SOSİUM
9. DİNİ MƏNZƏRƏNİN RƏNGARƏNGLİYİ
Niderlandda din dövlətdən ayrı yaşayır. Belə cəmiyyətlərdə insanları ən azından bunun belə olduğuna inandırmaq istəyirlər. Bizdə də eyni mənzərədir. Dövlət öz həyatını yaşayır, din də öz həyatını. Əslində bunun belə olmadığını da düşünmək olar. Nədən ki, zaman-zaman ya dinin dövlət işlərinə qarışdığını, ya da əksinə dövlətin dinin işlərinə müdaxilə etdiyinin şahidi oluruq. Bəlkə də bu iki axın, bu iki həyat bir-birləri ilə yanaşı yaşamağı, hərdən bilərəkdən və ya ehtiyatsızlıqdan bir-birinin yoluna çıxdıqlarını nəzərə almasaq, elə bu cür yola verirlər. Mən bunu onların öz ixtiyarlarına buraxmağı daha doğru hesab edirəm. Necə istəyirlər o cür də yaşasınlar. Dalaşmasan bərkişməzsən. Sınaqdan çıxmış sözdür.
Niderland müxtəlif dinlərə, məzhəblərə qulluq edən insanların ölkəsidir. Ölkənin hər yerində əski və yeni kilsələrə rast gələ bilərsən. Bu gün ölkənin hər yerində görünən bu kilsələrin hansı mübarizələrdən keçdiyini, bugünkü duruma çatana qədər nə qədər qanlar axıdıldığını, qurbanlar verildiyini tarix kitablarından axtarıb tapmaq mümkündür. Katoliklərlə protestantlar arasında baş vermiş qanlı savaşları yada salmaq kifayətdir. Roma papalarına qarşı başladılan reformasiya barədə yəqin ki, çoxunuzun xəbəriniz var. Artıq bunların dünəndə qaldığını, tarixə qovuşduğunu da bilirsiniz. İnkivizisiya tonqallarının zamanın burulğanında göylərə sovrulduğunu, Avropanın keçmişində qaldığını söyləmək olar. Həyatsa davam etməsində. Uzaqbaşı, bunları biz həmin dövrü canlandıran səhnələrdə, kinolentlərdə görürük. Tarixi yaddan çıxarmamaq, tarixin səhvlərindən doğru nəticə çıxarmaq üçün hərdən belə səhnələri izləmək də bəd deyil.
Dünən qanlı bıçaq olan məzhəblərin bir-birilə dinc yanaşı yaşamasına ən bariz nümunə kimi Niderlandı misal göstərmək olar. Katoliklərin və protestantların yan-yana mövcudluğu bunu sübut etmirmi? Avropa tarixində buna bənzər hadisələr, dünənki düşmənlərin bu gün birgə yaşamalarına dair yeni misallar da, örnəklər də gətirmək olar. İspaniyanın ən yeni tarixində ən qanlı hadisə kimi qalan, ispan cəmiyyətini parçalamağa qədər gətirən vətəndaş müharibəsinin hər iki cəbhədən olan qurbanlarının adlarının eyni bir memorialda yan-yana həkk olunması da dərs çıxarmalı, örnək götürməli bir insidentdir.
Niderlandda xristian dindarlar ölkə əhalisinin 43,4 faizini təşkil edir. Onların da çox hissəsi katoliklərdən ibarətdir. Əhalinin 5,8 faizini və ya bir milyona yaxınını müsəlmanlar təşkil edir ki, islam dininə sitayiş edənlərin sayı mühacirlərin hesabına ildən ilə artmaqdadır. Bu da müəyyən dairələri əndişələndirməkdədir. Niderlandda yəhudi icmasının tarixən mövcud olduğu da bəllidir. Bu icmaya məxsus sinaqoqlar burada nadir bir şey deyil. Ölkə əhalisinin bir qismi isə induslardan ibarətdir. Bəzi evlərin pəncərələrindən ötüb-keçənlərin üzünə gülümsəyən Budda heykəlcikləri bunu təsdiqləyir. Bütün bunlara rəğmən, Niderland əhalisinin böyük bir hissəsi – 42,7 faizi özünün heç bir dinə aid olmadığını bəyan edir. Bu göstərici ilə Niderland Avropada öndə gedir. Əhalinin bu hissəsi özünü aqnostik və ya ateist hesab edir. Bu kəsimin cəmiyyətdə böyük çəkiyə sahib olmasının bir səbəbi də, Avropanın digər ölkələrindən fərqli olaraq, Niderlandda abort, eftanaziya, fahişəlik, eynicinslilərin evliliyi, narkotiklərdən istifadə və bu qəbildən digər məqamların leqallaşdırılmasıdır.
Niderlandda dinin dövlətdən ayrılığını vurğuladıq. Müşahidələrim dinin bir küncə – kilsəyə sıxışdırıldığını, hətta həbsə məhkum edildiyini söyləməyə imkan verir. Kilsədən kənarda dinin mövcudluğu hiss edilmir kimi bir fikri səsləndirməyim şişirtmədən çox uzaqdır. Kilsələrin əksəriyyəti get-gedə turistlərin ziyarət etdiyi tarixi mədəniyyət yadigarı məkanlara çevrilməkdədir. İbadətə gələnlərin azalması səbəbindən bağlanan, qapısına qıfıl vurulan, elə bu səbəbdən də satışa çıxarılan kilsələrə də rast gəlmək mümkündür. Xristian kilsəsi öz tarixi rolunu oynamış bir durumdadır. Ömrünün qürub çağını yaşayan qoca kimi bir küncə çəkilib olub-keçənləri sərf-nəzər etməkdədir.
Niderland cəmiyyətinin tolerantlığı ilk baxışda diqqəti cəlb edir. Ancaq sənin hansı dinin təmsilçisi və ya hansı məzhəbə mənsub olmanın önəmi yoxdur kimi bir qənaətə gəlməmiz hələ tezdir. Nədən ki, meşə çaqqalsız olmadığı kimi, Niderlandda da gəlmələri, başqa irqdən olanları, başqa dinin mənsublarını sevməyənlər, onlara yan baxanlar, hətta aşağılayanlar belə var. Burada da sağçılara, ultra millətçilərə rast gəlmək olar. Hətta onların siyasi partiyalarda birləşdiyini, düşüncələrini siyasi müstəviyə daşıdıqlarını, zaman-zaman irqçi çıxışlarını da eşidə bilərik. Amma nə yalan söyləyim, mən burada yaşadığım 15 ay ərzində bu deyilənlərə bir dəfə də olsun rast gəlmədim. Bu qənaətimin oxuduğum xəbərlərdən qaynaqlandığını da demədən keçməyim.
Avropada, o cümlədən də Niderlandda mühacirlərin bir neçə nəsli yaşamaqdadır. Mühacirlərin Avropaya axını qarşısıalınmaz prosesə çevrilib. Burada həyat səviyyəsinin yüksəkliyi də mühacirlər üçün cəlbedicidir. Avropada demoqrafik artımın ləngliyi də, bu və ya digər dərəcədə mühacir axınlarına stimul verir. Avropa ölkələri özlərinə lazım olan işçi qüvvəsini gəlmələrin hesabına təmin etməyə, tənzimləməyə çalışır. İkinci Dünya müharibəsindən sonra bu məqsədlə minlərlə işçi mühacirin gəlməsinə şərait yaradıldığını deməyimiz də bunu təsdiqləmək üçün yetərlidir. Bu danılmaz faktdır.
Mən məsələyə bir qədər fərqli yanaşmaq istəyirəm. Avropa ölkələrinin Asiyada, Afrikada yürütdükləri klassik müstəmləkə siyasəti tarixə qovuşsa da, bu bölgələrin Avropanın siyasi dairəsində saxlanması üçün çabalar sərf edildiyi də məlumdur. Sanki mühacirlər avropalıların müstəmləkə dönəmində onlardan zorla aldıqlarını geri qaytarmaq, tarixi ədaləti mühacirlik yolu ilə bərpa etmək üçün buraya üz tuturlar. Onların bu istəklərini həyata keçirmək üçün baş vurduqları yöntəmlər fərqli görünür. Bunun nə dərəcədə doğru olduğunu deyə bilməsəm də, aşağıda sadalayacaqlarımı bu yöntəmlərə aid edirəm. Avropalılarla qarışıq nikahlar mühacirlərin bu cəmiyyətdə yerini möhkəmləndirir. Bu bir. İkincisi, Avropanın idman hərəkatında mühacirlərin xüsusi çəkisi durmadan artmaqdadır. Heç klub komandalarına diqqət yetirməsək də, bəzi Avropa ölkələrinin milli futbol komandalarına baxmaqla bunu təsdiqləyə bilərik. Digər tərəfdən, Avropanın xidmət sektorunda Şərq ünsürləri get-gedə daha aydın görünür. Bu üç oldu. Artıq elm, siyasət, idarəetmə sahələrində mühacirlərin nəsillərindən olanlar özlərinə yer etməkdədirlər. Bu da dördüncü. Beşincisi, burada xristianlarla yanaşı digər dinlərin, əsasən də müsəlmanların nümayəndələrinin səsi eşidilməkdədir. Artıq Avropa azan səslərinə diksinmir, sabahlarını azan səsilə açmağa vərdiş edib. Örtülü qadınlar Avropanın müasir simasının biçimlənməsində nəzərəçarpacaq dərəcədə aydın seçilən ünsür kimidir. Və bunu heç bir avropalı inkar etmək gücündə deyil. Avropanın Şərq motivləri ilə süslənməsi prosesi sürətlə gedir. Bir az da obrazlı ifadə etsək, irq, dil, din, mədəniyyət baxımından Avropa rəssam palitrasında bir-birinə qarışmış rəngləri andırır.
Niderland da daxil olmaqla Avropada yüzlərlə məscid, müsəlmanlara məxsus yüzlərlə digər dini təyinatlı müəsissə fəaliyyət göstərməkdədir. Rotterdamda “Avropa İslam Universiteti” də fəaliyyətdə imiş. Fəaliyyətinə tələbə çatışmazlığındanmı, maliyyə yetməzliyindənmi ara verdiyini dəqiq öyrənə bilmədim. Yəni rəsmi heç bir qurum onun fəaliyyətini dayandırmayıb. Düzgün anlaşılsın deyə bunu xüsusi vurğulamalı oldum. Müsəlmanların gündəlik dini ibadətlərini bu məscidlərdə icra etdikləri, cümə və bayram namazlarını birlikdə bu məkanlarda qıldıqları bəllidir. Niderlandda dini ayinlərin icrası üçün ideal şərait yaradıldığını da qeyd etməliyik. Mən bu kitabın müəyyən sətirlərini ramazan ayında yazıram və Hoogvliet mərkəzi camisinin uzaqdan gələn azan sədalarını da yaxşı eşidirəm. Nədən ki, kimsə sən niyə belə geyinmisən, sən niyə çarşafda dolaşırsan, niyə saqqal saxlayırsan kimi heç bir irad bildirə bilməz. Niderlandda təkcə qadınların niqabda, üzünü qapadaraq gəzməsi yasaqdır. Bu da təhlükəsizlik məqsədilə, terror təhlükəsini önləmək üçün 2019-cu ildən qüvvəyə minib. Bu qadağanın islam dünyasında, elə bizim sosial şəbəkələrdə də, müsəlmanların sıxışdırılması kimi yozulmasına nədən olduğu da yadımdadır. Həmin günlərdə mən Niderlandın öz təhlükəsizliyi üçün atdığı bu addıma haqq qazandırdım. Tanıdığım kərküklü Orxanın “kafirlər görürsünüzmü müsəlmanlara qarşı nə edirlər” söyləməsinə irad tutaraq, niyə kafir saydığı bir ölkəyə gəldiyini və gəlibsə niyə bu ölkənin qanunlarına əməl etmək istəmədiyini, niyə İraqın yaxınlığındakı islam ölkələrindən birinə, məsələn, Küveytə, BƏƏ-ə getməyib, Avropanın qüzeyindəki kafir hesab etdiyi bu uzaq xristian ölkəsinə gədiyini soruşdum. Bu gənc oğlanın mənim suallarımı cavablandırmağa nə sözü, nə də dəlil-sübutu var idi. Olsa da onu dilinə gətirə bilmədi. Türkiyədən başqa heç bir islam ölkəsinin Kərkük türkmənlərinə sahib çıxmaq istəmədiyini nə Orxan, nə də yanındakı digər gənc türkmən etiraf edə bilmədi. Hollandların özlərinə vətən etdikləri bu kiçik ərazi uğrunda nə qədər qurban verdiklərindən, torpaq azlığını aradan qaldırmaq üçün təbiətlə, dənizlə necə mübarizə apardıqlarından mənim bu gənc həmsöhbətlərimin çətin ki, xəbərləri var. Onlar bir şeyi də anlamırlar ki, hollandlar bu torpağı özlərinə Vətən edərkən, nə vaxtsa kimlərinsə gəlib onların Vətəninə şərik çıxacaqlarını, onlara boğazortağı olacaqlarını ağıllarına belə gətirməmişdilər. Onların və onlar kimi neçə-neçə gəncin indiyədək beyninə doldurulanlar Avropa düşüncəsilə tərs gəlir və gəlməlidir də. Beynləri cəfəngiyyatla doldurulmuş adamların Avropaya ayaq açması göz qabağındadır. Cəfəngiyyat yüklü qafalar isə Avropa müstəvisinə çıxınca yanlışa, xətaya yol verir, başqa sözlə, həmin qafalarda “error” meydana çıxır. Bu da Avropada birmənalı qarşılanmır, avropalılar buna adekvat cavab vermək üçün müxtəlif addımlar atırlar.
Bu yazdıqlarımı da Orxanla söhbətimin davamı sayaq. Mənim ona ünvanlayacağım bir neçə sual, ona demək istədiyim bir neçə söz ürəyimdə düyümlənib. Əvvəlcə onu deyim ki, Avropaya ayaq basan müsəlmanlar, onların yeni nəsilləri burada görmədikləri günə düşüblər, qara gündən ağ günə çıxıblar. Yoğurmayıb, yapmayıb hazırca kökə tapıblar. Niderlandın istənilən şəhərində başı örtülü, öz milli geyimində küçələri dolaşan, velosipedilə harasa gedib-gələn müsəlman qadınları cəhənnəmdən cənnətə düşməyiblərmi? Velosiped sürən bir müsəlman qadınını islam ölkələrində daş-qalaq etməzlərmi, Orxan? Avropada saqqalını uzadıb, çuxasını əyninə geymiş müsəlmana bir söz deyən varmı? Avropa şəhərlərində minlərlə məscidin fəaliyyətindən xəbərin yoxdurmu? Niderlandda, dünyanın bu kiçik ölkəsində təkcə türk müsəlmanlara xidmət edən bir neçə yüz məsciddin olduğunu bilirsənmi? Almaniyada irili-xırdalı məscidlərin sayı 2800-dür. Heyrətamizdir, deyilmi? Utrextdəki Ulu caminin tikintisinə xristian keşişlərin para-pul yardımı etmələrindən də mi xəbərsizsən? Niderlandda ondan artıq məscidin kilsə binasında yerləşdiyini də xatırladımmı? Düzdür, kilsə binaları satlığa çıxarılıb, müsəlman türklər də pulunu verib alıb və məscidə çeviriblər. Gərək hər şeyi adıyla deyəsən, Orxancığım. Kilsələrin məscidə çevrilməsi yeni bir məsələ deyil. Osmanlı dönəmində də kilsələrin məscid kimi istifadə edildiyi geniş yayılmış bir hal idi. Məncə, təkcə İstanbuldakı Aya Sofiyanı xatırlatmaq yetərlidir. Türklərin ana qaynağı “Kitabi-Dədə Qorqud” dastanlarında da buna bir neçə dəfə işarə vurulduğunu görürük.
Elə bu aralarda mən bizim niyə milli köklərimizə dayanan bir dinimizin olmadığını da təəssüflə qafamdan keçirdim. Niyə yəhudinin, yaponun, hindlinin, ərəbin özünəməxsus dini olmalıdır, bizim yox? İranın islamı özününküləşdirdiyi, ona öz milli boyalarını sürtdüyünü də xatırladıram. Elə Avropanın bir sıra xalqları kimi, hollandların protestanlığın timsalında xristianlığı özününüküləşdirmək istəyini də bu düşüncələrimin üzərinə əlavə edirəm. Tanrıçılıq din kimi bir qövm olaraq bizi bütövləşdirə bilməzdimi? Elə əlifbamızla bağlı düşüncələrim də buna bənzəyir. Biz damğalarımızın, rəmzlərimizin kombinasiyasından özümüzəməxsus bir əlifba niyə yaratmadıq? Və ya Orxon-Yenisey yazısını təkmilləşdirərək türk xalqlarının ortaq əlifbasına çevirmək bizi daha çox ruhumuza, kökümüzə bağlamazdımı? Heç olmasa, uşaqlarımıza bu əlifbanı alternativ olaraq öyrədə bilmərikmi? Ona ikinci nəfəsi, ikinci həyatı bu yolla qazandırmaq olmazmı? Bu əlifbadan istifadənin çətinliklərini önə sürənlərə, dünya ilə inteqrasiyamız üçün çətinlik yaradacağını müdafiə edənlərə, üzülərək deyim ki, bu mövqedə duranlar arasında şəxsiyyətinə və elminə böyük hörmət etdiyim insanlar da var, mən cəmi bir sual ünvanlayıram: minlərlə heroqlifdən istifadə edən yapon və ya çinli niyə bunu çətinlik kimi qəbul etmir, çətindirsə niyə asan yola baş vurmur? Bəlkə də bu gün Yaponiyanın milli kökünə bağlılığının, iqtisadi inkişafının ən ümdə səbəblərindən biri milli dinini və yazısını qoruyub saxlamasındadır? Suallar çoxdur, uzatmaq da olar. Sadəcə onların cavabını tapmaq üçün böyük zaman və böyük səbr gərəkdir.
Afiq MUXTAROĞLU
Niderland