Elizbar CAVELİDZE
(əvvəli burada)
İkinci boy. Gözəl günlərin birində tənha yola çıxan Koroğlunun üstünü yanında dəstəsi olan tanınmış qaçaq Dəli Həsən aldırır. Lakin döyüşün üzərində dayanana kimi, Dəli Həsənin simasının yaradılmasının ilkin şərtini xatırlasaq daha münasibdir. Ümumiyyətlə, Koroğlu dövründə baş verən döyüşlərin xarakterini Osmanlı və İran dövlətlərində hökm sürən sosial zülm və despotizm şərtləndirir. Məhz elə haqsızlıq və dini əqidənin barışmazlığı XV-XVII əsrlərdə bütün Yaxın Şərqi bürüyən kəndli üsyanlarını əmələ gətirmişdir. Bu dəfə başında Qara Yazıçının olduğu, hələ 1596-cı ildə sultana qarşı çıxmağa başlayan Cəlalilərin üsyanı xüsusilə diqqətəlayiqdir. Bu üsyanda 20-30 min qiyamçı iştirak edirdi ki, bu da əsasən kəndlilərdən, kürd və türkmən xırda və orta köçərilərdən ibarət idi. Qara Yazıçı uğurlu mübarizədən sonra məğlubiyyətə uğradı, dağlara qaçdı və oradan hücumları uğurla həyata keçirirdi. Lakin hərbi qüvvələrə başçılıq edən Hasan paşa 30 min qiyamçını məğlub etdi, Qara Yazıçının özü isə yenə dağlara sığındı. Lakin o yaralı idi və tezliklə vəfat etdi. Onun ölümündən sonra üsyançıların başına onun qardaşı, Tokatın qala-qəsrinə sığınan, nəhayət, qiyamçıların həyatına son qoyduqları Hasan paşanı məğlub edən Dəli Həsən keçdi.
Halbuki bu böyük uğura baxmayaraq Dəli Həsən sultandan dözümlülük göstəməyi xahiş edib və sultanın razılığından sonra o, öz məsləkdaşları ilə Osmanlının nizami qoşununa qəbul edilir. Odur ki, o və onun döyüşçüləri qiyam qaldıran kəndlilərə xəyanət edirlər. Lakin kəndlilərin üsyanları sonralar da davan edirdi. Bir çox şəhərləri alan, zəbt edən Qələndəroğlunun başçılıq etdiyi miqyaslı üsyanı diqqətə layiqdir. Halbuki bu qiyamı Sultanın Murad paşanın rəhbərlik etdiyi cəzaverici ekspedisiyası xüsusi amansızlıqla yatırdı (Bax: Mixeil Svanidze, Türkiyənin tarixi (1999-2000), Tbilisi, 2007-ci il, səh. 188-191. Тверитинова А.С., Восстание Кара Языджа-Дели Хасана в Турции, М.-Л., 1946).
Bu kiçik tarixi ekskursiyanı gətirmək ona görə lazım gəldi ki, fikrimcə, xalqın yaddaşı bu məşhur qaçağın adını tarixi şəxsiyyətlə, dəfələrlə dağlara çəkilən, oradan hücumlar həyata keçirən üsyançıların başçısı Dəli Həsənlə əlaqələndirir. Xalq onun haqsızlıq uğrunda mübarizə aparan simasını qoruyub saxlamışdır ki, bu da onun məqsədinə can atmasına uyğun gəlir, onun igidliyinə kölgə salan xəyanətkarlığını isə bilərəkdən heçə saymışdır. Düşünürəm ki, “Koroğlu”nun epizodlarında tez-tez xatırlanan Hasan paşanın adı da bir müstəbid və haqsız despod olaraq təsadüfi olmamalıdır və onun fiziki məhvi də məhz elə tarixi müstəbid Hasan paşa ilə əlaqədardır.
İndi yenə ikinci boyda inkişaf edən hadisələrə qayıdaq. Dəli Həsən Koroğlunun üstünü aldıranda onun Qıratı qaçağın diqqətini çəkdi və onda atı onun əlindən almaq istəyi baş qaldırdı ki, bu, qaçaq üçün tamamilə təbiidir. Burada onlar arasında dialoq baş verir, daha doğrusu, burada ilk dəfə mahnı ilə özünü və baxış dairəsini, igidin necə olmasını göstərən aşıqla – Koroğlu ilə tanış oluruq: Əvvəlcə özünü igid kimi, Gündoğandan Günbatanadək ona tabe olan igidlərin xanı kimi təqdim edir. Onun dediyi kimi, savaş meydanına girən igid qaynayıb coşmasın gərək, qismətdən qaçmasın gərək. Sonra Dəli Həsənə üz tutur: And içmişəm, bu gün döyüş olmasın, bizim aramızda münsif tapılsın və sair ( Bax: “Koroğlu”, Tbilisi, 2010-cu il, səh. 37). Bu təklifi Dəli Həsən qorxaqlıq hesab edir və başının adamlarını onun atının əlindən alınmasına və özünə də bir-iki vurub yola salınmasına çağırır. Dəli Həsənin dəstəsi ona hücum edəndə bir yandan Koroğlu “Misri” qılıncı ilə, bir yandan onun Qıratı az vaxta dəstəni qatım-qatım qatlayıb əldən-ayaqdan saldılar.
Nəhayət bu iki pəhləvan qılınclarını çəkib bir-birlərinə hücum etdilər. Sonra amuda, nizəyə əl atdılar və bu cür savaş bir nəticə vermədi, atdan düşdülər və güləşməyə başladılar. Gah o buna güc gəldi, gah da bu ona. Axırda Koroğlu dəli bir nərə çəkdi, Dəli Həsəni götürüb yerə vurdu və Koroğlu qılınca əl atanda Dəli Həsən bir ah çəkdi. Koroğlu ona deyir ki, bir qaşıq qanından qorxub niyə belə ah çəkirsən? Dəli Həsən isə ona deyir: “Ey igid, mən canımdan qorxub ah çəkmirəm. Əhdim var idi. Əhdimə çatmadım... Mən əhd eləmişdim ki, hər kim məni bassa, onunla dost, qardaş olam. Ölənə qədər onun yanında qalam. İndi sən məni basdın, ancaq öldürürsən, əhdimə çata bilmirəm”. Dəli Həsənin dediyi bir möv Koroğlunu sevindirdi. Dəli Həsənin qolundan yapışıb qaldırdı, əlini üç dəfə onun kürəyinə vurdu. Onlar bir-birlərinə and içdilər və Dəli Həsən könüllü yeddi il ərzində bəylərdən, xanlardan, istərsə də tacirlərdən alıb yığdığı mal-dövlətin hamısını Koroğluya təklif etdi, onun xeyir-duasını verdi. Həsən mağaraların birində saxlanılan özünün əldə etdiyi mal-dövləti Koroğluya göstərdi. O isə ona dedi: “Qoy bunlar hələlik elə buradaca qalsınlar. İndi bunlar bizə lazım deyil. Amma elə ki, Çənlibeldə yurd-yuva saldıq, başımıza dəlilər, igidlər yığıldı, onda bunlar bizə lazım olacaq”. Doğrudan da belə oldu.
Bu kiçik boy süjet inkişafının gərginliyindən məhrumdur, lakin bu onunla diqqətəlayiqdir ki, Koroğlu, birincisi, ilk dəfə aşıq dərəcəsində bizə təqdim olunur və məsələləri mahnı ilə həll etmək istəyir. Və ikincisi də, “yaxşı igid”in etik davranışı və əqidəsi barədə mühakimə başlayır.
Üçüncü boy. Bu dastanın süjet məhvəri Koroğlu tərəfindən İstanbul xotkarının qızı gözəl Nigar xanımın qaçırılması və onun Çənlibelə gətirilməsi üzərində qurulub. Bu, bir neçə epizodu əhatə edir: a) Koroğlunun adı bütün aləmə yayılıb; Ölkənin hər dörd tərəfindən öz xanından, paşasından zülm görən igidlər Çənlibelə gəlir, Koroğluya qoşulurlar və orada məskunlaşırlar. Çənlibel qəsəbəsi çoxsaylı oldu və onun həyatı da dirçəldi və canlandı. b) İstanbulun kəndlərinin birində Bəlli Əhməd adlı yeniyetmə, cavan oğlan vardı. “Amma gücdə-qüvvətdə Rüstəm pəhləvana bac verməzdi”. O, Koroğlunun sədasını eşitmişdi, ona qoşulmaq qərarına gəlir və yola çıxır. İstanbula çatan Bəlli Əhməd qəlbində Koroğluya qarşı məhəbbət hissi bəsləyən Nigar xanıma rast gəldi. Bu sonuncu eşidəndə ki, Bəlli Əhməd Koroğlunun yanına gedir, Koroğluya namə yazdı, qolundan bazubəndini də açıb ona verdi. Bəlli Əhməd bazubəndi də, naməni də Koroğluya verdi. c) Koroğlu İstanbula tək getmək və Nigar xanımı qaçırmaq qərarına gəlir. O, oğlu Nigar xanımın bağbanı olan bir qoca qarının qonağı olur. Lakin öz istəyini bərqərar edənə kimi xotkarın qızı ilə şəxsən tanış olmaq istəyir. Çavuş paltarı geyinir və çox cəfa çəkəndən sonra xanım ilə təkbətək görüşə nail olur. Əvvəlcə Nigar xanım onu adi aşıq olaraq hesab edir və ondan aralaşmaq niyyətində olur. Lakin aşıq Koroğlunun adını tez-tez xatırladığından şübhələndi və sonra bazubəndini görəndə bir daha əmin oldu ki, onun qarşısında duran Koroğludur. “Ala gözlərini dolandırıb, bir müştəri gözü ilə ona baxdı. Deyirlər ki, məhəbbət gözlə olar. Elə ki, gözlər bir-birinə sataşdı, ürəklər başladı döyünməyə” (Bax: elə orada. səh. 54). Koroğlu nar bağında onun qolundan tutdu, Qıratın tərkinə aldı və Çənlibelə tərəf üz qoydu. Bu xəbər yayıldı. Nigarın qardaşı olan Bürcü Sultan ata mindi, qoşuna hay vurdu, özü qızı götürüb qaçanın arxasınca düşdü. Koroğlu yuxusuz və yorğun olduğundan bir bulağın başında istirahət etmək qərarına gəldi. Nigar nə qədər elədi ki, gəl gedək, qoşun gəlib bizə çatar, səni öldürərlər, məni də geri qaytararlar. Ona qulaq asmadı. Bu ərəfədə qardaşı özünü yetirdi və Koroğluya səsləndi: “Qızı ver, quldur”. Buna da Koroğlu rahatca cavab verdi: “Xotkar oğlu, hirslənmə! bacını aparmaq istəyirsən, gəl apar, day söyüş niyə söyürsən?” Bürcü Sultan bu sözü eşidəndə bir az da cürətləndi. Qəzəblə dedi: “Necə ki, yəni gəl, apar? Mən onu sənin başınla bir yerdə aparacağam”. Heç də mübarizə olmadı, Koroğlu bir fəndlə onun peysərindən yapışdı. Bürcü Sultan nə qədər əlləşdisə boynunu onun əlindən qurtara bilmədi. Nəhayət, əlini çəkdi və onu buraxdı. Lakin azad olunan Bürcü Sultan yenə Koroğluya hücum etdi. Koroğlu onu yerə yıxdı. Lakin Nigar xanımın yalvarışına görə yenə onu bağışladı. ç) Utandığından Bürcü Sultan təkbaşına Koroğlunu təqib etməyə ərk edə bilmədi. Onun qoşunu yetişəndə ürəklənmiş halda təzədən Koroğlunun dalına düşdü. Bu dəfə də Nigar xanım xahiş edir ki, onun atasının qoşunu çoxdur, sən təksən, onlarla bacarmazsan, dava eləmə. Yolumuza davam edək. Koroğlunun öz yarına cavab verməsi bir növ diqqətəlayiqdir: “Mən səni Çənlibelə bu cür apara bilmərəm. Sonra deyərlər ki, Koroğlu gedib xotkarın qızını oğurlayıb gətirib. Mən gərək dava eləyəm” (Bax: Elə orada, səh. 60).
Bu ərəfədə xotkarın qoşunu gəlib çatdı. Koroğlu qılıncı çəkdi, qoşun üzərinə hücuma keçdi. O yanda yenə dəlilər narahat oldular. Koroğlu gecikdi, bədbəxt hadisə baş vermədi ki, deyə düşündülər. Dəlilərin dəstəsi Koroğlunun dalınca yola düşdü, Koroğlu tək mübarizə aparırdı, nərə çəkdilər və xotkarın qoşununa hücuma keçdilər. Koroğlu dəlilərin gəlişindən bir növ sevindi və bu çoxsaylı qoşunu bir hala saldılar ki, qırılan qırıldı, qırılmayan da qaçıb dağıldı.
Koroğlu tərkində Nigar xanım və dəlilər Çənlibelə tərəf yollandılar. Çənlibelə çatdılar. Şənlik başlandı. Çalanlar, oynayanlar, oxuyanlar bir-birinə qarışdı. Hamı bir növ sevinirdi, lakin Bəlli Əhməd xüsusilə sevinirdi.
Üçüncü dastanın süjetinin məhvəri düzxətli deyildir və bir neçə parçadan, başqa cür desək, sapmalardan ibarətdir ki, bu da əsas əhvalatın inkişafına dinamizm kəsb etdirir. Qəhrəmanlıq eposunun əsas personajı artıq ümumxalq tərəfindən ad-san, şöhrət qazanmış qəhrəman olaraq bizə təqdim olunur ki, bu da, xanların, paşaların, bəylərin, tacirlərin yuxusunu ərşə çəkdirir. Və, ümumiyyətlə, camaat onu bir cür qavramır: bəziləri ona tərəf can atırlar, bəziləri isə ehtiyat edirlər. Bu, Koroğlu ilə qonaq getdiyi qoca arvadın söhbətindən aydın görünür. Qoca arvad ona şübhəli və qorxulu gözlə baxır və yuxusu qaçır. Koroğlu bunun səbəbini soruşur. Arvad cavab verir ki, onun kim olduğunu anlaya bilmədi: Rüstəm pəhləvandır, yoxsa Ərəb Reyhan, Giziroğlu Mustafa bəymi? Naməlum qonaq gülərək inkar edəndə, arvad tərəddüd edir, sonra ona deyir: “Bala, onda, vallah, az qalıram... Ay bala, birdən sən o Koroğlu olarsan ha...” Koroğlu onun gümanını təsdiq edəndə arvadın ürəyi getdi, arvad elə özünə gəlcək durdu ayağa ki, qaçsın, Koroğlu onun biləyindən tutdu ki: “Ay ana, hara qaçırsan? Mən adam yeyən-zad deyiləm ki, məndən qorxursan?” Arvad cavad verdi: “Niyə səndən qorxuram? Mən çox igid arvadam ki, sənin adını eşidəndə bağrım çatlamayıb. Sənin adını eşidəndə pəhləvanlar gizlənmək üçün siçan deşiyi axtarırlar. Mən bir özümdən getmişəm, çox görürsən?” (Bax: Elə orada, səh. 50). Elə burada Koroğlunun nə deməsi maraqlıdır: “Ay ana, deyəsən, paşalar, tacirlər məni burada çox pis qələmə veriblər, onlar məndən qorxmağa haqlıdırlar. Çünki, mən ki, varam, onların qatiliyəm. Amma day sən niyə məndən qorxursan?” (Bax: Elə orada, səh. 50). Çevik, qısa dialoqla və dinamizmlə yuxarıda verilən epizod Koroğlunun igidliyi, onun şan-şöhrəti və xalq arasında bu ada qarşı münasibət barədə bizə aydın mənzərə yaradır.
Elə burada vurğulamalıyam ki, Koroğlu bu dastana uyğun olaraq bir möv mahir insandır (Çavuş libasında Nigar xanımın qarşısında özünü aşıq olaraq göstərməsi) və eləcə də savaş zamanı müəyyən vasitə və fənddən istifadə edəndir (Bürcü Sultan ilə ilk döyüş zamanı), lakin elə bu zaman qorxmazlığını və sarsılmazlığını unutmamalıyıq. Elə burada onun əxlaqi xüsusiyyətinin bir cizgisi özünü büruzə verir – o, igid olaraq qadını gizli oğurlamağı özünə ayıb bilir, qaçırtmağı isə igidlik olaraq hesab edir. Müəyyən olunduğu kimi, azərbaycanlıların qədim ənənəsi idi.
(davamı burada)
Gürcü dilindən tərcümə edən:
Mirzə MƏMMƏDOĞLU