NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Təhlil olunan eposda hər şeydən öncə Dirsə xanın Nigar xatununun dolğunluğu və zahiri gözəlliyi verilib ki, bu da 11-12 hecalı seqmentlərlə qurulan şeirlərlə bəyan edilib, verilib və 9 hecalı sətirlə (*2+2+2=9) sona yetir. Bunu ona görə qeyd edirəm ki, son sətir tez-tez fərqli ritmik sxem ilə yazılır və o xüsusi qayə ilə yüklənir, fərqlilik müvafiq müşaiyətlə də oxunur. Bu şeirə uyğun olaraq qadın hər şeydən öncə ərinin taleyi, ailə və ev-eşiyin təməlidir, lakin evdən çıxıb yeriyəndə sərv boylu bədəni ilə yırğalanır, qara saçları topuğuna dolaşır, çatma qaşları qurulu yaya bənzəyir, elə balaca ağzı vardır ki, qoşa badam sığa bilməz. Al yanaqları isə payızın qırmızı almasına bənzəyir (D.D.K., səh. 36). Həyat yoldaşının və ümumiyyətlə, qadının gözəlliyini müqayisələrlə təsvir etmək türk xalq poeziyası üçün yad deyildir. İllah da, bu cür portret müəyyən cizgilərlə türk divan ədəbiyyatında bir növ yayılan gözəlin rəngkarlıq şəklini bizə xatırladır.
Lakin Dirsə xanın xatunu gələn ərini tək, oğlu yanında olmadan görəndə, ürəyinə damdı, qırx incəbelli qızı yanına aldı, bədəvi ata mindi və oğlunu axtarmaq üçün Qazılıq dağına yollandı. Atası tərəfindən ölümcül yaralanmış oğlunu müalicə etdi, ayağa qaldırdı. Bu ərəfədə isə, atasına oğlunu öldürməyi rəva görən vəhşilər və namərdlər, Dirsə xanın özünü onun qəzəbinin qarşısını almaq üçün əli-qolu bağlı tutub kafirlərə aparıblar (Elə orada, səh. 46).
Bir növ diqqətəlayiq haldır ki, Dirsə xanın xatunu atası tərəfindən qurban verilmiş oğluna deyir:
“Görürmisin, ay oğul, nələr oldı?!
Sarp qayalar oynanmadı, yer obrıldı.
Eldə yağı yoq ikən sənin babanın üstinə yağı gəldi.
Ol qırq namərd-babanın yoldaşları babanı tutdılar.
Ağ əllərin ardına bağladılar.
Qıl sicim ağ boynına taqdılar.
Kəndülər atlu, babanı yayaq yüritdilər.
Alubanı qalın kafir ellərinə yönəldilər.
Xanım oğul, qalqubanı yerindən uru durğıl!
Qırq yigidin boyuna alğıl!
Babanı ol qırq namərddən qurtarğıl.
Yüri, oğul! Baban sana qıydısa, sən babana qıymağıl!”
Bundan sonra əsərdə dəfələrlə rast gələn “Oğlan anasının sözin sımadı” kəlməsi gəlir.
“Buğac bəg yerindən uru durdı, qara polat uz qılıcın belinə quşandı, ağ tozluca qatı yayını əlinə aldı, altun cidasın qolma aldı, bədəvi atmı tut-durdı, butun bindi. Qırq yigidin boyına aldı, babasının ardınca yortub getdi”... (K.D.Q., səh. 42, D.K.K., səh. 12-130; O.D.D.K.K. səh. 46).
Bu çıxarış bir neçə baxış dairəsinə görə maraqlıdır: birincisi, oğlu üçün fədakar ananın xarakteri özünü büruzə verir, eyni zamanda, o gözəl süvaridir; ikincisi, xatun ərinə sədaqətlidir. Oğlunu ölümcül yaralamağı özünə rəva görməsinə baxmayaraq o, özünə rəva görmür. Bunu öz oğluna da məsləhət görür. Oğuz folklorunda bərqərar olan etik inancın necə göründüyü elə burada səslənib: “Oğlan anasının sözin sımadı. Qırq yigidin boyına aldı, babasının ardınca getdi”. Üçüncüsü də, bu kontekstdə ağ rəngli rəmz diqqəti cəlb edir: ağ əllər, ağ qatı ox. Burada ağ rəngin qeyd edilməsi o deməkdir ki, ağ yüksəlişin, xeyirxahlığın, nəcibliyin xəbər vericisidir.
Qısası, gətirilən çıxarışda zahiri gözəlliklə yanaşı, qadını güclü analıq sevgisi, ərinə qarşı həqiqi sədaqət gözəlləşdirməli və onun oğul və ata münasibətlərini nizama salmağa əli yetməlidir. Və bu da mənim üçün ən çox diqqətə layiqdir: o çətinliklərdən, təhlükələrdən heç cür qorxmayan mərd süvari olmalıdır, illah da ki, oğuz bəyləri kimi hərbi sənətə yiyələnməlidir.
Xanın xatunu boyu uzun Burla xatun əsir düşən oğlunu xilas etmək üçün heç nədən çəkinmir və igid oğuz bəyləri ilə birlikdə fədakarlıqla mübarizə aparır, mübarizənin ortasında cövlan edir və kafirlərin qara ələmini qılıncla parçalayır, yerə saldırır ki, bu da düşmənin məğlubiyyəti demək idi (K.D.Q., səh. 102, D.K.K., səh.74; O.D.D.K.K. səh. 119).
Bütün bunları əgər nəzərə alsaq, oğuz igidi özünə necə yar seçdiyi təəccüblü deyildir. O cümlədən, əri oyanana kimi səhər tezdən qalxmalı, düşmənə hücum etməmişdən öncə ondan tez atın belinə atlanmalı və düşmənin başını gətirməlidir. Bir sözlə, o özünə qız deyil, dost və həmfikir axtarmaq istəyir. Beləsi ov zamanı təsadüfən rastlaşdığı Banıçiçəkdir. Lakin qız öz şərtini irəli sürür. Əgər o layiqli igiddirsə, at çapmaqda, ox atmaqda və güləşməkdə onunla yarışmalıdır. Yarış baş tutur. Qızın tayı-bərabəri yoxdur və heç nədə öz gələcək adaxlısından geri qalmır. İllah da ki, Bamsı Beyrək böyük cəfaya baxmayaraq güclə ona qalib gəlir (K.D.Q., səh. 66-67, D.K.K., səh. 35-36; O.D.D.K.K. səh. 74).
Selcan xatun elə bu cür misilsizdir. O, görəndə ki, adaxlısı Qanturalının kafirlər üstünü aldırıblar:
“Bunu böylə gördü, içinə od düşdi. Bir bölük qaza şahin girmiş kibi kafirə at saldı. Bir ucından qırib kafiri, ol bir ucina çıqdı”. Sonra düşməndən xilas olunmuş, mənliyi alçaldılmış Qanturalını şübhələr bürüyür və onu öldürmək istəyir. Selcan xatun ona ox atmaqda yarışa dəvət edir və o, elə bir dəqiqliklə ox atır ki, Qanturalının başında olan bit ayağına enir (K.D.Q., səh. 121-123, D.K.K., səh. 94-96; O.D.D.K.K. səh. 143-145).
Yuxarıda artıq, ümumiyyətlə, qadına qarşı, xüsusən adaxlı olası gəlinə qarşı oğuz igidinin baxış dairəsi barədə söhbət açdım ki, bu da təbiidir, qədim oğuz igidinin ənənələri ilə və həyat tərzi ilə qidalanır. İndi ona görə təkrarladım ki, “Dədə Qorqud” eposunun sonralar tamamilə islam libasına bürünməsinə baxmayaraq bu təhlil olunan epos üçün mübariz ruh və etik-estetik inancın qorunub saxlanması və dəyişməz qalması xarakterikdir. Diqqətəlayiqdir ki, fiziki qüvvə ilə və döyüş qabiliyyəti ilə oğuz xatunları oğuz igidlərindən geri qalmırlar. İllah da ki, onlar arasında bu döyüş (qılınc çalmaq, ox atmaq və s.), istərsə də fiziki qüvvə ilə yarışmaq, vuruşmaq, elə götürək, güləş güc və qabiliyyət bərabərliyinin əlaməti qoyulub. İllah da ki, bəzi hallarda təsəvvürü gücləndirmək üçün üstünlük qadına verilir. Doğrudur, islamın inkişafının erkən mərhələsində qadınlar da fəallıq göstərirdilər. Belə, məsələn, Məhəmməd peyğəmbərin həyat yoldaşı, “möminlərin anası” adlanan Ayişə dəvəyə minərək “Dəvə döyüşü”ndə iştirak edirdi (Массе А., Ислам (очерки истории), М., 1962, стр. 43). Lakin düşünməməliyik ki, onun döyüş meydanında görünməsi hərb sənətini nümayiş etdirmək deyil, döyüşçüləri ruhlandırmağa yönəlmişdi. Çünki, məlum olduğu kimi, Ayişə zərifliyi ilə və cazibədarlığı ilə fərqlənirdi və ən başlıcası, hərbi peşəyə tamamilə yiyələnməmişdi və fiziki qüvvə sahibi də deyildi. İllah da ki, islam üz örtüyü olmadan cəmiyyətdə görünməsini və kişilərlə namaz qılmasını qadağan edirdi. Belə ki, qadının güclülüyü və döyüş qabiliyyəti barədə bu estetik-etik kateqoriya “Amazonlar”ın mübariz obrazını bizə daha çox xatırladır. Bütövlükdə oğuz ənənəsinə və etik-estetik inama məxsus olur və islam şəriəti ilə qaydaya salınmış qadınların məhdudlaşdırılmış və təhqir edilmiş durumuna tamamilə uyğun gəlmir.
Burada, artıq qeyd etdiyim kimi, bu eposun girişində Dədə Qorqudun özünün mühakiməsinə aid deyil, başqa ozan tərəfindən əlavə olunmuş təsvir olunan ailənin evdar qadın tipologiyasına bir daha qayıtmayacağam. Başlıcası, hər halda odur ki, o, qəhrəmanlıq eposunun qayə məğzinə və etik-estetik modelinə tamamilə uyğun gəlmir.
Elə burada fövqəladə şəkildə qeyd etməyə bilmərəm ki, bu təhlil olunan əsərdə övladlarına qarşı, ələlxüsus isə oğullarına qarşı fədakar sevgi ilə, təəccüblü sədaqətliliyi ilə və onların yaramaz hərəkətlər etməmələrinə sarsılmaz inamla fərqlənən qadının bir ana və həyat yoldaşı olaraq obrazı yaradılıb.
Analıq mərhəməti ilə, artırılan ehtiyatlılıq ilə onlar qardaşın, istərsə də atanın əsir düşməsi xəbərini bildirmirlər. Nədir, nədir, onlara nəsə bir xələl gəlməsin və buna görə deyərdim ki, kobud töhmətə layiqdirlər. İllah da ki, töhmət döyüşə-məzəmmətə və hədə-qorxuya keçir, ana oğlunu təhlükəsiz xilas etməsinə görə kafirlərin qulluqçusu olmağa, kef məclisinin saqisi olmağa hazırdır ki, bunu da oğul atasının alçaldılması və özünə xəcalət verilməsi kimi hesab edir və bu abır palçığına batmaqdansa özünü qurban verməyi üstün tutur. Məhz elə buna görə oğul anasını öldürməyi özünə rəva görməyə hazırdır. Lakin ana bütün bunlara sakitcə səbir edir və dözür. Çünki oğul məhəbbətini özünün, ərinin və oğlunun ləyaqətindən daha yüksəkdə tutur.
Halbuki bunu elə başa düşməməliyik ki, oğuz xatunları öz ərlərini sevmirdilər, onların ləyaqətinə hörmət etmirdilər və onların qədrini bilmirdilər. Əksinə, “Dədə Qorqud”un qəhrəmanlarının fəaliyyət məhvəri ahəngdar ailə həyatının və ər-arvadın bir-birinə böyük hörmətlə mərzlənən etik-estetik məkandan keçir. Qısası, ənənəvi oğuz ailəsində ər və arvad arasındakı qarşılıqlı münasibətlər qaydasını müəyyən edən yüksək əxlaqi etiket hökm sürür ki, bu da gerçək sevgini və yüksək əxlaqı nəzərdə tutur. Doğrudur, üstünlük bir növ ölkə işlərinin həlledicisi və ailə paklığının qoruyucu cəngavəri olaraq kişiyə məxsusdur. Lakin ailənin daxili işlərini görən, onun paklığının və mənəviliyinin müdafiəçisi hər halda, lazım gəldikdə, igid ər kimi qılınc və oxla namus və ləyaqəti qoruyan qadındır. Lakin bu sonuncu həmişə oğuz igidinin qədrini bilir və ona üstünlük verir. Zira, əgər oğul həddini aşarsa, xeyir və şəri daha ayırd edə bilmirsə, əxlaq etiketini pozursa və onu təhqir edirsə, ölümlə də hədələyirsə, ona öz yerini göstərir və layiqli cavabını da verir. Məsələn, Selcan xatun öz nişanlısı Qanturalı ilə birlikdə düşməni məğlub edəndə xatun nişanlısını atın belinə aldı və qoşuna doğru yollandı. Yolda Qanturalının ağlına pis fikir gəldi: bu qadın oğuzlar arasında öyünəcək: Qanturalı yaralıydı, at belinə aldım, çıxdım, deyəcək. Buna görə də onu öldürmək qərarına gəlir. Selcan işin nə yerdə olduğunu bilir və onu sakitləşdirməyə çalışır, onu əmin edir ki, igid bəy, öyünürsə, ər öyünsün, aslandır! Lovğalanmaq arvad üçün nöqsandır. Öyünməklə arvaddan kişi olmaz. Lakin öz dediyindən əl çəkmədiyindən qəzəblənmiş qız: “Mərə, qavat oğlı, qavat! Mən aşağa qulpa yapışuram, sən yuqarı qulpa yapışursan” deyir və ox atmağa dəvət edir və üstünlük də qazanır. Lakin burada bir növ diqqətəlayiqdir ki, bu döyüşdə yayla atılan oxla deyil, eləcə də əxlaq qalib gəlir ki, bu da, təhlil olunan qəhrəmanlıq eposunun xatunlarına artıq dərəcədə mərhəmət deməkdir. Bir sözlə, təhlil olunan eposun əsaslar əsası əxlaqdır. Əxlaq isə gözəlliyin eyniyyətidir və əxlaqlı olan gözəldir, gözəl olan əxlaqlıdır. Dəfələrlə özünü bizə xatırladan qətnamə bu eposun açarlar açarıdır.
Təbiidir ki, “Dədə Qorqud”un əsas personajları hər halda mübarizəsi öz ailəsinin, özünün ləyaqətini qorumağa yönələn və təməli olan oğuz bəyləri-igidləridir ki, bu təməldə də bu eposun ideya məqsəd-hədəfi qurulub və o, süjetin inkişafının əsas məhvərini təşkil edir, müvafiq olaraq eposun bütün boyları oğuz igidlərinin sərgüzəştlərinə həsr olunur.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU