Son zamanlarda demək olar ki, tez-tez qarşılaşdığım və ən sonunda işə getmək üçün mindiyim “marşrutka”da yaşanan hadisə məni bu yazını yazmağa vadar etdi. Dinimizin və mentalitetimizin bizə öyrətdiklərindən son zamanlar nə qədər uzaq olmağımız məni dərin düşüncələrə apardı. İctimai nəqliyyatı həyatımızın bir növ güzgüsü saymaq olar, məncə, çünki başqa yerlərdə görə bilmədiyimiz, eşitmədiyimiz bəzi gerçəkləri, insanların əsl üzünü orada görə bilirsən.
Gələk yaşanan hadisəyə. “Marşrutka”ya bir ana və təxminən 16-17 yaşlarında oğlu mindi. İçəridə kifayət qədər sıxlıq idi; ayaq üstə qadınlar, yaşlılar var idi. Çox keçmədi ki, sərnişinlərdən biri düşdü və bir yer boşaldı. Həmin an ananın səsi eşidildi: “Aslan, otur. Yer boşaldı, Aslan, tez ol, otur!”
Ana elə bir həyəcanla səsləndi ki, sanki oğlu avtobusda boş qalan bir oturacağı deyil, hansısa böyük bir qəniməti ələ keçirməli idi. Aslan isə cəld tərpənib ətrafındakı yaşlılara, ağsaqqallara baxmadan gedib həmin yerdə əyləşmək istədi. Ancaq “Ayaq üstə duran qadın otursa, daha uyğun olmazmı?” dediyimdə Aslanın üzü qızardı və “əlbəttə”, deyib geri çəkildi. Lakin hər dəfə kimsə düşəndə ananın eyni çağırışı eşidilirdi. Bu hadisənin tam əksi olaraq, biz uşaq olarkən valideynlərimiz bizə hər zaman böyüyə, qadına və hər hansı bir fiziki qüsuru olanlara yer verməyi, hörmət etməyi öyrədirdilər.
Bu mənzərə mənə dinimizin ən ali dəyərlərindən birini – “İysar” prinsipini xatırlatdı. İysar – insanın özü ehtiyaclı olduğu halda, başqasının rahatlığını, ehtiyacını özündən üstün tutması, fədakarlıq etməsidir. Qurani-Kərimdə möminlər vəsf edilərkən “Onlar özləri ehtiyac içində olsalar belə, başqalarını özlərindən üstün tutarlar” buyurulur (Həşr surəsi, 9). Bəs biz bu gün övladlarımıza nəyi aşılayırıq? İysarımı, yoxsa cəngəllik qanunlarına xas olan eqoizmimi?
Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur: “Kiçiklərimizə rəhm etməyən, böyüklərə hörmət etməyən bizdən deyildir!” Başqa bir hədisdə isə buyurulur ki, saç-saqqalı ağarmış müsəlmana hörmət etmək Allaha təzim etməyin bir parçasıdır. Dinimiz böyüyə hörməti sadəcə bir “nəzakət qaydası” deyil, imanın, mənəviyyatın bir təzahürü olaraq qarşımıza qoyur. Ayaq üstə bir ağsaqqal, bir xanım dayandığı halda, gənc birinin oturdulması, əslində, o uşağın gələcəyindən mənəviyyatı, mərhəməti və bərəkəti oğurlamaqdır.
Biz övladlarımızı qorumaq, onları “əzdirməmək” adı altında fədakar deyil, mənəviyyatdan uzaq böyütməyə başlamışıq. Bu gün avtobusda yaşlıya yer verməyib anasının diktəsi ilə oturan Aslanlar, sabah böyüyəndə cəmiyyətdə də eyni şeyi edəcək. İş yerində kiminsə haqqını tapdalayıb irəli keçməyi “diribaşlıq” sayacaq. Çünki ona uşaqlıqdan öyrədilən tək bir cəngəllik prinsipi var: “Nəyin bahasına olursa-olsun, sən otur, sən qazan!”
Biz unuduruq ki, yaşatmalı olduğumuz yer cəngəllik deyil, islam dininin gözəl əxlaqı üzərində qurulmalı olan bir cəmiyyətdir. Uşaqlarımıza avtobusda hamıdan tez qaçıb oturmağı yox, Rəbbimizin rizasını qazanmaq üçün yeri gələndə fəxrlə ayaq üstə dayana bilməyi, böyüklərin xeyir-duasını almağı öyrətməliyik.
Çünki əsl aslanlıq boş yerə hamıdan tez tullanmaqda deyil, nəfsinə qalib gəlib ətrafındakılara mərhəmət edə biləcək qədər böyük bir ürəyə sahib olmaqdadır. Yaşlıların ayaq üstə qaldığı bir yerdə rahat oturanlar deyil, sadəcə mənəviyyat boşluğu böyüyür.
Hacı Bəkiroğlu