İnsan niyə tətilə gedir? Niyə biz tətilə getməliyik? Yay ayları gələndə ən aktual suallardan biri də budur: Tətilə hara gedəcəksən?
Əslində insanın tətilə getməsi vacibdir, insan özünə zaman ayırmalıdır. Çünki hər kəs həm dincəlməli, həm də beyninə bir qədər “format” verməlidir. Tətil insana təkcə istirahət yox, həm də yeni baxış bucağı qazandırır.
Məsələn, mən evdən 2-3 günlüyə harasa getsəm, dönüşdə işimlə bağlı yeni ideyalar, yeni fikirlər ağlıma gəlir. Çünki başqa bir bölgəyə gedəndə yeni insanlarla qarşılaşırsan, fərqli mühit görürsən. İstər-istəməz oradakı gedişatı izlədikcə beynində yeni-yeni fikirlər formalaşmağa başlayır.
Məktəb vaxtlarında atam bizi tətilə sadəcə qohumların yanına aparardı. Dənizə gedim, Alanyaya, İstanbula uçum – belə bir lüksumuz yox idi. Ümumiyyətlə, o dövrdə insanların çoxu ya qohum evinə gedərdi, ya da yay boyu çöllərdə əkin-biçinlə məşğul olardı.
Amma günümüzdə “tətil” anlayışı tamam fərqli məna kəsb edir. Biz artıq tətili öz istirahətimiz üçün yox, sanki başqalarının görməsi üçün edirik. Bəli, sən tətilə gedə bilərsən, getdiyin yerlərin şəklini çəkib yaxınlarınla, dostlarınla, qohumlarınla, qonşularınla paylaşa bilərsən, bunda problem yoxdur. Amma bunun bir “amması” var. Biz çox vaxt tətildən həzz almaq üçün yox, başqalarına göstərmək üçün gedirik.
Qaldığın oteldən tutmuş yediyin zeytunadək, hətta istifadə etdiyin tualetə qədər hər şeyi çəkib paylaşmaq, bu, artıq sadəcə tətil deyil, görməmişlikdir.
Türklərin sözü olmasın, çoxumuz “sosyetələşmişik”. O gedibsə, mən də getməliyəm, özü də ən bahalı, ən dəbdəbəli yerdə dincəlməliyəm. Vallah, gedin, dincəlin, paxıllıq edənin gözü çıxsın. Amma sırf “filankəs partlasın, cırılsın” deyə şəkil paylaşmaq, bu, artıq sadəcə cahilliyin əlamətidir.
Keçən il Tofiq əmi ilə Jalə xala istirahətə getmişdilər. Təsadüfən mən də onlarla tətildə rastlaşdım. Birdən Jalə xala başladı:
“– Ay bala, məni belə çək, paylaşım, qoy partlasınlar”.
Dedim: Ay xala kim partlayacaq ki?
O da arxayın-arxayın:
“– Qonşu Rəna, xalam qızı Səbinə, baxsınlar, görsünlər biz də tətildəyik”.
Elə bil tətilin məqsədi dincəlmək deyil, kimin kimdən əvvəl partlamasıdır.
Hələ borc alıb tətilə gedənləri demirəm. Bankdan kredit götürüb gedirlər. Sonra da il boyu cəmi dörd selfi şəklin pulunu altı ay ödəyirlər. Pulun yoxdur getmə, otur evdə. Axı məqsəd sadəcə dincəlmək deyil, qonşunun gəlini gedib şəkil paylaşıb, gərək bu da gedə, ordan şəkil paylaşa.
Şəkil demiş, hər gün, hər saniyə evini, evindəki əşyalarını, yataq otağını, yeni aldığı qabları, çilçırağını, televizorunu, təzə aldığı paltarını, hətta tualet və hamamını paylaşan insanlar var. Bu, narsissizmdir. Yəni insan özünü və həyatını həddindən artıq nümayiş etdirməklə daxildəki boşluğu doldurmağa çalışır.
Nə isə, kim hara gedir-getsin, harada dincəlir-dincəlsin. Mən bu yayı istidə Rustavi-Qardabani yolunda söyə-söyə gedib-gəlmişəm. Söyməyimin səbəbi də odur ki, artıq iki ilə yaxındır, bu yollar düzəldilib qurtarmadı. Qonşum üç aydr ki, Almaniyadadır, hər dəfə zəng vuranda birinci sualı bu olur: “Yollar düzəldi?” Deyirəm, ay bala, otur oradaca, kef elə, mən indi evə güc-bəla ilə gəlib dincəlmişəm, sən də təzədən yolu yadıma salırsan. İndi də məcburam oturum, sənə söyüm!
Binəli İSLAMOĞLU