QƏDİM TİFLİSİN KİTABXANASI

 

Təkcə Qaragöz teatrı, Nağli, qəhvəxanalar və sair, aydındır ki, camaatın zehni tələbatını təmin edə bilmirdi.

 

Camaatı “kitabı bilmək” istəyi oyatdı.

 

Tiflisin köhnə nəsli yalnız əlyazmaları oxuyurdu və əlyazmaları dinləyirdi. “Mnatobi” yazırdı: “Siz  “Bejaniani”ni, “Kalvajiani”ni, “Baramiani”ni ürəkdən oxuyan və onların köçürülməsinə birə iki qiymət verən dükançılarla rastlaşacaqsınız (“Mnatobi”, N.Avalişvilinin redaktorluğu ilə, 1869-cu il, №XII, səh. 6).

 

İndi isə onların növbəti nəsli köçürməyə “pul xərcləmirdi” və mətbuatın sözündən yararlanırdı. Ucuz qiymətli kitabların naşirləri: Tsovinaraşvili, Axpatelov, Mdivanov, Cicinadze, Çarekov, Yedigarov, Kobaladze, Lazarev (Ğazarov), Pambakelov, Zərgərov, Liza Mərcanov, sonra İoseb və Baqrat Arnautovlar, Vano Esağov, A.Şahbaratov (Şibriya), M.Zaridze və başqaları meydana çıxdılar. Onlar Şərqin fantastik nağıl hekayələrini, eləcə də o dövrün şairlərinin xalq şeirlərini nəşr edirdilər.

 

Bu xalq ədəbiyyatına kirmiş və unudulmaz xadim Petre Umikaşvili himayədarlıq və redaktorluq edirdi. Bax, o, öz avtobioqrafiyasında nə yazır: “1875-1877-ci illərdə müxtəlif nəşrlərin və qədim əlyazmalarının mətni əsasında mənim redaktorluğum ilə “Bejaniani”, “Aleksiani, “Kalvajiani” və çar Teymurazın “Qızılgül və bülbül”ü nəşr olundu. Bu kiçik hekayələrin və şeirlərin nəşri çox idi və nə qədər nəşr edirdilər, kimlər nəşr edirdi, heç də bilmirdim” (Petre Umikaşvili, “İveriya”, 1904-cü il, №123 və V.Qunianın “Gürcüstanın təqvimi”, 1904-cü il, səh. 575).

 

Petre Umikaşvili doğrudur, Tiflisin aşağı təbəqəli əhalisi bu cür nəşrlərə acgözlüklə meyl edirdi. Bəzi kitablar iyirminci və qırxıncı nəşrlərlə çıxırdı və sadə xalq arasında on minlərlə yayılırdı. “Doğrudur, bu kitabçaların əksəriyyətinin məğzi baxımından böyük çatışmazlıqlar da vardır, lakin onların camaat arasında yayılması hər halda sərfəsiz və əhəmiyyətsiz deyildi... Kim bilir, məsələn, “Arsenin şeiri” və ya “Kalvajiani” nə qədər yazı-pozu bilməyəni maraqlandırdı və onlarda gürcü kitabını oxumaq hərisliyi baş qaldırdı!” “Bu kitabın çatışmazlıqlarını yaxşı bilirdim, – P.Umikaşvili yazır, – lakin öz töhmətlərimi və başqalarının töhmətlərini özümdən onunla sovuşdurmuşam ki, bu ilk dağ çayı idi ki, bu da hərəkət etməyə başlayıb və əgər bu dağ çayı kir gətirərsə, bunu da zaman təmizləyəcək və aparacaq” (P.Qoqiçaişvili, “P.Umikaşvilinin xatirəsinə”, 1905-ci il, səh.16).

 

Bu cür kitabları bir vaxtlar Z.Cicinadze də nəşr etdirirdi, halbuki, kitabın ön sözündə çox hallarda özünü belə “doğruldurdu”: “Mənim üçün çox təəssüfedici haldır ki, bu kitabı nəşr etdirirəm, lakin insan neyləsin ki, bu kitab camaat arasında çox güclü şəkildə yayılıb” ( Bax. “Aleksiani”, 1886-cı il, səh. 3).

 

Qəlbində istəyin baş qaldırdığı camaat onlar üçün əlçatan olan və onlara ötürülən kitablara meyl edirdi. (Bir qaraçoxeli Esağov var idi (“var idi” deyəndə ki, indi də sağdır, Xarpuxda yaşayır), enli şalvarı və gümüş kəməri ilə Tiflis küçələrində gəzib dolaşırdı və səbətində kitablar satırdı. Odur ki, qədim Tiflisin bazarının öz yazıçıları, rəssamları, naşirlərindən başqa öz qoynundan çıxan gəzərgi bukinistləri də var idi).

 

Lakin, əgər bu “qədim ədəbiyata qarşı” sevgini yalnız Tiflis vətəndaşlarına aid etsək, doğru olmaz. Aleksandr Orbeliani özünün bir yazısında başqa yüksək əsərlər arasında bu “şaalıq kitabçalara da” toxunur: “Bizim əcdadlarımız, – Orbeliani yazır, – əgər bir əli ilə vuruşurdularsa, o biri ilə “Arçiliani”, “Qızılgül və bülbül”, “Tikanlı çoban”, “Davrişiani”, “Uydurmanın  hikməti”, “Ğaramaniani”, “Baramiani”, “Mirianiani”, “Qulicaniani” və sair kimi ədəbi əsərlər yazırdılar (“Siskari”, 1858-ci il, iyul, səh. 128).

 

 Bizim tərəfimizdən xatırlanan, sadə camaata bu nağılvari poemaların nəşr versiyalarını ötürən naşirlərin erudisiyası var idimi?  Zövqü var idimi? Yoxsa yalnız gəlir məqsədini əldə rəhbər tuturdular?

 

Kəskinliklə demək mümkündür ki, iki-üç kitabçadan başqa (“Baramiani”, qismən “Ğaramaniani”) onların naşiri tənqiddən kənar dayandı. Mətn öyrənilməmiş, nəşr çox kasıb, korrektura vəhşicəsinə, illüstrasiyalar primitiv idi. (Bəzi rəyçilər söyləyirdi: “Bunun eybi yoxdur, insan ucuzluq və mətbunun ayırd edilməsinə yetirdiyi diqqət qədər zahiri formaya diqqət yetirməməlidir”(Bax. “Droeba”, 1872-ci il, №6). Bəzi naşirlər nəinki kitab oxuya bilmirdi, hətta öz ad və soyadını yaza bilmirdi (Məsələn: A.Şahbaratov), bəzi naşirin özü mətnə düzəlişlər edirdi (1875-ci ildə nəşr olunan “Arsenin şeirləri”ndə naşir N.Ğipiani, ön sözdən göründüyü kimi, özbaşına düzəlişlər edibdir: “Bunu da etiraf etməliyəm ki, “Arsenin şeirləri”nin naşiri yazır, – təəssüflər olsun ki, müxtəlif səbəblərə görə, variantların bəzi yerlərini və bəzi sözlərini dəyişməyə məcbur oldum” (Bax. N.Ğipiani tərəfindən nəşr olunan “Arsenin şeirləri”, 1872-ci il, səh. 17). Naşirlərin müəllifləri bir-biri ilə qarışdırdıqları hallar da olub. Məsələn, naşir M.Zaridze 1908-ci ildə “Saridoniani” poemasını (ilk nəşri Kayxosro Çarekova məxsusdur, 1879-cu il) yenidən nəşr edib və müəllif olaraq gənc kəndli M.Çacvadzeni göstərib. Bu barədə D.Qivişvili də qeyd edib:

“Bir kitab götürürsən və ona

Qoyursan başqasının adını. 

Və camaatı onunla aldadırsan,

Görənin gözlərini bağlayırsan”.

 

Məlumdur ki, mahnı üçün olan şeirlərin müəllifləri öz soyadını, istərsə də təxəllüslərini elə mətnin içində belə ahəngləşdirirdilər:

“Üçüncünü oturdaq, layiqdir-yaxşıdır,

Məni yaxşı dinlə –

Tanrı, uzun ömür versin

Skandarnova Giorgiyə” (Bax. “Şənlik sazandəsi”, 1912-ci il (beşinci nəşr), səh. 232).

(Şeir orjinalda bayatı formasındadır və qafiyə müəllifin adına uyğunlaşdırılmışdır - M.M.)

 

Bu şeiri A.Şahbaratov tərəfindən nəşr olunan kitabda bu cür sonluqlarla oxuyuruq:

“Üçüncünü oturdaq, layiqdir-yaxşıdır,

Məni yaxşı dinlə –

Tanrı, uzun ömür versin,

Şibriya Şahbaratova” (Bax. “Alaverdi-Yaxşioğlu”, 1914-cü il, səh. 13).

 

Şərhə ehtiyac yoxdur! Naşir şeirin ritmini pozmasından savayı başqasının əməyini özününkü kimi bəyan edib və oxucunu çaşdırıb.

 

Bu cür kuryozları saymaq bizi uzağa aparar. Bu iki mətbu nümunəsini də ona görə gətirdik ki, oxucu auditoriyasının nə dərəcədə dərk edilmədiyini, naşirlərə necə inandığını və bir müəllifi o biri müəllifdən seçə bilmədiyini təsəvvür edək (Ucuz qiymətə edən naşirlərə çox vaxt oxuyan uşaqlar da meyl edirdilər və Şibria Şahbaratovların vasitəsilə yetişməmiş şüur əsərləri bazara çıxarılırdı ki, bunları da bir neçə ildən sonra “müəlliflər” bazar-bazar gəzərək məhv etmək və yandırmaq üçün toplayırdılar. Qeyd etmək lazımdır ki, A.Çaçanaşvilinin “Bir-iki şeir”, V.Mataradzenin “Müxtəlif şeirlər”i, B.Axospirelinin “Papukanın oyunları”  və – üzr istəyirəm! – mənim “Fantaziya”m  kitabları bu qəbildən idi. 

 

O dövrkü auditoriyanın mənəvi qidası nə idi? Bu ədəbiyyat nəyi təşkil edirdi? Haqqında da aşağıda danışmalı olacağımız xalq şairləri nə ilə qidalanırdılar?

 

Bu, bir tərəfdən, aşıqların şeir söyləmələri idi və ikinci tərəfdən, ucuz kitab olaraq nəşr olunan saysız-hesabsız nağıllar idi: “Ğaramaniani”, “Baramiani”, “Axrasiani”, “Eteriani”, “Koroğliani” (“Koroğlu”),  “Varşağiani”, “Aleksandr-Lüdvikiani”, “Karxmalaciani”, “Rostom-Zurabiani”, “Bejaniani”, “Davrişiani”, “Mirianiani”, “Şuşanikiani”, “Alğuziani”,“Saridoniani” (“Sarı donlu”), “Aleksiani”, “Kalvajiani”, “Şvidveziriani” (“Timsariani”) və sair. Götürək “Şvidveziriani”ni, bu əla konstruksiya ilə yazılmış roman çeynənmiş dil ilə tərcümə olunmuşdu, əvəzində “Ğaramaniani”nin dili qrammatik baxımından düzgün olmasa da öz forması ilə, müxtəlif texniki manevrləri və plastikliyi ilə zəngindir (“Moambe”, 1904-cü il, №IV, səh. 112).

 

Bir tərəfdən, gözəl gürcü “Ğaramaniani”si və ikinci tərəfdən onun fantastik məğzi çoxlu oxucunu, istərsə də dinləyicini özünə cəlb edirdi. “Dinləyici” ona görə deyirəm ki, çox hallarda “Ğaramaniani” uca səslə oxunurdu və ailənin qalan üzvləri isə onun ətrafında oturub nəfəsini qısaraq dinləyirdilər – bir neçə gün  ərzində pərilərin havada uçan zaman toqqasını əmən və belə qidalanan “Hayart qocanı” sıyıq axtarmaq üçün necə apardıqlarını.

 

Camaat bu kitabın qəhrəmanlarının fəlakətli sərgüzəştlərini böyük hərisliklə dinləyir, onların sevincinə sevinir, əzab-əziyyətini də öz əzab-əziyyəti hesab edir və hər bir xırda şeyləri elə hiss edirdi ki, sanki bu nağıl epopeyasının görəni və onun iştirak edəni olub: “Onda Kardankeşan Zohrab şaha əmr etdi: Bu lənətə gəlmişləri necə bir-birlərinə bağlanıblar, eləcə də dərilərinə saman təpin. Madam ki, onlar mənim əsir olmağımı Anbir və Zanc divə xəbər yetirdilər. Lakin mən Allahın köməyi ilə onların əlindən xilas oldum. İndi iylənmiş Racib onları xilas etdi. Hökmdarların özləri, imtiyaza malik qadınlar qalxdılar və saraya gəldilər. Onda div Sahman, Kardankeşan və Zurab divləri köməyə çağırdılar. Hər üçünü əsir götürdülər. Sonra dərilərini soyub şimşad təpdilər. Sonra Küçükün əmri ilə bir yerdən asdılar”... Və ya yenə: “Ehey, Ğaraman, – div dilləndi, – ölüm üçün bura gəlməsəydin, məgər öz ölkəndə ölüm daha yox idimi? Ğaraman sağ əlini sol böyrünə tərəf apardı. Sol əlini də sağ böyrünə tərəf apardı və elə bir tükürpəşdirici nərə çəkdi ki, eşidənlər huşunu itirdilər. Atlar, taydişlər, fillər hürkdülər, öz iplərini qopartdılar və çölə doğru qaçışdılar. Qoşunlar elə qorxdular ki, elə ağıllarını itirdilər ki, ikinci dəfə dünyaya gəlməklərini fikirləşdilər”...

 

Nəfəsini qısmış dinləyicilərin “Ğaramaniani”nin “Seylan Cado və Kelan Cado üzərinə hücum etdilər və ilanları əllərində matrax kimi tutdular” məcazını və ya Ğaramanın bu yüz doxsan doqquz tsğrta (tsğrta –qədim gürcü uzunluq ölçü vahidi. Məsafə dirsəkdən orta barmağın ucuna qədər hesab olunurdu, təxminən 51 santimetrə bərabər idi - İ.Q.) hündürlüyündə kişinin necə bir nərə çəkdiyini, “Qaf dağını” necə qaldırdığını  və üç gün ərzində öz qoşununu altından keçirmək üçün yuxarı qaldırılmış halda tutduğunu dinləməsi, eşitməsi kifayət idi ki, dinləyicilər uşaq heyranlığına gələydilər və ümumi qırıltı qaldıraydılar.

 

Uloğika təxəllüslü Anton Purtseladze “Ğaramaniani”nin məğzini “Sarsılmış, bədgüman arzunun yuxusu ilə müqayisə edir” (Bax: “Siskari”, 1863-cü il, sentyabr, səh. 90).

 

Lakin mənim fikrimcə, bu kəskin qərar öz əla məcazları ilə və cəngavərlik məğzi ilə bir tərəfdən estetika oyadan və ikinci tərəfdən o dövrkü cılızlaşmış həyatın bataqlığına batmış əhalinin insani hisslərini zərifləşdirdiyi əsərlərə uyğun gəlməməlidir.

 

E.Tağaişvili haqlı olaraq qeyd edir ki, gürcü dilində sadə xalq arasında yayılan “Ğaramaniani” kimi bir kitab da yoxdur (“Описание”, cild II, səh. 613).

 

“Ğaramaniani” II İraklinin zamanında, saxltuxutsesi (Erkən feodal Gürcüstanında çar və iri feodalların böyük məmuru. Kənd təsərrüfatı-maliyyə və inzibati işləri yerinə yetirirdi – M.M.) və sərdarı David Orbeliani tərəfindən tərcümə olunmuşdur (David Orbeliani (1716-1796). II İraklinin kürəkəni idi, İraklinin qızı Tamarı almışdı. Gürcü dilindən başqa erməni və fars dillərini də bilirdi. Dəfələrlə diplomatik missiya ilə İrana göndərilmişdir ki, oradan da “Ğaramaniani”nin əlyazmasını gətirmiş və tərcümə etmişdir (Prof. K.Kekelidze: “Gürcü ədəbiyyatı tarixi”, II cild, 1924-cü il, səh. 284). David Orbelianiyə Besiki oda (oda -lirik şeir və musiqi janrı – RED.) həsr etmişdir. Şair onu belə adlandırır: “Ğaraman Davidə” (Bax. S.Qorqadzenin “Besiki”, 1912-ci il, səh. 160).

 

Ayrıca kitab şəklində nəşr etdirmək təşəbbüsü xalq şairi David Lazarevə məxsusdur (David Lazarev (1832-1919) tiflisli vətəndaş idi, nalbəndin oğlu. O, bir hərf yığıcısı kimi “Siskari”də, “Sakartvelos moambe”də (“Gürcüstan xəbərçisi”) və “Droeba”da  (“Zaman”) iştirak edib, sonralar yığıcı peşəsini buraxaraq öz oğlu ilə birlikdə Aleksandr bağı yaxınlığında kitab alış-verişi qurub. D.Lazarev eləcə də mahnılar üçün şeirlər yazırdı və ermənicədən hekayələr tərcümə edirdi (Məs: Rafinin “Dama girən kürəkən”ini). Lazarev “Ğaramaniani”nin naşiri kimi daha çox tanınmışdır. O, “Ğaramaniani”nin əlyazmalarını tədqiq edirdi. Özü yığır, üz qabığını elə özü çəkir və klişeləri də şimşad ağacından özü kəsirdi.

 

Qeyd etmək lazımdır ki, “Ğaramaniani”də çox diqqət çəkən, müəllifi də bizə məlum olmayan Pirosmani üsulunda illüstrasiyalar yerləşdirilmişdir).

 

Lado Ağniaşvili isə “Ğaramaniani”ni pyes halına salmışdır ki, (3 pərdə və 11 şəkil) bu da bizim səhnədə dəfələrlə təqdim olunmuşdur.

 

Qədimdə bütün gürcü ailələrində “Pələng dərisi geymiş pəhləvan” ilə birlikdə “Ğaramaniani”nin də möhtəşəm əlyazması saxlanılırdı (2500 səhifəlik!). “Cehiz siyahısı” da ki, “Ğaramaniani”siz nadir hadisə idi. Bu kitaba sadə xalq, eləcə də yüksək ictimaiyyət eyni cür həvəslə meyl edirdi.

 

N.Berzenişvili “Siskari”nin redaktoru İ.Kereselidzeyə məsləhət görürdü ki, tərcümə əvəzinə “Ğaramaniani” və başqa bizim qədim ədəbiyyatı dərc etsə jurnal daha xeyirdə ola bilər. 1857-ci ildə “Siskari”də XV Lüdovikin dövrünün fransız yazıçısı Marmontelin “Səhraçılar”nı dərc etdirmişdir ki, onun da tərcüməsi o dövrkü görkəmli xadim Sardion Aleksi-Mesxişviliyə məxsus idi. (Bax. “Siskari”, 1875-ci il, №1, 2; Sardion Dimitriyeviç Aleksi-Mesxişvili (1826-1863) bizim sevimli aktyorumuz Lado Mesxişvilinin və rektor Davidin  qardaşı oğlu. O, Peterburq Hərbi Dastakarlıq (Cərrahiyyə – M.M.) Akademiyasını bitirən ilk gürcü həkimi idi. Sardion Aleksi-Mesxişvili Q.Ğipşidzenin və Pavle İnqoroğvanın düşündüyü kimi senzor vəzivəsində heç bir zaman olmayıb (Bax: İlyanın “Əsərləri”, M.Qedevanişvilinin nəşri, səh. XXVIII və “Gürcü kitabının nəşri”, I cild, səh. 436). “Siskari” jurnallarının üz qabığında senzor olaraq bəyan edilmiş o “Mesxiyev” isə metexli keşiş Efrem Aleksi-Mesxişvili idi (Bax: Giorgi Eristavinin əsərləri, 1884-cü il, İyona Meunarqiyanın məqaləsi, səh. LXV və V.Qunianın “Gürcüstanın təqvimi”, 1893-cü il, səh. 429). N.Berzenişvili “Siskari”ni tənqidi müzakirə edərkən bu hekayəyə qulp qoymuş və qeyd etmək lazımdır ki, belə yazmışdır: “Bizim özümüzün zərif inkişafı və dərin şəkildə öyrənilməsini tələb edən öz zənginliyimiz var. Bizdə şairlər, nasirlər və romantiklər də vardır. Və mən söyləyirəm ki, bizim xalqın əsərləri bunlardır: “Hansısa vaxtı ötmüş fransız hekayəsinə nisbətən xalq “Visramiani”dən, “Ğaramaniani”dən, “Bejaniani”dən daha çox məmnuniyyətlə oxuyur” (“Кавказ”, 1857-ci il, №4, A.Saqareli də “Siskari”ni  məzəmmət edirdi – “Sonu bitməyən, tərcümə olunmuş romanların nəşr olunmasına görə” (Bax. “Siskari”, 1865-ci il, №4, 25).

 

Bu hekayələr özünün təsvir şiddətliyi ilə, süjetlərin bütövlüyü ilə, müqayisələrinin müxtəlif çalarlığı ilə və sözün plastik quruluşu ilə gürcü xalqının ədəbi zövqünü xeyli müddət özünə əsir götürmüşdü.

 

Xalq instinktlə yaxşı yazılmış kitabı və istedadlı müəlifi hiss edirdi.

 

Doğrudan da N.Berzenişvilinin sözü olmasın, “Visramiani”ni niyə də “məmnunluqla oxumasınlar”? “Bəzən dəmir geyimə parlaq su kimi elə girirdi xəncər, bəzən ox yuxu kimi gözdən yayınırdı. Bəzisinin ürəyinə nizə sevgi kimi daxil olurdu... Müharibə zamanı nizə dərzinin iynəsinə bənzəyirdi və bədənini yəhərə tikirdi”.

 

Lakin “Ğaramaniani”yə qayıdaq. “Ğaramaniani”nin müharibəsinin təsviri tamamilə başqa xarakterlidir və digər Şərq nağıllarından tamamilə fərqlənir. Bu qəhrəmanlıq epopeyasından bir döyüş mənzərəsini xatırlamaq maraqlıdır:

“İran hökmdarı Hindistanı işğal etməyə yollandı. Hindistan şahı ona qarşı hücumu eşitdi və özü də döyüşə hazır vəziyyətdə düşmənin qarşısına çıxdı. Qədimdə bir qayda olaraq nəinki bütün qoşun, eləcə də seçilmiş pəhləvanlar vuruşurdu. Bu toqquşmada hər iki tərəfdən çoxlu görkəmli pəhləvan həlak oldu, “döyüşçülərin başları ağacların yarpaqları kimi yerə səpələnirdi. Nəhayət, İran qoşunundan “on iki adlı-sanlı pəhləvan” çıxdı ki, onlar arasında Baramcibil, Qardankeşan və Ğatran (Ğaramanın əmisi oğlu) var idi. Onlar Hindistan qoşunundan çıxan pəhləvanları məğlub etdi. Hindistan şahının qızı “Cilvəlilərin şahı” - Sərvi Xuraman İran qoşununun əleyhinə çıxdı. Sərvi Xuraman kişisayağı cövşən - zirehli geyim geyinmişdi. Onun igidliyinə heç kim şübhə etmirdi. Sərvi Xuraman İranın bir neçə cəsur pəhləvanını bir nərə çəkməklə üstələdi. İran qoşununun adını qaldırmaq üçün Sərvi Xuraman ilə döyüşmək üçün Ğaramanın özü altı ayaqlı Rəxş atı ilə onun qarşısına çıxdı. Qoşunun ikisində də səslər ucaldı: “Vur, öldür, zərbə endir, tar-mar et!” Bütün günü şiddətli döyüş, amansız və misli görünməmiş döyüş davam etdi. Heç biri döyüşdə üstün gələ bilmirdi və ikisi də “dəmirə çevrilirdilər”. Döyüşçüləri aralamaq üçün “qəm-qüssədən ayrılmaq üçün nağara çaldılar”. Rəqiblər aralandılar, iki qoşun arasında demək olar ki, əmin-amanlıq yarandı. Lakin Ğaraman və Sərvi Xuraman elə böyük döyüş istəyində idilər ki, bir-birinin müqavimətindən elə qıcıqlanmışdılar ki, gecə gizlicə qoşundan çıxdılar və “uzaq  yerdə, dağın dibində” amansız mübarizəni davam etdirdilər. Burda bir-birlərini əzişdirdilər və əmud, nizə toppuz, şeşpər, qılınc, gürzü qırıb tökdülər. Bir sözlə, “zəncir və zirehi bir-birinə mələfə kimi bükürdülər”. Döyüş üçün daha silahlar qalmadı. Onda bu iki cəngavər Ğaraman və Sərvi Xuraman bir-birlərinə qol zoru göstərdilər və əlbəyaxa güləş başladı... Nəhayət, Ğaraman özünün var güc-qüvvətini topladı, Sərvi Xuramanın belini sıxdı, yuxarı qaldırdı və qıymadan yerə çırpdı. Sərvi Xuramanın ürəyi getdi. Burda ondan asılı olmayaraq onun dəbilqəsi qopdu və “sünbülə bənzər qoşa zülfü” yerə dağıldı. Ğaraman gördü ki, onun nadir rəqibi qadındır – Hindistan şahının qızı. Onu özünə gətirdi və yenə öz qoşununa buraxdı”.

 

Bax, burda onların sevgi romanının yumağı düyünlənir. Onların köməyi ilə bir vaxtlar düşmən kəsilən bu iki nəhəng dövlət barışır.

 

“Ğaramaniani” təəccüblük və gözlənilməzlik kitabıdır.

 

Onun populyarlığı çox hallarda müasir oxucuları da cəlb edən həmişəyaşar göyçəkliyi bununla izah olunur.

                                                                                             

                                                                                                                                ***

 

Camaat sadə xalq arasında əlyazma halında yayılan “Rusudaniani”ni az sevmirdi. “Əsli və Kərəm”in sərgüzəşti, “Ğaraboğlu”nun (“Qəriboğlu”) əhvalatı, “Şvidveziriani” və sair. Bütün bu əsərlər bədii dili ilə, hazırcavablığı ilə və zehniaçıqlılıq nümunəsi ilə çalarlıdır.

 

Məsələn:

“Rusudaniani”. Şah oğlu ov zamanı maral öldürür. “Buynuzu qızıl, dırnaqları qara, sinəsi ağ və boynu qırmızı olan yaralı maral şah oğluna deyir: “Mən ona görə gəldim ki, yaqut şəhərinə aparaydın. O yerlərin hökmdarının yetim qızı ilə evlənmək üçün. Mən ölürəm... Mənim sağ aşığımı çıxart. Qoşun sənə lazım gəlmir, yoxsa mağara olan yerə gedə bilməzsən, mənim bu aşığımı at və şeşə hansı tərəfdə oturacaq, o tərəfə yollan və qızın olduğu yerə gedib çıxacaqsan”. (Tiflislilərin həmçinin balaca təmsilləri vardır ki, bunlarda da əxlaq, həyat və sair barədə özünəməxsus baxışlar əks olunub. İki nümunə gətirəcəyik:

 

1. Bir dəfə həşəratlar və sürünənlər toplaşır. Dişləmək üçün hansı heyvanın daha şirin qanının olması barədə iclas keçirirlər. Böyük mübahisədən sonra qanı yoxlamaq üçün ağcaqanadı göndərdilər. Ağcaqanad hamını dişlədi və əmin oldu ki, insanın qanı bütün heyvanların qanından daha dadlıdır. Lakin ağcaqanad heç də onu göndərənlərin yanına qayıda bilmədi. Qaranquş onu gördü, üstünə şığıdı və onu uddu.                  

                       

2. Gənc gəlin xəmir yoğururdu. Hələ işini bitirməmişdi ki, saçını daramağa başladı. Qəflətən qayınanası onun üstünü aldırdı. Gənc qadın qorxudan və xəcalətdən şanapipiyə çevrildi və uçdu).

 

“Əsli və Kərəm”in lirik səhnələrində gözəl bir yer var: Aşiq olan Kərəm saz çalır və sevgilisinin donunun düymələrini mahnı ilə açır. Düymələr elə düzülmüşdür ki, mahnı son düyməyə kimi çatanda, bütün don yenidən düymələnir.

 

Bizim auditoriyanı təkcə bu cür məhəbbət romantikası deyil, eləcə də qaçaq Koroğlunun həyatı da özünün “qara bəxtliliyi ilə”, cəngavər sərgüzəştləri ilə və qəmli mahnıları ilə cəlb edirdi.

 

Koroğlunun atının təsvirini hamı əzbərdən bilir. “Bir bax, ey xan, bu atın burun deşiklərinə, gah geniş açılır, sanki odun alovunu püskürür. Gah bir göz qırpımında burun deşikləri dərhal bürüşür. Onun budları körpə ceyranın saf budlarına bənzəyir. Sanki yay kimi süzməyə hazırdır. Bunun dodaqları yeniyetmə dəvənin dodağına bənzəyir. Yüyənin tərpənməsini həmin an hiss edir. Arpa yeyəndə onun ağzı dəyirman daşı kimi xışıldayır. Onurğası dovşanın boynuna bənzəyir. Düz və şümal quyruğu ipək kimi parıldayır, ilan kimi dolanır. Onun boğazı tovuzquşunun boğazından geri qalmır. Bunun başı balacadır və normal gözləri iki almaya bənzəyir. Və dişləri almaza. Tövlədən çıxaranda oyur-oyur oynayır və uşaq kimi dırnağı ilə yer eşir. Belə bir atın sahibi öz köhləninin qədrini yaxşı bilir. Bəli, bu at üçün atamın gözlərini közərdilmiş dəmir ilə dağladın, mənim adım Rövşəndir, korun oğlu, Koroğlu. Mən və mənim atım, düşüncəsiz və vahiməli xan, biz azadıq. Buyurun gəlin məni tutun”.

 

Ğaraboğlu əhvalatında da cürətli müqayisələr vardır: “Divlər Ğaraboğluna dedilər, şam baltası ilə dəmir kötüyü yarmalısan. Ğaraboğlu kədərləndi və xahiş etdi ki, ona bir az möhlət versinlər. Gəlinin yanına getdi və ona ərz elədi. Gəlin ona dedi ki, ondan ötəri niyə kədərləndin. Mənim saçımdan bir tel çıxar, şam baltasına elə dola ki, divlər sezə bilməsinlər, yar dəmir kötüyü və onu həmin an tikə-tikə eylə. Ğaraboğlu beləcə etdi. Divlər məətəl qaldılar, nə olan şeymiş bu, dedilər. Sonra divlər ona dedilər, bax, budur, bu dolu kasanı qovaq ağacına çıxartmalısan ki, bir damcı da yerə düşməsin. Ğaraboğlu onlara dedi, yaxşı bir az möhlət verin. Gəlinin yanına getdi və ona ərz elədi. Gəlin dedi, ondan ötrü niyə kədərlənirsən. Barmağından üzüyünü çıxartdı və ona verdi. Bunu kasaya sal və elə çıxardacaqsan, elə endirəcəksən, bir damcı da düşməyəcək. Ğaraboğlu da belə etdi. Divlər məğlub oldular. Ğaraboğlu qalib gəldi” və sair.

 

“Şvidveziriani”? Doğrudur, “Şvidveziriani” “Visramiani”dəki kimi küylü deyildir, “Uydurmanın hikməti”ndə olduğu kimi ciddi deyildir. Lakin bütün bu kitab qadınların xəyanətkarlığının çox gözəl süjet olaraq təsvir olunduğu gözəl hekayələrlə doludur. Nümunə olaraq bir hekayənin məğzini gətirəcəyik: Bir-birlərini dəlicəsinə sevən ər-arvad var idi. Bir dəfə ər zarafatla bıçağı əlində oynadırdı. Qəflətən bıçaq arvadına dəydi və əlini kəsdi. Ər dərdə düçar oldu, xəstələndi və bu dərd onun axırına çıxdı. Arvadı ərinin məzarından uzaqlaşmırdı. Hər gün məzarın yanında idi və öz ərinin məhv olan məhəbbətindən nalə çəkirdi. Nəhayət, bu qadının qohumları məzar üzərində bir balaca daxma tikdilər. Madam hey qəbiristanlıqdasan, elə bir yolluq orda yaşa, deyə düşündülər. Qadın öz ərinin məzarı yanında qaldı və bütün günləri ah-fəğan edirdi. Həmin şəhərdə qayda idi, oğrunu, qulduru göydən asırdılar və elə asılı saxlayırdılar. Ona bir kimsənin yaxın düşməməsi üçün gözətçi qoyurdular. Bir dəfə məhz elə bu qəbiristanlıq yaxınlığında bir qulduru asdılar və ölüyə gözətçi qoydular ki, qohumları gizlicə aparmasınlar. Həmin gecə qasırğa və dondurma oldu. Gözətçi soyuğa dözə bilmədi. Qəbiristanlıq yaxınlığında ocağın yandığı bir daxmanı sezdi. Getdi və sahibindən xahiş etdi: Donmuşam, icazə ver, içəri girim, bir az qızınım və yenə tezliklə gedərəm, - dedi. Çox yalvar-yapışdan sonra dul qadın onu öz yanına buraxdı. Gözətçi ocaqda isindi, minnətdarlığını bildirdi və öz keşiyinə qayıtdı. Lakin nə görür? Ölü yoxdur. Nə etsin? İşıqlanacaq və gözətçini onun yerinə asmalıdılar. Çox düşündü, götür-qoy etdi, bir şeyə nail ola bilmədi. Məsləhət üçün yenə o dul qadının yanına qayıtdı. Dul qadın hər şeyi dinlədi və nəhayət, gözətçiyə belə dedi, səni mən bəyəndim. Mənim olacağına əgər söz verirsənsə, sənə çıxış yolunu göstərəcəyəm. Gözətçi onunla razılaşdı. Qadın ona dedi ki, mənim ərimin qəbrini eş və həmin oğurlanan meyitin yerindən as, meyit meyitdir və heç kim heç nəyi anlaya bilməyəcək. Gözətçi tələsik o qadının yenicə dünyasını dəyişmiş ərinin qəbrini eşməyə başladı ki, dan sökülənədək hər şeyi çatdırsın. Lakin çıxarılan meyitə diqqət kəsiləndə gözətçi diksindi. Dul qadın dilləndi: “Nə oldu?” Gözətçi cavab verdi: “Vay mənim halıma, oğurlanan kişinin dişləri yox idi. Bunun isə sağlam dişləri vardır”. “Sonra nə olsun, – dul qadın ona dedi, – götür daşı, vur, onun da dişləri olmayacaq”. Gözətçi bunu yerinə yetirə bilmədi. Onda dul qadın özü daşı götürdü və ölən ərinin dişlərini qırdı. Gözətçi tərəddüd edirdi. Dul qadın yenə dilləndi: “Nə oldu?”. Gözətçi cavab verdi: “O kişinin cinsi orqanı yox idi, bunun isə var və vay onda ki, anlayalar. Qadın ona dedi: “Sonra niyə baxırsan? Götür qılıncı, dibindən kəs”. Gözətçi bunu yerinə yetirə bilmədi. Onda qadın gözəştçinin xəncərini sıyırdı və ərinin cinsi orqanını kəsdi. Gözətçi bu qadının ərinin meyitini apardı, oğurlanan meyitin yerinə asdı və beləliklə, ölümdən xilas oldu. Dul qadın gözətçidən şərtə əməl olunmasını tələb edəndə gözətçi ona cavab verdi: “Uzaq ol, vəfasız qadın, sən ölü ərinin başına bu işləri gətirdin, mən diriyə nələr edərsən!..”

 

“Baramiani?”

 

“Bejaniani?”

 

“Davrişiani?”

 

Lakin bəsdir! Bu bir-iki nümunə də kifayət qədər onu təsdiqləyir ki, bizim qədim ədəbiyyat roman süjetləri ilə, düyünlərlə, intriqalarla, gözlənilməzliklərlə doludur. Və nə yaxşı olar ki, bu zəngin ədəbi materialı bəzən hər halda öz fəaliyyəti ilə bədii yaradıcılıqla əlaqədar olanlar gözdən keçirsinlər!

 

Bax, bizim qədim Tiflisin kitabxanası bu cür idi!

 

Bax, bu “bazar ədəbiyyatı” bizim xalq şairlərinin yaradıcılığının mayası idi.

                                        

            Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU