Qardabaninin Qaracalar kəndindən olan 31 yaşlı Qalib Həsənov bu gün Milanda modanın ən maraqlı gənc dizaynerlərindən biri hesab olunur. “Vogue” jurnalı onu parlayan ulduz adlandırır. Fevralın sonunda Milan Moda Həftəsi Qalibin “Institution” (İnstitusiya) layihəsinin nümayişi ilə açıldı.
Bu müsahibədə etnik azərbaycanlı olan moda dizayneri ilə onun Kvemo Kartlidə keçən uşaqlığından, Tbilisidən Milana qədər olan yolundan, moda, mədəniyyət, kimlik, yaddaşdan söhbət açmışıq.
Azadlıq Radiosu: Qalib, son günlərdə Avropa mətbuatı sizdən çox yazırdı. 18 yaşınız olanda, 2013-cü ildə Gürcüstandan Milana təhsil almağa getdikdən sonra Gürcüstanda keçirilən müsabiqənin, BENEXT-in qalibi oldunuz. Milana və məşhur “Vogue” jurnalının sizi adlandırdığı kimi “parlayan ulduzluğa” qədər nə baş verirdi?
Qalib Həsənov: Mən Qardabani rayonunun Qaracalar kəndində dünyaya gəlmişəm. Bu kəndi Qaçiani də adlandırırlar. Bu azərbaycanlıların sıx məskunlaşdığı yerdir. Mən də azərbaycanlı ailəsində dünyaya gəlmişəm və böyümüşəm. 18 yaşa qədər orada yaşamışam. Azərbaycan məktəbini də orada bitirdim. Gürcü dili və ədəbiyyatını da öyrənirdik. Dillərlə çox maraqlanıram və ona görə gürcü dili mənim sevimli fənnim idi. Həmişə gürcü, eləcə də ingilis dilini yaxşı öyrənmək istəyirdim və bu istək ailəmdən də gəlirdi.
Qalib Həsənov Qaracalar məktəbini bitirdikən sonra 1+4 proqramı ilə Tbilisi Teatr Universitetinə qəbul olub. Etnik azlıqlar üçün tələbəliyin ilk ili hazırlıq idi, sonra istədiyin fakültəni seçirdin. Qalib təhsilini rejissorluq fakültəsində davam etdirməyi düşünürdü. Ancaq eyni zamanda, bununla yanaşı başqa təhsil müəssisəsində də dizayn və incəsənət oxuyurdu. BENEXT haqqında da məhz orada məlumat alır və iştirak etmək üçün kolleksiya hazırlamağa başlayır. Müsabiqədə qalib gəlir və Milanın “Haute Future Fashion Academy”-də birillik pulsuz təhsil almaq hüququ qazanır.
Azadlıq Radiosu: O zaman necə kolleksiya hazırladınız? Və indi, neçə ildən sonra debütünüz haqqında nə düşünürsünüz?
Qalib Həsənov: Mən yenə də hesab edirəm ki, mənə çox yaxın kolleksiya idi. Tam qara rəngdə. Ancaq o zaman istifadə etdiyim texnika çox sadəlövhcəsinə idi. Bunların hamısını hələ öyrənməmişdim. O kolleksiyaya baxanda 17 yaşlı özümü görürəm və hesab edirəm ki, həqiqidir. Hər şey onunla başladı.
Azadlıq Radiosu: Deyə bilərikmi ki, bu peşə sizin başdan arzuladığınız peşə idi, ona doğru təsadüfən deyil, məqsədyönlü şəkildə addımlayırdınız?
Qalib Həsənov: Düşünürəm, hə, ancaq kənddə böyüdüyüm zaman təəssüratım yox idi ki, moda dizaynı peşə olaraq mövcuddur. Bununla özünü ifadə etmək mümkün imiş. Sadəcə altı-yeddi yaşımda geyim və ayaqqabılar çəkirdim, sonra həmin rəsmləri öz sinif yoldaşlarıma hədiyyə edirdim.
Azadlıq Radiosu: Evdə sizin bu marağınızı necə qarşılayırdılar?
Qalib Həsənov: Müxtəlif şəkildə, ancaq anam tərəfindən həmişə dəstəyim var idi və o, heç vaxt “bu oğlan işi deyil” sözünü deməyib. Bu baxımdan çox sərbəst idim. Yenə də həmişə bu stereotipləri eşidirdim. Bu mədəniyyətdə də öz yerini almışdı və həmişə bunu gizlədirdim. Buna görə də kino rejissorluğu fakültəsinə daxil olmaq istəyirdim ki, orada kostyumlarla təmasım olsun. Müəyyən bir anda mən məqsədyönlü şəkildə buna doğru can atmağa başladım, çünki hiss edirdim ki, bu sahə özümü ifadə etməyin ən yaxşı yoludur. Elə bir sahə ki, orada sən geyim yaradırsan, lakin model vasitəsilə həm də xarakter yaradırsan. Bura musiqini, etnoqrafiyanı da daxil edə bilərsən...
Qalib Həsənovun heç vaxt xaricdə təhsil almaq planı olmayıb. Səbəblərdən biri ailəsinin onu xaricdə təhsil almağa göndərmək üçün maddi imkanının olmaması idi. Məqsədlər də həmişə Tbilisi və orada təhsil almaqla əlaqəli idi. “Avropa arzu ola bilərdi, amma bu o zaman mənim üçün reallıqdan uzaq idi”. Ona görə də 2013-cü ildə müsabiqəni qazananda valideynlərindən onu Milana göndərə və maddi dəstək göstərə biləcəklərini soruşdu. Çünki pulsuz olan yalnız təhsil almaq idi. Onlar dedilər ki, bir il nəsə edə bilərdilər və Qalib bu imkanı əldən verməməlidir. O, bu günə qədər yaşadığı İtaliyaya belə gedib çıxıb.
Qalib Həsənov: Bir müddət mağazada da işlədim. Dərsdən sonra suvenir satırdım. Milanda işin olmasa yaşamaq asan deyil. Yaxşı əməkhaqqım var idi və orada qalmaq, karyeramı davam etdirmək istəyirdimsə həm də işləməli idim.
Azadlıq Radiosu: Və indi belə bir hiss varmı ki, bu doğru qərar idi və siz doğru yerdəsiniz?
Qalib Həsənov: Başdan, birinci ay Gürcüstana qayıtmaq istəyirdim. Gürcüstanı çox sevirdim və burada qalmaq istəmirdim. Ancaq altı ay ərzində başa düşdüm ki, Gürcüstanda sevdiyim bu işi görmək perspektivim olmayacaq. Ona görə də qaldım. Həm də burada özümü sərbəst ifadə etmək imkanım var idi.
Qalib Həsənovun kurs yoldaşı Luka Lini ilə birlikdə Reco Emiliada hazırladığı ilk brend “Act n°1” idi. Bu brendin əsas konsepsiyası multikultural layihə yaratmaq idi. Bu layihə iki müxtəlif mədəniyyətlərdə böyümüş dizaynerin fərqli baxışlarını birləşdirəcəkdi. Kolleksiyaların əsas ilham mənbəyi isə uşaqlıq təəssüratları və xatirələri idi.
Qalib Həsənov: Biz iki il ərzində bu kolleksiyanı özümüz kəsib tikirdik. Assistentimiz də olmayıb. Bizi mənim etnik azərbaycanlı olmağım, Gürcüstanda doğulmağım, Lukanın isə etnik çinli olması, amma İtaliyada doğulub-böyüməsi əlaqələndirirdi. Evdə başqa mədəniyyətlərlə əlaqəmiz var idi və bayırda isə həmişə başqa mədəniyyətlə qarşılaşırdıq. Məhz buna görə də bu brend multikultural kontrastların qovuşması ideyası üzərində qurulub.
Azadlıq Radiosu: Sizin “uşaqlıq hekayəniz” və ya bu brendin ilk kolleksiyaları üçün ilham mənbəyi olan, xüsusi diqqət yetirdiyiniz mövzu nə idi?
Qalib Həsənov: Biz tez-tez sosial mövzulara toxunurduq. Məsələn, məni qızların erkən evləndirilməsi mövzusu narahat edirdi və bu, həmin kolleksiyada da öz əksini tapıb. Bu barədə əksər hallarda əl işlərimlə danışırdım. Yeddi il Lukanın doğma şəhərində belə işlədik, sonra genişləndik və Milana köçdük.
Azadlıq Radiosu: 2017-ci ildə sizin brend “Vogue İtalia”nın “Who is on Next?” müsabiqəsində qalib gəldi. Başqa çox uğurlarınız da var idi. Bu yaxınlarda siz Kopenhagendə keçirilən gənc dizaynerlərin “Zalando Visionary Award” beynəlxalq müsabiqəsində də qalib gəldiniz. Belə qələbələr moda dizaynerlərinə hansı yolları açır?
Qalib Həsənov: Bu, yəqin ki, prestijdir və hər hansı dizaynerin düzgün yolda dayandığını da təsdiq edir. Daha çox müzakirə olunursan. Alıcı gəlir və bu işin biznes tərəfi daha da inkişaf edir. Bir də ki, baxır müsabiqəyə, məsələn, “Who is on Next?” müsabiqəsi İtaliyada mütləq istehsalının olması şərtini daşıyan yeganə müsabiqə idi. O zaman bizim çox ciddi, etnik italyan rəqiblərimiz var idi...
Azadlıq Radiosu: “Act n°1” kifayət qədər uğurlu bir brend idi, lakin siz yeni layihəniz olan “Institution”u başlamağa qərar verdiniz və Milan moda həftəsinin açılışı da məhz bu brendin nümayişi ilə keçirildi. Nəsə yeni bir şeymi etmək istəyirdiniz?
Qalib Həsənov: “Act n°1” daha uğurlu biznesə çevrildi. Özümü ifadə etmək üçün vaxtım qalmırdı. Biznes belə böyüyəndə orada yaradıcılığa vaxt ayrımaq çətin olur. Ona görə də bu qərarı qəbul etdim, lakin mən və Luka bu günə qədər də yaxşı dostlarıq.
“Institution”u təsis etdim, hansını ki, brend deyil, layihə adlandırıram. Burada daha çox azadlığım var, özümü daha çox ifadə edirəm və hesab edirəm ki, burada yalnız moda deyil, bir çox hekayələr yer alıb. Ən əsası, hekayələri danışan mən – Gürcüstanda böyümüş etnik azərbaycanlı, Gürcüstan vətəndaşı yaxşı görünürəm. Və moda sahəsində hər kəsin çox sürətli şəkildə çoxlu geyim satmaq istəməsinə, hər kəsin məşhurlaşmağa can atmasına baxmayaraq, mənim üçün təqdim etdiyim hər şeyin limitli olması vacibdir. Keyfiyyət mənim üçün çox önəmlidir.
Azadlıq Radiosu: 2024-cü ildə “Harpers Bazaar” ilə müsahibənizdə deyirdiniz ki, “Institution”un əsas mesajı belədir: Nə geyindiyimizi bilək, bizim bədənimiz hansı geyimə, hansi materiala aiddir... Moda sizin üçün həm də özünüifadədirmi? Geyim yaratmaqdan əlavə, mövqeyinizi ifadə etməyə çalışdığınız bir vasitədirmi?
Qalib Həsənov: Mənə elə gəlir ki, evdən necə çıxmağımız, nə geyinməyimiz – bu özü də bir növ özünüifadədir. Ancaq tarixi nəzərdən baxsaq, məsələn, papağı necə örtürmüşlər, yaxud çiyinlərinə necə kürk, ya çoxa atırdılar – bunlar hamısı siyasi idi və hamısının öz mesajı var idi.
Mən də nümayişə hazırlaşanda həmişə düşünürəm ki, mənim bu qədər platformam var, lap elə Milan moda həftəsi. Mən burada yalnız geyim göstərsəm, hesab edirəm ki, bu, vaxt itirmək olardı. Ona görə də həmişə çalışıram ki, hekayə danışım. Həm də burada diqqət böyükdür, media sənə baxır. Nəyisə yaxşılığa doğru dəyişmək, insanlara nəyisə başa salmaq imkanı böyükdür. Üstəlik, bizim barəmizdə, ümumiyyətlə, çox şey bilmirlər. Əksəriyyət Gürcüstanda da Kvemo Kartlidən xəbərsizdir, bunu mən bilirəm, çünki orada böyümüşəm. Bunu beynəlxalq auditoriyaya da tanıtmaq istəyirəm.
Azadlıq Radiosu: Yəqin ki, ilk müsəlman deputat qadın, Pəri xanım Sofiyevadan da ona görə danışdınız?
Qalib Həsənov: Bəli və bununla əksər hallarda hər şeydə birinci olduqlarını düşünən avropalılara xatırlatdım ki, o dövrdə ilk demokratik respublika zamanı Gürcüstan və Azərbaycan qadınların seçkidə səs hüququnu əldə etdilər. Bu, onlar üçün yenilik idi. Çünki İtaliyada, yaxud İsveçrədə qadınlar bu hüququ olduqca gec əldə ediblər.
Pəri xanım Sofiyeva Kvemo Kartlinin Qaracalar kəndində 1884-cü ildə anadan olub. 1918-ci ildə müstəqil Gütcüstanın Parlament seçkilərində Pəri xanımı deputat seçiblər. O, yalnız Gürcüstanda və Qafqaz regionunda deyil, bütün dünyada ilk demokratik şəkildə seçilmiş müsəlman qadın deputat idi.
Azadlıq Radiosu: Konkret olaraq Sofiyevanın hekayəsi və onun adı sizin kolleksiyaya necə təsir göstərdi?
Qalib Həsənov: Mən nümayişə baş örtüklərinin nümayişi ilə başladım. Bu, birbaşa ənənəvi tarixi geyimdən götürülməmişdi, aydındır, amma bu, 18-ci əsrin sonunda etnik və dini işarəyə görə qadınların daşıdığı baş örtükləri idi. Pəri xanım Sofiyevanın da bu cür baş örtüyü olub. İlk respublika dövründə azərbaycanlı qadınlar etiraz əlaməti olaraq yavaş-yavaş bu baş örtüyünü açmağa başladılar.
Mənim nümayişimdə də başdan modellər bu baş örtükləri ilə çıxırlar, sonra açırlar. Sonda isə Azərbaycan xalçaları ilə çıxırlar. Həmin xalçaları azərbaycanlı qadınlar toxuyur. Mən belə şeyləri göstərmək istəyirəm. Çünki moda mənim üçün qlamurla assosiasiya olunmur. Hər şeyi mən yaradıram – çəkirəm, layihələşdirirəm, kəsirəm və tikirəm. Mənim üçün sevdiyim işi görmək imkanımın olması zənginlikdir.
Azadlıq Radiosu: Sizin üçün uğur nədir?
Qalib Həsənov: Yalnız dəb industriyasında, tənqidçilərdən deyil, həm də ictimaiyyət tərəfindən qəbul edilib tanınmaq. Məsələn, məni hamı maraqlandırmır. İnfluenserlərlə əməkdaşlıq etmirəm. Öz geyimimizi kimə geyindirəcəyimizi və kiminlə əməkdaşlıq edəcəyimizi ehtiyatla, məqsədyönlü şəkildə seçirik. Mən istəyirəm öz auditoriyamı yaradım, kiçik olsun, amma ideyanı başa düşsünlər. Mənim arzum bilbordlarımın, mağazalarımın olması deyil. Mən istəyirəm ki, öz atelyem olsun, orada öz komandamla kolleksiyalarımı yaradım – mənim üçün uğur budur.
Azadlıq Radiosu: Məşhur insanların sizin geyimlərinizi geyinməsi nə dərəcədə vacibdir? Bilirik ki, Beyonse ilə əməkdaşlıq etmisiniz. Bəs başqaları? Bilirəm ki, Tilda Svintonu çox sevirsiniz...
Qalib Həsənov: Tilda Svinton, Keyt Blanşet də ola bilər. Məsələn, ötən həftə Keyt Blanşet üçün bir geyim obrazı istədilər, bizim kolleksiyanı instaqramda görüblər, bəyəniblər və Londona göndərməyimizi xahiş etdilər.
Ancaq, ümumiyyətlə, biz onları, məşhur adamları axtarmırıq. Bilərəkdən kiməsə yazmırıq. Düşünürəm, zamanı gələcək və bu adamlar bizi bəyənəcək, ya da bu geyimi geyinməlidirlər kimi hissləri olacaq. Mən Ledi Qaqa, Beyonse, Hollivudun digər məşhur adamları ilə işləmişəm. Amma hesab etmirəm ki, bu əsas uğur idi. Lakin aydındır ki, bu, hansı böyüklükdə auditoriya qarşısına çıxmaq istədiyindən də asılıdır.
Məşhur moda dizaynerləri arasında Qalib Həsənovun ilham mənbəyi Con Qalliano (John Galliano) olub. O xatırlayır ki, 13 yaşında ilk dəfə internetə çıxış əldə edəndə Qallianonu kəşf edib və əmin olub ki, geyim yaratmaqla insan özünü ifadə edə bilər – “Onun o dövrkü kolleksiyalarında (Misir və Balkan mövzularında) mənim çox sevdiyim etnoqrafiya çox aydın şəkildə görünürdü”.
Azadlıq Radiosu: Qalib, sizə ən yadda qalan kompliment olaraq nə deyiblər? Və əksinə, tənqid?
Qalib Həsənov: Mənə geyimin mənim tərəfimdən modelləşdirildiyi, mənim əl işim olduğu deyiləndə çox sevinirəm. Tənqidə gəlincə... bu son layihə ilə bağlı hələ ki, belə bir şey eşitməmişəm. Amma çoxları soruşur ki, niyə mənim geyimlərim “gündəlik geyinilə bilən” deyil. Mənim buna cavabım belədir ki, geyinmək və daşımaq üçün nəzərdə tutulan bu cür paltarları onsuz da çox adam yaradır. Mənim üçün isə kiminsə onu mütləq əyninə geyinib gəzməsi vacib deyil.
Mənim üçün bu, özünüifadədir. Bu o demək deyil ki, kimsə mənim kolleksiyamda olan, azərbaycanlı qadınların toxuduğu xalçanı əyninə geyinib gəzməlidir. Lakin burada bir mesaj var ki, bu, tarixin vacib bir hissəsidir və tezliklə yox ola bilər. Çünki bu gün Gürcüstanda bu cür ornamentlərlə xalça toxuyan cəmi bir neçə azərbaycanlı qadın qalıb. Mən isə Gürcüstanın bu çox dəyərli irsinin yox olmasını istəmirəm.
Azadlıq Radiosu: “Vogue” sizi “parlayan ulduz” adlandırdı. Bu, xoşunuza gəldimi?
Qalib Həsənov: Təəccübləndim. Bu, bir komplimentdir, lakin, məncə, hələ ki belə demək bir az tezdir.
Azadlıq Radiosu: Kolleksiyalarınız arasında sizin üçün favorit olanı varmı?
Qalib Həsənov: Bəli, bu, ayaqqabı qaytanları ilə əllə toxunmuş qara rəngli bir libasdır. Bu donu, demək olar ki, bütün müsabiqələrə çıxarıram. Onun yaradılma ilhamı yenə də Kvemo Kartlidə xalça toxuma sənətidir. Bu libasın üzərində xüsusi texnika ilə, sanki bir heykəl üzərində işləyirmiş kimi çalışmışıq... Donun kürək hissəsi açılır və onu xalçaya çevirmək mümkündür.
Azadlıq Radiosu: Siz deyirsiniz ki, əgər müəyyən bir “çevrənin” üzvü deyilsinizsə, moda industriyasına daxil olmaq çətindir. Hətta bir müsahibənizdə qeyd etmisiniz: “Mən heç vaxt bu çevrənin hissəsi olmamışam. Mənim üçün ziyafətlərə gedib saxta dostlar qazanmaqdansa, kulis arxasında qalıb istədiyim işi görmək daha xoşdur...”
Qalib Həsənov: Bəli, bu elə bir industriyadır ki, orada çox az səmimi insana rast gəlirsən. Bu sahədə istər dizayner olsun, istər jurnalist, bir çox məsələyə çox səthi yanaşırlar. Məncə, elə buna görə də modanı bir növ qeyri-ciddi fəaliyyət sahəsi hesab edirlər... Lakin maraqlı insanlar tapmaq da mümkündür. Müəyyən bir “çevrədə” olmaq isə o deməkdir ki, hamı bir-birinə kömək edir, bir-birini “piar” edir və həmin şəxsin istedadlı olub-olmamasının heç bir əhəmiyyəti qalmır. Belə çevrələrdə demokratiya yoxdur.
Azadlıq Radiosu: Gürcüstana gəlib-gedirsinizmi?
Qalib Həsənov: Bəli, ildə bir neçə dəfə gedə bilirəm. Və indiyə qədər olduğu kimi, ailəmlə birlikdə vaxt keçirirəm. Onlar da hərdən mənim yanıma gəlirlər.
Azadlıq Radiosu: Bu gün Gürcüstanda baş verən hadisələri izləyirsinizmi?
Qalib Həsənov: Bəli, təbii ki və mən də orada olanda çox sayda dostumun dayandığı Rustaveli prospektində dayanırdım. Buradan baxanda bütün bunlar daha qorxulu görünür və bu, məni çox narahat edir. Burada, Milanda yaşayan dostlarım da eyni hissləri keçirirlər. Bir növ, artıq öz ölkənə getmək sevinci əvvəlki kimi deyil. Məsələn, elə aeroportda polislərlə münasibəti götürək – onlar da sənə başqa cür baxırlar, sən də onları artıq fərqli qəbul edirsən. Artıq onun səni qoruyacağı hissini daşımırsan... Bu, çox pisdir. Milanda etirazlar keçiriləndə biz həmişə qoşuluruq, amma təəssüf ki, bu hələ heç nəyi dəyişmir...
Azadlıq Radiosu: Yaxın planlarınız necədir?
Qalib Həsənov: Hazırda “LVMH Prize”ın yarımfinalçısı olaraq Parisdəyəm. Bu ayın sonunda səkkiz finalçını seçməlidirlər və əgər finala keçsəm, bu, çox böyük bir addım olacaq. Avqustda Kopenhagen Moda Həftəsində çıxış edəcəyik, sentyabrda isə Milan Moda Həftəsində daha bir nümayişimiz olacaq.
Azadlıq Radiosu: On il sonrakı özünüzü harada, necə təsəvvür edirsiniz?
Qalib Həsənov: Dəqiq deyə bilmərəm, amma çox istəyirəm ki, hazırda gördüyüm bu işi sona çatdırım və azərbaycanlı qadınların əli ilə toxunmuş xalça sənətini xilas edək. İstəyirəm ki, bu bacarıq regionda daha çox yayılsın və itib getməsin.
Azadlıq Radiosu: Yəni gələcəyiniz yenə də Gürcüstanla bağlıdır?
Qalib Həsənov: Elədir. Çünki mən həmişə deyirəm: Milanda yaşamağıma baxmayaraq, mənim ilham mənbəyim heç vaxt İtaliya, Siciliya və ya Renessans dövrü ola bilməz... Təbii ki, müəyyən texnikaları öyrənmək, təcrübə qazanmaq olar, amma əsl mən – Gürcüstan azərbaycanlısıyam və hələ danışılacaq çox hekayəm var.
Gürcü dilindən tərcümə etdi
Aynurə Əliyeva