NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Ozan libasını geymiş Beyrək əvvəlcə nişanlısı Banuçiçəyin paltarını geyəndə onu aldatmağa cəhd göstərən Qısırca Yengə adlanan xatunu və sonra Boğazca Fatma xatunu biabır etdiyi səhnə geniş və yaddaqalandır. Beyrək onlarla sarkazm ilə haqq-hesab çürüdür: birincini qısır və məşuqə, ikincini isə qırx oynaşlı olması ilə biabır edir və orada olan xatunlara ürəkdən güldürür, qəh-qəhə çəkdirir (K.D.Q., səh. 82-83; D.K.K., səh. 53; O.D.D.K.K. səh. 93-94). Qısası, bu çıxarışda zəhər qarışıqlı kinayə o dövrdə təəccüblüdür, lakin hər halda olan yüngül əxlaqlı xatunlar ifşa olunub. Başlıcası odur ki, qəhrəmanlıq eposunun ideal boyalarına bələnmiş aləmdə realizm özünü büruzə verir, başqa cür desək, gerçək həyatı əks etdirən axın da.

 

Bir sözlə, insan həyatı həmişə keçmişdə və bu gün də əxlaq ilə əxlaqsızlığın, ağ ilə qaranın qurşaq tutmasında keçir. Əxlaqı olanlar bəyəniləndir və gözəldir, əxlaqsız və eybəcər olan pisləniləndir. Müvafiq olaraq bütün bədii əsərlər və o cümlədən, bəllidir ki, qəhrəmanlıq eposu yüksək əxlaq və gözəllik ideyasını əks etdirməyə cəhd göstərir. Lakin, birincisi, yaradıcı olsun, fərdi, istərsə də, ümumiyyətlə, sadə xalq olsun, ixtiyari və qeyri-ixtiyari öz bədii modelini gerçəkliyi dərk etməklə yaradır. Buna görə də o, mövcud əxlaqsızlıqla da hesablaşır. Halbuki bunu əksər halda kontrast qara fon olaraq istifadə edir ki, ağ, aydın şüa daha bəlli şəkildə özünü göstərsin. “Dədə Qorqud” eposu bu baxımdan intisna olunmur.

 

Burada fövqəladə şəkildə qeyd etmək lazımdır ki, bu eposda müharibəni əks etdirən döyüş səhnələri əhatə olunub, bunlar barəsində də artıq mühakimə olub və bu dəfə artıq bir daha təkrarlamayacağam. Sadəcə qeyd edirəm ki, mübarizənin gedişini verməklə qədim oğuzların döyüşü aparmaq taktikası müəyyən edilir. Lakin öncəki boyun təhlili zamanı qeyd etdim ki, bu təsvir daha çox estetik olaraq  dəyərdir.

 

Eləcə də Salur Qazan tərəfindən verilən ziyafət diqqət çəkir. Bəy doxsan otaqlı uca evlərini qara yer üzərində tikdirmişdi. Doxsan yerdə böyük ipək xalı döşətdirmişdi. Səksən yerdə küplər qoyulmuşdu. Qızıl qədəhlər, sürahilər düzülmüşdü. Doqquz qara gözlü, göyçək üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları qalın oğuz bəylərinə şərab paylayırdılar. Ulaş oğlu Salur Qazan içdi-içdi, axırda şərabın təsiri başına vurdu (K.D.Q., səh. 45; D.K.K., səh. 30; O.D.D.K.K. səh. 50).

 

Başqa yerdə də oğuzların ziyafətinin təsvirinə rast gəlirik, lakin bu yeri, birincisi, ona görə göstərdim ki, burada oğuz bəylərinin kef məclisi ən obrazlı şəkildə göstərilib. İkincisi də, bu hissədə Salur Qazanın  zənginliyi və əliaçıqlığı qeyd olunub. Üçüncüsü də, qara gözlü, göyçək üzlü, saçı arxada düyünlənmiş, köksü qızıl düyməli, əlləri biləyindən xınalı, barmaqları naxışlı, gözəl kafir qızları qalın oğuz bəylərinə necə şərab payladıqları önə çəkilibdir ki, bu da oğuzların əxlaqından və düşmənləri alçaltdıqlarından xəbər verir. Bu dəfə də oğuzların qüdrəti və kafir düşmənlərin acizliyi böyüdülüb. Bu cür üstünlük döyüşdə olduğu kimi, eləcə də ziyafət zamanı özünü göstərir. Halbuki Salur Qazan öz bəylərini ova səsləyəndə, onun oğlu atasına xəbərdarlıq edir: “Ağam Qazan, sası dinlü Gürcüstan ağzında oturarsan, ordun üstinə kimi qorsan?” Xristian gürcülərin qonşuluğu daim oğuzları qorxudurdu və bu bir neçə epizoddan müəyyən edilir. Lakin ən əhəmiyyətlisi odur ki, “Dədə Qorqud”un yekun olaraq yazılı şəkildə qanuniləşdirilməsi məhz elə Gürcüstan sərhədinin qonşuluğunda yaşayan oğuzlar, yəni azərbaycanlılar tərəfindən baş verdi.

 

İndi təhlil olunan eposun obrazlılığının yaranması və təsviri səviyyəsində konkret olaraq hamısı leksik vahidlərdən istifadə olunur. Hər şeydən öncə qeyd etməliyəm ki, bu leksik ehtiyat zəngin deyildir və aşkarcasına irəlicədən işlənmiş material ilə hüdudlanmamışdır, bu da təəccüblü deyildir, əgər xatırlasaq ki, bu epos eyniyyətin estetik modelinə məxsusdur, irəlicədən bəyənilmiş və demək mümkündür ki, qanuniləşmiş obrazlı şirinliyi bizə təklif edir. Buna görə də onda nəsə yeni və orijinal simaların axtarılması nə az, nə çox,   suyun dibində alovu axtarmaq və alışdırmaq deməkdir. Eyni zamanda “Kitabi Dədə Qorqud” xalq yaradıcılığı nümunəsidir ki, eləcə də fərdi, orijinal baxışları və təsvirləri bir şeyə saymır. Və nəhayət, artıq qeyd etdiyim kimi, bu eposun boyakarlığı bilavasitə oğuzların həyat tərzinə, xarakterinə və ənənələrinə  əsaslanır. Belə ki, eposda oğuzların həyatının praktisizmi ilə qidalanan aləmin dərk olunmasının modeli ön plana çəkilmişdir.

 

İndi oğuzlar üçün təmasda olduqları dəyərli ev və çöl heyvanlarının növlərini xatırlayaq. Bu hər şeydən öncə bədəvi, müxtəlif cinsli və rəngli atlardır. Bütün oğuz igidləri öz bədəvi atı ilə özünü bəyənir, onun qədrini və qiymətini bilir. Budur, Beyrək öz boz ayğırını necə öyür:

 

“Açuq-açuq meydana bənzər sənin alıncuğın,

İki şəbçırağa bənzər sənin gözcigəzin,

Əbrişimə bənzər sənin yəlicigin,

İki qoşa qardaşa bənzər sənin qulacığın,

Əri muradına yetürər sənin arxacığın.

At deməzəm sana, qardaş deyərəm,

qardaşımdan yeg!

Başıma iş gəldi, yoldaş derəm,

yoldaşımdan yeg! - dedi.” (K.D.Q., səh. 45).

 

Gətirilən çıxarış müqayisələrlə diqqəti cəlb edir: alın açıq meydana, gözlər şəbçırağa (gecələr işıq saçan mirvariyə), yalı ipəyə, qulaqları iki qoşa qardaşa, beli isə süvarini məqsədinə (niyyətinə) çatdırar. Başlıcası odur ki, hər halda odur ki, yarış anında yoldaşdan artıqdır və qardaş əvəzidir, at ki adlanır layiqincə deyildir.  Qısası, burada igid oğuzun həyatında cins bədəvinin necə böyük rol oynadığı aydınca bəyan edilibdir.

 

Atdan sonra ən qiymətlisi dəvədir. Ələlxüsus qırmızı dəvə. Bu qırmızı rəng ona fərqli cinslilik və cazibədarlıq verir. Eləcə də oğuzların həyatı üçün qoyun dəyərdir. Qoyunun ağlığı ümumən qeyd olunubdur ki, bu da xeyirxahlıqdan xəbər verir və bədbəxtlikdən, eyibdən xəbər verən qara qoyuna qarşı durur.

 

Barı, elə burada bir daha təkrar edirəm ki, təhlil olunan qəhrəmanlıq eposu başdan ayağa ağ və qaranın, yəni xeyir və şərin, elə götürək, əxlaqla əxlaqsızlığın qarşılıqlı qarşıdurma fonunda qurulub.

 

Elə burada mütləq istəyirəm qeyd edəm ki, oğuz igidinin öz bədəvi atına göstərdiyi böyük hörmət və izzətə, ləyaqətə baxmayaraq, praktisim özünü büruzə verir, başqa cür, həyat sayağı real və ziyafət zamanı qonağa hörmət əlaməti olaraq dəvə, qoyun kimi atın da kəsilməsi faktı bizə rast gəlir. Məsələn, Bayandur xan qonaqları qarşılamaq üçün “atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı” (Elə orada, səh. 4). Diqqətəlayiqdir ki, sanki bütün ziyafətlər zamanı yuxarıda adı çəkilən heyvanlar kəsilir və bunu ifadə edən kəlmə sözbəsöz təkrar olunur.

 

Ümumiyyətlə, qoruğa ev hevanları, eləcə də çöl heyvanları cəm olunublar. Məsələn, Əlincə qalasında Qara Təkurun qoruğunda quşlardan qaz və toyuq; çöl heyvanlarından maral, ceyran, dovşan və sair yığılıbdır (Elə orada, səh. 125-126) ki, bunların da xatırlanması müxtəlif kontekstdə müxtəlif cürdür. Lakin zəriflik və gözəllik obrazı olaraq qaz daha çox yayılmışdır (O.D.D.K.K. səh. 51; 114). Məsələn, ala qaz (Elə orada, səh. 139) məhəbbətin tale yazısının bir növ rəmzi olaraq dərk edilir. Quşlar arasında eləcə də qu quşu, durna, turac, bildirçin və sair  bizə rast gəlir (Elə orada, səh. 141). Lakin yuxarıda adı çəkilən quşlar “Dədə Qorqud” eposunun obrazlılıq toxunuşunda, elə götürək, bədii kontekst səviyyəsində, çox nadir hallarda, demək mümkündür ki, bunun əksi olanların adı hallanmır: dişi maral, ala ceyran, ahu və sair, çox çətin görünəsi və arzu olunası, çox hallarda bədii arenaya çıxırlar. Budur, elə götürək bu nümunəni:

 

“Arku beli ala taği avlar idüm,

Ala giyik, sığın giyik kovar idüm

Tartanda bir oh-ilə neyler idüm” (Elə orada, səh. 146).

 

İllah da ki, qonşuluğunda çöl eşşəyinin, maralın, ceyranın asudə olduğu bu duracaq, istərsə də ev dəyərləndirilir və tərifə layiqdir (Elə orada, səh. 54). Bu da oğuzların həyat tərzi üçün ovçuluğun nə dərəcədə dəyərli olduğundan xəbər verir. Məhz elə ovçuluğa görə, on birinci boyun süjetinin inkişafının səbəblərindən olan şahin dəyərlidir (Elə orada, səh. 188). Müvafiq olaraq o, müqayisənin komponentlərindən biridir. Məsələn, Uruz kafirləri elə darmadağın etdi ki, düşünərdin ki, “sanki dar yola dolu düşdü, ya qaz sürüsünə şahin girdi” (Elə orada, səh. 105). Və ya Selcan xatun atını elə oynatdı ki, düşünərdin, “qara qaz sürüsünə şahin girdi” (Elə orada, səh 143). Quşlar şahı qartalın obrazının müqayisəli aspektdə təsvir olunması daha çox təəssürat oyadıcıdır:

 

“Qab qayalar başında yuva tutan,

Qadir, Ulu Tanrıya yaqın uçan,

Mancılığı ağır daşdan ğızıldayub, qatı enən,

Arı gölün ördügin şaqıyub alan,

Qaba öykə dib yürürkən dartub üzən,

Qarıncığı ac olsa, qalqub uçan,

Cümlə quşlar sultanı çal qaraquş

Qanadıyla saqsağana kəndözin şaqıdarmı?

Alb yigitlər qırış güni qırımından qayırırmı?” (Elə orada, səh. 139-140).

 

Yuxarıda verilən quşlar şahının yuva salması və ov ovlaması mənzərəsi yalnız oğuz igidinin obrazının yaradılmasını müqayisə səviyyəsində bizə təqdim edir. Odur ki, estetik duyğunun və emosiyanın oyadılması metodu (vasitəsi) təhlil olunan eposun boyakarlığı üçün yad deyildir.

 

Ümumiyyətlə, ovçuluq aləmi bu cür təsəvvür olunur. Şir, pələng, canavar, qara buğa, qara dəvə və sair. Bunlar arasında coşmuş şir, qara buğa və qara dəvə ziyankar, yaramaz qüvvələrin  rəmzləridir ki, bunların da yalnız qüdrətli, adlı-sanlı, tanınan igidlər öhdəsindən gəlirlər. İkinci tərəfdən isə, pələng, şir və canavarlardır ki, oğuz igidləri onlar ilə nəslinin eyniyyətilə özünü bəyənir, öyünür və fəxr edir. Qazan xanın onu əsir götürənləri necə qorxutmasını bir daha xatırlayaq: “Aq qayanın qaplanının erkəgində bir köküm var, ortac qırda sizin keyiklərinüz durğurmaya. Aq sazın aslanında bir köküm var, qaz alaca yundunı durğurmaya. Əzvay qurd ənügi erkəgində bir köküm var, ağca bəkil tümən qoyunun gəzdirməyə. Ağ sunqur quşı erkəgində bir köküm var, ala ördək, qara qazun uçurmaya... (Elə orada, səh. 193).

 

İgidin onun mənəvi və fiziki qüvvəsindən xəbər verən şir və pələnglə eyniləşdirilməsi, demək münkündür ki, bir növ stereotip xarakterini daşıyır (Elə orada səh. 50; 91 və sair). Elə burada vurğulayacağam ki, pələng və şir qüdrət rəmzi obrazı olaraq orta əsrlərin xalq, istərsə də klassik ədəbiyyatında geniş yayılmışdır ki, bu da  nüxtəlif xalqların qarşılıqlı təsiri ilə deyil, eləcə də xalqların həyatlarında bərqərar olunan bu heyvana qarşı münasibətin və onların qüdrətinin təsəvvürü ilə şərtlənib.  

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU