Mövzuma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm: “Təhsil millətin gələcəyidir”. Özündə nə qədər dərin məna daşıyan, nə qədər dəyərli məsləhət verən bir kəlamdır. Doğrudan da təhsilsiz bir millət təsəvvür etmək çətindir, çünki təhsil hansı səviyyədədirsə, həmin millət milli, mədəni cəhətdən də o səviyyədə inkişaf edəcəkdir.

 

Bütün dövlətlərin konstitusiyasında təhsil haqqında qanun layihəsi olduğu kimi, bizim konstitusiyamızda təsdiqlənmiş təhsil qanununa görə də, hər bir uşağın təhsil almağa haqqı, hüququ vardır. Burada isə biz valideynlərin üzərinə böyük məsuliyyət düşür, onları bu yolda həvəsləndirmək, dəstək olmaq üçün.

 

Əsla öyünmək məqsədilə deyil, amma bir ali təhsilli şəxs kimi mənə bu yolda əvəzsiz dəstəkçilərim olan valideynlərimə ömür boyu minnətdaram. Hər zaman da biliyimi daha da dərinləşdirməyə və daha da mükəmməlləşdirməyə çalışıram. Elə bu məqsədlə də məktəbin kitabxanasından “X sinif üçün Azərbaycan dili” dərsliyini götürdüm və proqramda hansı yeniliklər var deyə vərəqləməyə başladım. İlk marağımı cəlb edən isə Amerikalı pedaqoq, yazıçı və fəal ictimaiyyətçi Hellen Adams Keller haqqında məlumat oldu. Hellen Keller maddi cəhətdən imkanlı bir ailənin ilk qız övladı olmuşdur. Çox kiçik yaşında keçirdiyi xəstəlikdən dolayı yüksək hərarət səbəbindən görmə, eşitmə və danışma bacarığını itirmişdir. Bununla da onun ətraf aləmlə əlaqəsi tamamilə kəsilir. O, tez-tez əsəbləşir və əlinə keçən bütün əşyaları sındırmağa başlayır. Dəfələrlə həkimlər onun zehni xəstəliyi olduğunu demiş, ailəsinə onu ruhi xəstəxanaya yerləşdirməyi məsləhət görmüşlər. Amma ailə bununla razılaşmır və onu Anna adlı bir müəllimin yanında təhsil almaq üçün korlar məktəbinə yerləşdirirlər. Anna ömrünün sonuna kimi onun yanından ayrılmır və onun bütün uğurlarında iştirak edir.

 

Anna Hellenin əlinin içinə barmaqları ilə qısa sözlər yazaraq digər əlinə isə həmin sözü ifadə edən əşyanı verirdi. Ancaq uzun müddət heç bir nəticə ala bilmir. Bir gün o, Hellenin əlini suya tutaraq digər əlinə “su” yazır. Hellen ilk dəfə bunu duyur, sözü əlaqələndirə bilir və bununla da onun qarşısında, sanki, yeni bir dünya açılır. Tədricən Hellen artıq mətnləri “oxumağa” başlayır. Bundan sonra bir neçə kollecdə təhsil alır, ingilis, alman, fransız, latın, yunan və rus dillərini öyrənir, velosiped sürür, üzür, şahmat oynayır, məqalələr və kitablar yazır. 1904-cü ildə 24 yaşında ikən  “Redklif”in pedaqogika fakültəsini əla qiymətlərlə bitirir. O, tarixə kar, kor və lal kimi ali təhsil alan ilk adam olaraq düşür.

 

Bəli, əziz oxucum, gəlin cəmiyyətimizdə sağlam uşaqlarımızı özümüz kar, kor və lal bilib təhsildən yayındırmayaq. “Bu onsuz da oxuyan deyil” deyib öz əllərimizlə onları cəhalətin uçurumuna atmayaq. Onları Vətənə, millətə, cəmiyyətə xeyirli, lazımlı insanlar kimi yetişdirək. Bu, bizim boynumuzun borcudur.

 

Bəzən anlaya bilmirəm, qız uşaqlarının təhsil almasına dırnaqarası baxan şəxslər yoldaşını həkimə aparır və qadın həkim axtarır. Əgər sən qadının təhsil almasına qarşısansa, nə haqla tələb edirsən bunu?! Hansı düşüncəyə sığır bu?!

 

Siz, əziz uşaqlar, gənclər, valideynlərinizdən bahalı, “brend” paltarlar, telefonlar, maşınlar tələb etməyin, təhsil tələb edin, oxumaq haqqınızı istəyin. İnanın ki, təhsiliniz varsa, hər yerdə seçilən, axtarılan və hörmətli yenə siz olacaqsınız.

 

P.S.

 

Bu yazını yazmaqda məqsədim qətiyyən ali təhsil ala bilməmiş insanları təhqir və ya tənqid etmək deyil. Ən azından, orta məktəbi bitirmək üçün uşaqlara dəstək olaq. Hansısa peşəyə yiyələnmək, danışığını, hərəkətini tənzimləyəcək qədər savadlılıq da özü elə bir təhsillilikdir. Hər kəs həkim, polis, müəllim ola bilməz, cəmiyyətin ustaya, aşpaza, dülgərə də ehtiyacı var, əlbəttə. Yazıda məqsədim boş-bekar, heç kəsə, özünə belə xeyiri olmayan “insanlar” yetişdirməməyi və eləcə də təhsil sevgisi ilə yaşayan gənclərin qarşısına divarları hörməməyi aşılamaqdır.

 

Lətafət KƏRİMOVA