Biz niyə hamının xoşuna gəlməyə çalışırıq? Niyə istəyirik ki, hamı bizi bəyənsin, tərifləsin, sevsin? Bu, kənardan baxanda artıq kompleks kimi, toplumun xarakterinə çevrilmiş kimi görsənir. Əvvəl fərdi olsa da, artıq kütləvidir. Niyəsə toplum olaraq başqa toplumların xoşuna gəlmək üçün sinov gedirik, canfəşanlıq edirik, dəridən-qabıqdan çıxırıq. Bizə ikinci, üçüncü sort kimi baxanlara, yanaşanlara yaxşı, savadlı, sülhsevər, liberal, tolerant, multikultural olduğumuzu sübut etmək üçün əlimizdən gələni edirik. Hər dəfə də qaş düzəltmək istədiyimiz olur, vurub gözü də çıxardırıq. Multikultural olmaq istəyirik, “multi-user”ə çevrilirik.
Ümumiyyətlə, bizim özümüzü kimlərəsə bəyəndirməyə, xoşuna gəlməyə ehtiyacımız varmı? Varsa, nədir bu ehtiyac; bu canfəşanlığın altında-üstündə hansı məqsəd(lər) gizlənib? Nədir qınımızdan çıxıb, qınımızı bəyənməməyimizin səbəbi? Niyə özümüzdən başqa hamının xoşuna gəlməyə çalışırıq? Niyə özümüzdən başqa hamı xoşumuza gəlir, hamını bəyənirik? Dünyada ideal heç nəyin olmadığını bilə-bilə niyə ideallarımızı özgələrində axtarırıq, yadları nümunə, örnək götürürük?
Bu natamamlıq kompleksi sıravi insanımızdan tutmuş rəhbər şəxslərimizə qədər var. Ölürük özümüzü yadların yanında aşağılamaqdan ötrü, təki xoşlarına gələk. Axı, ay bədbəxt, özününkünü söysən də, aşağılasan da, keçmişini dansan da, kimliyini təhrif eləsən də, adını, soyadını dəyişdirib xoşuna gəlmək istədiklərinin adından yazdırsan da pasportuna, xoşuna gəlmək istədiklərinin gözündə ucalmayacaqsan, nə varını-dövlətini sənə verəcək, nə də səni özününkü hesab edəcək. Sən onun gözündə elə özün qalacaqsan, bu yarınmaq canfəşanlığına görə isə onun gözündə daha da alçalacaqsan, üçüncü, dördüncü sort olacaqsan və sənin bu alçaqlığın bütün toplumun adına yazılacaq.
Əslində, bütün bunlar özünü tanımamaqdan irəli gəlir. İnsan öz tarixini, ədəbiyyatını, mədəniyyətini, dinini, dilini bilməyəndə başlayır öz tarixini, ədəbiyyatını, mədəniyyətini, dinini, dilini bilənlərin qarşısında komplekslənməyə və bu natamamlıq kompeksini yadlara yarınmaqla, başqalarının xoşuna gəlmək üçün onları tərifləməklə, ucaltmaqla, könüllü xidmət göstərməklə, doğru hesab etməklə, hətta bəzən yadla ailə qurmaqla ört-basdır edir, özündəki yarımçıqlığı bunlarla doldurur. Məsələn, özünün şair-yazıçısını, alimini, incəsənət xadimlərini, tarixi şəxsiyyətlərini tanımır deyə ona təqdim olunanları tərifləyir; özünün milli adət-ənənələrindən, bayramlarından xəbəri yoxdur deyə bu boşluğu özgələrin adət-ənənələri ilə, bayramlarını qeyd etməklə doldurur (Özgə atına minən tez düşər (atalar sözü); öz dinini xoşuna gəlmək istəyənlər terrorçu dini kimi göstərirlər deyə onların dininə rəğbət bəsləyir (Özünü tanımayan Allahını da tanımaz (atalar sözü); öz dilini alayarımçıq bilir deyə tarixini, ədəbiyyatını, mədəniyyətini öyrənə bilmir və sair. Və bu yarımçıq adam yadların xoşuna gəlmək üçün yaşamağa başlayır. Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən. Öz məqsədinə çatmaq üçün, öz mənafeyi üçün, pul üçün, vəzifə üçün başqalarının xoşuna gəlməyə çalışanlar da var ki, onların canfəşanlığı, yaltaqlığı aydındır. İlanın ağına da lənət, qarasına da!
Belə ki, titrəyin və özünüzə dönün, özünüzə dönəndə daha möhtəşəm olursunuz. Özünüz olun ki, sizə özünüz kimi hörmət eləsinlər, tanısınlar, bəyənsinlər. Bəyənmirlərsə, cəhənnəmə ki! Kiminsə xoşuna gəlmək üçün yaşamayın, xoşunuz gəldiyi kimi yaşayın. Hamının xoşuna gəlməyə ehtiyac da yoxdur. Normal insan hamının xoşuna gələ bilməz. Özünə hörmət edən adam hamının dostu ola bilməz. Hamının xoşuna gəlməyə çalışan, hamının dostu olan adamdan təhlükəli adam yoxdur. Almadan zəhlən gedirsə bütün ağaclarda bitən bütün almalardan zəhlən getməlidir, yox, əgər hansısa bağbanın xoşuna gəlmək üçün, yarınmaq üçün onun əkdiyi ağacın almasını bəyəndiyini deyirsənsə, sən yalançısan, qorxaqsan, ikiüzlüsən, yarımçıqsan, haqsızsan, yaltaqsan, özü də multiyaltaqsan. Hamının xoşuna gəlmək, hamının dostu olmaq, özününküləri söyüb, yadları tərifləmək üçün yalnız multiyaltaq olmalısan.
Azər Musaoğlu