Gürcüstanda doğum nisbəti meyllərini nəzərə alaraq, orta müddətli dövrdə şagirdlərin sayının azalması gözlənilir.

 

YENİYOL.GE bildirir ki, bu barədə “Galt & Taggart”ın Gürcüstanın təhsil sektoru ilə bağlı tədqiqatında yazılıb.

 

“Gürcüstandakı demoqrafik meyllər məktəb yaşlı əhalinin tədricən azalmasına dəlalət edir ki, bu da uzunmüddətli aşağı doğum nisbəti ilə şərtlənir. Nəticədə, “Galt & Taggart”ın proqnozuna görə, 2030-2031-ci tədris ili üçün şagirdlərin ümumi sayının 2025-2026-cı illə müqayisədə 7,6 % azalması gözlənilir”, – deyə iyulun 16-da dərc olunmuş tədqiqatda yazılıb.

 

“Ümumi təhsil sektoru: Ümumi təhsil sektorunun gəliri 2019-2025-ci illərdə orta hesabla illik 14,4 % artaraq 2025-ci ildə 2,1 milyard lariyə çatmışdı. Ümumi təhsil sektorunun gəlirlərinin 74,9 %-i (1,6 milyard lari) dövlət məktəblərinin payına düşür və artım əsasən dövlət tərəfindən maliyyələşdirmə ilə şərtlənmişdi. Bununla yanaşı, özəl məktəblərin gəlirləri 2019-2025-ci illərdə iki dəfə artaraq 2025-ci ildə 526 milyon lariyə çatmışdı ki, buna da şagirdlərin sayının artması, təhsil haqqının yüksəlməsi və baha qiymətli məktəblərin genişlənməsi təkan vermişdi”, – tədqiqatda yazılıb.

 

Nəşrdə o da qeyd olunur ki, doğum nisbətinin azalan meylini nəzərə alaraq, orta müddətli dövrdə özəl məktəblərin gəlirlərinin artması daha çox bazar payının artmasından və yeni tələbat mənbələrindən asılı olacaq.