NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
İndi isə bilavasitə Dədə Qorqudun poetik strukturuna, təcəssümlük xüsusiyyətliliyinə, bu təhlil olunan eposun estetik arenasını yaradan kodlaşdırılmış ünsürlərə, istərsə də həcmliliklərə toxunmaq istəyirəm.
Yuxarıda artıq qeyd etdim ki, “Dədə Qorqud” süjeti bizə təqdim edən mətnin, nəzmin və nəsrin qarşılıqlı bir-birini əvəzetməsini təşkil edən qəhrəmanlıq eposlar silsiləsinə məxsusdur. Lakin mətnin təhlilinə bir növ o çətinlik yaradır ki, birincisi, qəhrəmanlıq rəvayətləri yaradılanda türk xalq şeirinin strukturu əməlli-başlı formalaşmamışdır və ikincisi, əsərin əsas nəsr hissəsi də ritmik struktur ilə yazılmışdır ki, bu da onların (nəzm və nəsrə) ayrılmasını çətinləşdirir. Buna görə də Orxan Şaik Gökyayın verdiyi nəsr hissəsi çox hallarda Mustafa Kaçalinin nəşrində heç də əsassız şeirin forması ilə verilməmişdir.
Dədə Qorqudun əsərləri yazılan, istərsə də yaradılan vaxtlarda, təkrar edirəm, türk (Oğuz) xalq folklorunda klassik şeirdən köklü şəkildə fərqlənən şeirin strukturunda ayrı-ayrı sətirlər arasında hecaların miqdarının bərabərliyinə əsaslanan ritmik konstruksiya formalaşmamışdır. Əksər halda pozulur və ayrı-ayrı sətirlərin hecalarının sayı bir cür deyildir ki, bu da sətirlərin müstəqilliyindən xəbər verir. Doğrudur, hecaların sayına əməl etməklə identik ritm sxemlərinin alınmasına cəhd vardır, lakin bir qayda olaraq bu, ayrıca xarakter daşıyır və qanun səviyyəsində tənzimlənməmişdir. Qısası, bənzər və identik feilin istənilən forması ilə, mühüm adın müxtəlif hallanması ilə, affikslərlə, əvəzedici adlarla, sifətlərlə və nəhayət, buna bənzər sözlərlə, istərsə də cümlələrlə qurtaran bir motiv və mövzu ətrafında cəmləşən sətirlər şeir kimi hesab oluna bilirdi. Bəzi hallarda bu sonluq sətrin əvvəlində bağlayıcılarla və sözlərin təkrarlanması ilə gücləndirilib. Bir sözlə, şeirin strukturunun onurğasını qaydaya salınan təkrarlar yaradır ki, bunu da ritmin funksiyasının daşıyıcı ünsürü kimi hesab etmək olar. Bütün bunlar isə müəyyən mənada bizə onu deməyə haqq verir ki, bu verilən konteksti şeirin növü kimi qəbul edirik. Bu baxış dairəsinə görə, hər şeydən öncə O.Ş.Gökyay tərəfindən nəsr kimi hesab olunan və təqdim edilən materialı (mətni) müzakirə etməliyik, Mustafa Kaçalin onu şeir hesab edir və şeir forması kimi çap edir.
Bir sözlə, bir mövzuyla, istərsə də bir motivlə yazılmış, yuxarıda sadalanan ünsürlərlə zənginləşdirilmiş əsərlər silsiləsini bədii əsər kimi hesab etmək mümkündür ki, bu da gah ritmik nəsr və nəzm forması ilə, gah da bir-birilə yoğrularaq elə bir kərgahlıq qarşıya çıxır ki, onları da bir-birindən ayırmaq çətindir. Mənim fikrimcə, Dədə Qorqudun mətninin bünyəsinə silsilə forması verilməlidir. Müvafiq olaraq ilk silsiləni belə təsəvvür edək: Allahın hər şeyə qadir olması, onun məramı olmadan belə heç nə baş vermir. Sonra əhatə olunan Oğuz igidinin əxlaq məcəlləsidir, Tanrı və təbiət tərəfindən qaydaya salınandır, dəyişməzdir. Sətirlərin əksəriyyəti (12) heca ilə yazılıb: 4+4+4 ritmik sxemlə, eləcə də 4+4+5, 4+3/3+4, 7/7, 6/6, 6/7, 8/8, 5/4/5, 5/4/4 və sair rast gəlinir. Ritmlik vahidi olaraq isə istifadə edilib – mez – feilin inkar forması (onmez, bayınmaz, gelmez (bilmez), ölmez, sevmez, durmaz, olmaz və sair).
İkinci silsilənin mövzusu qısaca bizi tanış edir: insanın bu və ya digər hadisə ilə (amil ilə) və fəaliyyətlə münasibətini, o cümlədən, işdən başı çıxmayan, yaxşı olar ki, o işə əl qoymasın. Qonağı gəlməyən evlər dağılsa daha yaxşıdır. Pis oğul doğulmasa daha yaxşıdır və sair. Burada silsilənin mətninin əksər sətirləri ritmik sxem ilə yazılıb: 4/4 (5), 3/4 (5), 4/4/4/, 7/6, 5/7, 8/7 və sair. Ritm üçün istifadə olunan “Yeg” sözü.
