BEÇARA
“Ay oğlan, həna qoymamısan ki, heç yerdə görünmürsən?” – Bu kitabın bəzi səhifələrinin dolğunlaşdırılması üçün baş çəkdiyim 74 yaşlı qoca şair Beçara mənə belə müraciət etdi.
Alçaq, kök, heç də çox qamətli olmayan, yaşlı, amma həyat eşqi ilə dolu. Köhnə qaraçoxelinin yeganə nüsxəsi-arxalığı, enli balaqlı şalvarı və gümüş kəməri ilə... Qəlyan həmişə onun ağzında olub. Xoş sifətlə gülümsəyir.
Bax, Beçaranın silüeti belədir.
Beçara Muxran bazarında alver edir.
– Nə ilə alver edirsən? - deyə bir dəfə soruşdum.
– Mövsüm alverçisiyəm, qışda balıq satıram, yayda tərəvəz.
Beçara şəhərin xalq şairidir. Onun bu şeirini kim bilmir:
“Həştərxanın yolunda gəmi bənd olur,
İçində oturanların ürəyi acı kədərlə dolur...”
Beçara savadsızdır. Yox, bu azdır, Beçaranın kitab barədə və qələm barədə heç cür təsəvvürü belə yoxdur. Bu nəsə nadir hadisədir. Özü yazmaq-oxumaq bilmir və camaatın ürəyində kitab oxumaq istəyini oyadır. Əgər Yetim Gürcü kağız zərfləri üzərində gürcü dilini öyrənirdisə, Beçara üçün bu cür “təhsil” də yaddır, çox uzaqdır. Onun imzası xaçdır (+). O, bu faksimiliya vasitəsi ilə özünün kiçik alış-veriş əməliyyatını həyata keçirir və heç kim fikirləşməsin ki, Beçara özünün xaçlı nişanını başqasının elə bu cür yazısı ilə səhv salsın.
Bu köhnə vaxtın canlı salnaməsi köhnə çərçivələrə çevrilib və sanki onun ətrafında heç nə gərək ki, dəyişməyib. Köhnə vüqarlı qaraçoxeli kimi elə yenə qəlyanını rahatca tüstülədir, elə yenə onun əcdadı ustad aşıqlar kimi müxəmməssayağı qoşqu qoşur.
Beçaranın hər bir şeiri “fars avazı üzərində deyilməsi üçün” yaranıb:
Beçaranın yaradıcılıq prosesi mahnıdır. Əlifbasız şair olaraq oxuyur və mahnı ilə şeirin sətirlərini düzüb qoşur: “Şarişuri” (mahnıda bir növ avaz - müəllif) avazında, cahargah avazında, dübeyti avazında və sair. Bax, dialoq formasında müəllifin qığılcımlı sözləri və cananın soyuqluqla dediyi sözlərinin əhatə olunduğu orjinal bir şeir:
“Səmayi avazında (Fars şeir növünün bir növ avazı - müəllif)
Canana dedim, min rəngə boyanıbsan.
Dedi, nə sayıqlayırsan, andırın biri andır.
Dedim, gözəl, çölün cüyürüsən.
Dedi, aralaş, mənim düşmənimsən.
Canana dedim, sənin qadan alım.
Dedi, səni başqasına dəyişdim.
Dedim, sənsiz tamam bitdim, tükəndim.
Dedi, bu azdır, hələ cavansan.
Canana dedim, axırım nə olacaq.
Dedi, səs çıxarmağa haqqın yoxdur.
Dedim, Beçara səndən ötrü ölür.
Dedi, gülməlisən, axmaq, səfehsən!”
Beçaranın şeirlər kitabı nəşr olunmayıb, amma Tiflis sazəndələri arasında dəf tutanların hamısı onun şeirlərini əzbər bilir: “Oxuya bilmədim”, “Orada dur”, “Təəccüblənmirəm”, “Nə oyundur” və sair. Əgər Givişvili və Skandarnovanın bütün çırtmaları əlüstü mətbəəyə yönlənirdisə, Beçara öz qılafına sərbəst şəkildə sığırdı. O, kitabları nə oxuyurdu, nə də nəşr etdirirdi. Onun şeiri işıldaquş kimi şairin məhvərində qəflətən elə peyda olurdu ki, özü də bilmirdi, hansı müğənni öz havasında onu hərəkətə gətirəcəkdi. Onun şeirlərinin miqdarı ayırd edilməmişdir. Onun havalarını Tiflis müğənniləri asanca hiss edir və çox hallarda dinləyicilərə müəllifin kimliyi bu günə kimi naməlum olaraq qalmaqdadır (Mənim bəzi dostlarım indi də bilmirlər ki, xalq arasında yayılan mahnı üçün şeirlər bu şairlərə məxsusdur: 1. “Bir dəfə bağda gül gördüm, qurumuş, ətirsiz, şillə ilə şillələdim” – Kots. Eristaviyə; 2. “Küləklər əsir, ətürpəşdirici külək” və “İstəyirəm sevəsən məni” – Silovana (tərcümə olunub); 3. “Görəsən, indi haradasan, hansı tərəfdə” – Nino Orbelianiyə; 4. “Mən balaca gürcüyəm” və “Əzaba öyrəşdi ruh və ürək” – Dutu Meqreliyə; 5. “Yuxuda narahat idim, inləyirdim, ağlayırdım” – Kote Mağaşviliyə; 6. “Rəngli arzu ilə oxuyurdum!” – Bu sətirləri yazana (Bax: I cild, səh. 100 və sair).
Təəccübedici haldır ki, daxılın hər bir yüzaltınını (XVII-XIX əsrlərdə Tiflis zərbxanasında kəsilən pul vahidi - M.M.) sanki hesablamalı olduğunu bilən iki quruşluq göyərti satıcısı beləcə qayğısızlıqla öz şüurunun bəhrəsinə yanaşır və bohemik əlyellətmə ilə kiçik duyğularının kiçik bezdirici yalvarışılarını səpələyir.
Az təəccübedici hal deyildir ki, bu yaşda olan insan şəxsi baxış intensivliyinə və “ölüm mələyinə ” nikbincəsinə boylanır. Beçara üçün “Əzrayıl-Cəbrayıl” real şəxslərdir, “namussuz”, “acgöz”. Onun üçün ölüm təhlükəsi mövcid deyildir. Xoş əhval-ruhiyyədə olan şair inanır ki, həyat ölümün öhdəsindən gəlir.
Bax, elə şirin avazla Beçara ölümə müraciət edir:
“Ey Əzrail, nədir fikrin, öldür məni, gözləyirəm səni – şen geli.
Bilirsən ki, sənin yeminəm, mən qoyunam, sən canavar – şen mqeli.
Görən, niyə gecikirsən, fikrində, düşüncəndə nə var,
Sənin namussuzluğunu küçə-küçə dolandırım,
Anlamıram, nə lovğalanırsan, mənim haqqımda artıq nə bilirsən,
Ey əqrəb, gəl, zəhərlə məni, nə baxırsan, səni gözləyirəm!
Sənin qorxundan beşikdə uşaq ağlayır,
Yadıma düşürsən, yorğanımda rahat ola bilmirəm,
Vaxt olar, sən kameraya düşərsən, –
Burada mənə yaz, gəl, gör məni, gözləyəcəyəm səni!..”
Beçara öz tərcümeyi-halını mənə belə yazdırdı: “Mən Vasil Avetovic Beriyev, Amağlebada (Xristian bayramı - Dirilmə - M.M.) 74 yaşında olacağam. Mənim ulu babam Qori qəzasının Svelneti kəndindən Tiflisə köçüb. Mən burada anadan oldum. Qəhvəxanaya getməyə başlayanda 18 yaşında idim. Aşıqlarla söhbəti və onlardan məsləhət almağı çox sevirdim. Bundan sonra özüm də qəhvəxana açdım. Aşıqların xeyir-dua mərasimi olanda mənə də xeyir-dua verdilər və adımı Beçara qoydular, bu da ki, yazıq mənasını verir. Yazıb oxumağı heç bilmirəm və öyrənməmişəm. Rəqəmin nə olduğunu da ayırd edə bilmirəm. Şeiri yazan zaman hecaları təsbehdə sayıram. Mahnını, qəlyanı və təsbehi sevirəm”.
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU