Bundan öncə İsa İsmayılzadə barədə yazı yazdım. Əslində, məktəbi bitirəndən sonra Bakıda universitetdə oxumaq istəyirdim. Qəbul olunmadım. Orada qaldım. Fəhlə olaraq işləyəndə onun “Sovet Gürcüstanı” (indiki “Gürcüstan” ) qəzetində “Torpaq nəğməsi” şeirlər toplusu barədə yazı yazdım. Gürcüstan radiosunda işə başlayanda onun şeirlərini öz ifasında müntəzəm səsləndirirdim. Arada yazı da yazırdım. Deməyim odur ki, İsa İsmayılzadə mənim üçün tükənməz mövzudur.

 

Mən deyərdim ki, İsa poeziya üçün doğulmuşdu. Göbəyi poeziyanın adına kəsilmişdi. Poeziya onun alnına yazılmışdı. Güllələrin, lülələrin, qəlpələrin bığ yeri yenicə tərləyən kənd oğullarının geri qayıtmasını deməsə də sağ qayıdanlar olardı. Amma İsa yazmasa idi ölərdi. Necə ki, alman şair və publisist Heyne deyib: “Əgər yazmasan ölməyəcəksənsə, yazma”. İndi əlinə qələm alan şeir yazır. Poeziyanın nə olduğunu bilmədən qafiyələrin sorağında özünə cəfa verir, özünü öldürür. 

 

“İşıqlı yarpaqlar” şeirindən bir bəndi nümunə gətirmək istəyirəm:

 

Yarpaqlar lampa tək alışıb-yanır
meşənin ağac – otaqlarında.
İşığa bürünüb şahpalıd, çinar,
lampalar asılıb budaqlarından. 

       

Hər sətri bir tablodur. Və öz-özlüyündə onun bu bir şeiri geniş bir qalereyanı təşkil edir.

 

İndiki nəsil termosun nə olduğunu o qədər də bilməz. Ona soyuq su və ya çay doldurur, bir yana, tarlaya gedəndə aparardıq. Orada çölün düzündə bir ağacın kölgəsində yeməkdən sonra sərin su və ya çay içərdik.Termos istini isti, soyuğu soyuq saxlayardı. Ehtiyatsızlıq üzündən əlimizdən düşsə idi və bir yerə dəysə idi, içindəki gümüşvari parlaq şüşə çilik-çilik olardı. Termos daha yaramazdı. İsa özünə belə bir təşbeh gətirir:

 

Mən bir termos şüşəsiyəm,

çilik-çilik olmuşam,

tökülmüşəm içimə.

(Eh, kimin nə vecinə)

Birinin gözlərindən,

birinin ürəyindən

qolaylanıb atılanda

tənhalığın üstünə düşüb sınmışam...

 

İsa tənhalığın üstünə düşüb sınıb. Çilik-çilik olub. Öz içinə tökülüb. Bu çiliklər içindən çıxaraq, poetik süzgəcdən keçib duyğuya bükülərək deyilməmiş sözlərə çevrilir. Bu sözləri şair düzüb-qoşub öz mahnısını, etiraf mahnısını yaradır:

 

Mənim boyum – yüz altmış dörd,
mənim sinəm – əlli beş.
Ürəyim də lap balaca.


Mən böyük sevincə alışmamışam,
Mən böyük sevincdə alışmamışam...

 

Əslində, hara baxırsa, nəyi görürsə onun üçün nəğmədir. Vətən, torpaq, su, hava... nəğməsi. Çünki onları duyur, eşidir. Sükut belə duyulmasa da, eşidilməsə də onun üçün nəğmədir. Söz çələngidir. Elə üçüncü kitabının adı da “Torpaq nəğməsi”dir.

 

“Vətən nəğməsi” şeirində sevgi daha əhatəlidir. Artıq Azərbaycan ünvanlıdır:

 

Axırsan çay kimi damarlarımda,

Çopur qayana da qaynayır qanım.

Böyüklü-kiçikli arzularım da

Adınla bağlıdır Azərbaycanım!

 

Hara getsə, harada olsa, harada qərar tutsa könlündən həmişə Qarayazı keçib:
 

Keçim Qarayazı düzənliyindən,
Qatım qabağıma ilğımlarını,
Aparıb, itirim çay qırağında...
Başım dumanlansın yovşan iyindən,
Axtarım bəstəboy ulğunlarını.


Keçim Qarayazı düzənliyindən...
Yəhərbel təpələr çıxsın qarşıma,
Gözümün önündə ilxıya dönsün.
Dəli qulun kimi qışqıran səma...

