NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK

(Türk folklorunun estetikası və mənəvi əqidəsi)

 

 Elizbar CAVELİDZE

 

 

Nəhayət, Qazan iti qovalayır. Qaraca Çobanın yanına gedəndə çobanın evinin necə yağmalanmasını, qarıcıq anasını, arvad-uşağını necə apardıqlarını ətraflı izah edir. Əgər yanılmıramsa, burada artıq dördüncü dəfə Qazan xanın evinin yağmalanması və onun ev-eşiyinin təhqiredici durumu təkrar olunur. Artıq dəfələrlə qeyd etdiyim kimi, təkrar bu bədii əsərin strukturunun əsas istinad ünsürlərindən biridir. Konkret halda isə söyləyici bu təkrar ilə əsərin əsas mövzusunu ön plana çəkmək və eyni zamanda oxucuda baş verən fakta qarşı mənfi duyğular oyatmaq istəyir.

 

Çobanın söylədiklərindən Qazan ah çəkir, ağlı başından çıxır, o, çobanı lənətləyir və gözünə qaranlıq çökür.

 

Çoban isə onun qulluğunda durmasını təklif edir, sən təchizatını ver, düşməni qovaram və onun lazımınca payını verərəm deyir. Burada sosial cəhətdən fərqli təbəqələrin qarşılıqlı əlaqələri aydınca özünü büruzə verir. Çobanın təklifi bir növ Qazanı təhqir edir və o qəzəblənərək onu tərk edir, lakin çoban öz sahibinin arxasınca düşür. Qazan ilə çoban arasında əvvəlcə qarşılıqlı hörmət zəminində söhbət olur. Qazan çobanı oğul kimi xatırlayır. Lakin bu ata-oğul münasibətləri uzun çəkmir. Qazanda yenə özünə hörmət hissi baş qaldırır və düşünür ki, mən bu çoban ilə kafirlərin üzərinə getsəm, Oğuz bəyləri başıma qaxar, çoban olmasa idi dinsizləri məğlub edə bilməzdi. Qazan bunu özünə sığışdırmadı, çobanı nəhəng bir ağaca bağladı. Ona tapşırdı ki, acından ölməmək üçün bu ağacdan dişlə, yoxsa, qurtlar-quşlar səni yeyər dedi. Bu cür qədirbilməzlik Oğuz xana yaraşıq vermir, hər halda burada xanın təkəbbürlüyü təsvir olunur. Əgər tendensiya olaraq bu faktı qavrasaq onda Qazanın bu ləyaqətsiz hərəkətini onunla haqq qazandıra bilərik ki, o çobanın güc-qüvvətini yoxlamaq istəyirdi. İstər elə olsun, istər belə, bu nəhəng ağacı kökündən çıxardır, arxasına alır və Qazanın arxasınca düşür. O, kinayə ilə bu ağac nə ağacıdır deyə soruşur. O, cavab verir: Sən kafiri məhv edəndə bununla sənə yemək bişirərəm. Çobanın bu kinayəli sözləri ilə də ağasına qarşı heyrət doğuracaq sədaqəti və sevgisi təsdiq olunur. Bu da əsas məşğuliyyəti naxırçılıq olan köçəri tayfalar arasında tamamilə təbii idi. Qısası, Qaraca Çoban ümumiləşdirilmiş çoban simasıdır ki, bu da özünün daxili mənəvi inamı ilə, əxlaqı ilə və zahiri fiziki qüvvəsi ilə, igidliyi ilə konkret epizodda təkəbbürlü, qürurlu xana nisbətən daha yüksəkdə durur.

 

Növbəti epizod Şöklü Məliyin kafir bəylərin qələbəsini qeyd etmək üçün bitib-tükənməyən ziyafətini və eyş-işrət məclisini bizə təqdim edir. Kafirlər Qazan xanı daha da çox alçaltmaq üçün onun həyat yoldaşı Burla xatunu onların süfrəsində qulluq elətdirmək istədilər. Burla xatun bunu eşitdi, ürəyinə, canına od düşdü. Qırx incə belli qızın arasına girdi, soruşanda ki, Qazanın həyat yoldaşı kimdir, hamınız bir ağızdan bağırın, “mənəm” deyin dedi. Belə də etdilər. Lakin kafirlər başqa pis bir niyyətə müraciət etdilər. Qərara gəldilər ki, Qazan xanın oğlunu çəngəldən assınlar, qıyma-qıyma ətindən qara qovurma bişirsinlər və qızların qabağına qoysunlar, kim yeməsə o Burla xatun olacaqdı. Burla xatun bunu eşidəndə vahiməyə düşmüş halda öz oğlunu aradı. Ana mehribanlığı göstərdi və sığalladı. Sonra kafirlərin nə niyyətdə olduğunu ona dedi və soruşdu: “Sənin ətündən, oğul, yiyəyinmi, yoxsa sası dinlü kafirin döşəginə girəyinmi? Ağan Qazanın namusını sındırayınmı? Necədəyin, oğul, hey?! - dedi. Uruz ona kobud şəkildə cavab verir. Bu cavab Oğuz igidliyinin və şərəfinin üzərə çıxarılması üçün olduqca çox əhəmiyyətli olduğundan onu bütövlükdə verirəm:

 

“Ağzun qurısun, ana! Dilün çürisün, ana! Ana haqqı - Tanrı haqqı denilməsəydi, qalqubanı yerimdən duraydım, yaqanla boğazından tutaydım, qaba ökcəm altına salaydım, ağ yüzüni qara yerə dəpəydim, ağzuni ilə burnundan qan şorla daydım, can datlusın sana göstərəydim! Bu nə sözdür? Saqım, qadın ana! Mənim üzərimə gəlməyəsin, mənim içün ağlamayasan. Qo bəni qadın ana, çəngələ ursunlar, qo ətimdən çəksünlər, qara qavurma etsünlər, qırq bəg qızını öninə ilətsünlər. Anlar bir yedigində sən iki yegil! Səni kafirlər bilməsünlər-duymasunlar, ta kim, sası dinlü kafirün döşəginə varmayasan, sağrağın sürməyəsən, atam Qazan namusını sımayasan. Saqın!” - dedi. (K.D.Q., səh. 55, D.K.K., səh. 26; O.D.D.K.K. səh. 61).

 

Gətirilən çıxarışla igid oğuzun anasına və atasına qarşı münasibəti bilinir. Anasına böyük hörmət bəslədiyinə baxmayaraq, öz oğluna görə atasının namusuna xələlin gəlməsi barədə düşünməsini belə bağışlamayacağını və az qala fiziki cəhətdən ayaqlamağını da istəyir. Oğul atanın ləyaqətinin alçaldılmasını hər şeydən çox təhqir kimi hesab edir və o, anasının rəzillik törətməməsi üçün və atasının ləyaqətinə çirkinlik gəritməməsi üçün dəhşətli işgəncəyə və ölümə hazırdır. Ümumiyyətlə, qəhrəmanlıq eposu üçün – istər xalq, istərsə də klassik ədəbiyyat olsun – səciyyəvi qəhrəmanın xarakterinin ideallaşdırılması yaradılır. Lakin burada yaradıcı müəllifin ideal olaraq nəyi hesab etdiyi, geniş ictimaiyyətə nəyin uyğun gəldiyi, elə götürək, xalqın təsəvvürü və düşüncəsi – diqqətəlayiq və dəyərlidir. Oğuz xalqının inamı ilə isə, oğlun ən böyük ləyaqəti və fədakarlığı atasının ləyaqətini xilas etməkdir və ona xələlin yetirilməməsidir.

 

Müdrik Dədə Qorqudun qavrayışına görə, bu atanın ləyaqətini qoruyan oğlan, onun ölümü səbəbi ilə ürəyi dağlı ananı elə bir məntiqlə sakitləşdirir ki, həyat sayağı həqiqət ilə möhkəmlənməlidir. Onun məntiqini dinləyək:

 

“Hey, ana! Ərəbi atlar olan yerdə

Bir qulunı olmazmı olur?

Qızıl dəvələr olan yerdə

Bir köşəgi olmazmı olur?

Ağca qoyunlar olan yerdə

Bir quzıcığı olmazmı olur?

Sən sağ ol, qadın ana, babam sağ olsun,

Bir mənim kibi oğul bulınmazmı olur? - dedi” (K.D.Q., səh. 55, D.K.K., səh. 26; O.D.D.K.K. səh. 61).

 

Bu epizodun daha bir diqqətəlayiq cizgisi: Onu kafirlər iri qarmaq dibinə aparanda oğlan bir ezoterik həqiqəti ifadə edir: Bunu bilin, ey kafirlər, aləmdə Allah birdir və mənə heyifiniz gəlsin, - dedi. Asmaq istədikləri ağacdan hər şeydən öncə üzr istəyir, ağac kimi xatırladığına görə, çünki nə vaxtdan bu ayıblıq olub? Çünki bu ağac Məkkə ilə Mədinənin qapısıdır. Musa Kəlimin əsasıdır. Böyük-böyük çayların körpüsüdür. Böyuk-böyük dənizlərin gəmisidir. Şahi-mərdan Əlinin Düldülünün qaltağıdır. Zülfüqarın qını ilə qəbzəsidir. Şah Həsənlə, Hüseynin beşiyidir. Öz müraciətini belə yerinə yetirir:

 

“Başın ala baqar olsam, başsız ağac!

Dibin ala baqar olsam, dibsüz ağac!

Məni sana asarlar, götürməgil ağac!

Götürəcək olursan, yigitligüm səni tutsun, ağac!

Bizim eldə gərək idin, ağac!

Qara hindu qullarıma buyuraydım,

Səni para-para doğrayalardı, ağac!”, - deyir. (K.D.Q., səh. 56, D.K.K., səh. 27; O.D.D.K.K. səh. 62).

 

Doğrudur, həyat ağacı, məlum ağac İncil mənşəlidir və o, insan nəslinin əmələ gəlmə səbəblərindən biridir. O da aydındır ki, ozan bu müraciət-yalvarışı islam bürüncəyinə bürüməyə cəhd göstərir. Lakin mənim fikrimcə, bu halda Oğuz, daha doğrusu, Şaman dini və ənənisinin əksidir ki, burada da su və ağaca sitayiş mövcud idi və bu da daha çox dəyərləndirilirdi. Bu hər şeyə qadir ağaca öz dostlarını, bədöy atları, şahini, tazısını və  hələ də bəylikdən (igidlikdən) doymayan və igidlikdən usanmayan öz canını yazıqlayır (K.D.Q., səh. 57, D.K.K., səh. 27; O.D.D.K.K. səh. 63).

 

Bu taleyüklü anda Salur Qazan və Qaraca Çoban özlərini yetirir… Çoban kafirləri görəndə sapandını fırladır və onların gözünə qaranlıq çökdürür. Lakin Qazan çobanı sakitləşdirir, anam oradadır, qorxuludur, atlar ayağı altında qalmasın, - deyir və Şöklü Məliyə üz tutur:

 

“Mərə Şökli Məlik

Dünlügi altun ban evlərimi gətürüb durursan,

sana kölgə olsun!

Ağır xəzinəm, bol aqçam gətürüb durursan,

sana xərcliq olsun!

Qırq incə bellü qızla Burla xatunı gətürüb durursan,

sana yesir olsun!

Qırq yigidlən oğlum Uruzi gətürüb durursan,

qulun olsun!

Tavla-tavla şahbaz atlarım gətürüb durursan,

sana binət olsun!

Qatar-qatar dəvələrim gətürüb durursan,

sana yüklət olsun!

Qarıcıq anamı gətürüb durursan,

Mərə kafir, anamı vergil mana,

Savaşmadın, uruşmadın qayıdayım - gerü dönəyim, gedəyim, bəllü bilgil!” - dedi (K.D.Q., səh. 56-57, D.K.K., səh. 27; O.D.D.K.K. səh. 63). Lakin Şöklü Məlik təkəbbürlü cavab verir: Bütün bunları biz əldə etdik və bizə də qalacaq. Bunu eşidən Qaraca Çoban hirslənir və onu dini olmayan, ağılsız kafir kimi xatırlayır və ona xatırladır ki, onun ətrafında olanlar qatırdır, mənəvi bəhrə daha verə bilməz və “qara gözlü qızın varsa, gətür Qazana ver! Mərə kafir, sənin qızından oğlu doğsun, siz anı Qazan bəgə qədim qoyasız”, - dedi (K.D.Q., səh. 57-58, D.K.K., səh. 27-29; O.D.D.K.K. 63-66).

 

Ümumiyyətlə, mübarizədən öncə bu qarşılıqlı sözlə çağırış qəhrəmanlıq eposlarında geniş yayılmışdır və təbiidir ki, bu bir-birini alçatmaq və təhqir etmək forması elə “Dədə Qorqud”da da bizə rast gəlir.

 

Lakin yuxarıda gətirilən epizod digər baxımdan diqqətəlayiqdir. Ələlxüsus da Qazan bütün var-dövlətini, illah da ki, qoca anasının əvəzinə həyat yoldaşını və oğlunu da qıyır. Hər şeyi güzəştə gedir, yalnız “ağ südü doya əmizdirən” qoca anasından keçə bilmir ki, bu da bir həqiqəti təstiqləyir – oğuzlar üçün Anaya sitayiş həm dəyərlidir, həm də qəbul olunmuşdur, sanki Tanrı ilə eyniləşdirilmişdir.

 

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU