Bizim aşıqların məişətinə bütöv bir kitab həsr etdim (“Sayat-Nova”). Bu dəfə yalnız bir “Nağli” adlanan tamaşasayağı adət üzərində dayanacağam. “Nağli” özünün tərbiyəvi əhəmiyyəti ilə digər aşıq adətlərindən həddindən artıq fərqlənir. Nağli səyyar teatr olaraq daha çox bayram günlərində yayılmışdır. Nağli nəql, nağıl deməkdir. Lakin nağıllardan başqa (“Xeyir və şər qəhrəmanının sərgüzəşti”) çox hallarda bu teatr İncil mövzularına da toxunurdu. Aşıqlar bir hədisi götürüb əvvəlcə nəzmə çəkirdilər, sonra isə başqa-başqa səslər, ləhcələr seçirdilər və həqiqi misteriya alınırdı. Bu cür tamaşalar çöldə və ya meydanda göstərilirdi. Alış-veriş yeri səhnəni təşkil edirdi, aşıqlar isə artistləri; camaat  yerə səpələnmişdi,  müğənnilər hündür yerdə dururdular və onlar arasında belə bir dialoq baş verirdi:

 

– O nə idi ki, diri olanda arpa və saman yedi, öləndə ət yedi və qan içdi?

 

– Bu, eşşəyin çənəsi idi, Samson onunla min nəfəri vurub öldürdü.

 

– O hansı ağac idi, öncə budağı və yarpaqları yox idi? Sonra ətə-qana gəldi?

 

– Bu, Musa peyğəmbərin əsası idi, ağac olana kimi qol-budağı yox idi.

 

– O kim idi, on beş il ərzində hökmranlığı var idi, on altıncı ildə xəstə oldu, otuz ili tamam olanda öldü  və yenə dirildi?

 

– O Ay idi.

 

– O kim idi, öz anasına yaxınlaşdı, anası dedi: “Mən bakirəyəm”?

 

– Bu Habilin bədəni idi, məzara qoyulanda torpaq dedi: Mən bakirəyəm.

 

Və ya yenə:

 

– O nədir ki, bu dünyada xatırlanmır?

 

– Birinci – qapağı olmayan dənizdir, ikinci – dirəyi olmayan səmadır, üçüncü – qılı olmayan insan əlinin içidir. (Bu dialoqun tərcüməsini Z.Cicinadzeyə məxsus on yeddinci əsrin sonuna aid olan “Qalvajiani”dən (Gürcü xalq deyişmə janr əsəri – M.M.) götürmüşük (Bax. 1887-ci il nəşrinə). Son illərdə həddindən artıq yararsız hala salınmış redaksiya ilə nəşr olunan bu əsər aşağı təbəqə camaatı arasında elə yayılmışdır ki, 1901-ci il nəşri “qırxıncı nəşr” yazılıb. Bizim “Qalvajiani” məğzi və quruluşu ilə Qotsinin məşhur pyesi  “Turandot”a qohumluğu çatır ki, buradan sonra Molyer də onun formasını dəyişdi: Turandot “gözəl Çin şahzadəsi” (“Китайская принцесса”)).

 

Bu tamaşasayağı sual-cavab sona yetəndə hamı qalib gələn aşığa himn qoşurdu.

 

Ovasiya və bağırtı qopurdu.

 

Əgər bu cür mövzulara aşıqlar mistik sirrin bir az nəzərə çarpan fərqliliyini verirdilərsə və yalnız kilsə bayramları üçün yararlı idisə, əvəzində, onlar şəhərdə alış-veriş yerində tamaşalar göstərməli olanda, “Nağıl”ın məğzi əlüstü dəyişirdi. Məsələn:

 

Birinci aşıq:

– Göydən yerə nə asılıb?

– Hamıdan asan kim rahatlanır?

– Əldən ələ nə dolaşır?

 

İkinci aşıq:

– Göydən yerə yağış asılıb.

– Hamıdan asanca uşaq rahatlanır.

– Əldən ələ pul dolaşır.

 

Birinci aşıq:

– Günəş doğanda nə yoxa çəkilir?

– Suda nə islanmır?

– Torpaqda nə çirklənmir?

– Hansı quş öz yuvasında tənhadır?

 

İkinci aşıq:

– Günəş çıxanda ulduzlar yoxa çəkilir.

– İşıq suda islanmır.

– Torpaqda saf daş çirklənmir.

– Öz yuvasında tək-tənha oturan quş ürəkdir.

 

Göründüyü kimi, bu cür pyeslərin “traktovkası” yalnız deyişmə dialoqları ilə məhdudlaşırdı. Bu beyni işlətmək məqamları intriqalar və gözlənilməz hallarla dolu idi.

 

Düzgün və vaxtında verilən cavablar camaat arasında böyük heyranlığa səbəb olurdu.

 

Hər bir vətəndaş yer tutmaq üçün meydana lap tezcə gedirdi və insanpərvərlik barədə, yaxşılıq-pislik barədə, halallıq barədə, birlik-məhəbbət barədə və sair barədə fikirləri “müftə” dinləyirdi.

 

Əgər yüksək təbəqəli ictimaiyyət fərdi evlərdə tamaşalar göstərirdisə, bizim aşıqlar estrada sənətini inkişaf etdirmək üçün meydanlarda çıxışların formalarına müraciət edirdilər. Açıq səma altında pulsuz olaraq təşkil edilən bu cür kütləvi tamaşa rahibin kilsə bayramlarında dumanlı moizəsinə nisbətən camaat üçün əlçatan və aydın idi.

 

Güman ki, bu ona səbəb idi ki, ruhaniyyət “Nağıla” qarşı tez-tez hücuma keçirdi, deyirdilər ki, camaat ibadət mərasimində iştirak etmir və bu əyləncə ilə pozulurlar. Buna baxmayaraq “Nağılın” onlarca il tarixi vardır və Tiflisin  sahil məhələlərində “xalq tamaşaları” sərgilənəndə səksəninci illərə qayıtdı.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU