Dahi Üzeyir Hacıbəyli “Biz ilə avropalıların təfavütü” felyetonunda yazır: “Yevropalılar ağappaq və tərtəmiz bir libas kimidirlər. Biz də kirdən rəngi məlum olmayan mündəris bir paltar kimiyik”. Mündəris, yəni sürtülüb üzülmüş, köhnəlib əldən düşmüş. Allah idimimizi vursun! Bizim bu idimimiz düzələn zada oxşamır...

 

Nolsun ki, mindiyimiz avtomobillər, danışdığımız telefonlar, işlətdiyimiz məişət əşyaları “yevropeyski”dir; nolsun ki, “yevropeyski” evlərimiz, yollarımız, işıq dirəklərimiz, o işıq dirəklərindən hörümçək toru kimi sallanan, cin düyünü düşmüş kabellərimiz, binalarımızın “yevropeyski” – üstü bəzək, altı təzək fasadlarını borularının dəlib-deşdiyi qızdırıcılarımız, hara gəldi quraşdırılan sayğaclarımız var; nolsun ki, o “yevropeyski” yollarımızın kənarlarına “yevropeyski” zibil qutuları düzülüb; nolsun ki, parklarımız, parklarımızdakı skamyalarımız, uşaqlar üçün attraksionlarımız, parklarımıza əkilən dekorativ kol və ağaclarımız “yevropeyski”dir... Nolsun?!

 

Fəqət özümüz ki “yevropeyski” deyilik. İdimimizdən “aziatski” cin hürkür... Mindiyimiz “yevropeyski” avtomobilləri hələ də at, eşşək, dəvə kimi sürürük; “yevropeyski” telefonlarla daş dövrünün homo sapiensi kimi anqıra-anqıra danışırıq; işlətdiyimiz “yevropeyski” məişət əşyalarının dilini hələ də öyrəşməmişik; “yevropeyski” evlərimizdə bir avropalının tapdığı rahatlığı hələ də tapa bilməmişik, qonşunun pəncərəsini, hasarını öz həyat fəlsəfəmizə çevirərək, oturub-durub qonşunu (başqalarını) fikirləşirik, çıxış yolu – nəticəmiz isə “yevropeyski” evlərimizi “aziatski” Çin səddi ilə hasarlamaq olur. Biz “yevropeyski” unitazın üstünə oturmaq əvəzinə üstünə çıxırıq, “aziatski” domuşuruq. Uşaqlar üçün düzəldilmiş attraksionlara eşşək boyda kişilər dırmaşaraq, ağnayaraq sındırırlar. Qadınlardan danışmağa dəyməz, çünki qadınlar üçün bu “yevropeyski” şəhərlərdə, kəndlərdə ümumiyyətlə heç nə yoxdur. Kafelərdən tutmuş restoranlara, parklardan tutmuş trenajorlara, istirahət yerlərinə qədər hamısı “aziatski” kişilər üçündür. Hələ də parklarımızın “yevropeyski” dekorativ kolunu-kosunu “aziatski” inəklərimiz otlayır... Allah idimimizi vursun!

 

Bayram da yaxşıdır, adət-ənənə də, asfalt yollar da, gecəni gündüz kimi işıqlandıran işıq dirəkləri də, hər beş addımdan bir qoyulmuş zibil yeşikləri də... Başa düşürəm, bazar iqtisadiyyatı dövrüdür, bazar da yaxşıdır, pul qazanmaq da, pul xərcləmək də, amma daha bu cür yox.

 

Hər şeyimiz “yevropeyski” olsa da bazarlarımız heç vaxt “yevropeyski” olmayacaq, ola bilməyəcək. Axı Avropanın harasında görünüb ki, şəhərin mərkəzində yenicə yaşıllaşdırılıb, skamyalar düzülüb, işıqlar quraşdırılıb əhalinin istirahəti üçün nəzərdə tutulmuş parkda meyvə-tərəvəz, toyuq-cücə, qoz-fındıq, balıq və sairə satıla? Yenicə əkilmiş ağacların, kolların üstündə bazar ancaq bizim bu şəhərlərdə görərsiniz. Hələ bu bazarın bayramlarda dağ boyda yığılan tullantılarını demirəm. Zibil yeşiklərinin üfunətindən adam keflənir. Havalar qızanda üfunət iyi şəhəri bürüyür, adamın mədəsi ağzından çıxır az qala. Bazarın da bazar yeri var. Şəhərin mərkəzində alverçilərin, bir də maşınların əlindən tərpənmək, istirahət etmək, uşağı gəzdirmək mümkün deyil... Allah idimimizi vursun!

 

Nəyi istəyirsən “yevropeyski”sindən ala bilərsən, “yevropeyski” yeməklər yeyib, “yevropeyski” geyinə də bilərsən, amma çifayda, görünən tərəfinin fasadı bəzədilən binalarımız kimi üstü bəzək, altı təzək olacaqsan, yəni üstü “yevropeyski”, altı “aziatski”, “yevropeyski” düşünməyənə qədər elə həmin idimsizsən ki, idimsiz... Allah idimini vursun!

 

Üzeyir bəy həmin felyetonunda bunu da yazır:“...Yevropalılar səy edirlər ki, quş kimi havada uça bilsinlər. Amma biz bədbəxtlər hələ indi çalışırıq ki, adam kimi dünyada yaşaya bilək...”

 

Və felyetonu bir bənd şeirlə tamamlayır, bu şeirin sonundakı sualın cavabı haqqında düşünsək, bəlkə “yevropeyski” ola bilərik. O da, düşünsək, düşünə bilsək, əlbəttə:

 

“Onlar əvvəl adam imişlər ki,

indi də quş olmaq istəyirlər,

Bəs biz əvvəl nə imişik ki,

indi adam olmaq istəyirik?”

 

P.S.

 

Üzeyir bəyin “Təmizlik” adlı felyetonu da var. Üzərindən illər keçsə də aktualdır. Zəhmət çəkin, özünüz tapın, oxuyun.

 

Avtomobil də minsək, balonlarla seyrə də çıxsaq, dəyişmədik ki, dəyişmədik... Allah idimimizi düzəltsin!

 

Azər MUSAOĞLU