Həyat doğum ilə ölüm arasında yaşanılan zaman dilimidir. Hər bir varlıq doğular, həyatını yaşayar və ölər. Ölüm haqdır və Qurani-Kərimdə də “Hər can ölümü dadacaqdır!..” (Ənkəbut, 57), (Ali İmran, 185) buyurulmaqdadır. İslam dininə görə, ölüm bir son deyildir. Ölüm dünya həyatından axirət həyatına bir keçiddir. Ümumiyyətlə, “ruhun bədəndən ayrılması ilə adamın maddi həyat qaynağını itirməsi” şəklində tərif olunan ölüm və ölümdən sonrakı həyat, inam və tətbiqlər mədəniyyətdən mədəniyyətə, dövrdən dövrə dəyişməkdədir. Daha çox günah və mühakimə anlayışlarıyla birlikdə təsəvvür edilməyə çalışılan ölüm fikri və ölüm qorxusu ilə qurtuluş və ölümsüzlük ümidi dinin və fəlsəfənin ən mübahisəli, müzakirəli mövzularından olmuşdur. Ölümlə nəticələnən insan həyatı qəbirdə davam edir. Ona görə də qəbir axirətə açılan qapıdır deyirlər.

 

Bizim bugünkü əsas mövzumuz isə qəbir ziyarətinə aiddir. Çünki bu gün insanlarımız qəbir ziyarətində islamla tutuşmayacaq hərəkətlər sərgiləməkdədirlər. Bu mövzu çox dərin olduğundan mən qısa məlumatlarla kifayətlənməyə çalışacam.

 

İslamiyyətin ilk illərində Peyğəmbər əfəndimiz cahiliyyət adətlərinə görə qəbir ziyarətini qadağan etmişdir. Ölülərə necə davranılması lazım olduğu mövzusunda islamiyyətin gətirdiyi əmrlər yaxşıca mənimsənildikdən və anlaşıldıqdan sonra bu qadağa da götürüldü.

 

Qəbiristanlıqların ziyarət edilməsi, bu vəsiləylə ölümün xatırlanması və orada yatanlardan ibrət götürülməsi dinimizin tövsiyə etdiyi xüsuslardandır. Qəbir ziyarətində olan adam axirəti xatırlamalı, dünyanın keçici olduğunu və bir gün özünün də öləcəyini düşünməlidir.

 

Qəbir ziyarətinə gedən adamın ölü üçün dua etməsi və Quran oxuyaraq savabını orada dəfn olunanların ruhlarına bağışlaması uyğun görülmüşdür. Hz. Peyğəmbər gecələri Bəqi qəbirisitanlığına gedər və “Möminlər yurdunun sakinləri, sizlərə salam olsun. İnşallah, biz də sizə qatılacağıq. Bizlər və sizlər üçün Allahdan bağışlanmaq diləyirəm. Allahım, Bəqi qəbirisitanlığında olanları bağışla” (Müslim, Cenaiz, 102) deyə dua edərdi. Hədis buna nümunə ola bilər. Ancaq qəbir və türbə ziyarətlərində islama və tövhid inancına uymayan, etiqad baxımdan da uyğun olmayan davranışlardan da uzaq durulmalıdır.

 

Həzrət Peyğəmbər bir hədisi-şərifində belə buyurur: “Sizə qəbir ziyarətini qadağan etmişdim (indi buna icazə verirəm). Onları ziyarət edin. Çünki bu ziyarət sizə axirəti xatırladar” (Ebu Davud, Cenaiz).

 

Bəzi din böyüklərinə görə, bir kimsə qəbirisitanlığa getdiyi zaman hədislərdə görüləcəyi şəkildə əvvəl qəbir əhlinə salam verməli, onlara dua etməli və sonunda özünün də onlar kimi olacağını düşünməlidir. Qəbrini ziyarət etdiyi kimsə sanki sağ imiş və onunla danışırmış kimi üzünü ona döndərərək yanına yaxınlaşmalı və sağlamlığında hər hansı bir problem yoxdursa ayaqda dayanmalıdır. Sağlığında özünə çox yaxın isə yaxınına getməli, çox yaxın deyildisə uzaqda dayanmalı, sonra da ona dua etməlidir. Qəbirdə yatan kimsə nə qədər tanınmış və ya hikmət sahibi olursa olsun ondan əsla bir şey istəməməlidir. Çünki özündən bir şey istənəcək olan yalnız Allah-taaladır. Qəbir ziyarətində bu ədəbə diqqət yetirmək lazımdır.

 

Qəbir ziyarəti əsnasında dəstəmazlı olmağa diqqət göstərilməli, qəbiristanlıqda sükunəti qorumalı, çox səs-küy çıxarılmamalı, qəbiristanlıqda olan ölülərə salam verilməli, onlar üçün xeyir-dua edilməli, Qurani-Kərim oxunub savabı onların ruhuna bağışlanmalıdır. Məcbur qalmadıqda, məzarların üzərinə ayaqla basılmaz, üzərlərinə oturulmaz. Hər insanın tez və ya gec məzara gedəcəyi düşünülərək ibrət götürülməlidir.

 

Bu gün ən mübahisəli mövzu olan ölüyə Quran oxumaq mövzusu haqqında da bir məqalədə oxuduğum qısa bilgini sizlərə təqdim etmək istəyirəm.

 

Qəbrin yanında Quran oxuyacaq kimsənin məzarın kənarına oturmasında – muxtar olan kavle görə (böyük alimlərin kitab və sünnədən çıxardıqları hökmlər) – kərahət yoxdur. Qəbrin kənarına oturub  “Yasin” surəsini oxumaq çox savabdır. Buna görə Allah-taalanın ölülərimizə asanlıq verəcəyi, oxuyana da ölülərin sayı qədər savab veriləcəyi Həzrət Əlidən və Həzrət Ənəsdən (radıyallahu ənhumə) rəvayət olunmuşdur. Ancaq bizim bölgələrdə olduğu kimi müəyyən bir məbləğ verərək Quran oxutmaq və bu pulun alınmadığı təqdirdə Quranın qəbul olunmayacağı fikri də islamın qəbul etmədiyi bir düşüncədir.

 

Qəbirlərin üzərində otaq və ya kümbəz kimi şeylərin tikilməsi və ya yazı yazılması İmam Əbu Yusufa görə təhrimən (harama yaxın) məkruhdur.

 

Qəbrin üstündə üzünü-başını cıraraq ağlamaq da islamda qəbul edilməmişdir.

 

Bir qisim ehtiyac və diləkləri qəbirdə yatanlara söyləyirmiş kimi ifadə etmək, özlərindən mədəd ummaq, bu ziyarətləri dini bir öhdəçilik kimi dərk etmək, bez bağlamaq, şam yandırmaq, qurban kəsmək, şəkər və sair qoyaraq onlardan kömək diləmək kimi davranışlarda olmaq da tövhid dini olan islamla uyğun gəlməməkdədir.

 

Hacı BƏKİROĞLU