yüksək ala və ya qara, çətin aşılası dağ ilə əlaqədardır. Demək mümkündür ki, bu çətin aşılası dağ tale yazısı kimi oğuz igidinin həyatını fırladır: o, qalxanda və yerindən tərpənəndə, bədəvi atına minəndə ala dağı aşmalı olur (Elə orada, səh. 138, 134, 135, 143 və sair). Bir sözlə, bu dağı aşmaqla oğuz ov ovlamağa, qorxulu və çətin işlərin həllinə başlayır. Və bir növ girişin təsviri kanonik xarakter kəsb edir.
Lakin daha maraqlısı odur ki, oğuz bəylərinin taleyi, xoşbəxtliyi, bədbəxtliyi məhz elə bu Qazılıq dağı ilə əlaqədardır. Uruz söhbətini belə başlayır: “Qarşu yatan qara dağlar istər olsa, el yaylar” (Elə orada, səh. 113). Xan Qazan oğluna belə deyir: “Qarşu yatan qara dağlar qarısa, otı bitməz, el yaylamaz!” (Elə orada səh. 115). Bu kəlmələrdən sonra çayların və ev heyvanlarının cinsinin pozulması, cırlaşması baş verir. Bir sözlə, oğul da, ata da bir fikirdə dayanıblar: camaatın rifahı təbiətdən və ələlxüsus da qarşı duran dağların durumundan asılıdır. Bu baxış dairəsi Beyrəyin bacısı öz qardaşını ozan bildiyi və xahiş etdiyi epizodda da aydın şəkildə özünü büruzə verir:
“Qarşu yatan qara dağım yıqılubdur,
Ozan, sənin xəbərin yoq.
Kölgəlicə qaba ağacım kəsilübdür,
Ozan, sənin xəbərin yoq.
Dünyəlikdə bir qardaşım alınubdur,
Ozan, sənin xəbərin yoq.
Çalma, ozan, ayıtma, ozan,
Qaraluca mən qızın nəsinə gərək, ozan?
İləyündə dügün var,
Dügünə varub ötgil!” (Elə orada, səh. 88-89).
Gətirilən çıxarış aydınca bizə məlumat verir ki, qara dağın yıxılması və kölgə salan nəhəng ağacın kəsilməsi qardaş itirməkdən irəli gələn bədbəxtliyə bərabərdir. Sətir aşırı rədif ilə təkrarlanan “Ozan, sənin xəbərin yoq” faciəvi duyğunu gücləndirir. Elə burada qeyd etmək lazımdır ki, kölgə salan nəhəng ağacın xüsusi əhəmiyyəti başqa yerdə də qeyd olunmuşdur. Ümumiyyətlə, boş, uzun-uzadı düzənlikdə cəfa çəkməli olan köçəri tayfaların kölgə salan ağac çox hoylarına yetirdi. Buna görə də, oğuzların ağaca qarşı, bir kölgəlik salana qarşı münasibəti tamamilə təbiidir. Lakin onların ağaca qarşı ənənəvi münasibəti, eləcə də suya qarşı olduğu kimi, onların praktiki dəyərinə nisbətən, daha dərin düşüncə köklərini əhatə etməlidir. Və ağac da islamın geyiminə bürünmüş, dini, ələlxüsus islamın dəyərlərinin rəmzi göstəricisidir. Uruzun onun asıldığı ağaca yalvarışla müraciət etdiyi epizod diqqətəlayiq və maraqlıdır:
“Ağac, ağac! Dersəm sana, ərlənmə ağac!
Məkkə ilə Mədinənin qapusı ağac!
Musa Kəlimün əsası ağac!
Böyük-böyük suların köprisi ağac!
Qara-qara dənizlərin gimisi ağac!
Şahi-mərdan Əlinin Düldülinin əyəri ağac!
Zülfiqarın qınıyla qəbzəsi ağac!
Şah Həsənlə Hüseynün beşigi ağac!
Əgər ərdir, əgər övrətdir, qorxusı ağac!
Başın ala baqar olsam, başsız ağac!
Dibin ala baqar olsam, dibsüz ağac!
Məni sana asarlar, götürməgil ağac!
Götürəcək olursan, yigitligüm səni tutsun, ağac!
Bizim eldə gərək idin, ağac!
Qara hindu qullarıma buyuraydım,
Səni para-para doğrayalardı, ağac!”
Bu hədədən sonra öz bədəvlərinə, yasa batan dostlarına, şahinə, qanıq itlərə və nəhayət, özünün bu fani dünyada yaşamağa hərisli olan cavan canına yazığı gəlir (Elə orada, səh. 60-61).
Gətirilən çıxarış onunla diqqətəlayiqdir ki, birincisi, onu bağışlayan və ürək-dirək verən ağaca müraciət edir, sitayiş bütü olaraq. Burada bir növ qədim oğuz ənənəsinin, istərsə də inamın əks-sədası əks olunmalıdır, bu da müəyyən dərəcədə bizi düşündürür ki, bütpərəstliyin, daha doğrusu, şamanizmin köklərinin güclü şəkildə müsəlmanlaşdırılmasına baxmayaraq, hələ də ozanın ruhunun dərinliklərində qalıbdır. Ağaca sitayiş üç aspekti ilə təqdim olunmuşdur: səmada, yer altında və yer üzərində, hökmranlıq edirdi və səmaya qalxmaq vasitəsi olaraq dərk olunurdu (Bax: Л.Я.Штернберг, Первобытная религия в свете этнографии, Л., 1936, səh. 123-125). Güman ki, buna görə də ozan istəyir ki, bu sitayişi islamın, daha doğrusu, şiə əzabkeşlərinin adlarının və ümum islamın müqəddəs sayılan şeylərinin köməkliyi ilə həyata keçirsin. Lakin ağaca sitayiş edilməsində bu cür yanaşma öz-özlüyündə ondan xəbər verir ki, qədim oğuz inamı və ənənəsi izsiz itməyib, öləziyən köz kimi közərir və ən başlıcası, bu yalvarış – əfv diləmənin ardıcıllığına diqqət yetirsək, əvvəlcə bədəvilərin, sonra dostların, sonra şahinin və qanıq itin sadalanması təsadüfi olmamalıdır, oğuz bəyinin ruhunun sarsılmazlığından və təbiətlə dərk olunan insanın halallığından xəbər verir.
İndi yenə Qazılığın ala dağına qayıdaq və onu da deyək ki, o gah qarğış obyekti olur, gah da ki, xoşbəxtliyin müjdəçisi. Budur, ana ölməkdə olan oğlunu necə ağlayır:
“Qara qıyma gözlərin uyxu almış, açğıl axı,
Ol ikicə sünücügün uzun olmış, yığşur axı,
Tanrı verən tatlu canın seyranda imiş, endi dəxi,
Üz-gözündə canun varsa, oğul, xəbər mana!
Qara başım qurban olsun, oğul sana!
...
Bitər sənin otların, Qazılıq dağı,
Bitər ikən bitməz olsun!
Qaçar sənin keyiklərin, Qazılıq dağı,
Qaçar ikən qaçmaz olsun, daşa dönsün!
Nə biləyin, oğul arslandanmı oldı,
Yoxsa qaplandanmı oldı?
Nə biləyin oğul, bu qəzalar sana nerədən gəldi?!” ( Elə orada, 44).
Gətirilən sitatın ilk üç sətri ana qəlbindən qopan həddən artıq təəssürat oyadıcı nalədir ki, bu da insani duyğunun ifadə olunması sadəliyinin göstəricisidir və eyni zamanda, emosiyalı təsir qüvvəsinin əhatəedicisidir. Bundan sonra Qazılıq dağının lənətlənməsi gəlir ki, bunu da ana bədbəxtliyin səbəbi olaraq hesab edir, onun faciəsinə duyğusunun kəskinliyi effektli olaraq uyğun gəlir. Halbuki oğul anaya təsəlli verir, bildirir ki, Qazılıq dağının onun bədbəxtliyində günahı yoxdur və əgər günahkar varsa, o da onun atasıdır.
İndi Banıçiçəyin Beyrəyin anasını oğlunun sağ qalmasını və yaxşı olmasını necə muştululadığını xatırlayaq:
“Arğab-arğab qara dağın yıxılmışdı, yucaldı, axır!
Qanlu-qanlu suların sovğulmışdı, çağladı, axır!
Qaba ağacın qurımışdı, yaşardı, axır!
Şahbaz atın qarımışdı, qulun verdi, axır!
Qızıl dəvələrin qarımışdı, köşək verdi, axır!
Ağ qoyunun qarımışdı, quzı verdi, axır!
On altı yıllıq həsrətin-oğulun Beyrək gəldi, axır!
Qayın ata, qayın ana, muştuluq mana nə verərsiz?” (Elə orada, səh. 95-96).
Gətirilən parça tamamilə bir-birinə zidd mənzərəni bizə təklif edir. Bir sözlə, fakt faktdır ki, oğuzların həyatında bu dağ mühüm yer tutur. İllah da ki, onların həyatının, bu, istər xoşbəxtlik olsun, istərsə də bədbəxtlik, mübağiləsiz müştərək iştirakçısıdır: əgər o pozulursa, oğuzların taleyi tərsinə fırlanır və bu bədbəxtlik təkcə insanın deyil, eləcə də ev və çöl heyvanlarının başında çatlayır. Və əgər dağ və onun ətrafı çiçəkləyirsə, insanın ruhunda, istərsə də təbiətində sərbəstlik hökm sürür. Buna görə də, təbiidir ki, Qazılıq dağı eposun süjetinin inkişafında və təcəssümlülük sisteminin formalaşmasında diqqətəlayiq yerlərdən birini tutur. Elə götürək o faktl ki, ürəyi dağlı ana, Qazan xanın xatunu öz itən, yeganə oğlunu “sıra qara dağların zirvəsi” ilə müqayisə edir: “Qarşu yatan qara dağım yüksəgi, oğul” (Bax: Kaçalinin nəşri ilə “Dədə Qorqud”, səh. 108). Və dağa qarşı bu cür münasibət “Dədə Qorqud”un demək olar ki, bütün boylarında eposun qəhrəman və yüksəlmiş ruhun ifadəçisi olaraq özünü büruzə verir. Mühümü odur ki, bu gözəl əsər yarananda, hələ yenə də insan təbiətlə harmonik əlaqə yaradırdı və demək mümkündür ki, onunla birlikdə böyüyürdü, onunla qarşı durmağa, ayrı düşməyə heç də cəhd etmirdi. Qeyd etmək lazımdır ki, təbiətin və insanın bu harmoniyası, ümumiyyətlə, orta əsrlərin fəlsəfi, istərsə də bədii düşüncə sistemini xarakterizə edir. Halbuki onu da unutmamalıyıq ki, təbiətlə, xüsusən də Qazılıq dağı ilə bu güclü mənəvi, fiziki əlaqəni dini inanc da şərtləndirirdi. Ümumiyyətlə, dağa tapınma ibtidai dinlərdə və türk əsilli tayfalarda da məlumdur və müqəddəs yer olaraq hesab edilirdi ki, bu da şamanizmin mürəbbiləri arasında yayılmışdır 1*.
____________
1* (Bax: Liya Çlaidze, Oğuznamə (gürcü dilində), Tbilisi, 1974, səh. 24-25; И.В.Стебелева, К реконструкции древнетюркской религиозно-мифологической системы, Тюркологической сборник, 1971, М, стр. 214-216; Abdülkadir İnan, Tarihte ve Bugün Şamanizm, İst., 1953 iss).
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU