ĞEENOBA (XAN OYUNU)

 

“Bildiyimiz kimi, qədim Tiflis tədricən öz köhnə simasını itirir. Gələcəkdə dəyərli materiallar izsiz-tozsuz itməsin deyə, Tiflis Şəhər Şurası Muzeyi yaxın gələcəkdə sərgi təşkil edir: Qədim Tiflis”. (Bax. “Muşa” (“Fəhlə”), 1926-cı il, 3 dekabr, №1212.)

 

Bu cür bəyanatla Tiflis munisipaliteti dekabrın 3-ü 1926-cı ildə çıxış etmişdir.

 

Fərəhlə qeyd etmək lazımdır ki, bizim məruzənin oxunmasından sonra (“Qədim Tiflisin ədəbi boheması” lap başdan ilk dəfə olaraq məruzə şəklində Tiflisdə, dövlət konservatoriyası salonunda (1926-cı il mayın 23-də), Təhsil İşçiləri Evində (1926-cı il iyunun 5-də), dövlət universitetinin kiçik müəllimlər kollegiyasının ictimai iclasında (1927-ci il 9 mart), Çiaturada (1926-cı il iyunun 11-də), Zestafonidə (1926-cı il iyunun 12-də), Kutaisidə (1926-cı il iyunun 13-də), Oçamçiredə ( 1927-ci il fevralın 13-də) və Zuqdididə (1927-ci il fevralın 15-də) oxunmuşdur) paralel olaraq bizim əsərlə birlikdə demək olar ki, real illüstrasiya olaraq Tiflis Munisipaliteti Muzeyinin əsası qoyuldu ki, burada da oxucu Tiflisin bəzi görkəmli abidələrini görəcək və onlarla tanış olacaq (Bu sərgi barədə mənim yazıma bax: “Tiflis Munisipaliteti Muzeyi” (“Tiflis Şurasının xəbərçisi”, 1927-ci il, №5).

 

Məgər şəhər şurasının çağırışında haqlı olaraq deyilməmişdirmi ki, “Tiflis tədricən öz köhnə simasını itirir?” Məgər doğru deyilmidir ki, qədim Tiflisin ekzotik zərifliyi, qaraçoxelilərin tarixi vətəndaş, istərsə də ailə adətləri və şəhər şifahi xalq ədəbiyyatının gözəl nümunələri gözlə qaşın arasında itir?

 

Mən qədim Tiflisin trubaduru (gəzərgi şair-nəğməkarı) və mühafizəçisi olaraq, köhnə kitabların  güvəsi və sirdaşı olaraq, yaddaşımı səfərbər edərək təcrübəmi önə çəkib imkan daxilində hələ gec deyilkən himayəçisiz olan və hardasa köhnə ciyər kimi atılan bu gözəl guşəni təsvir etməyi özümə borc hesab etdim. Qoy, Tiflis muzeyinin yanında bu canlı söz də bizim tədqiqatçıların diqqətində qalsın. Qədim Tiflisin ədəbi boheması!

 

Lakin bu yazıçıların müzakirəsinə başlayana kimi bir az uzaqdan başlamağımız və qədim Tiflisin  ekzotikasının və şəhər xalq poeziyasının xüsusiyyətlərinin əmələ gəldiyi məkanı, Tiflisi və həyat tərzini əks etdirən həyatı nəzərə almağımız lazımdır.

 

Bütün yazıçılar öz çevrələrinin doğma övladıdır, –

          “Halallığa bağlı qardaş kimi”.

Deməli, bu çevrə ilə və onların adət-ənənələri ilə tanış olaq.

 

Xan oyunu!

Xan oyunu ümumi bayram xarakterinə malik kütləvi möhtəşəm əyləncə idi.

 

Bizim xan oyunu zahirən Avropa karnavalını və qismən maskaradı xatırladır.

 

G.Seretelinin sözləri ilə: “Bu özünün sevimli adəti ilə hər bir gürcü ildə bir dəfə aktyorluqla keçmiş tarixi mənzərəni göz önündə təsvir edir. Bu mənzərə nədən ibarət idi? Ondan ibarət idi ki, Gürcüstan millətini heç bir yad dinin camaatı uzun müddətə işğal edə bilməyib. Köhnə vaxtlarda müxtəlif ölkələrin xanları tez-tez hücuma keçiblər, lakin onların hökmranlığı uzun çəkməyib. Nəhayət, gec-tez Gürcüstan milləti ayağa qalxıb, “Onların baş ağacını qırıblar və  boyunduruğunu atıblar” (“Kvali”, 1893-cü il, №6).

 

Elə həmin “Kvali” Yermolovun (A.D.Yermolov 1818-1826-cı illərdə Tiflisdə baş sərdar vəzifəsində işləmişdir - M.M.)  vaxtında baş  verən belə bir xan oyununu bizə təsvir edir:

“Onda Sololak tərəfi inşa olunurdu. Baş sərdarlıq ətrafında Avropa memarlığı planı üzrə yeni məhəllə əmələ gəlirdi. Ğvelierinin (Pravoslavlarda ğvelieri böyük pəhrizdən bir həftə ərzində olan günlər, bu günlərdə yemək üçün süd məmulatı, yumurta və balığa icazə verilir - M.M.) son günləri yetişdi. Bütün Tiflis şəhəri: Avlabar, Narınqala və Çuqureti xan oyununa hazırlaşırdı. Seyidabadın sənətkarları, toxucuları, dülgərləri və dəmirçiləri çoxlu işlər götürmüşdülər. Onlar taxta xəncərlər və qılınclar, ələk həlqələrini və sapandlar hazırlayırdılar. Bütün şəhər iki məhəlləyə bölünmüşdür. Biri İsani idi, o birisi Narınqala. Narınqalaya Vera tərəfinin sakinləri meyl edirdilər. Yeni Sololak məhəlləsi də bunlara tərəf idi. İsani tərəfini Avlabar, Çuqureti, kənar məhəllələr yaxud Kukiya tərəfi təşkil edirdi. Narınqalanın sakinlərini Muxran-Batoni, Orbeliani, Barataşvili, Eristavi təşkil edirdi. İsani tərəfində Kaxeti mülkədarları: Cavcavadze, Çoloğaşvili, Vaxvaxişvili, Candieri, Corxadze və başqaları daxil idilər. Yermolov narınqalalıların tərəfini tuturdu. Xan isanililərdən çıxmalı və şəhərə hücuma keçməli, səhər bütün şəhəri işğal etməli və yol ayrıclarında öz məmurlarını yerləşdirməli idi ki, qoşun başçıları gəlib keçənlərdən xərac alaydı. Bu zaman Narınqalanın tərəfdarları da gizli olaraq öz qoşunlarını hazırlayırdılar. Tiflisin şəhər dükanları bağlandı və sakinləri xana tərəf idi, yarısı Sololak dərəsində gizləndi. Xan taxtını bu gün Nəbatat bağının yaxınlığında qədim qalanın xarabalıqlarının olduğu Seyidabad yüksəkliyində qurdu. Onun məmurları gəlib-gedənləri tutub pərəstiş etmək üçün xanın yanına gətirirdilər. Xan bu cür formada bütün Tiflis şəhəri üzərində günortaya kimi öz ixtiyarını davam etdirdi. Günorta çağında xana məlumat verdilər ki, ölkə qiyam qaldırdı, millət ondan yan durdu və gürcülər Sololak yüksəkliyində qərar tutdular. Xan elə həmin an döyüşmək üçün yola düşdü, lakin artıq gec idi. Xan Gürcüstanın qoşunlarına əsir düşdü” (“Kvali”, 1893-cü il, №6).

 

Gördüyümüz kimi, xan oyunu öz ilkin siması ilə müharibənin mistikasını təşkil edirdi. Çoxu onda da bu mistifikasiyada yalnız asudə camaatın oynamasını görürdü. Çoxları üçün o, hələ yenə də yaşayan, xüsusən Gürcüstanın o dövrkü qabaqcıl ictimaiyyətində yaşayan sirli ürək niyyətlərinin bəlkə alleqorik təsviri idi. O dövrkü böyük əsilzadəliyin xan oyununa qarşı göstərdiyi maraq düşünməyə əsas verir ki, xan oyununu  bizim tarixi qəhrəmanlıq dramları kimi vətənpərvərlik təbliğatının alleqorik formalarından birinə çevirmək istəyirdilər. Xan burada o dövrkü hökumətin tənqidi ifadəsinə də çevrilə bilərdi. Hökumətə qiyamı təqlid etmək, bu qiyamın komik personajının xana qarşı yönəldilməsinə baxmayaraq xoş gəlmirdi. Və buna görə də müharibə mistifikasiyası qadağan olundu. Bundan sonra xan oyununa adi proseslər və rəqs-tamaşa xarakteri verildi.

 

Ğvelierinin bazar ertəsi günü Tiflisin hər məhəlləsi öz məhəllə xanını çıxardırdı. Bu gün xan olaraq N.Berdzenovun (N.Berdzenişvili gürcü realist ədəbi tənqidinin ilk nümayəndələrindən olub - M.M.) dediyinə görə, “zehni açıq, baməzə və hərəkətdə olan” insanı seçirdilər (“Кавказ”, 1850-cü il, №28).

 

Bu adamı gülməli fason bəzəyirdilər: Başına qənd kağızından düzəldilmiş uzunsov papaq örtmüş, bir əlində qılınc əvəzinə kəfkir, o biri əlində alma və ya soğanın keçirildiyi paslı şiş tutmuşdur. Boğazından saxta muncuqlar asılmışdır. Əynində tərsinə çevrilmiş dəri gödəkcə, onun üstündən də belinə quru otdan hörülmüş kəndir bağlanmışdır. Sifəti hisli idi və sair (Bəzi xanın ağzına heyvan ayağının aşığı qoyulurdu ki, ordu domba görünsün, danışıq tərzi dəyişsin və iyrənc olsun ( “İveriya”, 1889-cu il, №50)). Budur, bu cür bəzənmiş xan dəvənin belində otururdu və həm də “berikula”( xalq oyunu - M.M.) fasonu  geyinmiş camaat – xanın amkarı (həmkarı) zurna çalaraq hay-küylə onun arxasınca gedirdi. Prosesə bir neçə əli ağaclı başçılıq edirdi. Biri isə əlində böyük əsa tuturdu. O, bu əli ağaclıların başçısı (yol göstərəni) idi. Xanın məiyyəti  gəlib-keçənlərin yolunu kəsir və xanın xeyrinə xərac ödətdirirdi: Hansısa əli ağaclı küçədən keçənin qabağını kəsirdi, çombağı onun önündə yerə vurur, zınqırovları cingildədir və “xanın salamını” ona yetirirdi. Bu o demək idi ki, pul ödəməlisən. Xəzinədar pulu kisəyə qoyanda hündürdən çığırırdı: “Allah şen eləsin!” Əlində dəftər tutan xan isə daxil olmuş pulun miqdarını qeyd edirdi.

 

Bu başçı dükanlara da girirdi və bütün alverçilər onların boynuna qoyulan məbləği ödəməli idilər. Çox vaxtlar xəracı natura ilə də ödəyirdilər.

 

Bəzən xanı eşşəyin belində tərs otuzdururdular və əlinə bu “uzunqulaq Raşi”nin (Raşi – gürcü mifologiyasında qəhrəmanların iti qaçan və hər şeyə dözən atı - M.M.) quyruğunu verirdilər. Bəzən də xan gəzinmirdi. O, bir az yüksəkdə olan yerdə yerləşirdi. (Hazırda Tiflisdə Qldani-Nazaladevi rayonunda, Tbilisi su hövzəsinin şimal-qərb sahilində Xan dağı, Xan təpəsi adlanan yer var - M.M.) Səbətdə bardaş qurur və qəlyan çəkirdi, yanında dar ağacı qurulurdu, boynuna qoyulmuş xəracı ödəməyəni bu dar ağacı ilə hədələyirdilər.

 

Bəzi xanın yanında xanımı da olurdu (qadınsayağı geyinmiş oğlan) və dörd yanını nazir-vəziri bürüyürdü.

 

Bir məhəllənin xanı o biri məhəllənin xanı ilə görüşməməli idi, yoxsa, əgər köhnə vaxtlar qılınclarla və ələklərlə mübarizə aparırdılarsa, indi döyüş dəyənəklərin göydə oynaması ilə başlayırdı.

 

Sonralar xan oyununun xarakteri dəyişdi və öz məğzi ilə o, cari siyasi həyatı əks etdirən karikaturaya və şarja çevrildi.

 

“İveriya” bizə nəql edir ki, 1888-ci ildə “Bəzi məhəllənin xanı işdən qovulmuş “pyanitsa kapitanların” mundirini əyinlərinə geyinmişdirlər. Bəzisinin üzünə his çəkmək əvəzinə əldə qayırılmış maska taxılmışdır. Xanın özü tərsinə çevrilmiş dəri gödəkçə geyinmişdir və sair... – “İveriya” davam edir – Bir xanı dəvənin belində oturtmuşdular və başına da qənd kağızından qayırılmış papaq örtmüşdülər. Arabaya yenə Lukansk zavodunun topu qoyulmuşdur. Povozkaya (faytonun bir növü - M.M.) camışlar qoşulmuşdur, öndə yanları ilə nizəli əsgərlərin getdiyi əlləri qandallı dustaqlar irəliləyirdilər. Şəhər müdiriyyətinin önündə xaçlı polkovniki xan etmişdilər və kimsə vitsmundirli insan xərac toplayırdı... Hansısa bir məhəlləni Avropanın gərginləşmiş siyasi durumu bürüyüb və camışların qoşulduğu povozkaya general Bulanje və knyaz Bismarkı birlikdə atmışdılar, sanki onu demək istəyirdilər ki, Almaniya və Fransa birləşdilər” (“İveriya”, 1888-cu il,  №49).

 

“Xan oyunu” bayramının sonu belə idi: Günorta vaxtı xanı aparıb birbaş Kürə atırdılar. Əlbəttə, elə bir yerə ki, o, boğulmaya idi. Qrimlənmiş xan da fürsətdən istifadə edərək hisli-paslı üzünü yuyurdu. Sonra xərac qoyulmuş vətəndaşlardan yığılan pulla xan oyununun iştirakçıları azuqə alır və bütün həftə boyu onların Ortacalada, Kür qırağında, Vera bağlarında, Didubedə və sair yerlərdə bitib-tükənməyən kef məclisi qurulurdu.

 

Diqqətəlayiq haldır ki, bu xan oyunu böyük pəhrizin ilk günündə, şavorşabat (Qara şənbə - M.M.) adlanan  gündə keçirilirdi. Bu xalq tamaşasının öz tarixi iddiası vardır. Artıq qeyd etdiyimiz kimi, gürcü xalqı farsların, istərsə də türklərin bir neçə hücumunu xatırlayır və güman ki, bu oyunbaz xan gürcü xalqının istehza ilə uydurduğu  məğlub olmuş düşmənin təsviri idi. “Qara şənbə” epitetinin özü də xanın qorxusundan günün qara gəlməli olduğu xalq simvolikasıdır.

 

***

Georgi Seretilinin sözlərinə görə, xan oyunu Murvanğrunun (Kar Murvan) ( Əməvilərin son xəlifəsi, ərəb qoşunlarının sərkərdəsi Mərvan II ibn Məhəmmədin gürcü mənbələrində adı - M.M.) hücumlarından bizdə tədbiq olunmuşdur (“Kvali”, 1893-cü il, № 6), “İveriya” XVII əsrə aid edir (“İveriya”, 1888-cu il, №49). “Kavkaz” qəzeti Şah Abbasın dövrününün (“Кавказ”, 1889-cü il, № 49), A.Xaxanaşvili isə xan oyununu  büdpərəstlik dövrünün qalıqları adlandırır (“Очерки по истор. груз. Словестности”. Вып. III, стр. 363). Lakin düşünürük ki, o ümumi xalqçılığın, kütləvi şənliyin daha elə bir ifadəsi olmalıdır ki, nə cürsə karnavallar və başqa bu növ əyləncələr şəklində bizə rast gəlir və buna da uşaq həvəsi ilə və sağlamlığı ilə gürcü milləti meyl edir. Qəm-qüssə, bədbəxtlik gürcü xalqının həyatının ehtirasını və sevincini itirə bilməyib. Tarixin uzun dövrü boyu o, fədakarlıqla mübarizə aparır, lakin döyüşün elə ikinci günündə bu qanla yoğrulmuş arenada gülümsər halda onu oynaya bilər. Gürcü xalqının tarixi ağrıları azaldı və o da özünün dünənki qəm-qüssəsini əyləncəli tamaşaya çevirdi. Xan oyunu məhz belə əyləncədir. Bizim xalq kütləvi əyləncəni sevdiyi kimi heç nəyi sevmir... Qapalı, ailənin dar pərgarına çevrilmiş əyləncə onun sərgilənmiş təbiəti üçün buxovu təşkil edir. Ad günü, şənlik, cıdır, top – hər yerdə kütləvilik, hər yerdə coşqun kütləvi  kef, xan oyunu da bu kütləvi əyləncənin nəcib ifadələrindən idi. Və məhz elə bununla o fakt da izah  olunmalıdır ki, tez-tez bizim şairlər və ictimaiyyətin görkəmli şəxsləri xan oyununun başlıca personajları olurdular. Belə bir möhtəşəm xan oyunu Qriqol Orbelianinin planı və məsrəfi ilə baş sərdarlıq vəzifəsinin icrası zamanı, son xan oyunu isə bizim tanınmış şair Q.Abaşidzenin bilavasitə iştirakı ilə təşkil edilmişdir. Və bilmirik, yaxşıdır, yoxsa pis, bu kütləvi əyləncə unudulmağa məruz qaldı və şənlənmək otağın dar çərçivələrinə çevrildi?!

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU