Elizbar CAVELİDZE

(əvvəli burada)

On beşinci boy. Bu dastanda Koroğlunun hələ cavanlıq  günləri verilib. O, Dəli Həsənlə birgə Çənlibeldə yurd salmışdı. Günlərin birində Koroğlu dəlilərinin başına gələnləri dinləyirdi və Dəmirqapı Dərbənddən olan dəli Ərəb paşanın qızı Möminə xanımı tərif etməyə başladı, tərif nə tərif. Bu tərif, mədhiyyə sayəsində Koroğlu görməzə-bilməzə Möminə xanıma vuruldu və onun könlünü ovlamaq üçün Dərbəndə yola düşdü. Yad, boy-buxunlu igid şəhəri təşvişə saldı.

 

Ərəb paşa bu yad insanı yanına çağırtdırdı və soruşdu: “Kimsən, buraya nə üçün gəlibsən?”

 

Koroğlu sazı sinəsinə basıb fikrini şeirlə dedi. Aşıq olduğunu bildirdi, lakin paşa dedi ki, bir məni əməlli-başlı başa sal, görüm nə istəyirsən? Koroğlu yenə sazı basdı sinəsinə. İzah etdi ki, özünə bir zənan istəyir, ortalığa heç salmaya acılıq, ər məhəbbətində ola mötəbər, gərgədan bədənli, ağ maya dilbər, mərd meydanda bir igidə bərabər, doğduğu hünərli bir oğlan ola (Bax: “Koroğlu”, səh. 598).

 

Ərəb paşa mətləbi anladı. Vəziri, vəkili yığdı, məsləhət elədi və Möminə xanımı Koroğluya verdi. Evləndilər, Koroğlu qırx gün orada qaldı. Sonra Koroğlu ondan Çənlibelə getməyini xahiş etdi. Mən atamın torpağından çıxıb heç yerə getmərəm dedi. Koroğlu hər nə qədər elədisə, Möminə xanım yox dedi. Onda Koroğlu gedərkən bazubəndini açıb ona verdi və dedi: “Əgər qızım oldu, satıb xərclik edərsən, oğlum oldu, bağlayarsan qoluna, gəlib məni tapar”. Bunu deyib Koroğlu yollandı.

 

Möminə xanımın, necə deyərlər, düz doqquz ay, doqquz gün, doqquz saatdan sonra bir oğlu oldu. Adını Həsən qoydular. Uşaq elə bil ki, ayla, illə deyil, saatla, dəqiqə ilə böyüyürdü. Babası Ərəb paşa əvvəlcə onu pəhləvanlara və sərkərdələrə tapşırdı. Ona at minmək, ox atmaq, qılınc vurmaq, küştü tutmaq elmini öyrətməyə başladılar. Amma uşaq bir növ yaman nadinc idi, dilbilməz, inadkar idi. Buna görə də babası Həsənin adını Qurdoğlu qoymuşdu. Elə hamı da onu bu adla çağırırdı.

 

Oğlan böyüdü və bir dəfə keçəl oğlanla sözləşdi. O kinayə ilə ona dedi: “Mən sənə nə eləmişəm, məni vurursan, ay atasından bixəbər!” Alovlanmış Qurdoğlu birbaş gəldi anasının üstünə. “De görüm” – dedi, – “mənim atam kimdir?” Möminə xanım əvvəlcə onun atasının kim olduğunu gizlətdi, lakin, nəhayət, oğlu əl çəkməyəndə, açıb ona dedi: “Sənin atan var. Özü də xanlara, paşalara qan udduran Çənlibelli qoç Koroğludur”.

 

Oğlan qəti şəkildə atasını görmək qərarına gəldi. Nə anası, nə də babası onu bu fikirdən döndərə bildilər. Axırda razılaşdılar, xəzinədən pul götürdü, ilxıdan da bir boz day seçdi. Sonra dəmirçinin yanına gəldi və yaxşı qılınc qayırmasını tələb etdi. Dəmirçi hazır qılıncları ona uzatdı, lakin o, hamısını qırdı. Axırda usta xüsusi qılınc qayırmağa məcbur oldu. Yola düşməmişdən öncə anasının yanına gəldi ki, onunla xudafizləşə. Ana-oğul arasında qarşılıqlı təskinlik vermə baş verir ki, bu da ana-oğul məhəbbətinin səmimi ürək süzüntüləridir.

 

Söz tamam oldu, Möminə xanım Koroğlunun bazubəndini çıxarıb onun qoluna taxdı. Qurdoğlu üç gün, üç gecə at sürərək kürdüstanlı Əhməd bəyin vilayətinə çıxdı. Kəndin aşağı tərəfi ilə at sürən Qurdoğlunun gözünə bulaqdan su dolduran gözəl bir qız sataşdı. Qızın gözləri də elə Qurdoğlunun gözlərinə sataşdı. Elə bil ki, Qurdoğlunu ildırım vurdu. Burada Qurdoğlu ilə Əhməd xanın qızı Mehri xanım arasında deyişmə baş verir. Qız ona yalvarır ki, çıxıb getsin buralardan, məndən sənə yar olmaz. Oğlan isə cavab verir: “Gəlmişəm, aparam səni”. Deyişmə bitəndən sonra qız yola düzəldi. Qurdoğlu da onun dalınca düşdü.

 

Qurdoğlu Əhməd xanı görmək istədi. Xan razılşadı. O, xanın qızını istədiyini bildirəndə xan onun xahişini rədd edir. Qurdoğlu öz dediyindən dönmür, hələ bir hədə-qorxuya da keçir. Nəhayət, Çənlibelə getdiyini bildirəndə, Əhməd xan şübhələndi. Fikirləşdi, bu həqiqətən Koroğlunun dəlilərindəndir və göz elədi ki, onu tutsunlar. Amansız döyüş başladı. Qurdoğlu onun üstünə düşənlərin hamısını şil-küt elədi. Onun üstünə qoşun yeridi. Qoşunu qatım-qatım qatladı. Qoşun başladı geri çəkilməyə.

 

İndi Mehri xanım atasının yanına gedib dedi: “Bu çənlibelli qoç Koroğlunun oğludur. Onu tutub öldürsək, atasına nə cavab verərik?”

 

Əhmət xan fikrə getdi. Özününkülər ilə tədbir edəndən sonra razılaşdı və toy edib qızı Mehri xanımı Qurdoğluna verdi. Bu izdivacla, qohumluqla o, öz adının şöhrətlənməsini düşünürdü.

 

Qurdoğlu evləndi, sonra atasını axtarmaq üçün Çənlibelə tərəf yola düşdü. O, ora çatanda bir neçə dəlini məğlub etdi, yerə vurdu, əllərini, ayaqlarını bağladı. Bütün bunları Koroğluya çatdırdılar. Koroğlu Qurdoğlunun yanına gəldi, ondan kim olduğunu və haradan gəldiyini soruşdu. Qurdoğlu ona cavab verdi ki, hələ sən de görüm kimsən, adın nədir? Əgər dəlilərini azad etmək istəyirsənsə, mən bağlamışam, sən özün onların əllərini aç.

 

Sonra hər ikisi bir-birilə vuruşmağa başladı. Qılıncdan heç nə hasil olmadı, vuruşa keçdilər. Bir-birinə hər  fənd-fel gəldilər. Lakin bir nəticə vermədi. Axırda hər ikisi yoruldu. Çəkilib hərəsi bir tərəfdə oturdu. Yorğunluqlarını alıb yenə yapışdılar. Qurdoğlu bir güc verib Koroğlunun dizlərini yerə gətirdi, basıb altına, çökdü sinəsinə, yuxarıdan dedi: “İgid, adını de, kimsən?”

 

Koroğlu isə cavab verdi: “Adımı neynirsən? Basmısan kəs!”

 

Qurdoğlu durub dedi: “Yox, adını deməsən, səni öldürmərəm”.

 

Sonra onlar arasında deyişmə baş verdi. Nəhayət, Qurdoğlu ona deyir ki, mənim qorxaqlarla işim yoxdur, götür, dəlilərini də sənə bağışladım, aç əllərini, apar. Lakin o rahatlıq tapmır. Atalar üçdən deyiblər. Bunu deyib Qurdoğlunun qurşağından yapışır. Bu dəfə də Qurdoğlu Koroğlunu yıxır. Yenə də öldürməyə əli gəlmir. Durdu, dedi, igid bəsdi. Koroğlu dedi ki, yox, bir də yapışacağıq. Qurdoğlu Koroğluya deyir: “İgid, bu dəfə basdım, kəsəcəyəm”.

 

Bu ərəfədə Nigar xanım və dəlilər özlərini yetirdilər. İkisi də şirə, pələngə dönüb bir-birini eşirdilər. Nigar xanım nə qədər elədisə, onları ayıra bilmədi. Koroğlu bir nərə çəkdi, Qurdoğlunu yerə vurdu. Çöküb sinəsinə xəncəri çəkdi ki, başını kəssin, Nigar xanım tutub xəncəri onun əlindən aldı. O dedi: “O səni iki dəfə yıxdı, kəsmədi. Sən onu bir dəfə yıxıb kəsirsən? Heç bu namərdlik Koroğluya yaraşarmı?”

 

Qurdoğlu bildi ki, bu Koroğludur. Özünü saxlaya bilmədi, qoşma söylədi: “Qurdoğluyam, Koroğlunun oğluyam” dedi. Bu bəyanat hamını heyrətləndirdi. Koroğlu dedi: “Mənim oğlum yoxdur, sən yalan deyirsən”. Qurdoğlu cavabında dedi: “Var, mən Ərəb paşanın qızı Möminə xanımın oğluyam. Bu da sənin bazubəndin”. Koroğlunun dəli könlü coşdu. Oğlunu qucaqlayıb dedi:

 

“Başına mən dönüm, gülüzlü oğul,

Koroğlu deyilən igid mənəm, mən!

Dəli paşaları taxtından salan,

Koroğlu deyilən igid mənəm, mən!”

 

Sonda Çənlibeldə bir şənlik oldu, bir kef oldu ki, hələ tarixdə belə şey yazılmayıb. Axırda Qurdoğlu Koroğludan rüsxət alıb Mehri xanımı gətirmək üçün Əhməd xanın yanına döndü. 

 

Qısası, bu dastanda Qurdoğlunun gənclik çağları və Koroğlunun Möminə xanımı alması nəql edilir. Lakin Koroğlunun ürəyi Çənlibelə doğru idi. Möminə xanım isə heç bir vəchlə öz doğma diyarını tərk etmədi ki, bu da onların ayrılmasına səbəb oldu. Halbuki səmimi məhəbbətindən oğlan dünyaya gəldi, bu da genetikasına, xarakterinə və təbiətinə görə atasına bənzəyir. O, qüvvə və doyüş sənətinə görə atasından nəinki geri qalmır, hətta ondan üstündür ki, bu da onların güləşməsi zamanı aydın olur.

 

Bundan başqa, bu boyda Qurdoğlu ilə Mehri xanımın məhəbbəti və bir-birilərinə aşiq olmaları nəql edilir. Diqqətə layiqdir ki, Mehri xanım eposun başqa qadınları kimi gözəlliyi ilə, ağlı-kamalı ilə seçilir.

 

Oğlu tərəfindən məğlub olan, qalibin onun öldürmək niyyətində olduğu Koroğlu heç cürə adını demir ki, bu da onun təbiət-xarakterinin cizgilərindən biridir.

 

Bu dastanda Nigar xanımın nüfuzu, dərrakəsi və bəsirəti bir daha özünü büruzə verir: ata ilə oğul arasında faciəvi sonluq, məhz elə Nigar xanımın ədalətliliyi sayəsində şənliyə və xoşbəxtliyə çevrildi.

 

Başlıcası hər halda odur ki, aslanın balası aslan olar kimi səslənən qədim oğuz müdrikliyi bu dastanda ata-oğul arasında savaşla və sonda məhəbbətlə bir daha təsdiqlənir.

 

On altıncı boy. Bu dastanın süjeti belə başlayır: Təşvişə düşmüş Koroğlunun qələbəsi ilə və atasından artıq olmasa da əksik olmayan oğlunun üzə çıxması ilə. Xotkar Hasan paşanı təcili yanına çağırtdırır və hədələyir, qırx gün ərzində ya Koroğlunun başını gətirirsən, ya da səni dar ağacından asdıracağam.

 

Hasan paşa vurnuxmağa və hücum üçün hazırlaşmağa başladı. Aşıq Cünun bütün hər şeyi yerli-yataqlı öyrəndi və ətraflı Koroğluya danışdı.

 

Dəlilər də Çənlibelin Toqat baxarındakı bəndləri tutdu. Başladılar Hasan paşanı gözləməyə. Lakin xeyli vaxt keçdi, Hasan paşadan bir xəbər çıxmadı.

 

Halbuki axırda Ələmqulu xanın elçisi kimi özünü təqdim edən bir nəfər üzərə çıxdı. Xəbər verdi ki, Ələmqulu xan öz başının adamları ilə sənə qonaq gəlir. Qonağı qəbul etmək üçün hazırlığa başladılar. Lakin axırda məlum oldu ki, elçi deyil, Hasan paşanın göndərdiyi çuğul imiş.

 

Koroğluya məlumat verdilər ki, göndərilmiş Dəli Həsən və onun dəliləri getdikləri yerdə yoxdur, heç yerdə görünmürlər. Koroğlunun gözləri qan çanağına döndü. Sanki yatmışdı, oyandı. Dəliləri müvafiq yerlərə yerləşdirdi. Xanımlar da silahlandılar və Eyvazın dəstəsinə qoşuldular. Koroğlu isə dəlilərin müşaiyəti ilə bulağın yanına getdi ki, burada da guya Ələmqulu xanı gözləyirdilər. Həqiqətdə isə Hasan paşa pusquda dururdu. Koroğlu çatan kimi orada olanlara salam verdi: “Bəs, hanı xan?” Dərhal Hasan paşa qabağa yeriyib dedi: “Koroğlu, xan yoxdur, gələn paşadı”. Onlar arasında kəskin söhbət oldu. Hasan paşa Koroğluya məsləhət görür ki, cavanlıq idi, indiyədək nə etdin etdin. İndi isə birbaşa mənimlə gedək İstanbula, qurtarsın getsin. Koroğlu dedi: “Siz elə bilməyin ki, mən sizin işlərinizi bilmirəm. Xotkar səni bura niyə göndərib, sən buraya necə gəlmisən. Hamısı mənə bəllidir. Əlim-ayağım dəyməmiş qoşununu da götür, çıx buradan get! Yoxsa...” Nəhayət, atın belinə minən Koroğlu öz dəlilərinə qoşma ilə müraciət etdi. Koroğlu və dəlilər qılınclarını siyirdilər və qoşunun üstünə töküldülər. Koroğlu savaş zamanı da aşıqlığından əl çəkmir, qoşmalar deyir.

 

Bu ərəfədə Dəli Həsən də üç min qoşunla Hasan paşanın qoşununun üstünə düşdü. Savaş qızışdı. Savaş, nə savaş. Axırda paşanın qoşunu məğlub edildi və təslim oldu. Dünya xanım atasının durumunu görəndə örpəyini açıb Koroğlunun ayaqları altına atmaq istədi ki, Koroğlu Hasan paşanı bağışlasın. Koroğlu qoymadı. Qolundan tutub qaldırdı. Öz əli ilə örpəyi onun başına salıb dedi: “Mən onu öldürməyəcəyəm. Mənim onunla ayrı işim var”. Və sonra  üzünü Hasan paşaya tutdu: “Sən mənim yolumda bir qızın Dona xanımı Keçəl Həmzəyə verdin. Bir qızın Dünya xanımı da Bolu bəyə vermək istəyirdin. Bir qızın var Bulğar xanım adında. Onu da gərək Dəli Həsənə verəsən. Bura çağır, bəyənər gedər, bəyənməz, yenə sənin qızındır. Bu mənim birinci şərtim. İkinci şərtim oldur ki, Qırat və Dürata görə atamın gözlərini çıxartdırdın. Səni öldürməyəcəyəm, nə qədər ki, ömrün var, Çənlibeldə qalıb bu iki ata mehtər olacaqsan”. Bir neçə gündən sonra Bulğar xanım da Çənlibelə gəldi. Koroğlu onu Dəli Həsənə verib toyunu etdi. Hasan paşa da ömrünün axırına kimi Çənlibeldə qalıb Qıratla Dürata mehtərlik elədi.

 

Təhlil olunan boyda Hasan paşanın haramzadalığı və oyunbazlığı elə aydın şəkildə təsvir olunur ki, onun ziddiyyət fonunu da Koroğlunun alicənablığı, igidliyi və savaş aparmaq sənəti yaradır. Elə burada qeyd etmək lazımdır ki, Koroğlu döyüşdən öncə və döyüş zamanı da ruh yüksəkliyi və mətinliyi möhkəmləndirmək üçün nə sazı unudur, nə də aşıq sənətini. Bir cizgi də nəzərə çarpandır – Çənlinelin xanımları çətin durumda özləri silahlanırlar və döyüşdə iştirak etməyə hazırdırlar. Müəyyən olunur ki, qadın igidlərinin savaşa qatılması və döyüş sənəti, məharəti və istedadı elə başdan oğuz, elə götürək, azərbaycanlı xanımlarını xarakterizə edir. Eləcə də Koroğlunun qadınlara qarşı dərin ehtiramını və hörmətini unutmamalıyıq. Bu, onun Dünya xanıma qarşı necə sıxıla-sıxıla yanaşdığı zaman aydınca görünür.

 

Doğrudur, Koroğlu alicənabdır və Hasan paşanı öldürmür. Lakin Qırat və Düratın üzündən atasının gözünü çıxartdırdığı üçün ömürlük atların mehtəri edir. Düşünürəm ki, bu, şöhrətpərəst paşa üçün ölüm cəzasından da betərdir.

(davamı burada)

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU