İnsan dünyaya gələndə onun qəlbi nə qəddar olur, nə də mərhəmətsiz. Heç bir uşaq başqasının ağrısına gülməyi, yıxılan birini görəndə kömək etmək əvəzinə üzünü çevirməyi anasının qucağında öyrənmir. Təəssüf ki, böyüdükcə yavaş-yavaş öyrənir. Maraqlıdır, bəs bu müddətdə nə baş verir ki, ən kiçik hadisəyə belə kövrələn insanlar böyüyəndə başqasının böyük dərdinə biganə qala bilirlər? Daha doğrusu, necə olur ki, insanın içindəki mərhəmət azalır, qəlbi daşlaşır?

 

Bu gün insanların ən böyük problemindən biri mənəvi yoxsulluqdur. Evlər böyüyür, imkanlar artır, texnologiya gündən-günə inkişaf etdikcə dünya balacalaşır. Amma qəribədir ki, imkanlar artdıqca insanlar da bir-birinə yadlaşır və bir-birilərini həqiqətən başa düşməkdən getdikcə uzaq düşürlər. Hər kəs öz həyat qayğısı ilə o qədər məşğul olur ki, başqasının dərdinə ayırmağa nə vaxtı, nə də həvəsi qalır.

 

Mərhəmət bir insana yaraşan ən gözəl xüsusiyyətlərdən biridir. O, yalnız ehtiyacı olan birinə pul vermək demək deyil. Mərhəmət bəzən kədərli bir insanın halını soruşmaq, ağlayan birinin yanında səssizcə oturmaq, özünü müdafiə edə bilməyən birinin haqqını qorumaqdır. Bəzən bir insanın həyatını dəyişdirmək üçün böyük imkanlara ehtiyac olmur. Səmimi bir söz, başa düşən bir baxış, vaxtında uzadılan əl kifayət edir. Təəssüf ki, son zamanlar bu həqiqəti unudanların sayı az deyil.

 

Elə insanlar var ki, başqasının nə yaşadığını yalnız öz başlarına gələndə başa düşürlər. Bu cür insanlar başqasının dərdini kiçildir, yaşadığı çətinliyi əhəmiyyətsiz hesab edir. Hətta bəzən onun zəifliyindən də istifadə edirlər. Lakin eyni hadisə öz həyatlarında baş verəndə dəstək və mərhəmət axtararlar. Halbuki insanın başqasının ağrısını başa düşməsi üçün mütləq həmin ağrını yaşaması lazım deyil. Bunun üçün, sadəcə, özünü qarşısındakının yerinə qoymağı bacarmalıdır.

 

Bəlkə də mərhəmətin azalmasının səbəblərindən biri insanların öz əzabları ilə mübarizə aparmaqdan yorulmasıdır. Həyatın çətinlikləri, maddi problemlər, xəyanətlər, itkilər bəzən insanın ruhunda görünməz yaralar açır. Bəzi insanlar bu yaralarla yaşamağı öyrənir, bəziləri isə hisslərini gizlədir. Elə bilirlər ki, başqaları onların nə hiss etdiyini bilməsələr, daha az inciyəcəklər. Beləcə, zaman keçdikcə o insanlar başqalarının dərdinə qarşı da laqeydləşirlər.

 

İnsan həyatın sərt üzünü də görə bilər, aldana da bilər, xəyanətə də uğraya bilər, sevdiklərini itirə də bilər. Bütün bunlara baxmayaraq, qəlbindəki mərhəməti qoruyub saxlamaq mümkündür. Çünki başqasının etdiyinə görə bütün insanlara qarşı qəddarlaşmaq, insanın öz daxilindəki gözəllikləri də itirməsinə səbəb olur.

 

Mərhəmətsizlik bəzən də ailədə başlayır. Uşaqlıqda təhqir olunan, hisslərini deyəndə alçaldılan, ağladığı üçün zəif adlandırılan uşaqlar böyüyəndə öz hisslərini ifadə etməkdə çətinlik çəkir. Bu cür uşaqlara hörmət edilməyibsə, gələcəkdə başqalarına hörmət etməkdə də çətinlik çəkə bilərlər. Bu, əslində, ailədə görülən münasibətlərin insanın xarakterinə necə təsir etdiyini göstərir.

 

Uşağa mərhəməti yalnız sözlə öyrətmək mümkün deyil. O, anasının işdən yorğun gələn atasına necə yanaşdığını, atasının köməyə ehtiyacı olan insana necə davrandığını, böyüklərin müdafiəsiz insanlarla necə rəftar etdiyini gördükcə öyrənir. Əgər bir evdə daim təhqir, alçaltma və laqeydlik varsa, orada böyüyən uşağa sevginin nə olduğunu izah etmək çətinləşir. Əgər həmin evdə anlayış, hörmət və qayğı varsa, uşaq da bunları həyatın təbii bir hissəsi kimi qəbul edir.

 

Unutmamalıyıq ki, bu gün başqasına uzatmadığımız əl sabah bizim üçün də uzadılmayacaq. Bu gün əhəmiyyətsiz saydığımız bir dərd sabah bizim həyatımızın ən ağır imtahanına çevrilə bilər. Həyat heç kimin daim güclü qalacağına dair zəmanət vermir. Bu gün ayaqda olan insan sabah yıxıla, bu gün gülümsəyən insanın sabah təsəlliyə ehtiyacı ola bilər. Özümüzü başqalarından üstün deyil, onlarla eyni dərəcədə kövrək və köməyə möhtac görə bilməliyik. İnsan olmaq da bu deməkdir.

 

Mərhəmət göstərmək sadəlövhlük deyil, başqasının sənin saflığından istifadə etməsinə icazə vermək də deyil. İnsan həm sərhədlərini qoruya bilər, həm də mərhəmətli davrana bilər. Əsl güc başqasını incitməmək, alçaltmamaq və qarşısındakının zəifliyini gördüyün halda bundan istifadə etməməkdədir.

 

Həyatımızın gözəlləşməsi üçün hər kəsin birdən-birə dəyişməsini gözləmək lazım deyil. Bəzən dəyişiklik xırda şeylərlə, kiminsə sözünü kəsmədən qulaq asmaqla, haqsızlıq qarşısında susmamaqla, yaşlı bir insan gördüyündə ona kömək etməklə, uşaqların hisslərini ciddiyə almaqla başlayır.

 

Bəlkə də dünya bizim düşündüyümüz qədər sevgisiz deyil. Bəlkə də sadəcə insanlar bir-birinə mərhəmət göstərməyi unutduqları üçün hər kəs özünü tənha hiss edir. Halbuki bir insanın qəlbində yenidən ümid oyatmaq üçün böyük bir möcüzə yox, bir az qayğı, bir az insanlıq bəs edir.

 

Dünyada hər kəsin dərdini həll edə bilmərik. Amma heç olmasa, bir insanın dərdini daha da ağırlaşdırmayaq. Çünki bəzən bir insanın həyatında dəyişdirə biləcəyimiz ən vacib şey onun bütün taleyi deyil, özünü bu dünyada tamamilə tək hiss etməməsidir.

 

Afaq Azər