 

Və yaxud:


Hara getsəm, harda olsam,
Üzümü tutmasam Qarayazıya,
Üzümü tutmasam Borçalıya mən –
Elə mənim kimi darıxır şeirim,
Elə mənim kimi vurnuxur şeirim.
Elə bil, sözümü –
yazdıqlarımı
təkcə ona deyirəm.

 

Orta məktəbi bitirən İsa İsmayılzadə oxumaq üçün Bakıya getdi. Universiteti bitirib Qarayazıya qayıtdı. Bir müddət oxuduğu məktəbdə müəllimlik etdi. Vücuduna daxil olan, iliyinə işləyən poeziya onu narahat buraxmadı. Yenidən Bakıya üz tutdu. Poeziya kəhkəşanına qovuşdu. Qələmə sarıldı. Duyğuları onun vasitəsilə ağ vərəqlərə köçürüldü. Bu vərəqlər qalaq-qalaq olurdu, kitablara çevrilirdi. Və arada ömründən bir qatar keçərdi. Bakı-Tbilisi, Tbilisi-Bakı.
 

Onca ildə,
Vaqon pəncərəsindən
Boz çöllərə baxa-baxa
Gözləri yol çəkəcəkdi,
Duman kimi, yuxu kimi
Anam gəlib gedəcəkdi,
 
Onca ildə
Nəticə görəcəkdi, ana itirəcəkdi...
Sonra mənim toyumda
Əlləri ağır-ağır qalxacaqdı çiyninə
Ənzəli havasına...

Ömrümdən bir qatar keçər həmişə –
Bakı-Tbilisi, Tbilisi-Bakı...

 

Və nəhayət, Qarayazıya gələr, həm özü sevinər, həm də ata-ananı, onu sevənləri sevindirər. Ana həsrətlə onu qucaqlayar, bağrına basar, sonra özünü ora-bura vurar, samovarı alışdırar. Ata isə yerindən tərpənməyərək siqaret çəkməyini təmkinlə davam etdirər. Şair bu mənzərəni şeirə çevirib:

 

Ay ana, ay ata, ay doğma oba,
Siz mənə,
Siz mənə bir ömrü halal eləyin.
Bu gün gəlməsəm də, gələrəm sabah –
Siz mənə bir ömrü halal eləyin.

Qımışar, yerindən tərpənməz atam,
Ehmalca söndürər siqaretini.
İstərəm özümü üstünə atam,
Göz qoyar – gözləri saxlayar məni,
Əl verər – əlləri saxlayar məni.
İncik baxışları bircə anlığa
Başdan-ayağacan “yoxlayar” məni.

 

İsanın sözlərinə mahnılar da bəstələnib. Zatən içindən duyğuları zümzümə ilə sözə çevirib. Bəziləri elə bilir ki, İsa sərbəst şeirlər yazır. Bəli, yazır. Məğzinə varsan, onlarda da ahəngin, ritmin olduğuna əmin ola bilərsən. “Yollar” şeiri isə mahnı olaraq oxunub:


Getdin, görünmədin sən,
Susdu dünyam o gündən.
Ürəyimdə həsrətim
Sənsiz döyünür indi.
Qəribsədim, axı, sənsiz,
Yollar xəbər gətirmədi,
Səni mənə yetirmədi.
Haraylayım yolları,
Səni qaytasın, barı.
Gəl, əllərinlə ovut
Könlümdəki qubarı.
Əridim gilə-gilə,
Uzaqlardan əl-ələ.
Ayrılıqdan gizlənib.
Yenə verək əl-ələ.
Şəhərləri adla, gəl,
Bir quruca adla gəl.
Könlümdəki qubarı
Öz əlinlə odla, gəl!
Gecə niyə uzandı?
Yolların nə uzundu.
Bircə ümid qalmışdı,
O da sənsiz usandı.

 

Əsasən sərbəst şeirlər yazan, hərdən-birdən nəzm nümunələrinə müraciət edən İsa İsmayılzadə  oxucularını heyrətləndirir. Məni dağlara aparın deyən şair hələ bir gəraylı da yazıb:


Qıyya çəksəm, atıb-tutar,
Dərələr səsimi udar.
Qayalar əlimdən tutar –
Yıxılmağa qoymaz məni.

 

Bəli, dağlar onu qoymazdı yıxılmağa. Bu dağların əzəmətliliyindən, ucalılığından, xarakterindən irəli gəlir. Ağır xəstəlik, vaxtsız ölüm onu yıxdı, onun poetik aləmini alt-üst etdi, poeziya dünyası çilik-çilik oldu. Amma o çilik-çilik olan sözlər, kəlmələr, ifadələr poetik libasda yenə də qarşımıza çıxır. Allah rəhmət eləsin!

 

 Hörmət və sayqılarla: Mirzə Məmmədoğlu