Mayın 27-də Qardabani bələdiyyəsi Nəzərli ictimai məktəbinin xalçalarla, müxtəlif etnoqrafik əşyalarla bəzədilmiş akt zalında xalq şairi Səməd Vurğunun yaradıcılığına həsr edilmiş poeziya günü keçirilib.

 

"Yeni Yol" xəbər verir ki, məktəbin pedaqoji və şagird kollektivinin iştirakı ilə təşkil edilən "Səməd Vurğun poeziya günü"ndə məktəb şagirdləri şairin şeirlərini səsləndirmiş, onun "Azərbaycan" şeirinə aid esse təqdim etmiş, şairin həyat və yaradıcılığının müəyyən məqamlarını əks etdirən səhnəciklər oynamışlar. Eləcə də tədbir çərçivəsində böyük sənətkarın şeirlərinin motivləri əsasında çəkilmiş rəsm əsərlərindən ibarət sərgi nümayiş olunmuşdur. Böyük sənətkarın müxtəlif illərdə qələmə aldığı və müxtəlif mövzulara həsr olunmuş şeirlərindən ibarət kompozisiya alqışlarla qarşılanmış, şagirdlərdən Şəmməd Qurbanov, Elanura Əhmədova, Ləman Süleymanova, Gülər Abdullayeva, Asna Qasımova, Qəndab Nəsibova, Nərmin Əliyeva və Elif Mətiyevanın səsləndirdikləri poeziya nümunələri yaddaqalan olmuşdur.

 

Ən yaxşı şeir ifaçılığına görə VI b sinif şagirdi Şəmməd Qurbanov bu nominasiyada keçirilən müsabiqənin qalibi olmuş və müvafiq təşəkkürnamə ilə təltif olunmuşdur. Sonda müxtəlif nominasiyalar üzrə iştirakçı şagirdlərin mükafatlandırma mərasimi keçirilmişdir. Böyük şairin "Azərbaycan" şeirinin təhlilinə aid essenin müəllifi X a sinif şagirdi Münəvvər Musayeva bu nominasiyada qalib elan olunmuşdur. Səməd Vurğun poeziyasının motivləri əsasında çəkilmiş rəsmlər arasında fərqlənən "Ceyran" rəsminin müəllifi VII b sinif şagirdi Aysun Nəbiyeva rəsm nominasiyası üzrə qalib seçilmişdir. Eləcə də poeziya bayramının təşkilatçıları və aparıcıları – XI a sinif şagirdləri Sevgi Hüseynova, Seda Məmmədova məktəb rəhbərliyi tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunmuşlar. Təşəkkürnamələri fərqlənən şagirdlərə məktəbin müəllimləri – Mövlud İskəndərov, Elxan Abdullayev, Mövla Vəliyev, Yusif Mustafayev təqdim etmişlər.

 

Səməd Vurğun poeziyasına həsr olunmuş tədbirin araya-ərsəyə gəlməsində məktəbin müəllimi Elmar Eminovun şagirdlərə dəstək göstərmişdir.