Dövlət Satınalmaları Agentliyinin internet saytında Təhsil Nazirliyinin Çinin “Glory Textile Industry” şirkəti ilə imzaladığı müqavilə dərc olunub. Müqavilənin dəyəri 45.6 milyon lari təşkil edir və onun çərçivəsində avqustun 25-dən noyabrın 30-dək birinci sinifdən altıncı sinif daxil olmaqla şagirdlər üçün məktəb forması dəstlərinin satın alınması həyata keçiriləcək ki, bu da ümumilikdə 1.8 milyon ədədi əhatə edir.

 

“Yeni Yol” “bm.ge”-yə istinadən xəbər verir ki, formaların tikiləcəyi material əsasən sintetik olacaq, daha dəqiq desək: poliester 72 %; viskoz 25 %; elastin 3 %.

 

Qızlar üçün pencəyin tikilmə qiyməti 39,61 lari; oğlan pencəyinin qiyməti 35,43 lari; qızlar üçün ətəyin qiyməti 16,76 lari; oğlan şalvarının qiyməti 19,65 lari; qız şalvarının qiyməti isə eynilə 19,65 lari olaraq göstərilib. Məktəb forması dəstinə oğlanlar üçün pencək və 2 şalvar (ümumi qiyməti 74,73 lari); qızlar üçün isə pencək, şalvar və 1 ətək (ümumi qiyməti 76,02 lari) daxildir. Formalar 40 dərəcə temperaturda yuyulma üçün nəzərdə tutulub.

 

Formaların hazırlanıb çatdırılması üç mərhələdə həyata keçiriləcək: I mərhələ – 301000 ədəd – 2026-cı il avqustun 25-dək; II mərhələ – 600000 ədəd – 2026-cı il oktyabrın 15-dək; III mərhələ – 900000 ədəd – 2026-cı il noyabrın 30-dək.

 

Şirkətlə müqavilə tender keçirilmədən, birbaşa danışıqlar yolu ilə imzalanıb. Çin şirkəti Gürcüstanda Məhdud Məsuliyyətli Cəmiyyəti 2026-cı ilin mart ayında təsis edib.

 

Müqaviləyə əsasən, formaları tikiş fabriki Tszyansu əyalətində yerləşən Çinin “Jiangsu SUMEC ETON KIDD Brand Management Co” şirkəti tikəcək. Şirkətin internet saytında verilən məlumata görə, müəssisə məktəb formalarının istehsalı ilə məşğuldur.