Milli kimlik haqqında nə qədər danışsaq da cəmiyyətimizin bu mövzuya biganə yanaşdığını görürük. Texniki tərəqqi, süni intellekt əsrində bizim milli kimlik probleminə fokuslanmağımız əslində çox acınacaqlıdır. Mən bu gün cəmiyyətimizin ən böyük problemi olaraq milli kimlik problemini görürəm. Bir millət öz adını, kökünü, milli qayəsini bilmirsə o millət necə inkişaf edə bilər? Millətin inkişafı üçün bir milli qayə ətrafında birləşmək şərtdir. Əgər milli kimliyimizi əsassız əfsanələrə bağlayırıq va fikir ayrılığına düşürüksə bizi hansı qayə birləşdirsin ki, biz cəmiyyət olaraq inkişaf edə bilək?

 

Gənclərimiz arasında təəssüflər olsun ki “biz kimik” sualını verən və bu sual üzərində düşünən çox azdır. Sovet ideologiyalıların bir yanaşması, mənbəsiz tarixçilərin bir yanaşması, xaricpərəstlərin isə bir yanaşması var. Bu mövzu isə hər təfəkkürün məhsulundan bəhrələnəcək bir mövzu deyil, əziz eloğlular! Həqiqət birdir. Bu gün “biz türk oğlu türkük” deyəndə mənə “bizim Osmanlı ilə nə əlaqəmiz var?” deyən insanlar var. Acınacaqlı bir haldır ki, biz hələ türk qavramının tək Anadoludan ibarət olmadığını dərk edə bilmirik. Böyük türk millətinin hissəsi olduğumuzu qəbul etmək çətin gəlir gənclərimizə.

 

“Biz milliyyətcə azərbaycanlıyıq, türk deyilik” deyənlər 20-ci əsrdən əvvəl hansı yazılı mənbədə “azərbaycanlı” millət adına rast gəliblər? Səlcuqlu, Atabəy, Səfəvi, Əfşar, Qacar dövlətləri zamanının tarixi mənbələrinin hər birində bizim milliyyət adımız türkməndir. Türkmən tayfalarını tarixdə heçmi oxumayıb milliyyətini inkar edənlər?  Azərbaycan türkmənləri var, Anadolu türkmənləri var, İraq türkmənləri var və s. Türkmən sözü və yaxud türk sözü bizə niyə ağır gəlir? Azərbaycanlı adını bu gün Azərbaycan Respublikasında yaşayan, Azərbaycan vətəndaşı olan bütün millətlərin ortaq adı olaraq istifadə edə bilərik, amma bu millətlərin öz milli kimliyi də var axı. Ləzginin milliyyəti ləzgidir, o həm də azərbaycanlıdır, türkün milliyyəti də türkdür, həm də azərbaycanlıdır. Necə ki biz gürcüstanlıyıq, həm də türkmənik.

 

Azərbaycan coğrafi mühitdir. Bəli, Borçalı mədəni və leksik cəhətdən Azərbaycan mədəni mühitinin bir parçasıdır. Borçalı sazıyla, sözüylə Azərbaycan mədəniyyətinə böyük töhfələr verib. Biz özümüzə türk deyəndə Azərbaycandan təcridi nəzərdə tutmuruq. Anlayışı zəif insanlar biz özümüzə türk deyəndə elə düşünürlər ki, biz özümüzü Türkiyəyə “yamamağa” çalışırıq. Bu belə deyil, əziz borçalılar!

 

Yanlış insanlar, yanlış yanaşmalar bizi aldatmasın və kimliyimizdən uzaq salmasın. Gürcü mənbələri belə bizi “türkmən eli” adıyla tarixə həkk edib. Türkmən deyəndə ağlımıza Türkmənistan gəlməsin. “türkmən” tərəkəmə türk tayfalarına tarixin verdiyi addır. Qarabağ türkmənləri, Gəncə türkmənləri, Borçalı türkmənləri tarixdə böyük iz buraxıb. Bir zaman özümüzə “musurman” dedik, indi isə “azərbaycanlı”.

 

Sağlam təfəkkür sağlam gələcəyin zəmanətidir. Gəlin sağlam təfəkkürlə sağlam gələcəyimizin planı üzərində işləyək. Milli kimlik kimi təməl prinsiplərimizi artıq hamımız özlüyümüzdə təkmilləşdirməli, həqiqəti bərpa etməliyik. Təməl problemlərimizdə bir həll yoluna gəlməyincə yad qüvvələrin nişan obyektinə çevriləcəyik. Necə ki, vaxtında özünə “musurman” deyən babalarımıza rus hakimiyyəti “azəri”, “azərbaycanlı” kimliyini zorla mənimsətdi. Rus siyasətinin başlıca hədəflərindən biri böyük millətləri parçalamaq və milli nifaq yaratmaq idi. Buna nail oldular. Özbəyi, qazağı, qırğızı, türkməni ayrı-ayrı gözdə görmək bizə nə qazandıracaq? Niyə düşmənlərin yaxmasına yağ çəkirik? Dilimiz birdir, dinimiz birdir, məqsəd-amalımız birdir, bəs adımız niyə fərqli? Əsassız məqsədlərə xidmət edənlər nə qədər aramıza nifaq salsa da şərəfli türk gəncliyi şahlanacaq, əcdadının şanlı yolunda, şanlı sancaq altında birlik olacaq.

 

Cəlal YADİGARLI