Üçüncü silsilə bizə nəql edir ki, bu və ya digər hadisələri ilk növbədə təbiət və sonra heyvanlar yaxşı söyləyir. Başlıcası odur ki, hamıdan çox ozan bilir: nə deyilməlidir və necə deyilməlidir. Bu şeirin ritmik strukturu hər şeydən çox qaydaya salınıb. Əksər sətirlərin belə ritmik sxemini bizə təklif edir: 4+4+4. Eləcə də bizə 5+4+4, 4+5+4 /4+4+2 / 4+3+4 və sair rast gəlir. Ritm üçün istifadə olunan söz “bılur” feilidir.
Dördüncü silsilə Allaha, Məhəmmədə və islamda uca və fərqlənən bütün şəxslərə və müqəddəslərə tərif yağdırmaqdır. Bu silsilədə də ritmik münasibət çoxdur: 4+4 / 4+4+4, 5+4+4, 4+3/3+4, 7+4, 5+5+2, 2+3/2+2 (5/4), 4+4+3+4 (8/7), 2+2+1+3 (4/4), 3+2+2 (5/2) və sair. Ritmik söz olaraq “görkli” təkrar olunur.
Yuxarıda verilən nümunələrdən bir nəticə çıxarmaq olar ki, Oğuz xalq şeirində istənilən türkdilli poetik nümunəyə aid şeir kimi sillabik (Sillabik – heca vəzninə əsaslanan, heca vəznində yazılmış - RED.) xarakterindədir ki, bu da özünün inkişafının erkən mərhələsində ayrı-ayrı sətirlərin ritmik münasibətlə dinamik enerjini və təsir qüvvəsini kəsb edir, lakin bu münasibət sətrin axırlarında hüdudlaşır və şeirin konstruksiyasında, nadir istisnadan başqa (sətrin hecalarının miqdarı bir-birinə uyğun gələndə), bənd strukturunu yaradan burada hallanmır. Gətirilən nümunələr arasında istisna olaraq bu şeiri hesab etmək olar:
3 2 / 4 2 2 3 (11)
Getdikdə yerin otlaqların keyik bilür.
2 2 / 4 / 2 2 (12)
Genəz yerlər çəmənlərin qulan bilür.
2 2 2 2 2 2 (12)
Ayru ayru yollar izin dəvə bilür.
2 2 / 4 / 2 2 (12)
Yedi dərə qoxuların dülkü bilür.
3 2 / 3 2 2 (12)
Dünlə karvan köçdügin turğay bilür.
2 2 3 2 2 (11)
Oğul kimdən olduğın ana bilür.
2 3 1 3 1 2 (12)
Ərin ağzın ər yeynisin at bilür.
2 2 3 2 2 (11)
Ağır yüklər zəhmin qatır bilür.
1 2 / 3 2 2 2 (12)
Nə yerdə sırılur varsa çəkən bilür.
Aşkardır ki, gətirilən nümunənin ritmik münasibəti qondarma ritm vahidi ilə birlikdə şeirin memarlığını yaradır. Bizə onu düşünməyə vadar edir ki, birincisi, elə ta qədim dövrlərdən türk xalq şeiri formalaşmağa və nəsrdən ayrılmağa başlayır, ikincisi də, türkdilli şeir quruluşu seqmentlər, istərsə də hecaların bərabərliyinə, elə götürək, eyniliyinə əsaslanır. Yuxarıda 12 hecalının 11 hecalı ilə sətirlərin əvəz olunmasına gəldikdə bu, xalq poeziyası üçün təbii haldır və nöqsan olaraq qavranılmır. Elə burada təkrar etmək istəyirəm ki, yuxarıda gətirilən bir mövzu ilə motivi yaratmaq kontekstlərində sətirlərin ritmik münasibətlərinin qarşılıqlı oxşarlığının ayrı-ayrı nümunələri nəzərə çarpır. Lakin, artıq qeyd etdiyim kimi, bu, qanuniləşmiş səviyyədə qəbul edilmir.
Müzakirə olunan materialdan o mübahisəli deyildir ki, Oğuz xalq şeiri strukturunun ən başlıca ünsürü sətirdir ki, bu da hecaların və seqmentlərin müxtəlifliyini əhatə edir, 4 hecadan başlamış 18-19 heca daxil olmaqla sətir sezura (Sezura – tonik vəznli şeirlərdə misranı hissələrə bölən ritmik pauza; fasilə - RED.) ilə ayrılmır. Müvafiq olaraq seqmentlərə ayrılmır və fikir semantik prinsiplə kifayətlənir. Seqmentlərin və sözlərin hecalarının sayına gəldikdə, ən çox dörd hecalı istifadə olunur ki, bu da təbii olaraq poetik kontekstə uyğun gəlir. Ən az hallarda bizə beş hecalı söz rast gəlir, lakin artıq qeyd etdiyimiz kimi, təhlil olunan şeirin strukturunu sözlər, istərsə də hecaların təkrarı müəyyən edir ki, bu da ayrı-ayrı sətirlərin sonunda bizə rast gəlir və kompozisiya olaraq səslənir, fikir olaraq şeirə baş tacı qoyur. Qısası, fikrin yaddaşa həkk olunmasının əsası və emosiyanın oyadıcısı məhz elə bu sonluqdur.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU